İNDİ OXUYUR
Kon-Tiki: Sevgi dilemması

Kon-Tiki: Sevgi dilemması

Səyyahlar vətəni-Norveçdən olan Tur, əlində yoldaşından aldığı lakin hələ oxumadığı məktub, ayaqlarını yalayan ilıq sulu, xırda ləpəli okeanın Polineziya sahilində üzünə vuran günəşə baxdı və bu dəm izləyicinin gözündə təzadlı bir səhnə canlandı. Planetdən dəfələrlə böyük olan günəş qüruba endikcə, onunla müqayisədə nöqtə boyda olan insan şəfəqə yüksəlirdi.  Tur, şiri ram edən bir cəngavər kimi ayaqları altda adanın torpağını əzir və üzündə təkəbbür dolu təbəssümün yayılmasını zəfərinin tağı olaraq qəbul edirdi. Tur, təbiətin insanla vəhdətini sübut etmişdi, istəyinə nail olmuşdu.

Amma, nəyin bahasına…


“Kon-tiki” bir neçə Avropa ölkəsinin studiyalarının ortaq məhsuludur. Film məşhur Norveç səyyahı, arxeoloqu, yazıçısı Tur Heyerdalın həyatının bir parçasından söhbət açır. Heyerdal “Sovet adamı” üçün elə də qərib adam deyil. Onun əsərləri SSRİ ərazisində dəfələrlə nəşr edilmiş, geniş oxucu kütləsini əhatə etmişdir. Səyyah hətta Azərbaycanda, Qobustanda da olmuş, buradakı qaya rəsmləri ilə Norveçdə olan qaya rəsmlərinin oxşarlığını və bunun əsasında isə qədimdə iki xalqın köklərinin kəsişdiyi ehtimalının olduğunu iddia etmişdir. Hazırda Şəkinin Kiş kəndində, Alban kilsəsinin yanında Tur Heyerdalın büstünü görmək olar ki, bu da səyyaha olan böyük hörmətdən doğur.

Filmdə bir Turun timsalında iki müxtəlif məqsədli insan durur. Biri yeni fikirlərlə dolu, yeniliklərə can atan, planetin hər qarışında olmaq eşqilə yaşayan, bəşərin keçmişinə dair tapıntılarda bulunan səyyah və digəri isə ailəsinin dağılmasının qarşısını almağı düşünsə də, bunun üçün heç nə etməyən ər. Filmin özlüyündə, baş verən real hadisələr – okeana Kon-Tiki bərəsində çıxmaq, ekspedisiyanın hazırlığı kimi kadrlarda, ailəsinə aid olan, xüsusən, onun xanımı Liv ilə Fatu-Xivadakı başına gələnlər “fleşbək” şəklində əksini tapır. Buna baxmayaraq, bu – fərqli, bəzən bir-birinə zidd (əslində biri digərindən doğan), nəticəsi başqalarının qüruruna toxunan, başqalarının başında sınan, qarşı-qarşıya duran xarakterinin kökündə Turun sevgi dilemması durur. Livə olan sevgi və təbiətə, kəşflərə olan sevgi.


Tur bir-birinə əks tərəfə çapan iki “atı”cilovlamaq istəsə də bu mümkünsüz idi.

Filmin ilk səhnələrində Liv Tura “Kon-Tiki” ekspedisiyasına hazırlıq zamanı hərtərəfli kömək edirdi. Ərini daim major notlara kökləyirdi. O, köməyi daha çox bir həyat yoldaşı kimi ərinə borcu olduğunu hiss etdiyindən edirdi. Amma, növbəti kadrlarda telefon zəngi zamanı dəstəyi asdıqdan sonra düşüncələrə dalması, haradansa qayıdan övladlarına pəncərədən baxması Livin daxilən ərinə yox, övladlarının gələcəyinə yandığını sezdirirdi. Dəstəyin o biri başındakı Tur isə şox güman ki, ailəsini ikinci plana atmışdı. O, ekspedisiya üçün tələb olunan maliyyə dəstəyini, həmfikirlilərini axtarmağında idi. Bəlkə də ürəyinin dərinliyinə “bu avantüra da keçər” düşüncəsi vardı. Yazının bu yerində, filmdən bir fleşbəki yada salmaq yaxşı olardı. Tur və Liv toydan sonrakı bal ayını “Cənnət adası” Fatu-Xivada keçirmişdilər. Güman ki, o təşəbbüs də Turdan gəlmişdi, baxmayaraq ki, bu ümumi razılığa gəlinmiş qərar idi. Fleşbəkdə Turun uzaqdan gəmi görməsi, ayağı yaralı Livi qucağına alması və qeydləri ilə birlikdə daxmasını tərk edib gəmiyə tərəf qaçması təsvir olunur. Ağacların arasında çanta əldən düşür və içindəki qeyd dəftərləri yerə dağılır. Güclü yağış müxtəlif həşəratların rəsmlərini yuduqca biz səyyahın adaya gəlişinin bir növ əsl məramını görmüş oluruq, axtarış, təbiət, vəhdət. Real həyatda da (Tur bu barədə kitab yazıb ) bu cür olmuşdu. Fatu-Xiva əvvəlcə cənnət sonra isə unudulmaz cəhənnəmə dönmüşdü.

