Now Reading
İstiqlala xalqı ilə gedən sənətkar

İstiqlala xalqı ilə gedən sənətkar

Milli Kino Günü ərəfəsində saytlardan biri “kinomuzun 10 ən yaxşı filmi hansılardır?” sualını ünvanlayanda tərtib etdiyim siyahıda “Babək“ filmi də yer almşdı. Əgər “Babək”i üç il əvvəl yenidən, uzun illər sonra yetkinlik yaşımda izləməsəydim, çətin ki filmi siyahıya salardım… Vəziyyət elə gətirib ki, tarixi-bioqrafik filmlərin çoxluğu və keyfiyyəti ilə öyünə bilmirik. “Babək” isə milli kinoda uğurlu tarixi-bioqrafik film baxımından bir presedent, milli sima modeli və milli identifikasiya nümunəsidir.  Və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan tarixi şəxsiyyətlər haqda müxtəlif vaxtlarda filmlər çəkilsə də, bu ekran işləri emosional təsirinə, dramaturji gücünə, ifadəli dialoqlarına, təbii aktyor oyununa və bədii-estetik həllinə görə “Babək”in uğurunu təkrarlaya bilmədi. Filmi baxımlı edən başlıca faktorlardan biri heç şübhəsiz ki, əsas rolun ifaçısı Rasim Balayevin ekran xarizmasıdır.

“Babək” filmindən kadr


Biz çox vaxt kinomuzda yerinə düşməyən pafosdan gileylənirik. Halbuki “Babək” filminin gücü həm də hekayənin bütün qatlarında sabit qalan, mübaliğələşməyən, bu gün də təravətəni itirməyən təbii, orqanik poetik pafosundadır. Filmin mərkəzi emosional xəttini Rasim Balayevin bu pafosu təsirli, real boyalarla ifadəsi, tamaşaçını mübarizə prosesində duyğularına, səmimiyyətinə inandırmaq bacarığı müəyyənləşdirir. Rasim Balayevin ekran xarizmasnı təsadüfi qeyd etmədim.  Biz Babəkin, həmçinin Nəsiminin vizual obrazını Rasim Balayevin ifasındakı Babəklə, Nəsimi ilə eyni səviyyədə qəbul etmişik və bu artıq bizim təhtəlşüurumuza köçüb.

Nəsimidən söz düşmüşkən, bu, aktyorun kinoda ilk böyük, monumental işidir. Rasim Balayev milli kinoda Həsən Seyidbəylinin tapıntısıdır. Azərbaycan kinosuna dərin düşünən, həyat haqqında fəlsəfi fikirlər yürüdən personajlar gətirmiş Həsən Seyidbəylinin yaradıcı hissiyyatı, peşəkarlığı və təcrübəsi sayəsində, o vaxt gənc aktyorun üzərinə Nəsimi obrazını yaratmaq kimi vacib missiya qoyulur. Məmurlar tərəfindən rejissorun seçiminə skeptik yanaşılsa da, müəyyən etirazlar səslənsə də, o, sənətkar öncədəngörməsinə arxalanaraq fikrində israr edir. Nəticədə “Nəsimi” filmi kinomuza Rasim Balayevi qazandırır. 1970-ci illərdə aktyor ard-arda, milli mədəniyyətimizdə populyarlaşmış üç əsas qəhrəmanı yaradır: Nəsimi, Beyrək və Babək.

“Nəsimi” filmindən kadr


Yəqin ki, Rasim Balayevin qarşısında dayanan çətin tapşırıq, aralarında böyük fasilələr olmadan çəkilmiş bu filmlərdə ona həvalə olunmuş üç qəhrəmanı (qəhrəman sözünü bədii obraz, protaqonist mənasında yox, bədii ədəbiyyatdan və tarixi materiallardan xalqın təsəvvüründə formalaşmış konkret şəxsiyyət kimi nəzərdə tuturam) fərqli səviyyə və ştrixlərlə oynamaq idi. Gənc olmasına rəğmən, aktyor üç qəhrəmanın hər birinin fərdi cizgisini, xarakteristikasını, psixotipini, intonasiyasını dəqiq tapır. Ümumiyyətlə, tarixi obrazlar aktyordan fərqli plastika, ritm, hərəkət, duruş, eyni zamanda, intellektual enerji ilə bərabər fiziki enerji də tələb edir. Rasim Balayev bu mənada çevik aktyordur, harmoniya duyğusu güclüdür, orqanikdir, təklif olunmuş tarixi şəraitlərdə obrazlarını hiss edir.

Nəsimi, siyasətçi Babəkin müəyyən redaktələrlə ədəbiyyat ekvivalentidir. Babəkin mübarizəsi konkretdir, o, bəlli bir coğrafi ərazi və xalqının azadlığı uğrunda mübarizə aparırdı. Nəsiminin mübarizəsi isə daha bəşəri idi, hüdudsuz məna sərhədləri metafizik düşüncəyə söykənirdi. Rasim Balayev aktyor yozumunda hər iki obrazın ali həqiqətlər, sadiq olduqları ideallar uğrunda mübarizəsini sakrallaşdırır, ilahi məqama çatmalarını ifadəli həll edir. 
Aktyor, sözügedən obrazların məzmununu fərqli ifadə vasitələrilə çatdırır; Babək qədim yunan qəhrəman və tanrılarına xas fiziki əzəməti, ifadəli, sərt üz cizgiləri, baxışlarındakı nüfuzedicilik, fəth etmək duyğusu, səsindəki qətiyyətli intonasiya ilə xarakterizə olunur; Nəsimidə isə aktyor fiziki cazibəsinə, gücünə vurğular etmir, onun mənəvi müqaviməti, ruhunun sarsılmazlığı çəlimsiz bədəni və solğun bənizi ilə təzad təşkil edir, intonasiyasına isə maddi nemətlərdən imtina etmiş, kainatı dərin qatlarda dərk etmiş insanın tərki-dünyalığı hakimdir. Final səhnədə hər iki qəhrəmanın vücudu fiziki dünyadan ayrılma anında, sanki şəffaflaşır, kütlə içərisində qabaran təkliyi, fövqəladə mənəvi üstünlüyü ilə Tanrıya yaxınlaşırlar.

Nəsimi obrazının konsepsiyasının açılmasında Rasim Balayevin şəxsi həyat təcrübəsi – ədalətsiz həbsi, depressiyası, mənəvi ağrıları da rol oynayır və ən əsası – aktyor onu bədii materiala çevirməyi bacarır. “Dədə Qorqud” bədii filmində isə o, milli kinomuzda ümumiləşə bilən, simvola çevrilən romantik, çılğın sevgisinə, əhdinə sadiq qəhrəmanı yaradır.

“Dədə Qorqud” filmindən kadr


Rasim Balayev peşəkar və cəsarətli aktyordur, ona görə ki, ilk uğurlarından sonra məşhurluq, “ancaq əsas rol oynamalıyam” kompleksinə düçar olmadı, qəhrəman obrazlar stereotipini qıraraq potensialını ən müxtəlif xarakterlərdə də açdı, ikinci planlarda, epizodlarda oynamaqdan çəkinmədi, tamaşaçının gözləmədiyi rolları ifa etdi. Çünki peşəkar aktyor üçün önəmli məsələ, mürəkkəb xarakteri oynamaq, ikinci planla belə yadda qalmaq bacarığıdır. Onun “Arxadan vurulan zərbə” filmində dolğun, kiçik ştrixlərlə yaratdığı Cəbi obrazı əsas qəhrəmanlardan biri kimi  yadda qalır. “Həm ziyarət, həm ticarət” filminin premyerasından sonra ən çox müzakirə olunan personajlardan biri, kinomuzda yeni fırıldaqçı tipi Davud olur. “Yaramaz”da isə aktyor müti, yaltaq nazir köməkçisini oynayır, dəqiq bədən plastikası və psixoloji ovqatla xarakterin ideyasını mətnsiz açır.

“Həm ziyarət, həm ticarət” filmindən kadr


Rasim Balayevin böyük diapazonu onu tələb olunan aktyora çevirdi, ölkədən kənarda xeyli filmə çəkildi və təcrübəsində o həqiqəti göstərdi ki, hər bir obraza uyğun ifadə vasitələri tapılanda, aktyorun siması da başqalaşa, özgələşə bilir. Rasim Balayev eyni zamanda peşəkar dublyaj aktyorudur, onun səsi kinomuzda ən xarakterli, həm də erotik səslərdən biridir.

Rasim Balayevin aktyor kimi uğurunun bir səbəbi özünə tələbkarlığı, tənqidi yanaşmasıdır. Dəfələrlə  müsahibələrində çəkildiyi bir serial haqqında bunları deyir: “Həmin seriala çəkildim, sonra özümə baxıb xəcalət çəkdim. Dedim ki, çox nahaq çəkilmişəm, çox nahaq…. Məgər özümdən razı qalsam, orada artıq özümü bitmiş hesab edərəm”.

…Yadıma gəlir ki, “Babək” filmini təkrar izləyəndən sonra – onda pandemiya dönəmiydi, Rasim Balayev hələ AKİ-in sədri deyildi, ona zəng vurub bu rolun parlaq ifasına görə təşəkkür elədim. Və yaradıcılığı haqda kitab yazmaq istədiyimi (bu kitabı Aygün Aslanlı ilə birgə yazmağı düşünürük) dedim. Xeyli söhbətləşdik və həmin an uyğun söz tapa bilmədiyimdən, əclaf rollarını da əla ifa etdiyini dedim.  Misal kimi Yuli Qusmanın “Bir ailəlik bağ evi” filmindəki onun sinik Əli obrazını misal çəkdim. Rasim müəllim telefonun o başından ciddi səslə dedi: “Çünki əclaflarla çox oturub durumuşam, onları yaxşı tanıyıram”.
Ciddiliyinin içərisində təmkinlə sezilən yumor qatı vardı. Ümumiyyətlə Rasim Balayevin bütün müsahibələrində ciddi yumor var və əslində ən sanballı yumor elə ciddi vəziyyətlərdə doğur.  Təəssüflənirəm ki, ölkəmizdə kino prosesinin zəifləməsi səbəbindən Rasim Balayevin yumor potensialını, özünün dediyi kimi tragikomik istedadını görə bilmirik…

Bu gün Azərbaycan kinosunun ulduzlarından, peşəkarlıq və klassik anlamda son mogikanlardan biri Rasim Balayevin 75 yaşı tamam olur; bu yaşın öz xarizması, cazibəsi və gətirdiyi böyük təcrübə, həyata dərin baxış var. Onun aktyorluq potensialını başqa istiqamətdə açacaq, keyfiyyətli bir kamera filmi çəkilə bilər ki, bu da peşəkar səviyyədə yazılmış ssenari tələb edir. 

Bu sətirləri yazarkən, prezident İlham Əliyevin   Rasim Balayevi, mədəniyyətimizin inkişafındakı böyük xidmətlərində görə “İstiqlal” ordeni ilə təltif etdiyini oxudum. “İstiqlal” ordeni onun yaradıcılığına və şəxsiyyətinə verilən qiymətlə yanaşı, özlüyündə simvolik məna da daşıyır. Çünki biz istiqlala, milli özünüdərkə gedən yolu həm də Rasim Balayevin  Babək, Nəsimi obrazları ilə dərk etmişik.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top