“Əqrəb mövsümü”nə sancılanlar
Çöldə yanvar ayazı, İTV-də “Əqrəb mövsümü”nün küləkləri əsir. Son zamanlar sosial medianın gündəmində “Pərdə” triologiyasından tanıdığımız rejissor Emil Quliyevin “Əqrəb mövsümü” serialı var. Detektiv janrda olan serial Ceyhun Hidayətlinin “Əqrəb” romanı əsasında çəkilib. Əsərin adaptasiyası və ssenarinin ərsəyə gəlməsi isə Azər Aydəmirə məxsusdur. Seriyaların sayı təkcə ekran işinin bölümlərini yox, həm də uğurlarının sayını göstərir. Bu yazımda onların yalnız əsaslarından bəhs edəcəyəm. İlk olaraq, Azərbaycanda incəsənət sənayesinin problemlərinin səbəblərindən biri də, müxtəlif sahələrdəki incəsənət nümayəndələrinin bir-biri ilə əlaqəsinin olmamasıdır. Bir yazıçının romanı əsasında serial çəkilməsi və uğur qazanması, romanın yenidən satışa çıxarılmasına səbəb oldu. Bunu, ölkə mədəniyyəti adına son illərdə qazanılmış ən böyük uğurlardan biri hesab etmək olar.
“Əqrəb mövsümü”nün daha bir uğuru isə məhz aktyor oyunudur. Azər Aydəmir və Hikmət Rəhimovun ifaları demək olar ki, əksər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümumiyyətlə, serialın uğurunun 60%-dən çoxunun aktyorların payına düşdüyünü desək, yanılmarıq. Ancaq, zənnimcə, bu təriflər arasında ən çox haqsızlıq Qurban obrazını canlandıran Abbas Qəhrəmanova edilir. Çünki onun canlandırdığı obraz tərsinə inkişaf xəttinə sahib idi və aktyor demək olar ki, güclü insandan, hər şeyini itirmiş və qisas alınmış insana qədər bütün rəng çalarlarını eyni ustalıqla göstərə bilib. Bununla belə onun adı niyəsə kölgədə qalır.
Serialın digər uğuru isə məhz, rejissor Emil Quliyevlə bağlıdır. Azərbaycanda bir rejissor öz istedadına, öz yoluna güvənərək, heç kimə baxmadan filmlər çəkdi və nəhayət, serial bazarı üçün yaxşı sayılacaq məbləğdə (249 min manat – mənbə) dəstək ala bildi. Müasir yerli filmlərə heç vaxt axıra qədər rahat baxa bilmirdim. Rejissorun özünə inamsızlığı, filmlərdə ritm pozğunluğuna səbəb olur. Adətən, rejissor hər şeyi mükəmməl etmək, əlinə düşən tək-tük filmdə bildiyi hər şeyi göstərmək istəyir, bu da tamaşaçının ümumi atmosferdən çıxmasına səbəb olur. Emil Quliyev isə öz ritmini tamaşaçıya çatdıra bilir. Serial boyu dalğadan çıxmadan hadisələrin gedişini izləyə bilirsən.
Quruluşçu operatorun (Muhəmməd Osman/Mosmanue) verdiyi təsvir həlli bir çox yerli filmlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dron çəkilişləri belə ümumi hekayə xəttinə uyğun, hadisələrin ruhunu əks etdirən formada təqdim olunub. Bəzi səhnələrdə kameranın hərəkəti, titrəməsi, həm emosiyaları çatdırmaq, həm də təbiiliyi artırmaqda aktyor oyununa fayda verirdi.
Diqqət! Spoyler!
İndi isə keçək serialda bəhs edilən ümumi hadisələrə. Seriala hələ baxmamısınızsa, bu abzası ötürüb, yazıya növbəti abzasdan davam edin. Çünki, burada spoyler var! Serial Qurban adlı zəngin bir insanın ailəsindən bəhs edir. Sıra ilə oğlanları öldürülür. Qətli araşdıran iki prokurorluq əməkdaşı vasitəsilə biz, Qurban obrazını daha yaxından tanıyırıq. İlkin nəticələrə görə, bu qətlləri onun biznesi ilə, yaxud da bundan əvvəl insanlara pul atmağı ilə bağlı olduğunu düşünürlər. Ancaq biz Qurbanı yaxından tanıdıqca, onun günahlarının daha dərində olduğunu öyrənirik. Bu qətlləri törədən isə, ona doğma və bir o qədər də ögey olan biridir.
Əqrəb əqrəbliyindən dala qalmaz…
Serialın ana xəttini ifadə edən pritçada da deyildiyi kimi, “əqrəb əqrəbliyindən geri durmaz”. Bəs onda biz niyə Azərbaycan filmlərini “sancmaq”dan geri duraq?! Serialın tərifini göyə qaldırdığımız kimi, mənfi xüsusiyyətlərini də deyək ki, yaradıcı heyət ikinci mövsümdə nəzərə alsınlar.
Çox maraqlıdır ki, Azər Aydəmirin baş rolunu oynadığı “Əlvida, Şmidt!” filmi ilə “Əqrəb mövsümü” serialı arasında bir paralel aparmaq olar. “Əlvida, Şmidt!” bir yol filmi idi və adından başlayaraq, bir çox səhnələri, dünyada çəkilmiş eyni üslubda olan filmlərdən götürülmə idi.
“Əqrəb mövsümü”nün də ssenarisi (Azər Aydəmir) də demək olarki, eyni formada yazılıb. Serial, adını Türkiyə aktyorluğunun məhək daşı sayılan Şener Şen və Cem Yılmazın baş rollarını oynadığı “Ov mövsümü”ndən götürüb. Düzdür, yaradıcı heyət serialın növbəti sezonlarında fərqli hekayələri danışa bilmək üçün etdiklərini deyirlər. Ancaq serialda bir sıra plagiatlar da var. Məsələn, “Əqrəb mövsümü” elə Hollivudun detektiv filmlərində şablonlaşmış səhnələrlə başlayır. Adətən bu filmlərdə həmişə bir detektiv olur və onun yanına ikinci detektivi təyin edirlər. Onların film boyu bir-biri ilə ulduzu barışmır, ancaq sonda dostlaşırlar.
Kult seriala çevrilən “Behzat Ç”dən də müəyyən səhnələrə rast gəlmək mümkündür. Detektiv Kənanın (Hikmət Rəhimov) gözünə tez-tez ölən oğlu görünür. Təsadüfə bax ki, Behzatın da gözünə tez-tez qızının balacalıq halı gəlir, onun qarabasması izləyir. “Behzat Ç”-nin ən məşhur səhnələrindən biri də evdə içki içərək, dərdlərini bölüşdükləri hissədir. Eyni təsadüf bizi burada da tapır. Detektivlərimiz də eyni qaydada içir, sərxoş olur və ürəklərindəkini deyirlər.
Detektiv deyiriksə, yəqin ki, 10 ildən çox yayımlanan “Arka sokaklar”ı yaddan çıxarmaq olmaz. “Əqrəb mövsümü”nün ssenaristi də çıxarmayıb. Serialda cinayətkar tapılmadığı halda işə xitam verirlər və baş obrazlarımız evlərində tədqiqata davam edirlər. “Arka sokaklar” serialında da həmişə belə bir epizod olurdu və onlar tədqiqata kənarda tutduqları yerdə davam edirdilər.
Cəsədlərin şəhərin müxtəlif yerlərdən tapılması, əqrəb kimi simvollar da digər detektiv seriallarda rast gəlinir.
Seriada bunlarla yanaşı, texniki xətalar da mövcuddur. Məsələn, detektiv əsərlərdə əsas vəzifə qatili axıra qədər gizlətməkdir. Ancaq bu serialda, elə birinci bölümdə qatili arxadan, qara geyimdə görürük. Maraqlısı odur ki, qatili oynayan aktyorun bədən quruluşu elədir ki, çox rahatlıqla, elə birinci seriyadan biz onun kimliyini müəyyən edə bilirik. Bundan sonra qatili gizlətmək üçün istifadə edilən bütün fəndlər öz mənasını itirir.
“Əqrəb mövsümü”nü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olar. Ancaq maraqlısı budur ki, bu serial kulta çevrilə bilməyəcək, hər hansı bir sitatı dillərə düşməyəcək. Çünki serialın diapozonu, obrazların nəfəsi çox dardır. Tamaşaçı bol həyat materialı olan qəhrəmanların ağrılarına, amallarına tam baş vura bilmir. Bu bəlkə də, serialın xronometrajı ilə bağlıdır. Ancaq, ilk baxışdan görünən odur ki, ssenarist bu üslubda bir şeylər fikirləşsə də, rejissor fərqli – daha amerikansayağı üslubda çəkib. Bunu montajdakı “qayçı” izlərindən də görmək olar.
Rövşən Danyeri