İNDİ OXUYUR
AMİL AMAL: “Elə bir film çəkmək istəyirdim ki, hamı anlaya bilsin”

AMİL AMAL: “Elə bir film çəkmək istəyirdim ki, hamı anlaya bilsin”

Müsahibimiz gənc rejissor, “Kor-koranə”, “Qara bağ”, “Son seçim”, “Titrəmə” kimi bədii, “Neft şəhərinin sakini”, “Dəhlizdə”, “Vulkan üzərində ev” sənədli filmlərinin müəllifi Amil Amaldır. Rejissorun son filmlərindən olan “Titrəmə” qısametrajlı bədii filmi İstanbulda keçirilən IX Beynəlxalq İpəkyolu Kino Festivalının beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb, İranda keçirilən Beynəlxalq Rəssam Qısa film festivalında 3-cü yerin qalibi olub.

  • İlk filmim “Kor-koranə”ni çəkəndə İncəsənət universitetində, “Kütləvi tədbirlər və tamaşalar” fakultəsinin ikinci kursunda oxuyurdum. Aktrisa Qəmər Məmmədova sənət müəlliməm idi. Cürbəcür etüdlər hazırlayırdıq, tamaşalardan parçalar canlandırırdıq. Mən daha çox yazırdım. Kursumuzda, demək olar, etüdlərin çoxunun ideyasını, tamaşaların mizanlarını, rejissor eksplikasıyasını mən edirdim. Kino haqqında, ümumiyyətlə, heç bir anlayışım yox idi. Öz dərslərimdən daha çox, kinematoqrafiyanın incəliklərini öyrədən dərslərdə otururdum. Daha doğrusu, Yalçın müəllimin və bir də dördüncü kursda kinooperator Rafiq Quliyevin. Kadrlaşdırmanı (“raskadrovka”) ilk dəfə Yalçın müəllimdən öyrənmişdim. Auditoriyaya girdim və gördüm ki, lövhədə kadr, plan, məzmun, səs yazılıb. Yalçın müəllimin dərslərindən sonra ağlıma “Kor-koranə” filminin ideyası gəldi. Dostum və qrup yoldaşım Ayşad Səfərəliyevlə birlikdə bu ideyanı filmə çevirməyə qərar verdik. Ayşad bir dostundan gül dibçəkləri aldı, Keşlə bazarından dəmir bir səhəng kirayələdik, sonra “Bizim Cəbiş müəllim”in çəkildiyi məkanı tapdıq. O vaxt Ramiz Əzizbəyli də bizə dolayı yolla kömək elədi; tanıdığı bir operatorun adını verdi. Həmin operator da sadəcə olaraq çəkilişimizə baxmağa gəlmişdi. Ancaq yenə də mən bunu dəstək kimi yadımda saxlamışam. Belə-belə bir də gördük ki, film çəkmişik. Ondan sonra Rafiq Quliyevin tələbəsi operator Nurlan Şahbazovla “Sənətin sehri” adlı bir film çəkdim. Rafiq Quliyev öz tələbələrinə kurs işlərini rejissorlarla birgə çəkməyi tapşırmışdı. O film həmçinin Nurlanın operator kimi diplom işi oldu. Daha sonra həmin filmi qrup yoldaşım Ayşadla birgə daha da təkminləşdirib başqa bir variantını hazırladıq. Rafiq müəllim də filmi bəyənmişdi və məni çox həvəsləndirmişdi. Neftlə rəsmlər çəkən rəssam Sabir Çopuroğludan bəhs edən portret janrında sənədli filmdir; 2012-ci ildə gözləmədiyimiz halda Artkino Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalında qalib oldu. Onda Ayşad artıq oxumaq üçün Moskvaya getmişdi, mən isə əsgərlikdə idim. Bu bizim ilk beynəlxalq uğurumuz idi və həm mənim, həm də Ayşadın kinoya gəlişi üçün önəmli bir təkan oldu. Filmin festivalda qələbə qazandığını, Rusiyanın qırxa yaxın şəhərində nümayiş olunacağını eşidəndə qərara gəldim ki, mən də əsgərlikdən sonra mütləq Moskvaya getməliyəm. Bütün bunlarla yanaşı dramaturq Ədalət müəllimi də heç vaxt unuda bilmərəm. “VQİK” sözünü ilk dəfə “bomja” bənzəyən və bizə cəmi üç ay dərs demiş  bu adamdan eşitmişdim. İnanılmaz insan idi. Həmişə Moskvayla bağlı xoş xatirələrini danışırdı. İlk yazılarımı, cızma-qaralarımı Ədalət müəllimə oxumuşam və mənə “yaz, bir gün səndə alınacaq” deyib. Sonra psixoloji sarsıntılar səbəbindən dispanserə yerləşdirildiyini eşitdim. Səhv etmirəmsə dörd-beş il bundan qabaq vəfat edib. Əsil yaradıcı adam idi. 2013-cü ildə ÜDKİ-ə daxil olmaq üçün özüm haqqında məlumatla yanaşı haqqında danışdığım iki filmi göndərmişdim. İmtahana girəndə “Neft şəhərinin sakini” filminin qalib gəldiyi festivalın münsiflərindən biri Vladimir Alekseyeviç Fençenkonu gördüm. Moskvada onu “montajın allahı” adlandırırlar. Fençenko mənim “Neft şəhərinin sakini”ni çəkən rejissor olduğumu bildi və məhz o filmə görə məni öz kursuna qəbul elədi. Hərçənd rus dilini çox zəif bilirdim, ilkin kino bilgilərim yox dərəcəsindəydi və teatr yönümlü bir ixtisas bitirmişdim. Daha sonra “Kor-koranə”yə baxmışdı və onu da bəyənmişdi. Yəni məni ÜDKİ-yə məhz bu iki filmə görə qəbul eləmişdilər. Orda oxuduğum iki ildə Fençenko bizə otuz altı bənddən ibarət peşə prinsiplərini öyrədirdi, həmin prinsiplərin tətbiq olunduğu klassik filmlər göstərirdi. Biz hər dəfə telefonla da olsa, öyrəndiyimiz qaydaya aid film çəkməliydik, ya da, ən azı, ssenari yazmalıydıq. Düzdür, indi “Kor-koranə”yə baxanda çoxlu səhvlər olduğunu görürəm, amma o otuz altı prinsipin, peşənin əsas sütunlarının – montaj, dramaturgiya və s. – altısı o filmdə vardı. Özüm də bilmədən bunu eləmişdim.
  • Məsələn, hansılar vardı?
  •  Məsələn, film, qəhrəmanın quyudan su çəkdiyi epizodla başlayır. Amma ilk kadrda onun quyu olduğu anlaşılmır. Verdə düşəndən sonra məlum olur ki, su quyusudur. Yəni abstrakt bir həll yaradırsan. İkinci qayda montaj keçidləri ilə bağlıydı: gecikmiş montaj, sürətli montaj və s. “Kor-koranə”də bunlar da var. Sözümü nəyə gətirirəm? Məncə, bu işin kökündə daha çox istedad dayanır. Təbii ki, təhsil də çox önəmlidir. Ancaq istedad olmayanda, sadəcə təhsillə yaxşı nəticə əldə eləmək mümkün olmur.
  • Təbii ki, istedad vacibdir, necə deyərlər, sənətin mayasıdır. Amma istedad təkbaşına özfəaliyyət kimi qalır. Onu inkişaf etdirmək, artırmaq lazımdır. Sizin filmlərinizi birincidən sonuncuya – “Titrəmə”yə qədər ardıcıl izləyəndə bu inkişafı görməmək mümkün deyil. İstedadı peşəkarlığa çevirmək üçün neyləmək lazımdır?
  • Moskvaya gedənə qədər özüm müstəqil şəkildə öyrənməyə çalışırdım, axtarışlar eləyirdim. Məsələn, “Fokus” jurnalının mənim həyatımda çox böyük rolu olub, hamısını oxuyurdum, bütün filmlərə, premyeralara gedirdim, klassik filmlərə baxırdım. Moskvaya getməmişdən qabaq rejissor Cəmil Quliyevlə tanış oldum və onun da böyük rolu oldu. Cəmil müəllim televiziyada kinoyla bağlı verliş aparırdı. Onu həmin verilişdən tanıyırdım. Sonra universitetdə görəndə başa düşdüm ki, ona yaxınlaşmalıyam və kinonu məhz ondan öyrənməliyəm. Cəmil müəllim Ayşadla birgə çəkdiyimiz “Kor-koranə” və “Neft şəhərinin sakini” filmlərini izlədi və bizi şəxsən hazırlaşdıracağını dedi, onun dərslərinə gəlməyimizi tapşırdı. Ümumiyyətlə, Moskvaya getmək, ÜDKİ-də oxumaq fikri Cəmil müəllimin sayəsində yaranmışdı. Cəmil müəllim bizə öz şagirdlərindən daha çox diqqət göstərirdi. Hər həftə Ayşadla mənə bir filmə baxmağı tapşırırdı, hətta lazım gələndə filmlərin “dvd” disklərini özü bizə verirdi. Sonralar baxdığım filmlər haqqında resenziyalar da yazmağa başlamışdım. Hərçənd hələ resenziyanın nə olduğunu bilmirdim. Daha çox təhlil eləməyə çalışırdım. Cəmil müəllimin ilk verdiyi film də yadımdadır, Fellininin “Yol” filmi idi.
  • Mənim də ən sevdiyim filmlərdən biridir. Onun haqqında yazım da var.
  • O filmə baxandan sonra dəqiq bildim ki, mən mütləq bu sənətin dalınca getməliyəm. Filmdə belə bir səhnə var. Celsomina yerdən balaca bir daş götürür və Zampanoya o daş haqqında fəlsəfi cümlələr deməyə başlayır. O səhnə mənə o qədər toxunmuşdu ki… Bəlkə də mənim nəinki kinoya, hətta ədəbiyyata gəlişimin də ilk səbəblərindən biri idi həmin səhnə. Bir şeyi də deyim. Mən İncəsənət universitetinə daxil olmazdan əvvəl zatən bir az nələrsə yazırdım. İndi yazdığım minimalist şeirlərə bənzər qeydlərim vardı, amma nə olduqlarını bilmirdim. Təbii ki, şeir nə olduğundan xəbərdar idim. Ancaq yazdıqlarımın nə qafiyəsi vardı, nə də hansısa janra aid etmək mümkün idi. Bir sözlə, yazmaq istəyim çox idi. Sonra bayaqdan sadaladığım təsadüflər, qarşıma çıxan insanlar sayəsində bu istəyi məqsədə çevirdim.
  • Necə deyərlər, niyyətin hara mənzilin ora.
  • Elədir. Deyirlər, bir işi ürəkdən görmək istəyirsənsə, hamı, kainat belə sənə kömək eləyir. Bu, doğrudur. Məsələn, bu yaxınlarda yeni filmim “Vulkan üzərində ev”i bitirdim. Onu təkbaşına və sənədli film olmasına rəğmən bədii film üslubunda çəkmişəm. Filmi montaj eləyəndə təsadüfən çəkdiyim bəzi kadrlar filmin ideyası ilə elə üst-üstə düşürdü ki, özüm də təəccüblənirdim. Məsələn, bir səhnə var – tənha qadın televizora baxır, orda gedən ailə-məişət proqramının konteksti, müzakirə olunan mövzu qadının daxili dünyasının ziddiyətli metaforasıdır. Halbuki bu, düşünülmüş bir şey deyildi. Belə təsadüfi alınmış daha bir neçə məqam var. Məsələn, qadın öz həyat yoldaşını itirib, hazırda təkdir. Mən onun təkliyini, ərinin olmadığını hansısa əşyayla təqdim etməyi planlamadan qarşıma bir kadr çıxdı: Böyük bir stol və o stolun arxasında divara tərəf sıxılmış stul; üstündə oturmaq mümkün deyil. Çox evlərdə belədir, otaqda çox yer tutmasın deyə edirlər. Filmə baxan kimi hiss edirsən ki, o stul qadının ərinə aiddir. Bu təsviri ilk əvvəl formaca bəyənmişdim. Ancaq sonra gördüm ki, əslində, bu kadr həm də qadının tənhalığının vizual həllidir. Filmə baxsanız, o kadrda etdiyim aksentlə bunu daha yaxşı anlaya bilərsiniz.
  • Amil, adətən, ssenari haqqındakı bütün kitablarda müqəddimədən sonrakı ilk bölüm “ssenari üçün hekayəni, ideyanı hardan, necə tapmalı” olur və yüz cür variantlar təklif edilir. Siz filmlərinin hekayəsini, ideyasını necə, hardan tapırsınız?
  • Daha çox müşahidə və mütaliə sayəsində. Hərçənd son illər mütaliəm bir az azalıb, halbuki əvvəllər həddindən çox oxuyurdum. Müşahidə deyəndə də gözümü nəyəsə zilləyib ciddi-cəhdlə hadisə axtarmağı nəzərdə tutmuram. Elə vaxt olur ki, heç nə tapmırsan, baxırsan ki, heç bir qeyd eləməmisən. Bəzən də o qədər şeyi görürsən ki! Həmişə fikirləşirəm ki, telefonum itsə və tapan adam qeydlər yerinə girsə, telefonun sahibini dəli hesab eləyər. Çox qarışıq qeydlərim var. Beynimi oxuyan olsa, həkim resepti kimi oxumaq çətin olar.
  • Məsələn, “Titrəmə” filminin hekayəsi..
  • O, bir az fərqlidir. “Titrəmə”nin  üç ssenari müəllifi var – Aqşin Evren, Mən və Ayşad Səfərəliyev. İdeya Aqşinə məxsusdur. Mənə “bir insanın titrəməsi ilə bağlı ideyam var” dedi və dərhal film mövzusu olduğunu anladım. Dedim ki, bunu inkişaf etdirib daha da sərtləşdirmək və müharibə mövzusuna çevirmək olar. Sonra qarla bağlı fikir gəldi. Sonda titrəmənin dayanmasını Ayşad təklif etdi. Mən daha çox dramaturji fabulanı və xarakterləri həll etdim. Ən əsası, filmin sözsüz olacağını ayarladım. Açığı, “Titrəmə” filminin qəhrəmanlarını xarakter olaraq daha yaxşı çəkə bilərdim. Məsələn, iki qəhrəmandan birinin erməni, digərinin azərbaycanlı olmasını istəyirdim. Təəssüf ki, müəyyən səbəblərdən bunu eləmək mümkün olmadı. Alınsaydı, həm film özü, həm də festival həyatı daha uğurlu ola bilərdi.
  • Onda hekayənin orbiti dəyişməzdi?
  • Bəlkə də. Bəlkə də indiki variant ən yaxşısıdır. Məsələn, dostum rejissor Məzahir Həşimov filmə baxanda maraqlı bir şey demişdi. Demişdi ki, o ayaq sanki Qarabağın bir parçasıdır. Mən çəkəndə bunu düşünməmişdim. Sonra hətta posterə o ayağı Qarabağın xəritəsi kimi qoymağı düşündüm. Xəritədə belə bu hissənin bizə aid olduğu mesajını vermək istəyirdim. Amma bu fikrimdən daşındım.
  • Filmi tamaşaçı üçün o qədər rahat loxmaya çevirmək lazım deyil.
  •   Mən də elə bir film çəkmək istəyirdim ki, hamı baxa və anlaya bilsin. Odur ki, sözdən, dialoqlardan istifadə eləməmişəm. Ssenari üzərində işləyəndə fikirləşdim ki, qəhrəman minaya düşüb, ola bilsin, təkcə ayağını yox, nitqini də itirib.
  • Situasiya elədir ki, sözə ehtiyac duyulmur. Məsələn, həkimin əllərindən, gözlərindən çarəsizliyini görə bilirsən.
  • Yeri gəlmişkən, maraqlı bir şey deyim. Mən sözdən qorxuram elə bil. Xüsusilə də, filmlərimdə. Vaqif Mustafayevin filmlərini götürək. Sözdən çox məharətlə istifadə eləyir, hamısı koloritlidir. Amma mən nədənsə sözdən qaçmağa çalışıram. Şeirlərim də minimalistdir, qısa yazıram. Bilmirəm, bu, nədən irəli gəlir. Bəlkə də səmimi olmamaqdan qorxuram.
  • “Titrəmə”də ən çox yuxarıdan çəkilən səhnəni sevdim. O ağac tordan tutmuş qan damarları şəbəkəsinə qədər fərqli yozumlara imkan verir.
  • Fençenko da o kadrı bəyənmişdi, filmi Fençenkoya da göndərmişdim. Hətta məndə bir səhnə vardı: ayağı daha iri planda götürmüşdüm və ordan ağaca keçid eləmək istəyirdim. Amma festivallarda belə qanlı səhnələrə üstünlük vermirlər, ona görə də çıxartdım. Fençenko filmi izləyəndən sonra dedi ki, mən gözləyirdim, ağacın da yarısı olmasın; qəhrəman minaya orda düşübsə, ağac da yaralana bilərdi. Çox yaxşı fikir idi, heyif ki, fikir gec gəldi; filmi artıq tamamlayıb təhvil vermişdim.
  • Ssenarilərinizi həm özünüz yazırsınız, həm də başqa müəlliflərlə birlikdə işləyirsiniz. Bir az müştərək ssenari yazmaq prosesi barədə danışa bilərsiniz?
  • Məncə, maraqlı prosesdir, çünki bir yox, iki beyin işləyir. Şərif Ağayarla işləyəndə fikirlərimizi vatsap vasitəsilə bölüşürdük, Aqşin Evrənlə belə də olub, elə də, yəni canlı da. Ayşadla da gəliş-gedişimiz həm ailəvi, həm də dostluq səviyyəsindədir deyə müzakirələrimiz çoxdur. Son variantı tapana qədər müzakirə eləyirik, ancaq yekunda ssenarini özüm yazıram. Məncə, bunu  rejissor özü etməlidir. Dediyim kimi, başqa müəlliflə birlikdə işləmək maraqlıdır. Hətta tək yazanda bir az çətin olur. Çox saf-çürük eləyirsən, az qala, depressiyaya düşürsən, axtarışa çox vaxt gedir. Necə deyərlər, beyin çox yüklənir. Amma iki müəllif olanda elə bil içindəki mən qarşında oturur, o deyir, sən deyirsən. Beyin fırtınası yaranır, daha yaxşı variantı daha tez tapa bilirsən. Məsələn, nazirliyin elan etdiyi sonuncu tammetrajlı film müsabiqəsinə vahid bir mövzu ətrafında birləşən üç qısametrajlı filmdən ibarət almanax layihəsi göndərmişdim. İkisinin ssenarisini özüm yazmışam, birini Ayşadla birlikdə. Bu layihənin ideyası müharibə bitəndən bəri vardı, bir ildən çoxdu bu barədə fikirləşirdim. Hətta bir neçə müxtəlif ssenaristlərlə də görüşmüşdüm, tanımadığım bir neçəsinin nömrəsini götürmüşdüm, amma danışmamışdım; sonra bir gün gəldi və oturub ssenariləri özüm yazdım, özü də bir günə. Təbii ki,  sonra üzərində işləyirsən. Bu, bəlkə də, çoxuna qeyri pofessional bir yanaşma kimi görünə bilər. Ancaq şeirlərimi yazanda belə, onu bir nəfəsdə, bir boşalmada hiss edirəm. Bir sözlə, sualınıza qayıtsaq, belə bir ehtiyac yarananda, hiss eləyəndə ki bunu başqa müəlliflə yaza bilərəm, onda niyə də olmasın. Əsas olan düşünmək, mesajı tapmaqdır.
  • Mesaj deməyək, sonra yanlış anlaşılır. İdeya, hədəf deyək.
  • Şərif Ağayarın bununla bağlı yaxşı bir sözü var – tıkırtı. Əsas olan həmin tıkırtının sənin içinə düşməyidir. Sonra o tıkırtı ideyaya çevrilir. İdeyanı ssenariyə çevirmək isə çox sadə prosesdir. Təbii ki, istedadını təcrübəyə, təcrübəsini isə təhsillə intuitiv olaraq adi bir prosesə çevirənlər üçün.
  • Bəs başqasının ssenarisini çəkə bilərsiniz?
  • Çəkərəm, amma bir şərtlə: mənə yaxın olsun. Düzdür, hələ başqasının ssenarisi əsasında film təklifi almamışam, amma reklam sifarişləri olub. Məsələn, narkomaniya ilə bağlı çarx sifarişi almışdım, sifarişçi onların ssenarisi əsasında çəkilməsini istəyirdi. Oxudum, gördüm, ssenari çox bərbaddır, öz variantımı yazdım. Qəbul eləmədilər, yollarımız ayrıldı. Odur ki, bəli, əgər mənə yaxın olsa, niyə də çəkməyim?! Özüm nələrsə əlavə eləyə bilərəm, müəlliflə birlikdə yeni şeylər tapa bilərəm. “Ssenarini tamamilə özümünküləşdirməliyəm” deyə bir tələbim yoxdur, amma onu hiss eləməliyəm. Şərif Ağayarla birlikdə Xocalı soyqırımı haqqında tammetrajlı film ssenarisi işləmişdik. Əslində, mən ssenarini tamamilə başqa kontekstdə yazmışdım, amma Şəriflə birləşib yazandan sonra tamam fərqli bir şey alındı. Şərif dialoqları çox gözəl hiss edir, onları şablonlaşdırmır, statuslaşdırmır, əksinə dialoqlarla fabulanı istədiyi kimi oynağından oynada bilir. Təəssüf ki, bu ssenari hələlik bir kənarda qalıb. Ona inanıram, yaxşı bir film alına bilər. Bəlkə də indi doğru zaman deyil; ətrafımızda həddindən çox şey baş verir, geosiyasi problemlərin içində qalmışıq. Bəlkə bu dövr keçəndən sonra çəkmək mümkün olacaq. Bir şeyi də demək istəyirəm. Məncə, ideya spermatozoiddir. Neçəsinin içərisindən yalnız biri içindəki yumurtalığı mayalandırır. Yəni bir ideyanın sənə gəlməsi, sənin içinə düşməsi artıq özünlə etdiyin intim münasibətdir. Bu bir istedad işidir. İdeya, demək olar, hamıda olur. Ona hamilə qalırsan (bu altı aylıqda ola bilər doqquz aylıqda), nəhayət, doğulur. Doğduqdan sonra isə skelet, onurğa sistemi gəlir. Bu isə bilgi, təhsil işidir. Onu ətə-cana, qana-damara gətirmək isə peşəkarlıqdır.
  • Xocalı haqda ssenarinizi nə əcəb nazirliyin müsabiqəsinə göndərməmişdiniz?
  • Açığı, qəbul olunub maliyyələşdiriləcəyinə inanmadım. Yüzminlik layihə deyil, daha çox büdcə lazımdır.
  • Fikir verdim ki, filmlərinizdə fərqli operatorlarla işləyirsiniz. Bunun səbəbi şərtlərdir, yoxsa hələ öz operatorunuzu tapa bilməmisiniz?
  • Operator məsələsi mənim ən yaralı yerimdir. Hətta son filmimin operatorluğunu özüm eləmişəm və fikirləşirəm ki, bundan sonra filmlərimi özüm çəkim. Yeri gəlmişkən, indi operator peşəsinin adını dəyişib təsvir rejissoru qoymaq istəyirlər. Məncə, bu, çox yanlış təklifdir. Çünki təsvir sözü çox genişdir və onu sadəcə operatorun adıyla bağlamaq doğru deyil. Təsvirin yaranmasında təkcə operator iştirak eləmir axı! Sualınıza qayıtsaq, öz operatorumu hələ də tapmamışam. Hətta hərdən fikirləşirəm ki, istədiyim kadrı almaqdan ötrü iki-üç operatorla işləməliyəm. Mən kadrı necə gördüyümü deyirəm, qarşılığında “günəş yoxdur, rejim keçib, o yoxdur, bu yoxdur” kimi bəhanələr eşidirəm. Eləsi də var ki, yığıb hər növ texnika gətirir, filmin büdcəsinin yarısı onun gətirdiklərinə gedir, axırda da heç nə eləmir.
  • Sizin operatordan gözləntiləriniz nədir?
  • Kadrı mənə öz gördüyüm kimi versin. Məsələn, mən bir kadrlıq film çəkə bilərəm; dünya praktikasında belə filmlər çoxdur. Bunu reallaşdırmaq operatorun həm fiziki, həm də peşəkar hazırlığından asılıdır. Çünki operatorluq 50% fiziki, 50% beyin işidir. Hələlik ikisinə də sahib olan operatorla qarşılaşmamışam. Bəlkə də var, amma mənim rastıma çıxmayıb. Bu yaxınlarda Oktay Namazovla tanış oldum, çəkdiyi filmlərdən birinə baxdım, çox bəyəndim. Hərçənd yenə bilmirəm, o filmin təsvir həlli daha çox rejissorun işidir, yoxsa operatorun. Məsələn, bir operatorun üç filminə baxırsınız və üçü də tamam fərqli olur. Çünki üç fərqli rejissorla işləyib.
  • Əslində, belə olmalı deyil?
  • Məncə, operatorun fərdi, özünəxas yanaşması olmalıdır.
  • Rejissorla operator birlikdə müzakirə edib qərar verməlidir.
  • Bəli. Ən yaxşısı budur. Hərçənd mən bu mövzuda bir az daha dəqiqəm. Filmi kadrlaşdıranda artıq bütün mizanları, kadrların necə olacağını bilirəm, görürəm. Hətta operator başqa şey təklif eləyəndə, necə deyərlər, cin vurur məni. Amma təbii ki, mənim düşündüyümdən daha yaxşı bir şey təklif eləyirsə və əsaslandıra bilirsə, niyə də olmasın.
  • Dediniz ki, son filminizi özünüz çəkmisiniz. Operator kimi özünüzdən razı qaldınız?
  • Məncə, son çəkdiyim “Titrəmə” filmi və “Vulkan üzərində ev” bu günə kimi gördüyüm ən səmimi işlərimdir. Çünki sözün əsl mənasında canımı qoymuşam, on dörd dəqiqəlik filmə görə iki il vaxtım gedib. Bunu prodüserlər əslində pis bir şey kimi də qələmə verə bilərlər, ancaq bu filmin hansı səbəblərdən iki il uzandığını da “Titrəmə”də işləyən komanda üzvləri yaxşı bilir. “Vulkan üzərində ev” filmində isə hər şeyi özüm eləmişəm. Düzdür, sözlə, cümləylə mənəvi dəstək olan insanlar vardı, amma istehsalatda tam tək olmuşam və çox rahat, müdaxiləsiz, sərbəst işləmişəm. Qısametrajlı sənədli filmdir. Ancaq bədii film kimi çəkmişəm. Necə deyərlər, forma axtarışına, üslub səyahətinə çıxmışam, bir qəsəbə və bir insanın timsalında Azərbaycanın portretini cızmağa çalışmışam.
  • Filmlərinizin çoxunda Qarabağ, müharibə mövzusu prioritetdir – “Qara bağ”, “Titrəmə”, müsabiqəyə göndərdiyiniz layihə… Hətta aktyor Rauf Şahsuvarovdan bəhs eləyən “Dəhlizdə” filmində də müharibə mövzusu əsas xətlərdən biridir. Bayaq söhbət əsnasında dediniz ki, militarist filmlər çəkmək istəmirsiniz. Qarabağ haqqında filmlər necə olmalıdır, sizcə? Ya da necə olmamalıdır?
  • Bu sual ətrafında çox fikirləşmişəm, amma konkret bir düstur tapmamışam. Məncə, bunu çəkə-çəkə müəyyənləşdirəcəyəm. Hərçənd indi düşünürəm ki, daha çox qələbəni özündə ehtiva edən, eyni zamanda da qızıl ortanı tapan filmlər çəkilməlidir. Təbii ki, söhbət dövlət sifarişi ilə olan filmlərdən gedir. Müəllif filmləri bir az arxa plana keçməlidir. Daha doğrusu, bu iş paralel aparılmalıdır. Yaxud həm müəllif filmi olan, həm də daha çox tamaşaçıya hesablanmış filmlər çəkilməlidir. Bundan əlavə bir şeyi qeyd edim ki, Qarabağ zəfəri ilə bağlı ortaya ciddi bir iş qoymaq istəyirəm. Şəxsən özümdən desəm, bir qarabağlı kimi bu, genetik olaraq məni narahat edir. Axı mən həm də rejissoram. Damarlarımda axan qanın coşqusuna kimi bunu hər an hiss edirəm. Məhz bu mövzuda tamaşaçıya hesablanmış, ancaq müəllif vicdanına sadiq film çəkmək istəyirəm. Pafoslu olsa da, deyəcəyəm. Mənim doğulduğum, babalarımın, hətta ulu babalarımın ruhunun gəzişdiyi bir məkan haqqında mən niyə film çəkməyim? Digər tərəfdən belə filmlər ciddi maliyyə tələb edir. Birbaşa olaraq dövlətin maliyyəsi lazımdır. Bunun üçün də Mədəniyyət nazirliyinin dəstəyi çox önəmlidir.  
  • Şəxsən siz bu mövzu üzərində işləyəndə əsas hədəfiniz nə olur?
  • Bildiyim şeyləri çəkmək istəyirəm. Səmimi, inandırıcı olmaq istəyirəm. Buna görə də özümə heç bir qadağa qoymuram. Mən filmlərimdə daha çox axtarışda oluram. Ümumiyyətlə, həmişə axtarıram. Film çəkə-çəkə də axtarışdayam və istəyirəm ki, ona baxan tamaşaçıda da axtarış istəyi yaratsın.
  • Bayaq Cəmil Quliyevlə işləyəndə resenziyalar yazdığınızı dediniz.
  • “Yol” filmi haqqında yazmışdım və Cəmil müəllim çox bəyənmişdi. Daha sonralar sevdiyim rejissorlardan Nuri Bilgə Ceylanın, Abbas Kiarostaminin, demək olar, bütün filmləri haqqında resenziyalar yazmışdım. Həmin yazılarım onlayn kino jurnalı “Film Fiction”da çıxmışdı və hələ də durur. Bütün bu işləri mən təmənnasız olaraq öz şəxsi təşəbbüsümlə etmişəm. Hətta ən son olaraq mətbuatda (kulis.az) film festivalları haqqında ilk araşdırma yazı yazmışdım. Belə bir yazı ona kimi yox idi. Bu boşluğu aradan qaldırmaq istəyim yarandı, bir neçə həftə araşdırma elədim və bu işin öhdəsindən yaxşı mənada gələ bildim. Bu yazı ilə zəif, saxta festival konyukturası ilə məşğul olanları ifşa etmişdim, paralel olaraq gənc rejissorlar üçün əlçatmaz sayılan festivallar və festival platformaları haqqında bütün bilgilərimi ümumi formaya salaraq bir yol xəritəsi cızmışdım. Artıq bir ildən çox keçməsinə baxmayaraq hələ də o yazı haqqında müsbət fikirlər eşidirəm. Hərçənd o yazıda tənqid etdiyim məqamlara görə də arxamca çox söhbətlər eşitmişdim. Saytda dərc olunanda ən çox oxunan yazı idi. Həmin yazı kino cameəsində böyük ajiotaj yaratmışdı.
  • Onda sualım yerinə düşər, məncə. Kino tənqidindən və tənqidçilərdən nə gözləyirsiniz?
  • Mənə elə gəlir ki, bizdə rejissorlarla kinotənqidçilər arasında daha sıx ünsiyyət olmalıdır. Yeri gəlmişkən, bu mənada Kinoittifaq çox faydalı işlər görür. Son vaxtlar bunu daha çox hiss eləyirəm. Film nümayişləri, müxtəlif müzakirələr təşkil olunur, gəlirik, söhbət eləyirik. Bir də kinoşünas, kinotənqidçi deyəndə ancaq xanımlar yadıma düşür. Mən Aliyə xanımı, Sevda xanımı, bir də sizi tanıyıram. Başqa ağlıma heç kim gəlmir. Məncə, kişilər də olmalıdı bu sahədə.
  • Doğrudur, gender bərabərliyi pozulur. Arada Aydın Talıbzadə yazırdı, bir də Hacı Səfərov var.
  • Bəli, çox azdılar. Ya da prosesləri izləmirlər. Məsələn, köhnələrdən Ayaz müəllimin adını çəkə bilərəm. Çoxdandır, heç nə yazmır.
  • Ayaz müəllim deyir ki, o, kinoşünas yox, rejissordur.
  • Ədəbiyyatda bu proses daha aktivdir. O aktivliyi kinoya da gətirmək lazımdır. Çünki ekrana çıxan filmlər haqqında heç bir təhlil yazılmaması pisdir. Hətta qısametrajlı filmlər də təhlil olunmalıdır. Məsələn, siz “Titrəmə”yə baxmısınız. Qısa da olsa, təhlil etməyinizi istəyərdim. Məncə, bu, rejissorlara stimul verir, xüsusən də gənc rejissorlara. Çünki kinotənqidçi də tamaşaçıdır və sən professional tamaşaçının fikrini öyrənirsən. Bu, çox yaxşıdır. Məncə, rejissorun qazancı elə budur.
  • Amil, pandemiya sona çatmaq üzrədir. Verilən vədlərin üzərindən, təxminən, iki il keçib. Məncə, artıq mənzərə kifayət qədər aydındır, artıq bəllidir nə olacaq, nə olmayacaq. Bu mənzərədə özünüz üçün cızdığınız bir yol xəritəsi varmı?
  • O yol xəritəsini hər gün cızıram, amma bilmirəm, sonra hara gedəcək. Müstəqil fəaliyyətimi davam etdirəcəyəm, hərçənd bu, çox çətin yoldur. Müstəqil işlədikcə yavaş-yavaş daha çox müstəqil olmağa çalışırsan. Bu insanın şəxsi həyatına belə sirayət eləyir. Hazırda bunu hiss eləyirəm. Ancaq dövlətin dotasiyaları olsa, daha yaxşı olar – diktə, məmur senzurası, şəxsi-qərəz olmadan. Kino cameəsində çoxunun dilində belə bir ifadə var. Kimi dindirsən, hamı təkrar-təkrar sistemin günahkar olduğunu dilə gətirir. Amma soruşanda ki, sistem kimdir, heç kəs cavab vermir. Çünki sistem bizik. Mənəm, sənsən, odur, bizik, sizsiniz, onlardır. Burda başqa bir şəxs əvəzliyi yoxdur. Deyirlər, balıq başdan iylənir. Amma hamı unudur ki, o balıq həm də ayağından təmizlənir. Yəni özümüzü, öz üstümüzə hopmuş üfunətli, çirkli qəlsəmələri təmizləməliyik. Baxın, Gürcüstandan “Chai Khana media”da 20 dəqiqəlik onlayn pitçinqə çıxıram və filmim üçün iki min manat ala bilirəm.  Üstəlik, son çəkdiyim “Vulkan üzərində ev” filmimi artıq satın almaq istəklərinin olduğunu görürəm. Baxırsan ki, balaca bir filmə görə səni artıq pitçinqsiz də qəbul etməyə başlayırlar. Çünki bir işlə artıq sənin necə sinematik baxışın və zövqün olduğunu görürlər, hiss edirlər. Bu cür proseslər bizə gətirilməlidir. Bizdə də film fondları olmalıdır. Fond deyəndə hər hansı bir rəhmətə gedən rejissor haqqında keçirilən tədbir yada düşməməlidir. Düzdür, o da lazımdır, əsasdır. Ancaq canlı, indiki zamanda yaşayan rejissorlara dəstək olmayıb, daha çox rəhmətə gedən rejissorları yada salanda bu, heç də səmimi görünmir. Hər hansı cəmiyyətlərin, institutlarin, hətta özəl şirkətlərin kinoya marağını artırmaq lazımdır. İnandırım ki, onda onlar özləri filmlərə maliyyə ayırmaq istəyəcəklər. Düşünürəm ki, bu işlər sistemli şəkildə, dövlətin nəzarəti və təşəbbüsləri sayəsində baş verməlidir. Hal-hazırda bunların heç biri olmadığına görə, gücüm hələlik qonşu Gürcüstana çatır. Bu istiqamətdə yeganə əngəlim ingilis dilidir. Onu da həll eləməyə başlamışam, ingilis dili bilgilərimi təkmilləşdirirəm ki, xarici fondlara, festivallara, film bazarlarına rahat müraciət eləyim. İnanıram ki, məqsədimə çatacam.
  • Uğurlar və təşəkkürlər!

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya