İNDİ OXUYUR
Rəşad Babayev – rəssamın gözü ilə kino

Rəşad Babayev – rəssamın gözü ilə kino

Rəssam, kinorejissor Rəşad Babayev minimalist, kamera filmləri çəkir, onun ekran işlərinə vizual bitkinlik, səliqə-sahmanlı, lakonik kompozisiyalar, sakit rənglərin uyumu, az detallı, sadə, kiçik məkanlar və fanilik duyğusuyla yüklənmiş sonsuz naturalar xasdır. Təsvirlərin estetizmi formal xarakter daşımır, çünki burada həyatın ritmi duyulur, mütləq şəkildə peyzajlar, interyer detalları personajların asketik, tənha dünyasına qarışaraq bədii bütünlük əmələ gətirir.

Rəşad Babayevin rəssam kimliyi ekran işlərində təzahür edir. “61 qram” filmində soyuducunun qapısında Tisianın “Məcməyi tutmuş qız” əsəri görünür, final səhnəsində iri planda qarışqaların qaynaşdığı boş konserv qutusu hansısa mənada redi-meydə çevrilir (konseptual sənət nümunəsi, müəllif başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir, onu bədii olmayan məkandan bədii məkana yerləşdirir). Yaxud firuzəyi süfrədə firuzəyi çanta və tünd göy çaydanın monoxrom təsvir həlli ayrıca, tamamlanmış bir tablo təəssüratı bağışlayır. “Sərnişin” filminin ilk kadrında isə qəza nəticəsində dağılmış qırmızı maşın obrazı, xüsusən, təsvir olunduğu nəzər nöqtəsindən  pop-art cərəyanının əhəmiyyətli nümayəndələrindən biri Endi Uorholun “Mersedes pop-art obyekti kimi” əsərinin başqa redaktədə həlli kimi görünür.   

Hərçənd, Rəşad Babayevin sözlərinə görə, özünün kino dünyasında rəssam əlinin sezilməsi düşünülmüş yox, qeyri-şüuri, irrasional baş verir. “Rəngkarlıqda bədahətən, irrasional üslub mənə yaxın olduğu üçün bu, filmlərin çəkilişinə də təsir göstərir. Montajda isə onu daha da strukturlaşdırırsan”. 

O, “Sərnişin”in ekspozisiyasında hadisəni  simvolikləşdirən qəzaya uğramış maşın təsvirini fakturaca, fransız heykəltaraşı Sezar Baldaççininin qəzaya uğramış maşın qalıqlarından düzəltdiyi əsərlərinə, rəngdəki ruhi ovqatı isə ispan rəssamı Antoni Tapiesin rəsmlərinə daha çox uyğun gəldiyini deyir.

İrrasional yanaşma həm də ondan qaynaqlanır ki, rejissor əsasən ekstremal vəziyyətlərdə çəkir, yəni çəkilişlərə icazə verilmədiyindən daim hardansa kənar müdaxilənin narahatlığını yaşayır: “Çox dubl çəkmək lüksüm yoxdur. Tələskənlikdən xaos olur çəkilişlərdə…”

Ona görə çəkiliş vaxtı təsvirin qayğısına xüsusi qalmır və bu zaman təhtəlşüurdakı informasiyalar, obrazlara ekrana spontan köçür.

Rejissor operatorlarla (“Sərnişin”in də Raid Abbasov, “İtkin” və “61 qram”da Rauf Qurbanəliyevlə əməkdaşlıq edib) müştərək işləyir, müəyyən prinsipial səhnələr var ki, onu məhz gördüyü kimi reallaşdırmaq istədiyindən, bu zaman operatora diktə edir: “Amma operatorun kimliyindən asılı olmayaraq, bəzən obyekt, lokasiya özü nəyisə diktə edir. Standart vəziyyətlərdə isə bəzən vizual axtarışa ehtiyac olmur”. 

Yeri gəlmişkən, “Sərnişin” Rəşad Babayevin dialoqlu yeganə filmidir. Hərçənd, burda da sözlər yenə minimum istifadə olunur. Çünki onun təhkiyələri vizual baxımdan ifadəli olduğundan, mətnə ehtiyac qalmır və toxunduğu ideya-problemlər tamaşaçı üçün müzakirəyə açıqdır.

“61 qram”da  (2018) dramaturgiya konserv qutusunun üzərində qurulur. Predmet ətrafında qurulan ən maraqlı filmlərdən biri holland rejissoru Aleks Van Varmerdammın “Don” əsəridir ki, süjetdə qadın donu ətrafında müxtəlif insan talelərindən ibarət tragikomik kollaj yaradılır. Sözügedən tammetrajlı filmdən fərqli olaraq, Rəşad Babayev 8-9 dəqiqə ərzində konserv qabı vasitəsilə, tamaşaçını müxtəlif insanların (rolları Lalə Bağırova, rəssam Əliyar Əlimirzəyev , dilənçi Fikrət Məmədov, Zakon Qasımov, Namiq Məmmədov oynayırlar) həyatından bir fraqmentlə tanış edir. Səhnədən-səhnəyə, obrazlar dəyişdikcə konserv qutusunun funksiyası da dəyişir: ilk epizodda o, ənənəvi anlamda konserv qutusudur, sonrakı kadrlarda rəssam ondan külqabı və natürmort predmeti kimi istifadə edərək kətana köçürür, daha sonra dilənçinin pul diləndiyi qutuya çevrilir və s. Sonda rəssamın kətana köçürdüyü konserv qabı rəsmini bir gənc oğlanın otağında asılır. Müəllif burda sənətin real həyatdan fərqini ortaya qoyur: gündəlik, fani şeylər sənətdə əbədilik, fərqli dəyər, səviyyə qazanır. Və adi bir məişət predmeti görmədiyimiz tərəfdən açılıraq yeni səciyyə daşıyır.

“61 qram”

“Sərnişin” (2013) Rəşad Babayevin ilk rejissor  təcrübəsidir. Əhvalat iki fərqli dünyagörüşün qarşılaşması, konflikti haqdadır. Lüks maşında dəniz kənarına gedən adam (Azər Aydəmir) kənd sakinindən yolu (Ərtoğrul Kamalov) soruşur. Onun maşınına oturan gənc adamın kənd məzarlığının yanından keçəndə səslənən musiqini söndürməsi sürücünün  xoşuna gəlmir. “Sərnişin” fərd münasibətlərinin lokal modelidir. Hər iki obraz özlüyündə haqlıdır, amma daha önəmlisi odur ki, normal ünsiyyətlə gərəksiz konfliktləri aradan qaldırmaq həmişə mümkündür.

“Sərnişin”

“İtkin” filmi müəllifin planetimizi öncəgörmə formasıdır. 2037-cu ildən öncəki dünya yer üzündə tək qalmış qəhrəmanın (Fikrət Məmmədov) qoynunda saxladığı köhnəlmiş fotolarda qalıb. O, xəritəni tonqalda yandırır, Antonioninin “Qırmızı səhrada”kı personajının diliylə desək, onu yer üzündə daha heç nə narahat etmir, daha doğrusu, narahat edəcək nəsə qalmayıb. Final səhnəsində, yer kürəsinin son mogikanı kameraya boş və qeyri müəyyən ifadəylə baxır.

Film postapokaliptik janrdadır, planetimizin hansı qlobal qəzanın yaşaması haqda informasiya verilmir. Bilinən odur ki, artıq bu boş, kimsəsiz, ölü dünyada yenidən nəsə qurulmayacaq.

“İtkin”

Rəşad Babayev natura çəkilişləri kimi Bakı ətrafını seçir, filmlərini özü maliyyələşdirir, ssenarilərini də özü yazır. Aktyor sayının az olması müəyyən mənada büdcə azlığından da irəli gəlir: “Ssenari dövründə büdcənin nələrə yetməyəcəyi məlumdursa, artıq  az aktyorla işləyirəm. Digər tərəfdən yetərli büdcə olsa belə, mənə minimalist film çəkmək daha maraqlıdır. Mən az elementlərlə daha çox şeyi ifadə etməyə çalışıram”.

Rejissor bu yaxınlarda, magik-realizm metodunda şərti, qaralama adı “Ayın övladları” adlı tammetrajlı  bədii filminin çəkilişlərini tamamlayıb.

Rəşad Babayev ümumən, polifonik düşünən müəllifdir, italyan rejissoru Antonioninin baş tutmayan filminin çəkilişlərinin harada çəkiləcəyi ilə bağlı, 1972-ci ildə Bakıya etdiyi səfərini araşdırmaq üçün fotoqrafiyadan və kollajdan ibarət genişmiqyaslı “Antonioni Bakıda” adlı instalyasiya işləyib, həmçinin heykəltaraşlıq nümunələri var və “Çao” qısametrajlı cizgi filmini çəkib.

Rəşad Babayevin filmləri Rusiyanın, İtaliyanın və Türkiyənin nüfuzlu festivallarında iştirak edib.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya