İNDİ OXUYUR
İnsan və polad

İnsan və polad

“Fəhlə əməyi” mövzusu ədəbiyyatımızda xüsusən kinomuzda da özünəməxsus yer tutur. Bu filmlərdən biri də “Həyat bizi sınayır” (rej. Şamil Mahmudbəyov) filmidir. Hamının məşhur “Şərikli çörək” filminin rejissoru kimi tanıdığı Ş.Mahmudbəyov, filmoqrafiyasında Azərbaycan kinosunun töhfəsinə dair zəngin mövzulu: “Romeo mənim qonşumdur”, “Tənha narın nağılı”, “Əyri yolla qazanc” filmləri yer alır.

“Həyat bizi sınayır”


Rejissorun “Həyat bizi sınayır” filmi Vidadi Babanlının eyniadlı povesti əsasında lentə alınmış, lakin SSRİ dövrü ilə əlaqədar bəzi səhnələr kəsilərək ixtisar edilmişdir. Film, həyat yoluna yenicə qədəm qoymuş gənc Rəşidin anasının vəfatından sonra kənddən şəhərə oxumaq üçün gəlib burada qarşılaşdığı insanlar və münasibətlərdən bəhs edir. Onun həyatındakı xeyirxah və bədxah insanların təzadlı əməlləri filmdə öz əksini tapır. Həyatın sınaqlarından Arif və Sadıq dayı kimi insanların ona olan ümid və inamları sayəsində çıxan Rəşid, çalışqan və nümunəvi fəhləyə çevrilir. Süjetboyu dost-qardaş münasibətilə yanaşı, müharibənin yaratdığı çətinliklər də təsvir olunur. Filmin əvvəlində analarının dəfn mərasimində böyük qardaş Məsi anasını xəstə vaxtı ziyarət edə bilməməsinə bəhanə olaraq, işlərinin çoxluğunu dəlil gətirir. Məsi obrazı tamaşaçıya, kəndlə əlaqəsini tamamilə kəsməsə belə, bura olan münasibəti ilə yanaşı həyat yoldaşının təsiri ilə məsuliyyətdən qaçan kimi təqdim olunur. Hətta söhbət əsnasında döş nişanını əli ilə sanki tozdan təmizləməsi, böyüyüb başa çatdığı kəndinə özgələşməsini ifadə edir. “İşgüzar səfər” filmindəki Oqtay obrazını Məsi ilə müqayisə etsək görə bilərik ki, onların hər ikisi kənddən uzaqlaşıb. Amma Məsidən fərqli olaraq, Oqtay, daxilində kənddə mövcud olan “köhnə fikirləri” saxlayır. Onun “şəhərdən qız almaram” ifadəsi ilə Məsini evin tozunu almayan Rəşidə “Kişidir axı, xəncərinin qaşı düşər” söyləməsi bu fərqi bir daha ortaya qoyur. Böyük qardaşından fərqli olaraq, ortancıl qardaşı Ömər “gedənlərin mirası olan” torpağa dərindən bağlıdır. Evin ən balacası Rəşid, anasını itirdikdən sonra qardaşı Ömərin “sənin həyatın qabaqdadır” təkidi ilə oxumaq üçün şəhərə gəlir.  Baş qəhrəmanın, kənddən şəhərə gəlməsi və şəhər mühitinin ab-havasına təsiri, Rasim İsmayılovun müəllifi olduğu “İşgüzar səfər” filmində də özünü göstərir. Belə ki, kənddə yaşayan Ənvərin Bakıya atasının borcunu almaq məqsədi ilə gəldiyini görürük. Ənvərin şəhərdəki insanlara qarşı aqressiyası tamaşaçıya bu gəlişin arxasındaki gizli məqsədin kəndin şəhərdən daha üstün olmasını özü-özlüyündə bir daha sübut etmək olduğunu göstərir.

“İşgüzar səfər”


Ənvər Rəşiddən fərqli olaraq, şəhərə qərəzli yanaşır. Hər ikisi ilk gəlişdə şəhərin sıxlığına təəccüblənib özlərini güldürsələr də, Rəşidin şəhərə adaptasiyası daha tez baş tutur. Çünki Rəşid, Ənvərdən fərqli olaraq humanistdir. Ənvər isə Toma ilə tanış olduqdan sonra şəhəri və şəhərliləri sevməyə başlayır. Ənvərin şəhər sərgüzəştləri tək başladığı halda, Rəşid hekayəyə dostu ilə başlayır. Rəşidlə birgə gələn dostu Fərəc, Məsinin həyat yoldaşı Münəvvərin kinayəli sözündən sonra çıxıb gedərkən, Rəşid də ona qoşulmaq istəyir, lakin qardaşının sərt baxışını görüb ayaq saxlayır. Anasının eqosu atasının məsuliyyətsizliyi arasında qalan Lalənin, Rəşidi ilk görüşdə tanımamasından, onun çoxdan kəndə getmədiyini anlayır. Sonradan uşaqlıq xeyirxahlığını itirməyən Rəşidlə balaca Lalə arasında görünməz bir bağ yaranır. Ailəsinin ayırmadığı vaxtı Lalə üçün Rəşid ayırır. Qardaşı evində olan anlaşılmazlıqlardan sonra Fərəcin köməyilə polad zavoduna işə düzələn Rəşidin getməsinə ən çox Lalə üzülür. İşlədiyi polad zavodu əslində, həyatın təsviridir. Həyat Rəşidə, Ömərə, Sadıq dayıya, Şumal və Məsiyə etdiyi kimi, hər kəsi əvvəlcə, poladı odda əridən kimi incidir, sonra isə qəliblərə tökərək formaya salır. Bəzilərinin bir qədər dəyəri artır, bəziləri isə, Şumal və Məsi kimi silinib gedir. Filmdə vacib olan həyatın bizi necə sınadığından çox, bizim o sınaqdan necə çıxdığımızdır. Sadıq dayı oğullarını itirməsinə baxmayaraq ümidini itirmir və gənc nəsilə ümid olmağa çalışır. Məsi isə əldə etdiyi uğurlara baxmayaraq qısa müddət ərzində tamaşaçının yaddaşından silinib gedir. Rəşidin qardaşının evinə üçüncü gəlişində Lalənin vəd etdiyi kimi bığının çıxması, cılız, “süddən yanıq” olan bu gəncin artıq böyüdüyünə işarədir. Münəvvərlə mübahisədə öz sözünü deməsi buna sübutdur. “Həyat bizi sınayır” filmindən fərqli olaraq “İşgüzar səfər” filmi yalnız baş qəhrəmanın həyatına  fokuslanır. Bu əsnada tamaşaçı, qəhrəmanı daha yaxından tanıyır.

“İşgüzar səfər”


“Həyat bizi sınayır” filmində  iki süjet xətti müşahidə olunur. Bunları şərti olaraq “Rəşidin həyat sınaqları”, digərini isə “Hicranla məhəbbət macərası” adlandımaq olar. Film, üç ildir həyatın sınaqları ilə tək savaşan Rəşidin Hicranla birgə yola davam etməsi ilə bitir. “İşgüzar səfər” filmində Ənvərlə Tomanın sevgi münasibəti Rəşid və Hicrandan fərqli olaraq daha münaqişəlidir. Onların münasibətində şəhərli və kəndli arasındakı fərq kəskin hiss olunur. Filmin finalında Ənvər, Rəşiddən fərqli olaraq fərqlilik və yenilikdən qaçaraq kəndinə qayıdır. Hər iki rejissor (Rasim İsmayılov və Şamil Mahmudbəyov), filmlərində şəhər və kənd həyatını qarşılaşdıraraq konflikt yaradır. Bu konfliktdə  kənd, qəhrəman üçün güvənli yer kimi təqdim olunduğu halda, şəhər etibarsızlıq və sınaq məkanı kimi göstərilir. Sanki qəhraman səfərə çıxaraq şəhərdəki pisliklərlə savaşır və finalda öz evinə qayıdır.  Nəzərə alsaq ki, rejissorlar cəmiyyətdə olan problemləri ekranlara sızdırır, illər keçməsinə baxmayaraq hələ də günümüzdə “rayonlu- şəhərli” ifadəsi qalmaqdadır.

“Həyat bizi sınayır”


Fərəc, şəhərə ilk dəfə gəlməsinə baxmayaraq, cəsurluğu və dikbaşlığı ilə seçilir. Münəvvərin ona dediyi sözdən sonra evi tərk edib getsə də, Rəşidə iş tapmasına kömək edir. Göründüyü kimi Fərəc bu xeyirxah əməlləri ilə doğmalığın qan bağı ilə ölçülmədiyini, insanın əməllərinin arxasında elə insanlığın dayandığını sübut edir. Fərəc obrazı, Ömür Nağıyevın kimi kinoda ilk işidir. Lakin ilk olmasına baxmayaraq, rolunu uğurla oynamış, hətta karyerasında düşərli olmuş bu filmdən sonra 30-dan çox məşhur “Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “Bəyin oğurlanması” kimi filmlərdə oynamışdır. Amaliya Pənahovanın oynadığı epizodik Münəvvər obrazı milli ruha xas olmayan xarakteri ilə seçilir. Yaradıcılığına “Dağlarda döyüş” filmi ilə başlayan, Azərbaycan kinematoqrafiyasının incisi, rejissor, aktyor Şahmar Ələkbərov, filmlərində tarixi dövrlərimizi, milli-mənəvi dəyərlərimizi ustalıqla əks etdirmişdir. Zavodun səmimi fəhlə Arif rolunu oynayan Şahmar Ələkbərov, bu filmdə də öz sözünü deməyi bacarıb. Arif zəhmkarlığı və qəzəbi ilə seçilsə də, əslində gənclərin gələcəyini düşünür. Filmdə istehsalat səhnələrinin çox olmasına baxmayaraq, Rəşid obrazı, povestdən fərqli olaraq, filmdə fəhlə sinfinin nümayəndəsi kimi öz təsdiqini tapmır. O, ətrafında baş verən hadisələrin müşahidəçisinə çevrilir. Halbuki povestdə bu məsələlər qabarıq şəkildə əks etdirilmiş, fəhlə mövzusu müəllif tərəfindən dərindən işlənmişdir. Yazıçı V.Babanlı bu əsər üzərində necə işləməsi ilə bağlı söhbətlərinin birində demişdir: “uşaqlıq və gənclik vaxtlarımda görüb-götürdüklərimlə kifayətlənməmişəm. Yeni həyat bilikləri qazanmağa çalışmışam. “Həyat bizi sınayır” povestini yazmaq üçün öz təşəbbüsüm, şəxsi səyimlə Sumqayıt şəhərinə gedib orada fəhlə yataqxanasında tərbiyəçi müəllim vəzifəsində ilyarım işləmişəm”.

Filmdə Rəşid baş personaj olsa da, onun daxili dünyası və şəxsi inkişafı ilə bağlı səhnələrin azlığı tamaşaçının onunla mənəvi bağlantı qurmasına mane olur. Həmçinin Arif, Sadıq dayı və Fərəc kimi Rəşidin sınağında iştirak edən obrazlar, Rəşidin kənddəki yaşayışını, onun anasının digər oğulları ilə mübasibətidə tamaşaçıya qaranlıq qalır. Əvvəldə qeyd etdiyim kimi, “İşgüzar səfər” filmində Ənvərin həyatına fokuslansa da “Həyat bizi sınayır” filmində şəhərin təsvirinə o qədər də yer verilmir. Həmçinin Ənvər və Toma arasında sevgini tamaşaçı tam mənası ilə qavraya bilmir.

Elza Axundova

Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya