İNDİ OXUYUR
V.Əhmədov: “Filmin adı onun satışında böyük rol oynayır”

V.Əhmədov: “Filmin adı onun satışında böyük rol oynayır”

Müsahibimiz “Ata ocağı” teleserialının, “Evdə qalmış”, “Kişi ol” bədii filmlərinin və bir sıra layihələrin müəllifi, “Qələm” ssenaristlər qrupunun rəhbəri, ssenarist, rejissor və prodüser Valeh Əhmədovdur.

– Valeh bəy, ilk filminiz “Kişi ol” prokatda uğur qazanmadı. Beş il sonra çəkdiyiniz “Evdə qalmış”ı isə həm tənqidçilər yaxşı qarşıladı, həm də kassa uğuru qazandı. Nə baş verdi?

– Heyətimizlə (fokus-qrupla) çox müzakirələr, çox araşdırmalar etdik. Əlimizdə bu gün çəkdiyim film də daxil bir çox layihələr var idi. Bəzi mütəxəssislərlə məsləhətləşdik, “Park Cinema” şəbəkəsindəki mütəxəssislərlə götür-qoy etdik. “Evdə qalmış”ın hekayəsinin uğurlu olacağına inandıq. Bütün heyət, aktyor, aktrisa, texniki və bədii heyət ilk gündən sona qədər layihənin arxasında dayandı. Şükürlər olsun, nəticə də yaxşı oldu. Sağ olsunlar bu filmdə siz də daxil, tənqidçilər yaxşı rəy verdilər. Hətta göndərmələri, klişelərlə olan zarafatlarımızı çox yaxşı incələmişdilər.

– Kommersiya kinosunun problemlərindən biri, janr müxtəlifliyinin olmamasıdır. Siz bir az fərqli, romantik komediya janrına müraciət etdiniz. Janr seçimində risklər nəzərə alınırmı?

– Bəli, janr seçimində risk var idi, amma bu riski də etməliydik. Hətta filmin içərisində zarafatlarda və yaxud bəzi məqamlarda eksperimentlər də etmişdim ki, uğursuz ola bilərdi. Lakin reaksiyalar göstərdi ki, yaxşı alındı.


– “Evdə qalmış”ın prokatı zamanı filmə daha çox hansı tamaşaçıların gəldiyini müşahidə etdinizmi? Və kommersiya kinosu tamaşaçı qazanmaq üçün nələri etməlidir?

– Əlbəttə müşahidə etdim. Mən bir işimi axıra qədər təqib etməyi xoşlayıram. Bəlkə 40-a yaxın, ayrı-ayrı zallarda və vaxtlarda izlədim. Təbii ki, xanımlar çoxluq təşkil edirdi. Hətta zalların birində 70-ə yaxın izləyici var idi, 50-dən çoxu qadın idi. Yaşa gəlincə isə bütün yaş qrupları var idi. Müşahidəmə görə, 25-40 yaş aralığı idi. Çoxu ailəsi gəlirdi. Sevindiyim məqamlardan biri, imza günlərində Qəbələ, Gəncə, İsmayıllı, Bərdə və s. bölgələrimizdən insanların gəlməsi idi. Demirəm sayı çox idi, amma hər birinin gəlməsi, ümumiyyətlə, ölkəmizin istənilən yerindən gördüyüm bir işə görə izləyicilərin kinoteatrlara gəlməsi mənim üçün böyük sevinc idi. Başqa sevindirici məqamlardan biri, VİP yerlərə də biletlər satılmasıydı… Hər bir film yeni bir şey öyrədir, təcrübə yaşayırsan. Şablon olmasın, mən çəkiliş prosesini həyatın bir hissəsi hesab edirəm, bu iş yeni dostlar, fədakar insanlar tanıtdı mənə. Tamaşaçı qazanmaq məsələsində bu sual həmişə var. Bir iş uğurlu oldusa, bütün işlər uğurlu olacaq deyə bir şey yoxdur. Mən uğuru yenə də bütün komandanın işində görürəm. Düşünürəm ki ssenari, ad seçimi, kastinq, çəkiliş, PR strategiyası hər şey bir-birini tamamladı. Bir də, mən inanclı insanam. Bir işə başlayanda inanaraq yola çıxıram. Hər iki filmin çəkilişlərində oxşar vəziyyət yaranmışdı. Biz rejissorlar sinoptiklərlə hərəkət edirik. Yeni filmimizdə natura çəkilişləri edirdik. Sinoptklər axşam saatlarında leysanın olacağını proqnozlaşdırmışdılar. Çöldəki səhnə böyük idi, düşündük ki, bunu çəkək yoxsa yox. Yüngülvarı bir iki damla yağış yağdı. Qərara aldıq ki, çəkək, nə olur-olsun. Dekorasiyanı qurduq, çəkilişi bitirdik, avadanlığı yığdıq, avtobusa yerləşəndə leysan başladı. “Evdə qalmış”ın İsmayıllıdakı çəkilişlərində də buna bənzər hadisə olmuşdu.

“Evdə qalmış” bədii filminin pərdəarxası


Maraqlıdır, işinə sevgiylə yanaşan rejissorlar analoji situasiyalarla həmişə üzləşirlər… Ad seçimi filmin uğur qazanmasında nə qədər rol oynayır?

– Ad seçimi təbii ki rol oynayır. İlk dalğa tamaşaçını zala gətirir, sonrakı dalğanı oradan çıxan insanların təəssüratları gətirir. Hətta ad seçiminə görə bir neçə neqativ fikir eşitdim. Lakin İnyaritu, Kuaron, Tarantino və s. kimi rejissorların da qəribə adları olan filmləri olub. Bəzən, filmin adı satış məsələsində böyük rol oynayır.

Yazımda da qeyd etmişdim.  Layihənizin uğurlu cəhətlərindən biri, ssenari qrupunda qadın müəlliflərin yer almasıdır. Və onların rolu qadın obrazlarının konsepsiyasında hiss olunurdu. Yoxsa yanılıram?  İstərdim ki onlarla iş prosesindən danışasız və bu komandayla əməkdaşlığı davam etdirəcəksinizmi?

– Öncə təşəkkür edirəm yazınıza və əziyyətinizə görə. Əlbəttə, xanım əməkdaşlar ümumiyyətlə hər sahədə önəmlidir. Çünki, xanımlar bir-birini tamamilə başa düşürlər. Serialda da, filmlərdə də onlarsız bir layihəm olmayıb və inşallah ki, olmayacaq da. Amma bu o demək deyil ki, kişi ssenaristlər qadın duyğusunu işləyə bilməz. Ya da tam əksi. Xanımlar bəzən kişilərə aid səhnələri də yaza bilirlər. Ssenarist eyni zamanda araşdırmaçıdır, bir həkim haqqında ssenari yazmaq üçün həkim olmağa ehtiyac yoxdur. Bizim qrupdakı xanımların bəzilərinin vaxtilə Türkiyədə ustad dərslərində iştiraklarına nail olmuşam. Təcrübələri, intellektləri və məsuliyyətləri böyükdür, amma arxayın deyillər, hər gün araşdırmalar edirlər, bəylər də həmçinin, onlara güvənirəm.

– Aktyorlarla yaxşı işləmişdiniz, amma yadımda ən çox qalan oyunlardan biri Məcid Hüseynovun ifası oldu. Səhv eləmirəmsə, bu Məcid Hüseynovun ilk rolu idi ki, çox orqanik oynayırdı və qroteski hesablanmışdı. Aktyorlarla necə işləyirsiz, onlara müstəqil olmağa çoxmu imkan verirsiniz yoxsa konkret çərçivələriniz var?

– Təbii ki, Məcid tapşırığı düzgün qavramışdı. Mən hamısının işindən məmnun qaldım. Hər biri ilə çəkiliş olmayan günlərdə də danışırdıq, məsləhətləşirdik. Özləri də narahat idi. Məndə bir hissiyyat var, əgər bir aktyorda və ya aktrisada maraqlı bir reaksiya varsa bunu genişləndirə bilərəm. Sonra məşq edirəm, görürəm alınır. Bəzən, ondan istədiyimi alana qədər 20-30 dubl da çəkirəm. Bəlkə də gülməli gələcək, amma mən çəkiliş meydançasında hər kəsin danışmasına, təkliflər etməyinə imkan verirəm, səmimiyyət qururam. Kənardan baxanda bəlkə də “bu nədir? hamı ağıl öyrədir, hamı fikir deyir, belə şey olar?!” deyə düşünərlər. Amma, mən deyilən fikirlərin içindən lazım olanını seçirəm. Və hər zaman da bu praktika özünü doğruldur. Bu idarəetməyə pis təsir edirmi? Düşünürəm o vaxt təsir edər ki, rejissorun son sözü dinlənilməsin və yaxud, seçimi qəbul edilməsin, qulaq asılmasın. Bu əsl faciə olar. Bəzən eşidirsən ki, kimsə, kiməsə bir təklif deyir, o işə əlavə olunur, sonra kənarda deyir ki, bunu mən eləmişəm, ssenaridə yox idi, rejissorun fikrində yox idi. Düzdür, belə hallar az olur. Amma olsa da mənim bu hallara kompleksim yoxdur. Deyilən təkliflər tapılmış ssenarinin, situasiyanın ətrafında baş verir. Hər gözəl fikir də mənim markama xidmət edir. Ukrayna futbolunun simalarından hesab olunan Lobanovski səhv etmirəmsə, belə deyirdi ki, bu gün pis oyunla qələbə qazana bilərsən, amma tarixdə nəticələr qalır. Yəni, neqativ söhbətlər bir müddətlik olur. Sonra itir gedir.

“Evdə qalmış”, aktyor Məcid Hüseynov

Montaj prosesində çətinliyiniz oldumu? Məsələn, hansısa səhnə sizə bayağı göründüyündən onu kəsmisiniz? Çünki filmdə bayağı nəsə yox idi.

– Mən bir sirri açım, pis-yaxşı mənim montaj qabiliyyətim var. Ümumiyyətlə, ilkin prosesdə heç kimi montaj yaxın qoymadım. Qaralama variantını iki ay ərzində özüm etdim. Və belə bir kompleksim yoxdur ki, kəsmək ya dəyişmək olmaz. Haradasa 30-40, bəlkə də daha çox material kəsdim. Hətta bəzi hallarda ssenari strukturu da dəyişdi. Sizin və sizin intellektinizdə olan dəyərli insanların bəyənməsi, bayağılığın olmamasını vurğulamağınız da ayrı sevindirici haldır.


– Təşəkkür edirəm. Filmdə intellektual sənət söhbətləri gedir. Bizdə bəzi rejissorlar buna cəhd etsə də saxta alınıb. Sizdə isə personajların peşəsi, sosial kimliyi buna haqq qazandırır. Növbəti filminizdə də bu tendensiya davam edəcəkmi? Çünki kommersiya kinosunun yeni personajlara ehtiyacı var.

Təşəkkürlər bir daha. Əlbəttə, hər işimizdə əlimizdə olan vaxta görə, hər səhnədə, hər situasiyada anlamlı bir şey etməyə çalışırıq və çalışacağıq. Yeni film çəkilişləri gedir, burada da yeni 8-10 fərqli yeni personaj olacaq. Ssenari və çəkilişlərin 60 faizi bitdikdən sonra belə qənaətə gəldim ki, yaxşı iş olacaq. Komanda yenə də yaxşı qurulub. Əvvəldə qeyd etdiyim, “Evdə Qalmış”dakı riskli zarafatların, bəzi məqamların sayını bir az da artırmışam. Hətta Aki Kaurismakinin filmlərini xatırladan bəzi səhnələr də var. İnşallah, zaman və sizin kimi dəyərli insanlar izləyicilər nəticəni bildirəcək. Yeni yaratdığım, rəhbəri olduğum “AND prodakşn”da çəkilən ilk filmim məhz “Xəyanətə yox” filmidir. Bu filmlə bağlı uğurlarımızdan biri, onun 21 dekabrda hər iki kinoteatrlar şəbəkəsində yayımlanması olacaq. Buna görə də, həm “CinemaPlus”, həm də “Park Cinema” şəbəkəsinin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümü bildirirəm.

“Evdə qalmış” bədii filminin qala gecəsi


– Valeh bəy, rejissor təhsiliniz yoxdur, amma səriştəniz var. Sualı ona görə verirəm ki, Mədəniyyət Nazirliyinin elan etdiyi yeni müsabiqədə debütantlardan rejissorluq üzrə ali təhsili təsdiqləyən sənəd tələb edilir. Halbuki təcrübədə rejissor təhsili almayıb yaxşı kino duyumu olan, film çəkən rejissorlar var. Sizcə bu mənada mexanizm necə olmalıdır ki, istedadlar kənarda qalmasın ?

– Bilirsiniz ki, dünya praktikasında da təhsili olmayan, saysız-hesabsız uğur qazanmış insanlar var. Doğrusu, Mədəniyyət Nazirliyinin reqlamentilə tam tanış deyiləm, təhsilin tələb olunduğunu da eşitməmişəm. Mən nazirliyin addımlarını, tədbirlərini, diqqətini, yüksək qiymətləndirirəm. Birdən-birə nəticə gözləmək olmaz. Məncə, hələlik hər kəsi dinləyirlər, analizlər aparırlar. Hətta cənab nazir forumda ümumi reqlamentdən çıxılmasına rəğmən tələb etdi ki, hər kəs danışsın, dinləməyə hazırdır. Məncə, kadrlar da yaxşı sadə və operativ insanlardan təşkil olunub. Sağ olsunlar, mənim də fikrimi dinlədilər, nazirliyə dəvət etdilər. Orada da söylədiyim fikrin üstündəyəm. “Paramount”, “Universal” kimi 6 böyük istehsalçı şirkət seçilməlidir. Bu istehsalçıların kimlərin ola biləcəyini deyə bilərəm. Beşillik proqramım da var. Düşünürəm ki, bu istehsalçılar 5 il özlərini təmin edə bilərlər. Bu istehsalçıların qərarlarını ədalətli şəkildə verəcək fokus qrupları olmalıdır, bu qrup satışı da yaxşı bilməlidi. Satışla paralel ideoloji və yaxud sənət filmlərini də dəstəkləməlidir. Misal üçün, “Netflix” başqa işlərlə pul qazanırsa da bu puldan “Roma” kimi sənət filmi çəkdirir, Skorsezeyə “İrlandiyalı”nı sifariş edir. Bizdə olacaq bu böyük istehsalçılar bir-birilə rəqabət aparmalıdır. Düşünürəm ki, müsabiqələrdəki münsiflər ədalətli qərar versələr və təmiz rəqabət olsa, zamanla bir çox uğurlu filmlərin çəkilməsinə nail ola bilərik. Uğursuzluqların səbəbini başqasında, istər yaşlının, istər cavanın üzərində axtarmamalıyıq.

Müsahibəni hazırladı: Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya