İNDİ OXUYUR
Qüruba doğru gedənlərin bulvarı

Qüruba doğru gedənlərin bulvarı

Kinonun səssiz mərhələsinin özünəməxsus və mükəmməl vizual estetikası var. Aktyorlar heç bir söz söyləmədən, heç bir dialoqa ehtiyac duymadan, sadəcə, jestləri və mimikaları ilə fikirlərini, hisslərini tamaşaçılara çatdıra bilirdilər. Təbii ki, filmin başa düşülməsi üçün kadrarxası mətnə də ehtiyac vardı. Kinonun bu mərhələsində aktyorların səslərinin və diksiyalarının gözəl olub-olmaması, dili bilib-bilməmələri heç bir əhəmiyyət daşımırdı. Lakin kinoya səs gələndən sonra, bir çox aktyor və aktrisalar müəyyən problemlərlə üzləşdilər. Bəziləri sənətdən uzaqlaşmağa məcbur oldu. Amerikada, Avropadan və ya digər ölkələrdən gəlmiş bəzi aktyorların ingilis dilində səlis danışa bilməmələri onlar üçün ciddi problemlər yaratdı. Bəzi aktyorların səs tembri ekranda yaratdıqları tipaja uyğun gəlmirdi, yaxud da diksiyaları xoşagələn deyildi. Komediya janrının bir çox ulduzları isə, səsin onların yaratdığı obrazları korlayacağını düşünürdülər. Məsələn, 1920-ci illərin üç əsas kino ulduzundan biri olan Baster Kiton səsli mərhələyə uyğunlaşa bilmədi; Çarlz Çaplin əvvəlki kimi məhsuldar ola bilmədi, 1930-cu illərdə sadəcə üç film ərsəyə gətirdi. Bu aktyorların əksəriyyəti səsli mərhələyə uyğunlaşa bilməmələri üzündən, kinodan uzaqlaşmaq məcburiyyətində qalmalarını, zamanla unudulmalarını həzm edə bilmədilər və bu onları böhran vəziyyətinə saldı. Məhz həmin insanların acınacaqlı taleləri Hollivudun ən görkəmli rejissorlarından biri olan Billi Vaylderin “Sanset bulvarı” (1950) filmində işıqlandırılır.


Düzdür, kino tarixindən bixəbər olan tamaşaçı da bu filmə baxıb zövq ala bilər. Amma tamaşaçı, Amerikanın kino tarixi haqqında müəyyən qədər informasiyaya malik olsa, bu filmi bütünlüklə başa düşər, mahiyyətini anlayar və sözün əsl mənasında ondan böyük zövq alar. Buna görə də filmi təhlil edərkən kino tarixi ilə əlaqəli müəyyən məqamları qeyd etmək lazımdır.

Film artıq baş vermiş bir cinayət hadisəsinin təsviri ilə başlayır. İşin qəribə tərəfi budur ki, filmin təhkiyəçisi Conun (Vilyam Holden), yəni öldürülən şəxsin özüdür. O dövrə qədər çəkilmiş hansısa filmdə belə fərqli təhkiyə üslubuna rast gəlmək çətin məsələdir. Co öz ölümü haqqında məlumat verir və altı ay əvvələ qayıdaraq hadisələrin necə baş verdiyini və necə o nöqtəyə gəldiyini danışmağa başlayır. Tamaşaçı elə ilk kadrdan kimin öldürüldüyünü bilir, hətta qısa zaman ərzində kimin öldürdüyünü də. Lakin əsas məsələ, hansı hadisənin baş verməsi deyil, bu hadisənin necə baş verməsi və səbəbi nədir? Məsələ bu həddə necə çatıb?

Ümumiyyətlə, Sanset Bulvarı Los-Ancelesdə yerləşən və Hollivudun ən məşhur adamlarının yaşadığı bir küçədir. Lakin hər şey heç də kənardan göründüyü kimi dəbdəbəli deyil, içəridə dəhşətli hadisələr baş verir.

Co Qillis “B” kateqoriyalı bir neçə filmin ssenarisini yazan, lakin, artıq ssenariləri qəbul olunmayan uğursuz bir ssenaristdir. Maddi cəhətdən çətin vəziyyətdə olduğuna görə maşınını itirmək təhlükəsi ilə üz-üzədir. İki məmurun maşını götürüb aparmaq üçün onun evinə gəlməsi filmin katalizatoru qismində çıxış edir. “Paramount Pictures” studiyasında özünə iş tapa bilməyən ssenarist, maşınına minib onlardan qaçmağa çalışır. Təsadüf nəticəsində Norma Dezmondun (Qloriya Svenson) malikanəsinə gəlib çıxır. Co Qillisin, Normanın malikanəsini görəndə dediyi “xaraba və tərk olunmuş” sözlərini, sözsüz ki, evin sahibəsinə də aid edə bilərik.


Norma, səssiz kino dövrünün ən böyük ulduzlarından biri olub. Lakin o da bir çox həmkarları kimi səsli mərhələyə uyğunlaşa bilməyib, kinodan uzaqlaşaraq, malikanəsində “dustaq” həyatı yaşayır. Norma, keçmiş günlərin xəyalı ilə yaşayan, hələ də tamaşaçılar tərəfindən sevildiyini zənn edən, həyatın reallıqları ilə barışmayan, artıq unudulduğunu, karyerasının ən qızğın vaxtlarının kino tarixinin tozlu səhifələrində itib-batdığını qəbul edə bilməyən obrazdır. O bəyənilməlidir, insanların hələ də onu unutmadıqlarını bilməlidir.

Norma Dezmondun taleyi ilə aktrisa Qloriya Svensonun taleyi arasında müəyyən bənzərliklər olduğunu deyə bilərik. Çünki Norma Dezmond kimi Qloriya Svenson da səssiz kino dövrünün ən böyük ulduzlarından biri idi və sonrakı mərhələdə bir çox aktyor və aktrisaların düşdükləri böhrana o da düşmüşdü.

Normanın məqsədi uzun illərdir boş qoyduğu meydana kraliça kimi yenidən qayıtmaq, yenidən filmlərə çəkilmək, onu sevən minlərlə pərəstişkarını yenidən sevindirməkdir. Buna görə də film ssenarisi üzərində işləyir, lakin peşəkar bir ssenaristə ehtiyacı olduğu üçün bu işə Conu cəlb edir. Pula hər şeydən çox ehtiyacı olan və onsuz da başqa bir işi olmayan Co razılaşmağa məcbur olur. Əvvəl Normanın sadəcə ssenaristi olan Co zamanla istəmədən də olsa, onun məşuquna çevrilir.

Lakin bu film, Conun özünün də dediyi kimi, sadəcə varlı və yaşlı bir qadınla kasıb və cavan bir kişinin hekayəsi deyil. Bu filmdə Hollivud tənqid edilir, onun amansızlığı, qəddarlığı göstərilir. Hollivud, insanları çeynəyib tüpürür və onların sonrakı taleləri ilə qətiyyən maraqlanmır…


Əvvəl Normanın ona bəxş etdiyi dəbdəbəli həyat Conun xoşuna gəlir, lakin zaman keçdikcə azadlığını qətrə-qətrə itirdiyini dərk edir. Co həmin ərəfədə həyatına daxil olan Bettinin (Nensi Olson) cavanlığına, enerjisinə məftun olur. Bəlkə də, özünün tam əksi olduğu üçün, özündə olmayan keyfiyyətləri Bettidə gördüyü səbəbindən ondan xoşlanır. Co, Normanın ssenarisini bəyənmədiyi halda özünü bəyənibmiş kimi göstərir. Düşündüklərini dilə gətirə bilməməyinin, xoşuna gəlməyən nələrəsə etiraz etməməyinin əzabını çəkir. Lakin Betti elə deyil. Azaddır. Fikirlərini rahatlıqla dilə gətirir, nələrisə bəyənmədiyini açıq şəkildə büruzə verir.

Filmdə Norma Dezmondun xidmətçisi və keçmiş əri Maks Von Mayerlinqi Erix fon Ştrohaym canlandırır. O, həqiqətən də, Amerikanın səssiz kino dövrünün, xüsusən də, 1920-ci illərin ən əhəmiyyətli rejissorlarından biri olub. Kino tarixinin şedevrlərindən biri sayılan “Tamahkarlıq” (1924) filmini ərsəyə gətirməsinə baxmayaraq, həddən artıq uzunmetrajlı filmlərə meyilli olması, büdcədən kənara çıxaraq studiyaları müflisləşmə həddinə çatdırması və çətin xasiyyəti üzündən, bir müddət sonra studiyalar onunla işləməkdən imtina edib. Artıq, rejissor kimi ona film tapşırmırdılar. İşsiz qalan rejissora aktrisa Qloriya Svenson şans verir. 1926-cı ildə öz studiyasını quran və orada özünün də baş rolda oynayacağı “Kraliça Kelli” filmini ərsəyə gətirmək niyyətində olan Svenson, Erix fon Şrohaymı rejissor kimi öz filminə dəvət edir. Lakin həmişə olduğu kimi yenə də çəkilişlər uzanır və nəticədə Svenson rejissoru işindən uzaqlaşdırmaq qərarına gəlir. Nəticədə, film başqa bir rejissor tərəfindən tamamlanır. Bu filmdəki uğursuzluğundan sonra bir daha film çəkə bilməyən Ştrohaym sonrakı karyerasında aktyor kimi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, real həyatda bu cür konfliktlər yaşayan Qloriya Svensonla Erix fon Ştrohaym illər sonra aktyor kimi eyni filmdə tərəf müqabili olurlar. Filmin bir səhnəsində Co Qillislə Norma Dezmondun birlikdə baxdıqları film də məhz “Kraliça Kelli” filmi idi. Filmdə Maks Von Mayerlinq belə bir ifadə işlədir: “O vaxt sabaha ümid vəd edən üç rejissor vardı: Devid Vork Qriffit, Sesil Blaunt Demill və Maks Von Mayerlinq”. Maks Von Mayerlinqi Erix fon Ştrohaymla əvəz etsək, onun bu sözlərinin həqiqət olduğunu iddia edə bilərik. Bu üç rejissor, həqiqətən də, klassik Amerika kinosunun ən görkəmli nümayəndələridir.

Filmdə Norma Dezmondun evində təşkil etdiyi məclisdə masa ətrafında oturan dostlarının hər biri, həqiqətən də, gerçək həyatda səssiz kinonun ulduzları olublar. Hətta onların arasında bir vaxtlar Çarlz Çaplinin ən böyük rəqibi sayılan Baster Kitonu da görürük.


Norma Dezmondun öz ssenarisinin rejissoru kimi görmək istədiyi, “Paramount Pictures” studiyasına gedib görüşdüyü Sesil Blaunt Demill də 1920-ci illərin aparıcı rejissorlarından olub. Hətta filmdə studiyada onun çəkdiyi film də “Samson və Dalila” filmi olur. Sesil Blaunt Demillin yanına ssenarisi haqqında danışmağa gələn Normanı rejissor sadəcə olaraq yola verir. Ssenarisini bəyənmədiyini, onu çəkməyəcəyini açıq-açığına demir, hərçənd Normanın psixoloji vəziyyətini nəzərə alsaq, bunu ona demək çox da yaxşı fikir sayılmazdı. Məsələnin mahiyyətini anlamayan, hər şeyin qaydasında getdiyini düşünən Norma isə həvəslə evinə qayıdır və uzun müddət heç vaxt çəkilməyəcək filminə hazırlaşır.

Film nuar janrında öz həllini tapıb. Bütün nuar filmlərində olduğu kimi bu filmdə də qara rəngin semantikasından məharətlə istifadə olunub. Nuar janrının tələblərinə uyğun olaraq, hadisələr əsasən gecə baş verir. Güzgü motivindən də istifadə olunur (Norma Dezmondun güzgüdə özünə baxdığı səhnə). “Femme fatale” – füsunkar və məkrli qadın obrazı görürük. Bu, Norma Dezmonddan başqası deyil. Lakin burada bir qədər haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, Norma Dezmond obrazını tamamilə hiyləbaz, yaramaz qadın obrazları ilə eyniləşdirmək doğru olmaz. Çünki burada onun Co Qillisə qarşı hansısa məkrli planını görmürük. O sadəcə özünə dost, yoldaş axtaran tənha bir qadındır. Tək qalmaq istəmir və çalışır ki, aşiq olduğu kişi həmişə yanında olsun. Lakin bunu edərkən Co Qillisin azadlığını əlindən aldığını anlaya, görə bilmir. Çünki reallıq hissini itirib. Dünyada reallıq hissini itirmiş şöhrətpərəst qadından daha zavallı kimsə varmı?


Norma dominant xarakterli bir qadın olmasına baxmayaraq, onu axıra qədər əlində saxlaya bilmir. Nəhayət, təngə gələn Co bütün acı reallığı və gerçəkliyi Normaya dedikdən sonra onu tərk edir. Lakin onsuz da böhran vəziyyətində olan, reallıqla heç cür barışa bilməyən Norma Dezmond, Conun onu tərk etməsini qəbul edə bilmir, bunu özünə sığışdırmır, qətli törətdikdən sonra reallıqdan tamamilə qopur. Filmin son səhnəsi kino tarixinin ən təsirli səhnələrindən biridir. Reallıqla barışa bilməyən, öz xəyal dünyasında azmış və azdığını dərk etməyən bir obrazı aktrisa Qloriya Svenson ustalıqla canlandırır…

Maraqlı təhkiyə və faciəli final… Əsl nuar filmi…

Mövzunun davamı olaraq qeyd edə bilərik ki, kinoda səssiz kino aktyorlarının böhranı, onların üzləşdikləri çətinliklər, yaşadıqları ağrı-acılar “Sanset bulvarı” filmindən sonra da dəfələrlə işlənib. Məsələn, Cin Kellinin 1952-ci ildə çəkdiyi “Yağış altında nəğmə deyənlər” filmini buna misal göstərə bilərik. Bu filmdə məhz səssiz kinodan səsli kinoya keçid mərhələsində baş verən hadisələri, yaşanan çətinlikləri görürük. Hollivud əhli əvvəlcə səsli filmlərin istehsalı məsələsinə soyuq yanaşır, lakin ilk səsli film hesab olunan “Caz müğənnisi”nin yaratdığı sensasiyadan sonra insanların daha çox səsli film tələb etmələrinə görə bütün şirkətlər səsli filmlər istehsal etməyə məcbur olur. Filmdə Lina Lamont (Cin Haqen) obrazının səsinin cır olması, sözləri doğru-düzgün tələffüz edə bilməməsi, buna görə də diksiya dərsləri alması 1920-ci illərin aktyor və aktrisalarının yaşadıqları çətinliklərin təzahürü kimi çıxış edir. Mikrofonla əlaqədar yaşanan problemlərə, çətinliklərə, çəkilən ilk səsli filmlərdə səslə görütünün üst-üstə düşməməsi probleminə də toxunulur. Buna görə də Don Lokvud (Cin Kelli) personajı baş verən uğursuzluqlara, insanların filmləri bəyənməməsinə görə böhran keçirir. Lakin bu film müzikldır, komediya janrında öz həllini tapıb, buna görə də janrın tələblərinə uyğun olaraq bu ağır mövzu komik və yumşaq tərzdə həll olunur, xoşbəxt sonluqla bitir.

Bu mövzuya 2011-ci ildə Mişel Hazanaviçus da özünün “Aktyor” filmində müraciət edib. Ağ-qara və səssiz çəkilən, “Ən yaxşı film” nominasiyası üzrə Oskar mükafatı da daxil olmaqla bir çox mükafatlar qazanan bu film də bir aktyorun böhranından bəhs edir. Təbii ki, bunun fonunda bütün Hollivud əhlinin faciəsinə şahid oluruq. Əvvəllər çox məşhur olan və sevilən aktyor yeni mərhələnin tələblərini qəbul etmir, vəziyyətə uyğunlaşa bilmir. Lakin nə etmək olar? Həyatın qanunu budur: yeniliyə uyğunlaşa bilənlər sağ qalır, uyğunlaşa bilməyənlər məhv olur. Bu film də müəyyən mənada xoşbəxt sonluqda bitsə də, bir aktyorun maddi və mənəvi çöküşü məharətlə çatdırılır.

Haqqında danışacağımız sonuncu film isə 2022-ci ildə Damyen Şazelin çəkdiyi “Babil” filmidir. Bu filmə baxan tamaşaçı hətta “Sanset bulvarı”, “Yağış altında nəğmə deyənlər” filmləri arasında paralellər görür, Şazelin özündən əvvəlki rejissorlardan bəhrələndiyini hiss edir. Amma bu film, haqqında danışdığımız filmlərdən müəyyən mənada fərqlənir. Gerçəkliyi, acı reallığı, necə deyərlər, tamaşaçının üzünə çırpır, xoşbəxt sonluğa ehtiyac duymur. Həyatın ən dibindən yavaş-yavaş yüksələrək tamaşaçıların könlünü fəth edən Hollivud ulduzları axırda sönməyə, məhv olmağa məhkum olur, özü də ən acınacaqlı şəkildə. Lakin buna baxmayaraq anlayırıq ki, əsas olan parlayıb sönmək, məhv olmaq deyil. Filmdəki tənqidçi Elinor belə deyir: “Daimi olan ideyadır. Yüzlərlə Cek Konrad gəlib-gedəcək. Mənim kimilər də həmçinin… Eyni söhbətlər, eyni mövzular… Bilirəm, ağrılıdır. Heç kim geridə qalmaq istəmir. Yüz il sonra biz çoxdan ölmüş olacağıq, amma filmlərindən biri haradasa göstəriləndə sən diriləcəksən. Bunun nə demək olduğunu başa düşə bilirsən? Sənə hədiyyə verilib. Buna görə minnətdar olmalısan”.

Tarkovskinin dediyi kimi, kinonun spesifikası onun zamanı həkk etmə xüsusiyyətindədir. Digər sənət növləri bundan məhrumdur. Parlayıb sönməyimizdən asılı olmayaraq buna görə minnətdar olmalıyıq.

Məryəm Qurbanzadə

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya