İNDİ OXUYUR
Asif Rüstəmov: “Qadın obrazları mənim üçün sirdir”

Asif Rüstəmov: “Qadın obrazları mənim üçün sirdir”

Rejissor, ssenarist Asif Rüstəmov. “Ev” (2007), “Arxası qibləyə” (2009), “Axınla aşağı” (2014) filmlərinin rejissorudur. Ssenarisi əsasında “Düyün” (rej. Əli İsa Cabbarov) filmi çəkilib. “Axınla aşağı”, “Yoxdur belə söhbət” (rej. Rüfət Həsənov), “Nar bağı”, “Suğra və oğulları” (rej. İlqar Nəcəf) filmlərinin ssenari həmmüəllifidir. Ssenari müəlliflərindən biri olduğu “Nar bağı” filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlara layiq görülüb.

Rejissorun “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” kateqoriyasında mükafat qazanıb.

Asif Rüstəmov və Aliyə Dadaşova


Asif bəy, sizin üçün peşəkar ssenari nədən başlayır?

– Mən peşəkar ssenari yazarı kimi fəaliyyət göstərmirəm. Yəni bu sual bir az…

Amma son dövrlərdə ssenariləri üzrə ən çox film çəkilən müəllif məhz sizsiniz…

– Hə, ola bilər. Yerli kino bazarında, yəni Azərbaycan üçün bir nəfərin ssenarisi ilə beş tammetrajlı film çəkilməsi az deyil. Amma bir şeyi də deyim ki, bunların hamısı həmmüəlliflərlə işlənilib. Mənim geniş əhatə dairəm yoxdur – ya özüm üçün yazıram, ya da dostlar üçün. Və buna görə də özümü peşəkar ssenarist hesab etmirəm. Heç peşəkar ssenari təhsilim də yoxdur, sadəcə, rejissor təhsilimin böyük bir qismini ssenari yaradıcılığına həsr etmişəm.

Məndə ssenari çox zaman kiçik bir epizoddan yaranır. Əvvəlcə çoxlu qeydlər yığıram. Gündəlik həyatda müşahidələr aparıram və ya kimsə bir əhvalat danışır. Mən onu dərhal qeyd edirəm. Əvvəllər, tələbə vaxtı bloknota yazırdım, indi isə telefonda qeyd edirəm. Mütəmadi olaraq o yazıları oxuyub konseptləşdirirəm. Bir-birinə oxşar olan qeydləri bir epizodda birləşdirirəm, bir-birinə bağlayıram. Bu proses uzun müddət davam edir. Yəni bu, bir ilin işi deyil. Sonda filmə təkan verən hansısa epizod yaranır və yığılan materialları birləşdirməyə başlayır. Çox vaxt bu epizod filmin əsas ideyasının mikromodeli olur. Yüngül bir çərçivə yaranır. Daha sonra konkret filmin süjetini düşünüb işləməyə başlayıram. Təsadüfi, xaotik epizodları seçdiyim dramaturji struktura uyğun birləşdirirəm. Boşluqlar doldurulur və sinopsis tamamlanır.

Ssenari yazılmasında qızıl qayda nədir?

– Ümumi dramaturji qanunlardır. Nəsə orijinal bir şey deyə bilməyəcəyəm. Mən özüm detallarda gizlənməyi xoşlayıram. Tamaşaçının filmi tam qavraması üçün bir neçə dəfə baxmalı olmasını istəyirəm. Ona görə ipucları qoyub xırda detallarda gizlədirəm. Filmin bir neçə baxışdan sonra tam açılmağını sevirəm.

Sizin üçün filmin məzmunca dolu olması nə deməkdir? Məsələn, deyəsən, Tarantinonun sözüdür, deyirdi ki, mən ekranda hətta 15 saniyə görünən bir obraz üçün bütöv bir bioqrafiya yazıram.

– Bu çox vacibdir. Təkcə ssenarist, ya rejissor üçün yox, aktyorların oyunu üçün də vacibdir. Qəhrəmanların motivasiyasını bilmək üçün onların tarixçələrini bilmək vacibdir. Əgər bu, ssenaridə yoxdursa, rejissor filmə quruluş verən zaman düşünülüb tapılmalıdır. Bu, rejissor təfsirinin (traktovkasının) bir hissəsi də ola bilər. Bu, rejissordan asılı olaraq dəyişə bilər. Standart bir şey yoxdur. Fərqli rejissorlar eyni ssenarini fərqli çəkə bilərlər. Ona görə ssenarini yazanda müəyyən mənada rejissora uyğun yazmaq yaxşı olur. Mən, məsələn, İlqarla iki ssenari işləmişəm: “Nar bağı” və “Suğra və oğulları”. “Nar bağı” filminin sinopsisinin ilkin variantını İlqar yazmışdı. Mən onun materialı ilə işləməli oldum. Bilirdim ki, filmi o çəkəcək. Onun “Buta” filmini görmüşdüm və onun rejissor tərzini bilirdim. Ona görə onun tərzinə uyğun yazdım. Özüm çəksəydim, bəlkə, başqa cür yazardım.

Sizcə, kinoda hansısa bir dil ölçüsü olmalıdırmı? Bəzən dialoqlar tipik məhəllə, küçə danışığı olur.

– Bu, rejissordan əlavə, əhvalatdan və yanaşmadan asılıdır. Siz istədiyiniz filmi götürüb dialoqları məhəllə danışığına uyğunlaşdıra bilməzsiniz. Mövzu, zaman və məkan anlayışı var. Mən ingilis dilində bir filmə baxmışdım. Film ingilis altyazıları ilə göstərilirdi. Çünki filmdə küçə jarqonu o qədər idi ki, hətta ingilislər üçün belə anlaşılmaz qalırdı. Amma mövzu da ona uyğun idi. Yəni bu fənd özünü doğruldurdu. “Babək” filmini məhəllə dilində necə təsəvvür edirsiniz..?

Sizcə, yerli filmlərdə tipik ssenari qüsuru haradadır: final, dramaturji konflikt və sair?

– Müasir Azərbaycan filmlərində ekspozisiya, adətən, çox uzun olur. Elə filmlər var ki, ekspozisiya yarım saat davam edir. Halbuki bunu çox rahat ixtisar etmək olar. Bu qədər giriş çox yorucudur.


Ssenarinizi ekranlaşdıran rejissorun interpretasiyası sizin materialınızdan kəskin fərqlənəndə bu, ssenari müəllifi kimi sizi narahat edirmi?

– Edir. Mən İlqar Nəcəfin “Nar bağı” filminin istehsalatında yaxından iştirak etmişəm. Təkcə ssenari müəllifi kimi yox, filmin çəkiliş heyətinin tərkibində də olmuşam. Çəkiliş zamanı ssenari-supervayzer vəzifəsini də yerinə yetirmişəm. Ona görə ssenarinin reallaşma prosesinə müdaxilə etmək kimi bir lüksüm var idi. “Suğra və oğulları” filmində ssenari yazılmasından sonrakı mərhələdə iştirakım elə də çox olmadı. Bu, Rüfət Həsənovun “Yoxdu belə söhbət” filmində belə oldu – ssenarini yazıb “Azərbaycanfilm” kinostudiyasına təhvil verdim və sonra ondan xəbərim olmadı, bir də yalnız filmi gördüm. Ssenari kifayət qədər dəyişilmişdi. Əlbəttə ki, mənim xoşuma gələn təcrübə “Nar bağı” filminin təcrübəsidir. Orada ssenari yazarı kimi “itkilərim” az oldu.

“Suğra və oğulları” filminin üç həmmüəllifindən birisiniz. Əhvalat İlqar Nəcəfin idi, deyəsən…

– Yox, “Suğra və oğulları” filmində biz Tarkovskinin Mişarinlə etdikləri məşhur eksperimentindən istifadə etdik: hər kəs öz epizodlarını yazır, sonra epizodları birləşdirirlər. Bildiyiniz kimi, bu təcrübədən “Ayna” filmi meydana gəlib. Biz də bu üsuldan istifadə etdik: İlqar öz epizodlarını yazıb mənə göndərdi, mən isə öz yazdığım epizodları əlavə edib sinopsisi tamamladım və nəticədə süjet yarandı. Daha sonra üçüncü həmmüəllif – Rolf işə qoşuldu və ssenarinin ilkin versiyasını hazırladı. Növbəti mərhələdə biz İlqarla o versiyanı təkmilləşdirdik və nəticədə doqquzuncu versiya ekranlaşdırıldı.

Həmmüəlliflərlə işləməyin üstün və mənfi cəhətləri nədir?

– Subyektivliyə qapanmırsınız – bu, vacib üstünlükdür. Daim sizin yazdığınıza obyektiv qiymət verə bilən adam var. O cümlədən də siz həmmüəllifinizi nəzarətdə saxlayırsınız. Beləcə, redaktə olunmuş, mükəmməl material yaranır. Mənfi tərəfi o ola bilər ki, tandem alınmaya da bilər. Bəlkə də, tək yazacağınız ssenari daha maraqlı ola bilər. Bunu bilmək üçün hərdən müstəqil işləmək vacibdir. Mənim tərəf-müqabillərimlə bəxtim hələ ki gətirib.

Həmmüəlliflə iş bölgüsü necə olur?

– Müxtəlif olur, standart bir qayda yoxdur. Ramiz Fətəliyevlə iki qısametrajlı film üzərində işləmişik. Mənim bitirdiyim ssenaridə dəyişikliklər etdi və son versiyanı təqdim etdi. Ətraflı müzakirədən savayı iş olmadı. Sonda onun yazdığı versiyanı istehsalata buraxdıq. Yəni avtoritet kimi işi sözsüz qəbul olundu. “Axınla aşağı” filmində Otar Petrarxiya ilə növbə ilə işləyirdik. Mən ona, o isə mənə yazıb göndərirdi. Və hər ikimiz qarşı tərəfin yazdığına dəyişiklik əlavə edirdik. Yəni sözləşmədən bir-birimizin yazılarını redaktə edirdik. Amma İlqar və Rolfla olan iş mexanizmimiz daha mürəkkəb idi.

Bəs ssenari mərhələsində hansısa sosial sifariş nəzərə alınırmı? Məsələn, hansısa xətti aktual olduğu üçün, tamaşaçılara toxunacağı üçün daha çox qabartmaq…

– Adətən, səni narahat edən şeyi yazırsan. Konyuktura tərəfi: festivallar, tamaşaçılar, dövlət tələbi və sair əhəmiyyətsiz qalır. Yəni bu, heç vaxt məqsəd ola bilməz. Sonradan bu barədə düşünmək olar, amma yaradıcılıq mərhələsində bu, yolverilməzdir. Ssenari bitdikdən sonra, sadəcə, təhlil edib nə dərəcədə aktual olduğunu və uğurlu olub-ola bilməyəcəyini proqnozlaşdıra bilərsən. Amma bu heç nəyi dəyişməyəcək – ssenari artıq hazırdır. Təbii ki, söhbət müəllif kinosundan gedirsə… kommersiya kinosunda hər şey tam əksinədir.

Reallaşmış beş ssenarinizdən üçü “atalar və oğullar” mövzusu üzərində qurulub. Dünya kinosunda, eləcə də bizim kinoda bu, kifayət qədər işlənmiş bir mövzudur…

– Bu məni həmişə narahat edən mövzu olub, bu mövzunu mən şəxsi mövzu adlandırıram. Ümumiyyətlə, bir çox cəmiyyətlərdə bu, aktual mövzudur. Patriarxal cəmiyyətlərdə xüsusilə daha qabarıqdır.

Modernləşmə artdıqca bu konflikt, sizcə, kəskinləşirmi?

– Yox, əksinə. Düşünürəm ki, əriyib gedir. Çünki liberal cəmiyyətlərin çoxunda bu mövzu artıq aktual deyil.


Nə qədər əleyhinə olsanız belə, bu milli, patriarxal ailə modelində qorumaq istədiyiniz nəsə varmı?

– Bu, milli deyil, patriarxal modeldir və dağılmaqdadır, bir çox ölkələrdə artıq dağılıb. Bizim getdiyimiz yol dünya üçün yeni deyil, məsələn, Fransanın 70-80-ci illərdə keçdiyi yoldur. Axırının da necə olacağını başqa ölkələrin timsalında görə bilərik. Qorumaq istəyi yoxdur, mən gələcəyə baxmağı sevirəm. Düşünürəm ki, ən gözəl şeylər irəlidədir.

Antiliberalların əsas arqumentlərindən biri də fərdiləşmənin getdikcə ailə institutunu dağıdacağıdır.

– Məncə, bu artıq baş verir və bu olacaqsa, mübahisə etməyə dəyməz.

Bu sizi narahat edir?

– Bir az qeyri-adi gəlir. Dünya üçün artıq yeni deyil. Müasir Avropa cəmiyyətinə baxın. Əgər sizi qorxutmursa, deməli, narahat olmağa dəyməz. Düzdür, hərdən mən də bir az patriarxal oluram…

Bəlkə, buna məcbursunuz? Çünki çəkiliş prosesinin özündə də patriarxal model var: ata ideoloqdur, onun ideyasının həyata keçməsi üçün ona sorğusuz tabe olmaq mütləqdir.

– Var. Hətta yeni filmimin də fabulası bu klassik modeli dəstəkləyir. Yeniliyi haradasa inkar edir. Bilirsiniz, heç nə güclə olmamalıdır, təbii şəkildə baş verməlidir. Problem odur ki, bütün bu sivil dəyərli institutlar bizə idxal olunur. Cəmiyyət onlara tam hazır deyil. Bir var bu, sadə həyatımızın içində bişib yaranır, bir də var bunu hansısa institutlar, siyasətçilər, sosioloqlar, QHT-lər süni şəkildə gücləndirməyə çalışırlar. Ona görə də proses ağrılı keçir.

Bu məsələdə sizin sadaladığınız qurumlardan çox sosial şəbəkələrin rolu var. Tutaq ki, xoşbəxtlik ideyası və ya modeli buna hər kəs can atır, kimsə buna yoluxdurulmur.

– Yenə də bu, sünidir. Burada pis bir şey yoxdur, amma fəsadları var. Sosial institutlar idxal edən cəmiyyətlərin çoxu mütərəqqi dəyərlər, iqtisadi tərəqqinin ardından həm də mənəvi böhran yaşayır. Bu, labüddür. Çünki bu ideoloqlar cəmiyyətin özündə yox, kənarda yetişmiş fərdlərdir. Proses normaldır, sadəcə, sürətlidir. Nəsil keçidi ilə baş verməli olan proses beş-on ilin içində baş verir. Bu isə qarşıdurmaya səbəb olur, mənəvi böhrana gətirib çıxarır. Rusiya və ya Yaponiya imperiyalarının tarixçəsinə nəzər salın – hər iki imperiyanın süqutu sosial institutların idxalının nəticəsidir.

Yenicə bitirdiyiniz “Mərmər soyuğu” filminiz də ata-oğul, patriarxal ailə probleminə həsr olunub. Maraqlıdır, məlum mövzuya bu dəfə hansı rakursdan yanaşmısınız?

– Bu filmdə məsələyə ata tərəfdən yanaşılıb. Atanın fəlsəfəsini anlamaq cəhdi var.

“Mərmər soyuğu”

Bəs ana obrazı? Ümumiyyətlə, ona necə yanaşırsınız? İlk iki işinizdə (“Düyün”, “Axınla aşağı”) ata tirandır, amma anaya da gizli qəzəb var sanki. Yoxsa yanılıram?

– Ola bilər. Qadın obrazını yaratmaq çox çətindir. Yəqin, ona görə qadın obrazlarını ötəri keçirəm. Bəlkə də, növbəti filmdə cəhd edərəm. Yəqin ki, qadın həmmüəllifə ehtiyacım olacaq. Çünki qadın psixologiyası mənim üçün sirdir.

“Mərmər soyuğu” bədii filminin çəkiliş meydançası. Operator Oktay Namazov


“Mərmər soyuğu” filmi ilə “atalar-oğullar” mövzusuyla vidalaşırsınız demək olarmı?

– Deməzdim. Mən bu filmləri tetralogiya kimi düşünmüşəm. Elementlər dördlüyü: su, torpaq, od, səma. “Axınla aşağı” su idi, “Mərmər soyuğu” torpaqdır, alınarsa, daha iki filmi planlaşdırıram.

Onların ssenariləri artıq varmı?

– Hələ ki yoxdur, amma düşünürəm. Xaotik epizodlar var. Sonuncu film sevgi haqqında olmalıdır – səma elementi. Yaşayarıq, görərik…

Milli kinoistehsaldan danışanda vurğulanan bir problem var: ssenari, ssenari, yenə də ssenari. Sizcə, bu ssenari böhranının kökü nədədir?

– Ssenari problemi dünya kinosunda da var, amma Azərbaycanda hər şey problemdir, ona görə sırf ssenari qıtlığını problem etmək bizim üçün bir az düzgün deyil.

Ədəbiyyatla əlaqələrin itməsi bu, ssenari yaradıcılığı üçün yaxşı haldır, yoxsa əksinə?

– Bu, əlbəttə, mənfi haldır, amma bu, kinodan yox, ədəbiyyatdakı problemlərdən qaynaqlanır. Ümumiyyətlə, kino avtonom sənət deyil, sintetik sənətdir. Ona görə də kinonun bir çox problemlərinin səbəbi məhz digər sənət və sahələrdən gələn problemlərdir. Orta məktəbin də problemi kinonun problemidir. Hətta Azərbaycan ailəsinin problemi də gəlib kinoda dayanır. Bu problemlər bir növ kinonu girov götürür. İndiki zamanda kinonun hər şeyi problemdir: distribusiya, maliyyələşmə, aktyorlar, yaradıcı heyət və s. Hamısı problemdir.

Asif bəy, nazirliyin tammetrajlı film üçün elan etdiyi müsabiqədə münsiflər heyətinin tərkibində idiniz. Heyət müsabiqə ilə bağlı müraciət də yayımlamışdı. Ssenarilərdə ən çox rastladığınız tipik problem nə idi?

Əvvəla, onu deyim ki, o müsabiqədəki mənzərə Azərbaycan kinosunun əsl mənzərəsi deyil. Mən kinonun içində olan bir adam kimi bunu bilirəm. Sadəcə olaraq, müsabiqənin büdcəsi üç yüz min manat idi ki, bu da kiçik bir məbləğdir. Bu səbəbdən ciddi layihələr, sadəcə olaraq, ora təqdim olunmamışdı. Mən belə düşünürəm. Təqdim olunanların böyük qismi qeyri-peşəkar işlər idi və əksəriyyətində ssenari ümumiyyətlə yox idi. Təqdim olunanlar sinopsis, ən yaxşı halda isə tritment idi. Elə bil eşidiblər ki, müsabiqə var. “Nə edək, nə edək? Nəyimiz var?” deyiblər. “Kiminsə səkkiz səhifə yazısı var, gəlin onu göndərək”. O səkkiz səhifə də on il əvvəl yazılıb. Müraciətdə də yazıblar ki, bir aydan sonra çəkiliş başlayır. Çox qeyri-ciddi yanaşmadır. Bir fakt deyim: Qarabağ mövzusunda verilən layihələrin böyük əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra məğlubiyyət kompleksindən çıxmamış xalqın özünütəhlili üzərində qurulmuş sinopsislər idi. Sanki İkinci Qarabağ müharibəsi heç olmayıb, biz də orada qalib gəlməmişik, Şuşada bayrağımız dalğalanmır. Hamısı sandıqdan çıxmış işlər idi. Onlara elə gəlir ki, bu, hələ də aktualdır. Halbuki xalqın paradiqması artıq dəyişib. Tamaşaçı öz qələbəsini, öz qəhrəmanını görmək istəyir.

Sizcə, indi Qarabağ filmlərində nə olmalıdır?

– Sosial sifarişdən söhbət gedirsə, qələbə olmalıdır, qəhrəmanlar olmalıdır. Çünki sosial sifariş məhz budur. Xalq öz qəhrəmanlığını görmək istəyir. Amma, təbii ki, müəyyən vaxtdan sonra, qələbə əhvalı bitəndə, öz sosial problemlərimizlə məşğul olmağa başlayanda İkinci Qarabağ müharibəsinin verdiyi travmalardan, insan taleyindən, fəlsəfi-psixoloji yanaşmalardan, hətta iki xalqın arasındakı münaqişənin daha ciddi təhlilindən bəhs edən filmlər də ola bilər. Amma indiki mərhələdə sosial sifariş yalnız və yalnız qələbədir. Xalq qələbəsini və qəhrəmanlarını, öz qalib əsgərini ekranda görmək istəyir!

Asif, siz özünüz də Şuşada oldunuz. Bir insan, vətəndaş və yaradıcı olaraq necə bir impuls, motivasiya aldınız?

– Bizim nəslin, Xocalını görən nəslin çox böyük travması, kompleksi var idi. Bu qələbə ilə o qeştalt bağlandı, məncə. İnsanın bütün baxış paradiqması dəyişir. Bu, yalançı patriotizm, ya da eyforiya deyil; problemlər də yerindədir, məmurlar da yerindədir, eyni cəmiyyətdə yaşayırıq, amma mənim problemlərə baxışım dəyişib. Pozitiv, ya neqativ demirəm, ümumiyyətlə, baxış bucağım dəyişib. Fərz edin ki, qayıtdıq keçmişə, yaşadığımız ağrıları sıfırladıq, sildik. Şəxsən mənim özüm üçün sıfırlandı. Bunlar da yaradıcılığa birbaşa təsir edir. Artıq problemlərin kökünü başqasında yox, özündə axtarmağa başlayırsan. Əgər dövlətdə nəsə xoşumuza gəlmirsə, bu bizim yaratdığımız dövlətdir, bunu özümüz də həll etməliyik. Necə ki Qarabağ münaqişəsini özümüz həll etdik! Kənardan dəstək verən oldu, amma orada Azərbaycan əsgəri vuruşdu, şəhid oldu! Kinonun da problemini özümüz həll etməliyik. Bizim kinomuz da, dövlətimiz də hazırda budur. Yaradıb, qura bildiyimiz budur. Nəsə alınmayıbsa, demək ki, bu an əlimizdən gələn bura qədərdir. Qələbədən öncə sanki girov kimi idin. Sənə elə gəlirdi ki, baş verənlərdə heç nəyi həll etmirsən, təsirin yoxdur. Amma indi “hər şeyi biz idarə edirik” kimi bir hiss var. Nəsə alınmırsa, bu artıq bizim şəxsi problemimizdir.

İndi soruşacağım məsələni qələbə ilə əlaqələndirmədən ümumi yanaşaq. Bizim kinoda, həmçinin sənətin digər sahələrində sovet dönəmindən gələn “nikbin sonluq” şərti vardı. Bu günlərədək bunu, deyək ki, sovet şinelindən çıxa bilməyən məmurlar tələb kimi qoyurdular. Hətta bu səbəbdən sizin “Axınla aşağı” filminizdə də
finalın bir neçə versiyası oldu. Amma müasir, açıq sistemli dünyada, həm də həddən artıq informasiyalaşmış dünyada müəllifin nikbinlik, ümid işığı vermək kimi bir məsuliyyəti varmı, sizcə?

– Yaradıcı adam əgər konkret sifariş yerinə yetirmirsə, onun hər hansı öhdəliyi yoxdur. Məmurlar direktivlə işləyir, onlardan tələb edirlər, onlar da öz növbəsində bunu yaradıcı insanlardan tələb edirlər. Bu, normal və daimi prosesdir. Kommersiya sektorunda da prodüser diktəsi, sosial sifariş var. Əgər sifariş yoxdursa, yaradıcı insan azaddır və azad olmalıdır.

Sözügedən müsabiqədə münsiflər heyətinin hansısa yekdil prioriteti var idimi?

– Prioritet bu idi ki, Qarabağ haqqında uğurlu ssenari olarsa, ona mütləq şans verməliyik. Jüri olaraq bizim ümumi prioritetimiz belə idi ki, bu maliyyə çox azdır. Özəl sektora onsuz da dəstək azdır və əgər biz bu maliyyəni də yaxşı mənada dağıtmasaq, yəni tam uğurlu hesab etmədiyimiz, amma müəyyən şansı olan layihələrə verməsək və bu maliyyə nazirliyə qayıtsa, bu, özəl sektora zərbə olacaq. Layihə müsabiqəsi bir ənənədir, nə vaxtsa yaranmalıdır. Uzun müddət özəl sektora dəstək olmadığı üçün bu sektorda kütləşmə gedib, bu səbəbdən hazır layihələr çox azdır. Müsabiqə olan zaman sanki qaynar su tökürlər – heç kim prosesə hazır deyil. Bu dəstək uzun müddət olmadığı üçün özəl sahədə bir böhran yaranıb. Bu cür müsabiqələr uzun müddət davam etsəydi, keyfiyyətli ssenarilərin artması, uğurlu pitçinqlərin baş tutması mümkün olacaqdı. Ona görə az da olsa, potensialı olan layihələrə şans verməliyik ki, bu böhranı aşaq və getdikcə keyfiyyət artsın və nəticədə bazarda bir ənənə yaransın, daha böyük məbləğ uğrunda mübarizə olsun. Ənənə olmadığı üçün kommunikasiya da yoxdur. Ssenari müəllifi studiya tapa bilmir, prodüserlərin rejissorlarla əlaqəsi yoxdur və s.

Bir məqam da var, Azərbaycanda bir rejissor kultu var: hamı rejissor olmaq istəyir. Yaxşı ssenari yazarıdır və ya uğurlu prodüser ola bilər, amma rejissorluğa can atır. Çox istəyərdim peşəkar ssenari müəlliflərinin sayı artsın və bu sahəni bizim əlimizdən alsınlar.

Müsahibəni hazırladı: Aliyə Dadaşova

“Fokus” Analitik Kino Jurnalı. Sentyabr 2022 / №11

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya