İNDİ OXUYUR
Bir müharibə – iki baxış

Bir müharibə – iki baxış

“Hasar” qısametrajlı bədii filmi İkinci Qarabağ müharibəsindən sonra sülh dövründə qonşularımızla birgəyaşayışın modelini təklif edən ilk ekran əsəri və kinomuzda gerçəkliyin diktəsiylə meydana gələn yeni mövzudur. Siyasi müstəvidə məsələ hələ öz həllini tapmasa da, sərhədlərdə güllə səsləri tam susmasa da, sıravi vətəndaşları, xüsusən, müharibəni şəxsi təcrübəsində yaşayan adamları aşağıdakı suallar düşündürür: yaşanmış bu qədər faciədən sonra ermənilərlə qonşuluq münasibətini necə qurmalıyıq? Heç nə olmamış kimi mehribancasına yaşamaq mümkündürmü? Və ən azı sivil vətəndaş səviyyəsində nəyi necə etməliyik ki, analoji tarix yenidən təkrarlanmasın? Cəmiyyət bu sualların axtarışındadır və Qulu Əsgərovun çəkdiyi “Hasar” filmi axtarışdan çox, gələcək birgəyayış haqda təsəvvürün lakonik, aydın təsviridir. Daha doğrusu, “ermənilərlə necə yaşaya bilərik?” sualına cavablardan biridir.

“Hasar”, rejissor Qulu Əsgərov


Nicat Dadaşovun bu ssenarisi Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib gəlib. Bir neçə tammetrajlı bədii filmin (“Xənnas”, “Nazik mətləb”) ssenarisini yazan Nicat Dadaşov, ideyanın müharibə dövründə prezidentin çıxışlarını dinləyərkən yarandığını deyir: “Prezident çıxışlarında Qarabağda yaşamaq istəyən ermənilərlə biz tərəfdən konflikt olmayacağını deyirdi. Bu həmişə məni düşündürürdü ki, bu fikirlərin altında çox böyük situasiyalar cərəyan edəcək. Torpaqlarına qayıdan azərbaycanlıların bəlkə orada keçmiş qonşuları, ümumiyyətlə, ermənilərlə yaşaması, istər-istəməz qarşısıalınmaz konfliktli vəziyyətlər yaradacaq. Həmin ərəfədə Panfilovun bir filminə baxırdım. Orada qızın taxta hasarını, kimsə yolunu kəsə etmək üçün hər dəfə dağıdır və qız onu düzəldir. Filmin maraqlı kompozisiyası var, baxanda ağlıma hasar ideyası gəldi və düşündüm ki, biz ermənilərlə hansı formada yaşaya bilərik. Bir də bu mövzuda müxtəlif nəsillərin nümayəndələri ilə çox danışırdım ki, qayıdandan sonra birgəyaşayışı necə təsəvvür edirsiniz. Bir növ fərziyyə qururdum, onların fikirlərini alırdım ki, problemin həllini necə görürlər”.

Beləliklə, “Ultra Production”ın istehsalı olan “Hasar” bədii filmi günümüzdə, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdən birində başlayır. Qəhrəmanlardan biri- Elçinin (Vidadi Həsənov) evinə köç edərkən, yolda erməni qonşusunun fiziki və əqli məhdudiyyəti olan gənc oğlu Samvellə (Nurlan Süleymanlı) rastlaşması, onu sınayıcı, çaşqın nəzərlərlə süzməsi anında konfliktin ilk işartıları görünür. Oğlu Birinci Qarabağ müharibəsində şəhid olmuş Elçin, arvadı Natəvan (Leyli Vəliyeva) erməni qonşularıyla (Güşvər Şərifova, Əlibala Əsgərov) yaşamalıdır…

“Hasar”, rejissor Qulu Əsgərov


Filmdə dialoqlar azdır, rejissor sözdən çox təsvirin dilinə (təsvir rejissoru Vasif Vəlizadə, quruluşçu rəssam  Ceyhun Cəfərquliyev) arxalanır, ona görə situasiyaları (həyətə girəndə, ailənin Əli adı (güman ki, şəhid oğullarının adıdır; Cızılmış ağacı görəndə üzlərində dolaşan kədər, kamera ara-sıra oğulun fotosuna fokuslansa da, haqqında bir kəlmə danışılmaması, əhvalatın mərkəzi predmeti hasar daşlarının dramaturji təyinatı və s.), personajların münasibətini, reaksiyalarını, toqquşmasını vizual həllərlə ifadəsinə çalışıb. Aktyorlar ikinci planı işə salır, daxili emosiyalarını, vəziyyətdən doğan təəssüratları psxiofiziki səviyyədə oynayırlar.

Bununla belə, Natəvanın dilindən əsas motiv-sual birbaşa səslənir: “indi necə olacaq, bunlarla necə yaşayacağıq”. Motiv-sual filmin yalnız ideya problematikasını bəyan etməkdən ötrü deyil, bu, daha çox təklif olunmuş situasiyada bir zərurət, qaçılmazlıq, eyni zamanda  sanki çıxılmazlıq kimi doğur.

Sualın isə o anda cavabı yoxdur, ona görə kişi susur və vəziyyətin qeyri-müəyyənliyi, çətinliyi vizual mənada da – (məkanın yarıqaranlıq işıqlandırmasında) əksini tapır. Qeyri-müəyyənliyi dəqiqləşdirmək üçün təkcə personajların yox, bizim hamımızın nəzəriyyədən çox real təcrübəyə ehtiyacımız var. Müəlliflər fərziyyəni bədii məkana yönəltməklə, təcrübəni bədii obraz və situasiyalar vasitəsilə əldə etməyə çalışırlar.

“Hasar”, rejissor Qulu Əsgərov


Hekayənin dramaturgiyası doğru düşünülüb. Və dramaturji qanunlara uyğun olaraq, qonşularla ünsiyyət çətinliyini, münasibətləri saf-çürük edəcək nəsə baş verməlidir. Və o hadisə baş verir. Erməni qonşunun köməksiz oğlu Samvel qoyunları otararkən minaya düşür, partlayışın zərbəsi onu meşənin dərinliyinə atır. Hüquq-mühafizə orqanlarının köməyi işə yaramır.

Yenə də dramaturji qanunlara uyğun olaraq, bundan sonra əsas missiya Elçinin üzərinə düşür ki, dramaturji düzənə xələl gətirən problem də burada meydana çıxır. O, gah şəhid oğlunun fotosuna, gah əlindəki zınqırova (anası, Samvel azanda onu tapmaq asan olsun deyə boynuna zınqırov salır) baxaraq daxilində götür-qoy edir, çünki ərazini çox yaxşı tanıyan qəhrəman qərar verməlidir: o, ya oğlanı xilas edəcək, ya da əlinə fürsət düşmüşkən, öldürüb oğlunun qisasını alacaq. Bu mənada, tüfəngi götürüb çıxanda, atanın niyyətinin ikimənalı olduğunu düşünürük. Hərçənd, süjetin elə o yerində, əvvəldən əmin idik ki, Elçin heç bir halda qisasını zavallı gəncdən almayacaqdı. Buna nə kino-sənət düşüncəsinin bəşərilik, humanizm meyarları, nə dövlətin birgəyaşayış prinsipini dəstəkləyən müsabiqə, nə də milli kinomuzdakı ənənə – düşməni hətta Qarabağın işğalı dönəmində alçaltmayan, ona insani yanaşmağı bacaran azərbaycanlı rejissorun əxlaqı imkanı verərdi.

Vidadi Həsənov evdəki səhnədə qəhrəmanının ziddiyyətli düşüncələrinə, ikimənalılığa nə qədər inandırırsa, axtarış epizodunda bu ovqatı saxlamaqda çətinik çəkir. Axtarış zamanı onun fikrinin tədricən dəyişmə prosesini, daxili mübarizəsinin, hisslərinin toqquşmasını, konfliktini izləmirik, onun üzündə, hərəkətlərində qərarının nəticəsi aydın görünür. Sözügedən səhnələrdə aktyorun üzərinə böyük yük düşür, çünki bütün planlarda yalnız odur, tamaşaçı onun hisslərinin, düşüncəsinin arxasınca gedir. Süjetin əsas “ermənilərlə necə yaşamalıyıq” sualının cavabı qeyri-müəyyən olduğundan, aktyorun da münasibətindəki qeyri-müəyyənliyi saxlaması zəruri idi. Qısası, peşəkar, təcrübəli aktyor olmasına baxmayaraq, Vidadi Həsənov xeyirxah niyyətini əvvəlcədən bəlli edir, ziddiyyəti yarada bilmir. Hətta son epizodlardan birində Leyli Vəliyeva onun Samveli xilasına münasibətini daha dəqiq oynayaraq, duyğularının ziddiyyətli təsvirini ötürür.  

Qulu Əsgərov gəncdir, bu, onun ilk peşəkar filmidir və rejissor işini çox tənqidlə yükləməyi doğru saymıram. Hər halda montaj fəndləriylə, təhkiyənin haqqında danışdığım səhnəsində həyəcanı, gərginliyi necəsə həll etmək olardı. Üstəlik, epizoda seçilən musiqi (Toğrul Əsgərov) rahatlama mənasında böyük nəfəsdərmələr yaradır, onsuz da aydın oxunan səhnəni daha da yüngülləşdirir, dramatizmini azaldır. Bununla belə, Qulu Əsgərovun təsvir, estetik duyumunun, kinematoqrafik gözünün olduğunu, əhvalatın ümumilikdə ləng, pafossuz tempini saxlaya bildiyini deməliyəm. O, əhvalatın ideyasını, niyyətini doğru çatdırır. Qəhrəman “qonşularla necə yaşamalıyıq” sualına cavab tapır. Silahın tətiyini sıxmaq üçün yox, azərbaycanlının erməniyə uzatdığı əl, sülh təklifidir. Lakin sülh təklifinə, göstərdiyimiz humanizmə rəğmən, keçmişə, yaşananlara söykənərək münasibətlərdə həmişə rasional və emosional düşüncəyə əsaslanan məsafə vacibdir. Finalda yarımçıq hasar tamamlanır. Elçinin qoyduğu son daşla erməni qonşu hasarın o üzündə qalaraq görünməz olur. Bu, münasibətlərdəki əbədi hasardır… Hasar zərurətdir. Və indiki vəziyyətimizdə hasar ən doğru mövqe kimi görünür.                                

Rüstəm Babazadənin ssenaristi və rejissoru olduğu “Son payız” filmi isə “Hasar”la əks qütbdə dayanır. Söhbət təkcə filmin janrından – qrotesk, satira elementlərinin yer aldığı komediya janrında çəkilməsindən getmir. Söhbət eyni zamanda qonşularımıza münasibətdə müəllifin əhvalata bir növ bayağı, əyləncəli yanaşmasından gedir. Rüstəm Babazadə Ves Andersonun üslubunu təkrarladığına görə tənqid olunmuşdu. Çox güman ki, təkrarlama deyiləndə Andersonun filmlərindəki teatral stilizasiya, şişiridilmiş komizm, bədii obazların absurda çatdırılması nəzərdə tutulurdu. Müasir kinonun istifadə olunmuş üslublarını və əhvalatın traktovkası baxmından emal, çox vaxt da təkrar emal olduğunu nəzərə alsaq, rejissoru qınamağı o qədər də doğru saymıram. Üstəlik, “Son payız” qısametrajlı filmi lokallığına görə çətin ki, ölkədən kənara çıxsın. Belə başa düşürəm ki, müəllif özü də buna iddialı deyil.  

“Son payız”, rejissor Rüstəm Babazadə


Bütün hallarda rejissor istedadla, dinamik təsvir və montaj diliylə, bütöv bir tarixi qısa xronometrajda çatdırır. Erməni əsgəri Levonun (Nofəl Şahlaroğlu) dilindən nəslinin (əslində böyük Ermənistan ideyasının) bioqrafiyasının nəqli Ravelin “Bolero” əsərinin sədalarıyla başlayır. Daha doğrusu, artıq 2020-ci ilin sentyabrında ölmüş Levonun öz dilindən əhvalatı dinləyirik. Belə bir fəndi səhv etmirəmsə, ilk dəfə Billi Vaylder “Sanset bulvarı” filmində istifadə edib. Həmin filmdə qəhrəman kadrarxası səslə onun ölümünə səbəb olan hekayəni danışır.

Tipik erməni düşüncəsini, onların ərazi iddialarını, ən qədim xalq olmaları haqda yorucu, banal nağıllarını müəllif sarkastik intonasiyaya məruz qoyur, qrotesk, absurd vasitəsilə elə Levonun öz diliylə, düşdüyü vəziyyətlərlə saxta tarixi ifşa edir. “Son payız”da müəllifin uydurması yoxdur, burada ümumiləşdirilmiş real xarakterlər özlərinə doğru diaqnoz qoyurlar. Və bu kütləvi psixoz durumunda sağlam düşünən tək adam Levonun dayısı Rubendir (Vaqif Kərimov). Paralel montaj vasitəsilə Ruben ermənilərin siyasi iddialarına söyüşlə, qeyri normativ leksikonla etiraz edir.  Final səhnəsi Şuşada Azərbaycan musiqisinin səslənməsi ilə bitir.

“Son payız”, rejissor Rüstəm Babazadə


Filmdə heç bir aktyor oyunu, ifalardakı (Rumiyyə Ağayeva, Günel İmanova, Solmaz Süleymanlı, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Şəhla Əliqızı) mübaliğə saxta deyil.

Titrlərdə “müəllif bəzi personajların psixoloji vəziyyətinə görə məsuliyyət daşımır” deməklə özünü güman ki, ona ünvanlanacaq qınaqlardan sığortalamaq istəyib. Əslində rejissor, xüsusilə, bədii ekran əsərində hər şeyin məsuliyyətini daşıyır. Rüstəm Babazadə yəqin ki, həm də erməni xalqının real vəziyyətindən çıxış edərək yuxarıdakı cümləni vacib sayıb. Bəlkə də, başqa tarixi şəraitdə bu filmi kəskin tənqid edərdim. Lakin siyasi gerçəkliyə, qonşularımızın bitib-tükənməyən təxribatlarına görə susuram. Burada mənim kinotənqidçi yanaşmam yox, vətəndaşlıq mövqeyim önə çıxır. Mövqeyimdə özümü haqlı sayıram.

Amma yenə də bu sualın müzakirəsindən qaçmamalıyıq: milli məsələlərin ekran həlli zamanı,  mövzuya universal yanaşmalıyıq, yoxsa milli düşüncədən çıxış etməliyik?

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya