İNDİ OXUYUR
Barbi – feminizmin aləti kimi

Barbi – feminizmin aləti kimi

Son iki aydır kinosevərlərin ən çox eşitdiyi və ətrafında qızğın müzakirələr gedən yeni bir termin lüğətimizə daxil oldu – “Barbenheymer”. Eyni gündə iki yay blokbasterinin kinoteatrlarda nümayişə girməsi və Barbi ilə Oppenheymer arasında olan kəskin ziddiyyət bu sözün yaranmasına səbəb oldu. İnternetdə iki filmin müqayisəsi müxtəlif mimlərdə, əyləncəli paylaşımlarda özünü göstərdi ki, nəticədə iki filmin eyni vaxtda böyük reklamı getdi. Lakin filmlərin yaradıcıları və kinoteatrların mövcudluğunu davam etdirməsini istəyənlər hər iki filmin də izlənilməli olduğunu müdafiə etdi. Hətta bu iki filmi “double feature” adlandıranlar da oldu. Bu ifadə kinonun ilk illərində bir biletlə iki filmi birlikdə izləməyə verilən ad idi. Tom Kruz həm “Barbi”ni, həm də “Oppenheymer”i izləyərək tamaşaçıları da kinoteatra dəvət etdi. Eyni çıxışları hər iki filmin heyətinə daxil olanlar da etdi. Hətta “birinci hansı filmi izləmək lazımdır?” kimi qızğın müzakirələr də yarandı. Nəticədə hər iki film qısa müddət ərzində gözləniləndən daha çox kassa gəliri əldə etdi. Ötən yazımda “Barbenheymer”i təşkil edən bir filmdən – “Oppenheymer”dən söz açmışdım, bu dəfə isə “Barbi”dən bəhs etmək istəyirəm.


“Barbi”nin təhlilinə başlamamışdan əvvəl, filmin aqressiv sayıla biləcək marketinq kampaniyasına toxunmaq istərdim. Filmin özünün bir oyuncağın hekayəsi olduğu üçün müxtəlif markalarla əməkdaşlıq etməyə yarayırdı. Bu fürsətdən tam istifadə edən PR-çılar hər tərəfdən filmi tanıtmağa başladılar. Burc-Əl-Xəlifənin qarşısında qoyulan böyük 3D Barbi reklamı, məşhur müğənni Niki Minajın ifa etdiyi “Barbie” mahnısı, üstündə filmin nümayiş tarixindən başqa heç nə yazılmayan, sadəcə çəhrayı rəngi istifadə etdikləri reklam  bilbordları sözügedən kampaniyanın sadəcə bir hissəsi idi. Bu kampaniyalar və ideyalar hətta bizim kinoteatrlara da gəlib çatmışdı. “Barbie” oyuncaq qutularına girib şəkil çəkdirmək, üstündə “Barbie” yazılan xüsusi qablarda popkorn almaq imkanı, hətta tamaşaçıların çəhrayı geyinərək filmə gəlməsi. Filmin marketinq strategiyasının effektivliyini Bakıda da duymaq mümkün idi. Bəs filmin özü bizə nə deyir?

“Barbi” parodiya filmi olduğunu, komediya elementlərini özündə ehtiva etdiyini elə ilk səhnədən ortaya qoymağı bacarır. Stenli Kubrikin “2001: Kosmos odisseyası” filminin giriş səhnəsini təkrar qarşımıza çıxarır. Bu dəfə meymunların əvəzinə balaca qızlar və onların əlindəki sıxıcı kuklalar var. Kubrikin göydən monumental bir daşı endirməsi kimi, rejissor Qreta Qerviq də Barbi oyuncağını qızların qabağına çıxarır. Bununla da hər şey dəyişir. Artıq sıxıcı kuklaların yerini cazibədar, möhtəşəm fiziki quruluşa sahib olan kukla tutacaq. Rejissor başqa filmlərlə qurduğu əlaqəni burada bitirmir. “Barbilend” – xəyali Barbi diyarı göstərilərkən 1960-cı illərin amerikan həyat tərzini əks etdirən ev dizaynları, yaşayış yerləri qarşımıza çıxır. Ustalıqla hazırlanmış bu məkanlar real görünsə də, eyni zamanda, tez-tez bir xatırlatma diqqətimizi çəkir: Burada hər şey uydurmadır. Stereotipik Barbi suyu açıb duş qəbul edir, amma suyu görmürük. Qəhvə içir, amma qəhvə əslində mövcud deyil. Dəniz kənarında dalğalarda sörfinq etmək istəyən var, amma nə su var, nə də dalğa. Bu kimi vizual həllərlə məkanın plastikliyi (saxtalığı) çatdırılır. Sörfinq etmək istəyən və sahildə əylənən gənclərin görüntüləri ilə 1960-cı illərin əvvəllərində populyar olan sörf filmlərinə də parodiya var. Başqa bir səhnədə isə, 1920-ci əsrin ortalarından çəkilibmiş təəssüratı yaradan müzikl səhnəsi və geyimləri görürük. “Barbilend”də sanki zaman dayanıb, hər şey 1960-cı illərin əvvəlləridir. Barbi oyuncaqları qadınlar üçün bütün problemləri həll ediblər. İndi isə öz diyarlarında xoşbəxt yaşayırlar. Birdən Stereotipik Barbinin ağlına ağlasığmaz bir şey gəlir – ölüm qorxusu. Məhz bu qorxunun nəticəsində o “supergüclərini” itirir və problemi aradan qaldırmaq üçün dünyaya göndərilir.


Qreta Qerviq daha əvvəlki filmlərində də müasir çağırışları və feminist baxışları ələ almışdı. O bu dəfə də özünəxas formada “Warner Brothers” studiyasının və “Barbi”nin yaradıcısı “Mattel” şirkətinin imkan verdiyi qədər feminist fikirlərini göstərir. “Mattel” şirkətinin idarə heyətinin ancaq kişilərdən ibarət olmasını, buna baxmayaraq, onların balaca qızların nə istədikləri barədə fikrə sahib olduqlarını ironik dillə göstərir. Ya da bir səhnədə Stereotipik Barbini qutunun içinə salıb əllərini bağlamağa çalışmaqları kişilərin qadınlar üzərində qurmaq istədikləri dominantlığın aşkar ifadəsidir. “Mattel”in qadınlar üzərində yaratdığı mənfi fikirlər isə Stereotipik Barbinin yeniyetmə ilə qarşılaşdığı zaman ortaya çıxır, yeniyetmə hətta ona faşist də deyir. Filmin ortasından etibarən isə əsas oxlar patriarxatın – ataxaqanlığının – üzərinə yönəlir. Kenin real dünyada ataxaqanlığını və atları kəşf etməsi onun “Barbilen”də geri qayıdaraq feminist idilliyanı dağıtmasına sövq edir. Hekayə isə yavaş-yavaş yenidən “Barbilend”i anaxaqanlığına çevirmək istiqamətində irəliləyir.

Filmin istehsalçılarından olan “Mattel” şirkətinə burada xüsusi mötərizə açmaq istəyirəm. Şirkət artıq vaxtı bitmiş oyuncaqları üçün yeni bir çıxış yolu axtarırdı və “Barbi” filmi ilə buna nail oldu. “Barbi” oyuncaqlarının yaratdığı bütün stereotipik düşüncələr artıq keçmişin qalığıdır və qadınlar, ələlxüsus balaca qızlar özlərinə yoldaş seçdikləri “Barbi”ləri istədikləri kimi xəyal edə bilərlər. Şirkətin özünütənqidi komediyanın içində göstərilir və imicini bərpa etməyə çalışır. Olan-olub, keçən-keçib, əsas odur ki, indi dəyişmişik. Film istər-istəməz bu ideyaya xidmət edir və kapitalizmin əsas gücü olan istehlakı qabardır. İndi bu kuklaları alaraq sən nə istəsən ola bilərsən, hətta heç nə də. Əsas odur ki, bizim oyuncağımızı alasan.


Filmin əsas dönüş nöqtələrindən birində qəhrəmanın dilindən qadınların yaşadığı dilemmaların birbaşa deyilməsi “Barbi”nin qurduğu dünyanın çilik-çilik olmasına və ötürmək istədiyi ismarışın tamamilə yoxa çıxmasına gətirib çıxarır. İdeyaların birbaşa ifadəsi, filmin ssenarisində hadisələrin düzgün qurula bilmədiyini göstərir. Buna baxmayaraq, filmin güclü tərəfləri bu zəifliyi azca da olsa unutdura bilir. Səhnə dizaynı və geyimlər, çəhrayı tonlarla ifadə edilmiş səhnələr, əyləncəli mahnılar, geniş aktyor ansamblı “Barbi”nin güclü tərəfləridir. Komediyanın uğurlu istifadəsi də, gözləntilərə cavab verir.

Filmdə parıldayan və onun cəlbediciliyini daha da artıran məqamlar isə baş rolların ifaçıları olan Marqo Robbi (Stereotipik Barbi) ilə Rayan Qoslinqdir (Ken). Marqo Robbinin sarısaç, axmaq stereotipinə xidmət edən görünüşü və enerji dolu siması göründüyü hər kadrda enerji yaratmağı bacarır. Rayan Qoslinqin isə bir az axmaq, bir az da müştəbeh tövrləri onu gülünc vəziyyətə salarkən tamaşaçını əyləndirir. Bu iki aktyorla birgə İssa Ri, Simu Liu, Amerika Ferrera və Vill Ferrel kimi aktyorların yaratdığı obrazlar yay blokbasterindən gözlənilən əyləncəni və rəngarəngliyi bəxş edir.


Marqo Robbi həm də filmin prodüserlərindəndir və yazılanlara görə, layihəni təqdim edərkən “Bir milyard dolları keçəcək” deyib. Hazırda film bir qadın rejissor tərəfindən çəkilərək ən çox kassa əldə edən film rekordunu qırıb. Beləliklə, Marqo Robbinin iddiası özünü doğruldacaq, həm də “Barbenheymer” anlayışının hər iki tərəfə faydalı olduğunu təsdiqləmiş olacaq. Burada əsas diqqətçəkən məqam, kinonu sevən insanların heç tərəddüd etmədən sözügedən filmlərə öz dəstəklərini bildirməsidir. Ötən il Tom Kruzun baş rolda oynadığı “Top Qan: Meverik” filminin kinoteatrları canlandırması, Stiven Spilberqin onu kinonu xilas edən şəxs adlandırmasına səbəb olmuşdu. Frensis Ford Koppola da bu yaxınlarda “Barbenheymer”in kino üçün həyati rol oynadığını dedi. İnsanların kinoteatrlara bu qədər axışması, hətta Bakıda da, diqqətlə izlənilməli, araşdırılmalı və nəticələr çıxarılmalı məqamdır. Eyni anşlaqın öz filmlərimizdə də olmasını görməyimiz diləyi ilə.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya