“Qeyri-adi” insanın “adi” səhvi
Dünya kinosunun ən böyük rejissorlarından biri olan Alfred Hiçkokun 1948-ci ildə ekranlanlaşdırdığı “Kəndir” filmi onun ilk rəngli filmidir. Filmdəki bütün hadisələr bir məkanda cərəyan edir.
Filmin elə ilk səhnəsində qətl hadisəsi baş verir. Filmin əsas qəhrəmanları olan Brendon (Con Dall) və Filip (Farli Qreyncer) dostları Devidi (Dik Hoqan) kəndirlə boğub öldürür və bir sandığın içində gizlədirlər. Ölən də məlumdur, öldürən də… Amma məsələ bəsit bir cinayət hadisəsindən ibarət deyil. Filmin və bu cinayətin daha dərin fəlsəfəsi var.
Film Patrik Hemiltonun 1929-cu ildə qələmə aldığı “Kəndirin sonu” (“Rope’s End”) adlı əsəri əsasında çəkilib. Patrik Hemilton isə bu əsərin mövzusunu 1924-cü ildə baş vermiş bir hadisədən götürüb. 1924-cü ildə Çikaqo Universitetinin tələbələri Neyton Leopold və Riçard Lob 14 yaşlı Bobbi Franksı öldürürlər. Bizim qəhrəmanlarımız isə Çikaqo Universitetinin yox, Harvard Universitetinin tələbələridir. Bəs bu iki cinayətin arxasındakı səbəb nədir? İnsanlar adətən nə üçün cinayət törədirlər? Özünümüdafiə, qəzəb, intiqam və başqa səbəblərdən… Lakin bu şəxslərin cinayətinin səbəbi bu deyil. Onlar məhz “aşağı təbəqədən olan insanların yaşamağa haqqı yoxdur” fəlsəfəsinə əsasən cinayət törədirlər. Sırf öldürmək üçün öldürürlər, buna haqları olduğunu düşünürlər, çünki özlərini üstün, yerdə qalan digər insanları isə aşağı təbəqədən hesab edirlər. Burada Nitsşenin “fövqəlinsan” anlayışı ortaya çıxır. Nitsşe 1882-ci ildə qələmə aldığı “Zərdüşt belə deyirdi” kitabında bu fəlsəfəsinə aydınlıq gətirir. Nitsşenin fikrincə, insan, fövqəlinsanla heyvan arasındakı mərhələdir. Ümumiyyətlə, onun fikrincə, iki fərqli əxlaq sistemi var: ağa və kölə əxlaqı. Təbii ki, ağa əxlaqı güclülərə, kölə əxlaqı isə gücsüzlərə, zəiflərə aiddir. Nitsşenin fikrincə, güclünün, öz gücünü özündən zəifə qarşı tətbiq etməsində heç bir problem yoxdur, o bu əməlinə görə utanmamalıdır. Çünki həyatın qanunu belədir. Lakin bu qəbildən olan insanların sayı azdır. Bu isə bizi bir qədər də əvvələ, Dostoyevskinin “Cinayət və cəza”sına aparır.
Əsərin qəhrəmanı Raskolnikovun fikrinə görə, dünyadakı insanlar iki yerə bölünür: “adi” və “qeyri-adi” insanlar. “Adi” insanlar gərək itaət etsinlər, onların qanundan kənara çıxmağa ixtiyarı yoxdur, çünki onlar “adi”dir. Amma “qeyri-adi” insanların hər cür cinayət törətməyə, qanundan kənara çıxmağa ixtiyarı var, bu ixtiyarı onlara, onların “qeyri-adi”liyi verir. Lakin Raskolnikov heç də qeyd etmirdi ki, “qeyri-adi” insanlar mütləq şəkildə cinayət törətməlidirlər. O bildirirdi ki, sadəcə olaraq, onların buna ixtiyarı var – əgər həmin şəxslərin gerçəkləşdirmək istədikləri fikirlər bunu tələb edirsə… Bəzən həmin fikirlər, bəlkə də, bütün bəşəriyyət üçün xilasedici bir rol oynayır. Raskolnikov qeyd edirdi ki, əgər Keplerin və ya Nyutonun kəşflərinə mane olan, ya da onların qarşısını alan bir, on, yüz və daha çox adam qurban verilməyincə insanlara qətiyyən məlum ola bilməzdisə, onda Nyutonun öz kəşfini bütün insanlara məlum etmək üçün bu on, ya yüz adamı yoldan kənar etməyə haqqı vardı, hətta o bunu etməyə borclu idi. Nəinki böyük adamlar, hətta adi vəziyyətdən lap azca kənara çıxan, yəni təzəcə bir söz deməyə qabil olan şəxslər də öz təbiətlərinə görə mütləq az və ya çox dərəcədə cani olmalıdırlar. “Adi” insanlar özlərinə oxşar insan törəməsinə xidmət edən materialdır, onlar mühafizəkardır, dincdir, itaətkardır, itaətkar olmağı da xoşlayarlar. “Qeyri-adi” insanlar isə əsl insanlardır. Yəni öz mühitində təzə söz deməyə qabiliyyəti, ya da istedadı olan insanlar… Onların hərəsi öz qabiliyyətinə görə qanunu pozur… Onlar pozub-dağıdandırlar, ya da pozub-dağıtmağa meyil edirlər. Gələcək naminə “indi”ni dağıdırlar.
Raskolnikovun özünün də cinayət törətməkdə əsl məqsədi bu idi. O “adi” yox, “qeyri-adi” olduğunu düşünürdü və bunu təsdiq etmək istəyirdi. Cinayətinin səbəbi heç də maddi imkansızlıq deyildi. Belə ki, qarını öldürdükdən sonra oğurladığı qızıllara heç baxmamış, onlardan istifadə etməmişdi. Lakin cinayətdən sonra hər şeyin heç də düşündüyü kimi olmadığını anladı. “Qeyri-adi” yox, məhz “adi” olduğunun fərqinə varmaq onu dərin depressiyaya saldı. O, insan öldürdüyünə görə peşmanlıq və vicdan əzabı çəkmirdi. Özünün də dediyi kimi, öldürdüyü qarı sadəcə bir “bit” idi.
Buradan çıxış edərək qeyd etmək olar ki, Nitsşe Dostoyevskidən təsirlənib. Lakin Nitsşe ilə Dostoyevskini fərqləndirən prinsipial məqam bundan ibarətdir ki, Dostoyevski sonda çarəni Tanrıya qayıtmaqda görür. O, dinə bağlı bir insan idi. Əsərdəki Sonya obrazının da mahiyyəti bu idi. Nitsşe isə bütün dəyərləri, inancları və Tanrını tamamilə inkar edirdi. Nitsşeyə görə, təktanrılı dinlər tarix səhifəsində kölələrin və gücsüzlərin qələbəsidir. Dostoyevski isə düşünürdü ki, Tanrıya çatmaq nicat və qurtuluşdur.
Bundan əlavə, qeyd etmək lazımdır ki, Nitsşe fəlsəfəsi bir çox insanlara təsir etdi – xüsusən də, tiranlara. Bunun ən bariz nümunəsi kimi Hitleri göstərmək olar. Hitlerin antisemitizm siyasətinin kökündə bu ideologiya dayanırdı. O, yəhudilərin ari irqinin saflığına xələl gətirdiyini düşünürdü. Ariləri üstün sayır, başda yəhudilər olmaqla, yerdə qalan digər xalqların isə yaşamağa haqqı olmadığını iddia edirdi.
Qayıdaq bizim öz qəhrəmanlarımıza… Onlar da həmçinin buna haqları çatdığını düşündükləri üçün adam öldürürlər – özlərinin də dediyi kimi, sırf təcrübə olsun deyə. Bundan sonra evdə qonaqlıq təşkil edirlər və Devidin atasını, xalasını, nişanlısını, başqa bir dostlarını və bir zaman müəllimləri olmuş Ruperti (Ceyms Stüart) dəvət edirlər. Bir az da irəli gedib süfrəni, içində Devidin cəsədi olan sandığın üstündə qururlar. Belə zənn edirlər ki, belə bir cinayəti törədib nümayiş etdirməmək bir sənətkarın və ya rəssamın tablosunu divara asmamasına bərabərdir. Onlar öz sənət əsərlərini nümayiş etdirmək istəyirlər.
Bir-bir qonaqlar gəlir və vaxt keçdikcə onlar Devidin gəlməməyindən narahat olurlar. Rupert çox ağıllı və zəkidir. O, ortada şübhəli vəziyyətin yarandığını anlayır. Hətta Brendon hamının yanında soyuqqanlılığını qoruya bilsə də, məhz Rupertin yanında həyəcanlanır. Onun suallarından və şəkkaklığından təşvişə düşür. Bir tərəfdən də için-için müəllimin də bu hadisədən xəbər tutub onları təqdir etməsini istəyir. Çünki bu fəlsəfəni onların beyninə yeridən odur. Brendon düşünür ki, onları anlayacaq yeganə insan da məhz Rupertdir.
Rupert qeyd edir ki, cinayət də bir sənətdir. Bəlkə, yeddi sənətdən biri deyil, amma yenə də sənətdir. Bu imtiyaz sadəcə üstün təbəqədən olan insanlara aiddir. “Yaxşı” və “pis” aşağı təbəqə üçündür, çünki onların buna ehtiyacı var. İntellektual və mədəni cəhətdən üstün olan insanlar ənənəvi əxlaq anlayışlarının daha fövqündədirlər. Lakin Devidin atası soruşur: “Buna kim qərar verir?” Zənnimcə, məsələnin məğzi də elə bundadır.
Brendon soyuqqanlıdır və qonaqlıq boyunca da soyuqqanlılığını qoruyub saxlaya bilir. Amma eyni şeyi Filipə aid etmək olmaz. O törətdiyi əməldən sonra, bəlkə də, eynilə Raskolnikov kimi əzab çəkir. Peşman olduğu, vicdan əzabı çəkdiyi və tutulmaqdan qorxduğu üçün, ya da eynən Raskolnikov kimi “qeyri-adi” yox, “adi” olduğunu dərk etdiyi üçün… Hər bir halda bu vəziyyətdən şübhələnən Rupert filmin sonunda onların cinayətinin üstünü açır. Bu fikri tələbələrinin beyninə özü yeritdiyi üçün özündən utanır, ortaya atdığı ideyanın nə qədər təhlükəli və qorxulu olduğunun fərqinə varır. Buradakı obraz bizim üçün Porfiridir, Sonyadır, bəlkə də Dostoyevskinin özüdür. Onlar hansı haqla bir insanın həyatına son vermişdilər? Onlara bu haqqı kim vermişdi? Onların qeyri-adi, üstün insan olduqlarına kim qərar vermişdi? Filmin ortaya qoyduğu sual da elə bundan ibarətdir…
Bu filmi Devid Finçerin “Yeddi” filmi ilə də müqayisə etmək olar. “Yeddi” filmində törədilən cinayətlər birbaşa xristianlıq dini ilə bağlı olsa da, təfəkkürdə bənzərlik var. “Yeddi” filmində də qətlləri törədən qatil Con Donun (Kevin Speysi) fikrincə, öldürülən insanların yaşamağa haqqı yox idi, çünki onlar xristianlığın yeddi ölümcül günahını işlətmişdilər və ölmələri yaşamalarından daha xeyirli idi. Con da Brendon kimi törətdiyi əmələ görə peşman deyildi; buna qanuna görə olmasa da, mənəvi haqqı (vicdan) çatdığını, düzgün və nümunəvi bir iş gördüyünü düşünürdü. Biri özünü üstün, digəri isə seçilmiş hesab edirdi. Con da Brendon kimi öz mükəmməl sənət əsərlərini yaradır, için-için onların aşkar edilməsini, tapılmasını gözləyir, təqdir olunmaq istəyirdi. Belə ki, filmin sonunda Devid (Bred Pit) Conun törətdiyi cinayətlərin əhəmiyyətsiz olduğunu söyləyəndə bu onun qüruruna toxunur…
Axtarsaq, bəlkə də, bənzər mövzuda bir çox filmlər tapmaq olar. Mahiyyət eynidir: özünü fövqəlinsan hesab edənlər, haqlı və ya haqsız yerə qurban gedənlər, ortaya çıxan suallar… Yaşamaq və ya ölmək… Bunlar məgər hansısa insanın ixtiyarında olmalıdır? Zənnimcə, bu ideyanı haqlı və haqsız hesab etməyimiz onun mövcudluğuna və ya nəticələrinə təsir etmir. Raskolnikovlar, Brendonlar, Conlar, Hitlerlər həmişə mövcud olublar və olacaqlar… Bəlkə də, güclülərin və ya özünü güclü hesab edənlərin zəifləri əzməsi təbiətin qanunudur…
Məryəm Qurbanzadə