Yəqin ki, Liv Turun “iç üzünü” ilk dəfə orada görmüşdü. Çünki o zamana qədər sadəcə xəyallarda üzən və macəra kimi görünən adayla, qonaqpərvərlikdən uzaq qonşularla dolu adanın dadı fərqli olmuşdu. Bal ayında belə yoldaşının yersiz inadkarlığı Livi bezdirməmiş olmazdı. O baxımdan qadın bəlkə də “cəhənnəmdən“ qayıdan kimi əri ilə olan münasibətlərinə ən azı özlüyündə yenidən baxmalı idi və baxmışdı. Qadına sakit həyat və uşaqlarının gələcəyi maraqlı idi.


Ekspedisiya zamanı səyyahların başına bir sıra hadisələr gəlir – bərəyə köpək balığının hücumu və tutuquşunu yeməsi, bəzən nəzərdə tutduqları marşrutdan çıxmaqları, həmçinin okean suyunu canına çəkməsi nəticəsində bərənin şalbanlarının çürüməyə başlaması səbəbindən Turun ideyasına bədbin yanaşmanın kökünü salması epizodları bir-birini əvəzləyir. Ötən ağır günlərə rəğmən Tur quru ilə əlaqə saxlayanda bərədə yüksək ruhun hökm sürdüyünü, hər şeyin nəzərdə tutulduğu kimi davam etdiyini məruzə edirdi. Tur vacib duyduğu anda həm bərədə özünü lider kimi, bəzən hətta kobudcasına bunu sübut edərək göstərir, həm də ümumi olaraq ekspedisiyadan əvvəl, ərzində və sonra məqsədyönlü, işini bilən və onu axıra çatdıran, hər zaman uğur qazana bilən bir insan kimi varlığını qabardırdı. Lakin, bir olay hər güclünün zəif nöqtəsi olduğunu tamaşaçılara çatdırır və bir növ onlara “Tur da insandır, səhvi ola bilər” deyir. Bərə üzvlərindən birinin ayağı sürüşür və o ətrafda köpək balıqlarının tüğyan etdiyi bir vaxtda suya yıxılır. Hərə bir cür xilasa başlayır, zaman bir tərəfdən sıxırdı, vəhşi balıqlar bir tərəfdən, dalğalar digər tərəfdən işi çətinləşdirirdi. Bərə ilə sudakı insanın ara məsafəsi çoxalırdı. Birdən heyət üzvlərindən biri kəndirlə özünü bərəyə bağlayıb suya tullanır, digərləri ona yardım edir və hər şey xoşbəxt sonluqla bitir. Bütün bu vaxt kəsiyində bizə Turu da göstərirlər. O, hava ilə doldurulmuş qayıqla üzüb, batanı xilas etməyi planlaşdırırdı. Di gəl ki, qayıq bərəyə bərk bağlandığından onu belə aça bilməmiş və ayılanda işin artıq bitdiyini görmüşdü. Ara sakitləşən kimi səyyahın gizli saxladığı, lakin heyətin bildiyi bir polişinel sirri ortaya çıxır. Tur Heyerdal dəniz ekspedisiyasına, özü də ki, bərədə çıxan bir səyyah üçün ümdə olan qabiliyyətdən məhrum idi. O, üzə bilmirdi (hərçənd ki, sonda bu qorxunu da dəf edir, axı bu Turdur!). Həmin kadrda Turun üzündə baş vermiş hadisənin bədbəxt sonluqla bitəcəyi halda vicdan əzabı çəkəcəyini görmək olur. Rejissor bu yerdə suya yıxılan heyət üzvünün dilindən “Tur, biz sənin üzə bilmədiyini bilirik” kəlməsini işlətməklə sanki səyyahı göydən yerə endirir. Özü də bu “endirməni” təkcə sirrin açılması ilə bəyan etmir, burada həm də “ Biz sənin hörmətini saxlayırıq, bərənin kapitanı olduğunu qəbul edirik. Hadisə idi, oldu,keçdi.  Bu “qüsur” sənin “imicinə” xələl gətirmir, narahat olma” fikrini altməna ilə göstərir və bununla da səyyaha “dərs” verir.


Adada heyət üzvlərinin şadyanalıq etdiyi bir vaxtda, artıq qalib olmuş Tur, Livin göndərdiyi məktubu açdı. Qadın, ərinin okeanda olduğu ötən dövr ərzində birgəyaşayışlarını bir daha nəzərdən keçirib, ayrılmaq qərarına gəmişdi (Vikipediyaya əsasən, Liv və Tur ekspedisiya başlamazdan öncə ayrılmışdılar). Tur qəbul etmək istəmədiyi, bəlkə də ürəyinin dərinliyində bildiyi, hiss etdiyi bir şeyi – ailənin yalnız söz olaraq qaldığını – dilinə gətirə bilməsə də Liv bunu bacarmışdı. Qadın, Turun “sevgi dilemma”sını həll etmişdi.

Soyuqqanlı Norveç səyyahı Tur, ayaqları ilıq Polineziya sahilində qüruba gedən günəşə baxdıqca, isti ürəkli norveçli ana, qarlı gündə dərsdən qayıdan övadlarını qarşılayırdı.

“Kon-Tiki” ekspedisiyası barədə Tur Heyerdalın özünün çəkdiyi film sənədli film nominasiyasında Oskar mükafatına layiq görülüb.

Qeyd: yazı subyektiv xarakter daşıyır, həyatda olmuş real hadisələrlə səsləşməyə bilər.

Fuad Əhmədov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya