İNDİ OXUYUR
Bir nağılın sirri

Bir nağılın sirri

Populyar kinonun mövzu çərçivəsini dərindən araşdırsaq görərik ki, hər bir mövzu müəyyən nağılı, mifi təmsil edir, bənzərlik təşkil edir. Kino nağılı postmodern şəkildə yenidən istehsal etmək bacarığına malikdir. Filmdə nağıl mövzusunun müxtəlif üsullarla bir neçə təhlili mümkündür. Vladimir Proppun (1895-1970; folklorçu, filoloq) nağılın morfologiyası haqqında araşdırmaları və yaratdığı metodlar təkcə şifahi xalq ədəbiyyatında nağılı deyil, həm də filmdə nağıl motivlərini təhlil etməyə əsas verir. Azərbaycan kinosunda sırf nağıl motivli mövzulara az müraciət olunub. Halbuki nağılın doğru və özünəməxsus şəkildə yenidən kinoda istehsalı köhnəlmiş mövzu deyil. Bunun üçün sadəcə Disneyin yaratdığı sehri yada salmaq kifayətdir. Azərbaycan kinosunda nağıl dedikdə ilk yada düşən rejissor Əlisəttar Atakişiyevdir. O, kinomuzda nağıl-filmin banisidir. İlk filmi (Bir qalanın sirri) də elə nağıl motivli bədii film olmuşdur. Rejissor reallığın daxilində nəqletməyə əsaslanan nağılın təsvirini yaradır. Xüsusilə nağılda susuzluqdan əziyyət çəkən bir məkanın, reallıqda Mingəçevirdə yerləşən su məkanı ilə yaratdığı təzad hər bir məkanın təsadüfən işlənmədiyinin, rejissorun məqsədli quruluş verdiyinin göstəricisidir. Ə.Atakişiyevin yaradıcılığında nağıl mövzusu xüsusi əhəmiyyətə malikdir. Onun rejissorluqla yanaşı, operator, rəssamlıq dəst-xəti, filmlərinin digərlərindən fərqlənməsinə səbəb olmuşdur.


“Bir qalanın sirri” filminin  təhlili üçün V.Proppun nağılın morfologiyasında istifadə etdiyi 31 funksiyaya nəzər salaq. Qeyd etmək lazımdır ki, Propp bir çox nağılı təhlil etdikdən sonra onları ümumiləşdirərək 31 hərəkət funksiyasına malik olduğunu müəyyən etmişdir. Lakin bir nağılda hamısının də olması vacib deyil və bəzən ardıcıllıq Proppun qeyd etdiyi kimi olmaya bilər. Proppun metodunu demək olar ki, nağıl olan bütün sənət növlərində istifadə etmək olar. Həmçinin “Bir qalanın sirri” filmi də bu metoda uyğundur. Bu filmdə qəhrəman – qurban deyil, məhz axtarışda olandır. Əgər filmdə Mətanət və Həkim Eldostu qaçırılarkən onların taleyi sonradan bütünlüklə bir xətt üzrə göstərilsəydi, bu zaman filmin qəhrəmanı Elşən olmayacaqdı. Burada nağılın təsvir olunması anından təhlil aparılır.


1. Qədim zamanlarda Həkim Eldostu adlı alim, Mətanət, şagirdləri Hadı və Bıdı, Göygöz Kosa və Simnar adlı zalım bir xan varmış. (Başlanğıc)

2. Göygöz Kosa ilə Simnar xan həkim Eldostunu izləyir. Həkim, dili ilə deməsə belə, Kosa gördükləri ilə obraz haqqında informasiyanı toplayır. (Məlumat toplamaq)

3. Göygöz Kosa, həkimə hazırladığı dərmanla bağlı sual verir. (Araşdırma – sorğu)


4. Göygöz Kosa qurbanlarını (Mətanət, Usta) falçı, dərviş cildinə girərək aldadır. (Aldatmaq)

5. Qurbanlar aldanır. (Cinayətə daxilolma, istəmədən düşmənə kömək etmək)

6. Göygöz Kosa onları Qanlı Qalaya aparır. (Pislik)

7. Xəbər yayılır ki, əjdaha ustanı daşa döndərib. (Araçılıq, keçid anı)

8. Qəhrəman, mükafatlandıranı (həkim) xilas edir. (Mükafatlandıranın ilk funksiyası (1)

9. Elşən Mətanəti xilas etməyə qərar verir. (Qarşı hərəkətin başlanğıcı)


10. Həkim onu sınayır. (Mükafatlandıranın ilk funksiyası (2)

11. Elşən əvvəlcə həkimin istəyini rədd edir. Sonra, qəbul etməyə məcbur olur. (Qəhrəmanın reaksiyası)

12. Elm və Bilik kəməri sınağın qarşılığı olaraq Elşənə verilir. (Möcüzəli nəsnənin alınması)

13. Elşənə Kamran baba bələdçilik edir. (Bələdçi ilə yolçuluq. Kamran baba köməkçi rolundadır)

14. Elşən Çiçəkli dağda Göygöz Kosa ilə, Qalada isə Simnar xanla qarşılaşır. (Mübarizə)

15. Göygöz Kosa və Simnar xan məğlub edilir. (Zəfər)

16. Mətanət və Hadı ilə Bıdı xilas edilir. (Hər şey əvvəlki vəziyyətinə qayıdır)

17. Elşən və Mətanət bir-birilərinə qovuşur. Suyun axarı bərpa edilir. (Evlənmə)

18. Filmin sonunda bütün obrazlar öz görünüşlərini dəyişir. Elşən mühəndis, Mətanət arxeoloqdur. (Formanı dəyişdirmək)

Gördüyümüz kimi Proppun bütün müddəalarından bu filmdə istifadə edilməmişdir. Çünki, həmin müddəaların təsvir həlli filmdə yoxdur. Bundan əlavə, Propp 7 hərəkət çevrəsi olduğunu qeyd edir. Filmdə onlar aşağıdakı kimidir:

1. Göygöz Kosa və Simnar xanın hərəkət çevrəsi. Kosa, Simnar xanın əmrilə, həkim Eldostu və digərlərini zindana salır, onlara işgəncələr verir. Elşənlə döyüşür və hər iki Şər qəhrəman məğlub olurlar.


2. Həkim Eldostunun hərəkət çevrəsi. Burada həkim mükafatlandıran obrazdır. O, Elşənə Göygöz Kosanı məğlub etməkdə kömək edir. Elşənə sehirli nəsnə olan kəməri bağışlayır.

3. Köməkçi olan Kamran babanın hərəkət çevrəsi. Kamran baba Elşənə Qanlı Qala və Çiçəkli dağa gedərkən bələdçilik edir. Ona həkim Eldostunun şifrəli əşyalarını oxumağa kömək edir.

4. Axtarılanın və atasının hərəkət çevrəsi. Burada axtarılan Mətanət, atası obrazında isə həkim Eldostudur. Həkim, filmdə həm bir ata, həm də mükafatlandıran rolundadır. Burada Mətanətin arzusu həm də atasının arzusu ilə eyniləşir.

5. Qəhrəman Elşənin hərəkət çevrəsi. Elşən Mətanəti xilas edir, düşmənlə mübarizə aparır. Sonda Mətanətə qovuşur və nağıl xoşbəxt sonluqla bitir.

Hərəkət çevrələrindən aydın olur ki, filmdə 5 əsas obraz mövzunu irəli aparan qüvvədir və fəaliyyət bu 5 nəfər arasında bölüşdürülüb. Proppa görə, bir əskiklik və ya bəd hadisə ilə başlayıb, sonda evlənmə və ya başqa xeyir hadisə ilə bitən hər bir nağılı formalistik bucaqdan sehirli nağıl adlandırmaq olar. Filmdə qəhrəman, sonda axtardığı nəsnəyə qovuşur və Şərə qalib gəlir. Filmdə baş verən bütün hərəkətlər, hadisələr bucağını əmələ gətirir. Hər bir bədbəxt hadisə yeni hadisələr zəncirini meydana gətirir. Propp, eyni hadisələr zəncirində iki, ikili fəaliyyətin olduğunu qeyd edir. Bunlara düşmənlə mübarizə və qəhrəmanın zəfəri, çətin iş və onun yerinə yetirilməsi daxildir. Ola bilər ki, bunların olmadığı nağıllar da olsun. Məsələn, ola bilər nağıl (mübarizə-zəfər) baş versin, ya da yalnız çətin iş – yerinə yetirilmə, həm hər ikisində bu iki məqam keçsin və ya heç birində baş verməsin. Təhlil etdiyimiz filmdə isə əsasən qəhrəmanın düşmənlə mübarizəsi və zəfəri yəni təsvir edilmişdir. Yəni hər bir nağılda hər hansı bir fəaliyyət olmaya da bilər. Əskiklik, nağılın strukturunu dəyişdirmir, çünki, digərləri hələ də yerində istifadə olunur.


Filmin digər bir tərəfdən diqqətçəkən məqamı – obrazların təsvir həllidir. Belə ki, filmdə qəhrəman, nağıllardan bizə tanış olan ideal qəhrəmandan uzaqdır. Burada Elşən, bir növ film irəlilədikcə yenidən doğulur və ideal qəhrəmana çevrilmə yolunda irəliləyir. Bütün baş verən hadisələr qəhrəmanın inkişafına yönəlir. Məsələn, Elşən qüvvətli gəncdir. Onun gücü, ancaq qollarındakı qüvvədir. Lakin, bu güc kifayət deyil, çünki folklorumuzdakı nağıl nümunələrindən aydındır ki, nağıl qəhrəmanı ideal biri olmalıdır. Amma Elşəndə əskik olan bilik və elmdir. Onun fiziki gücü düşmənin qarşısında zəifdir. Elşənin qələbəsi üçün bütünlük vacibdir. Yəni onun biliyi, müdrikliyi ilə fiziki gücü birləşməlidir. Elşənin zəifliyini biz, onun hövsələsiz, hər şeyə inanan, saf hərəkətlərində görürük. Mətanət və həkimin təkidilə o, ona kömək edəcək bilik gücünü əldə etmək üçün, gecə-gündüz oxuyur. Bu mərhələ, qəhrəmanın yenidən doğulması – psixoloji olaraq doğulması adlanır. Elşən artıq ideal nağıl qəhrəmanına çevrilir.

Filmdə  diqqətçəkən digər bir məqam obrazların ikiləşməsi prosesidir. Burada obrazlar, biri digərinin əksidir. Həm də biri digərinin Xeyir və Şər tərəfləri olsa belə, yarısı kimi təsvir olunur. Məsələn, Mətanətlə Elşən, Həkimlə Göygöz Kosa, Hadı ilə Bıdı birləşərək tamlıq əmələ gətirirlər. Obrazın digər yöndən ikiləşməsi dedikdə, xüsusilə Göygöz Kosanın hər cildə girməsidir. Burada obrazın ikiləşməsi “ciddi” ikiləşmə adlanır. Kosa cildini dəyişdirməklə rəqibini məhv etmək məqsədini güdür. Onun hər obrazla qarşılaşdıqda fərqli obrazda olması da filmdə təsadüfi deyil. Bu cildlər obrazların aldana biləcək, inana biləcək zəif tərəfləridir. Məsələn, Mətanətin, Hadı ilə Bıdının, Elşənin qarşısına çıxan falçı cildi buna misal ola bilər. Bu obrazlar gəncdirlər və hər bir gəncin gələcəyi və ya qeybdə olanı görmək gizli arzularındandır. Ustanın qarşısına çıxan dərviş isə müdriklik və ruhaniliyin təcəssümüdür.


Filmə K.Yunqun nağılda ruh haqqında olan araşdırmasından istifadə etsək, burada arxetiplər qismində, yaşlı kişilərin və danışan heyvanların obrazlarına diqqət etməliyik. Yunq qeyd edir ki, yuxularda ruhun yaşlı adam olaraq görülməsi tezliyi ilə nağıllarda görülməsi demək olar ki eynidir. Filmdə Elşənin baş qəhrəman olaraq  ruhunu üçlük ruhani obraz qismində Həkim, Kamran baba və Usta təmsil edir. Bu obrazlar müsbət mövqedə çıxış etsələr də, Elşəni bir növ bütün bu hadisələrlə mübarizəyə sövq edən həmin bu üçlükdür. Əgər Elşən, başına gələnlərin bir növ Ustanın, Həkim babanın ucbatından olduğunu dərk etsəydi, bu üçlük, ruhu təmsil edən obrazlar şeytani xarakterə malik olacaqdı. Xallı ilə Yallı heyvan olaraq Elşənin ruhunu təmsil edir. Bu heç də bir kiçiltmə hesab olunmamalıdır. Danışan sehirli heyvan bir insandan daha müdrik hesab olunur.


Heyvan insandan fərqli olaraq onu idarə edən iradəyə boyun əyir. Filmdə Göygöz Kosa, Elşənin düşməni olsa da onun kölgəsidir. Göygöz, ikidişli kosa şifahi xalq ədəbiyyatında mənfi obrazdır. Kölgə, anima, animus fərqli anlayışlardır. Kölgə, insanın qaranlıq tərəfidir. Filmdə Mətanət bir qadın obrazı kimi deyil, Elşənin animası kimi iştirak edir. Nağıldakı obrazların real həyatda yenilənməsi, paralelliyi, nağılın, mifin insanın gündəlik real yaşayışından ayrılmayacaq anlayış olduğuna işarədir.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya