İNDİ OXUYUR
Heyvan hoteli

Heyvan hoteli

Son dövrlər film sektorunda yunan kinodramaturgiyası özünəməxsus tərzi ilə seçilir. Xüsusilə də qeyri-ənənəvi və orijinal üslubu ilə diqqət çəkən Yorqos Lantimosun filmləri. 

Rejissor Yorqos Lantimos

Lantimos öz filmlərində cəmiyyətin dəyərlərini tənqid edərək özünəməxsus distopik (distopiya – bədii ədəbiyyatda, mənfi inkişaf meyllərinin hökm sürdüyü vəziyyəti təsvir edən janr – red.) dünya qurur. 

Məsələn, “Xərçəng” (The Lobster) filmi tək yaşamağın qadağan olunduğu bir cəmiyyətdə baş verir. Yadlığı, dəyərlərin itirilməsini və ümidsizliyi təsvir edir. Film eyni zamanda çağdaş kapitalist cəmiyyətdə yaşayan fərdlərin azadlıqlarını tənqid edir. Lantimos demək olar ki, əksər filmlərində sosioloji, psixoloji problemləri alleqoriya elementlərindən istifadə edərək ekranlaşdırır. O, “Xərçəng” filmində texnologiyanın hüdudlarını aşan “kiber-pank” əvəzinə, qapalı cəmiyyət və məhdud məkandan istifadə edir. Dramla komediyanın harmoniyasını ustalıqla birləşdirir. Rejissor, öyrəşmədiyimiz sərt, soyuq və yandırıcı kino dilindən istifadə edir.

“Xərçəng”, rejissor Yorqos Lantimos

Kult filmlər siyahısına daxil olmağı bacaran filmin birinci hissəsi bəlkə də izləyicilərə sıxıcı gələ bilər. Komediya ünsürlərini sezməyə də bilərsiniz, ancaq fərqli film axtarışındasınızsa dişinizi biraz sıxıb sonacan izləyin.  

2015-ci ildə çəkilən film, Hollivud ulduzlarının olduğu çoxmillətli aktyor tərkibi ilə də fərqlənir. Həmin ildə Kann Film Festivalında mükafata layiq görülür. “Xərçəng”, rejissorun xaricdə çəkdiyi ilk filmidir. 

Sürrealist üslubda işlənən və özündə gerçəkliyin izlərini daşıyan filmdə məsələn, transformasiya ilə fiziki olaraq heyvana çevrilmək, əslində, indiki cəmiyyətimizdəki psixoloji basqının bariz nümunəsidir. Baxın, elə bizim cəmiyyətdə də subay, tək olan insanlara qəribə və tənəli baxış var. Bu psixoloji basqı əslində, bəlkə də  genetik yaddaşımızdan  qaynaqlanır. Hələ ibtidai icma quruluşunda yaşayan tayfalar içində heç eşitmisinizmi ki, “tək-tənha gəzən homosapiens” olsun. Ya vəhşi heyvana yem olardılar, ya da başqa tayfa tərəfindən öldürülərdilər. Qaya divarlarına rəsm çəkən qədim insan bir gün desəydi ki “tənhalığıma çəkilirəm” – həyatda sağ qala bilərdi? Tək yaşaya bilərik ancaq istər-istəməz cəmiyyətə qarışacağıq. 

“Xərçəng”, rejissor Yorqos Lantimos

Dovşan, eşşək, donuz, dəvə, flaminqo, balıq, poni və filmdə qarşılaşdığımız bir çox heyvanlar gözümüzdən qaçmadı. Simvolik olaraq özəlliklə seçilən bu heyvanlar da əslində sürü halında yaşayırlar. 

Gerçəyin içindəki saxtakarlıq 

Heyvana çevrilməmək üçün partnyorunu aldadan, guya onunla eyni xasiyyətdə olan hotel sakinləri əslində, bugünkü münasibətlərdə saxta uyğunluğu, boşluqları ifşa edir. Qarşımızdakı insanı əldə edənə qədər özümüzü fərqli göstəririk. 
Filmdə hadisələr 3 məkanda cərəyan edir; hotel, meşə və şəhər. Gələcəkdən bəhs edən filmdə insanların subay və təhha yaşaması qadağandır. Ölüm və ya boşanma səbəbilə tək qalan insanları özlərinə həyat yoldaşı tapa bilmək üçün 45 gün qalmaq şərti ilə bir hotelə yerləşdirilirlər. Bu müddət ərzində özlərinə həyat yoldaşı seçə bilməyənlər məcburi şəkildə istədikləri hər hansı bir heyvana çevrilirlər. Cütlük olmağın gözəlliyini təbliğ edən hotel, həyat yoldaşı tapmayanlara hər gün daha da iztirablı görünür.

“Xərçəng”, rejissor Yorqos Lantimos

Eyni zamanda, bu vəziyyətə qarşı çıxan kiçik bir qrup da var, onlar meşədə məskunlaşıblar. Təkliyə qarşı olan hotel sakinləri yalqızlığı təmsil edən meşə sakinləri ilə hər gün ox savaşına çıxırlar. Hotel sakinləri yalqızlığı seçən qrup üzvlərini öldürməlidirlər. Nə qədər çox öldürsələr, hoteldə qalmaq şansları da bir o qədər artacaq. Rejissor bu müharibədə oxla vuruşmağı filmdə mifoloji element kimi istifadə edir. Çünki, yunan mifologiyasında sevgi tanrısı Eros da oxla təmsil olunur. Mifologiyadan da bildiyimiz kimi Erosun oxları çox vaxt lazım olmayan insanlara tuşlanır. Filmdə də sevgi ovuna çıxanlar, tənhalar qrupunu ox atəşinə tutaraq öldürür. 

“Xərçəng”, rejissor Yorqos Lantimos

Filmin baş qəhrəmanı Davidə (Kolin Farrel) həyat yoldaşı xəyanət edir. Təbii ki, tək yaşamağın qadağan olunduğu bu cəmiyyətdə o, tənhalar hotelinə üz tutur. Yanında da itə çevrilmiş qardaşı var. 

Qeyd etdiyim kimi, rejissor məhdud məkan seçməklə yanaşı, minimalist üslubda, filmdə ancaq 3 rəngdən istifadə edir. Mavi, yaşıl və qırmızı. Əslində simvolik mənada yaradılışı və zadəgan qanını təmsil edən mavi-qırmızı rənglər eyni zamanda, soyuq və yadlaşmış cəmiyyətə də işarədir. 

David əgər özünə həyat yoldaşı seçə bilməsə xərçəngə çevrilmək istədiyini bildirir. Hoteldəki sakinlər, adətən, eyni heyvanlar seçirlər; it, pişik dovşan quş və s. Davidin xərçəngi seçməsi maraqla qarşılanır. O qeyd edir ki, xərçənglər 100 il yaşayır – insanın xislətində olan ölümsüzlük sevdası…

Hoteldə ilk gün insanların bir əlləri qandalla bağlanır. Bu vəziyyətdə onlar tək əllə yemək yeyir, dişlərini fırçalayır. Burada hotel sahiblərinin məqsədi, tək yaşamağın həyatı necə çətinləşdirdiyini göstərməkdir. Filmdə teatral səhnələrlə qarşılaşırıq. Qulluqçu və aşpaz, tək yaşayan qadınların təcavüzə uğradığını,ancaq cütlüklərin xoşbəxt və avantajlı olduqlarını bəsit səhnəciklərlə göstərirlər. 

Hotel, özünə tay tapan şəxslərin arasında oxşar xüsusiyyətin olmasını vurğulayır. Bu isə işləri çətinləşdirir, insanları süniləşdirir. Bunu Con adlı obrazda görürürk. Con axsaqdır, vaxtilə anası da bu hoteldə olub. Özünə həyat yoldaşı tapa bilmədiyinə görə canavara çevrilməyi seçib. Daha sonra anasını zooparka göndəriblər. Con isə hər gün anasını zooparkda ziyarət edir. Bir gün dözmür, anasının yanına qəfəsə girir. Qəfəsdə başqa canavarlar da olur. Və onlar Cona hücum edirlər. Sadəcə bir canavar onu dişləmir. Güman edir ki, hücum etməyən canavar onun anasıdır.

Axsaq Con, burnu qanayan qızla ünsiyyət qurmağa çalışır. 45 günün bitməsinə az qalmış Con özünə həyat yoldaşı tapmalıdır. Con guya onun da burnunda qanama olduğunu nümayiş etdirir. Əslində hər gün özü qəsdən burnunu masaya vuraraq qanadır. Beləliklə, cütlük evlənir. Ailə dəyərləri möhkəm və sağlam olsun deyə onlara təxminən 10 yaşlı bir qız verilir. Qız uşaqdan çox böyük adam kimi danışır. Həmçinin ailədə olan problemlərin həlli kimi, uşağı onlara təqdim edirlər. 

Baş qəhrəman David isə, vaxtının az qalmasını nəzərə alıb heyvana çevrilməmək üçün bəyənmədiyi bir qızla münasibətə başlayır. Qızın psixoloji problemləri var. Sərt və soyuq qadın Davidin itə çevrilən qardaşını öldürür. David bunu soyuqqanlı qəbul edir. Qardaşının ölümündən təsirlənmədiyini göstərmək üçün özünü təmkinli aparır. Ancaq vanna otağında ağladığını görən qadın, hotel sahiblərinə şikayət edir. David qulluqçu qızın köməyilə həmin qadını öldürür və hoteldən qaçır. 

“Xərçəng”, rejissor Yorqos Lantimos

Filmin ikinci hissəsində David meşə həyatına, yalqız gəzənlərin qrupuna düşür. Meşə həyatı hotel həyatının antitezisidir. Ancaq bu qrupun içində qalmaq da asan deyil. Hoteldəki ovçulardan qorunmaq üçün məşq edirlər. Burada heç kim bir-birinə aşiq ola bilməz. Aşiq olarsa, əl-ələ tutarsa ağır cəzalar tətbiq edilir. Rejissor, beynində təsəvvür etdiyi alternativ dünya modelini bugünkü absurd evlilik modelləri ilə müqayisə edərək tənqid edir. Filmi duya bilən izləyici öz dünyasına dönüb baxdıqda, rejissorun ailə modelinin qara yumorla təsvir olunduğunu duyacaq. Filmə verilən ad da metafora olaraq işlənilib. Xərçəng eyni zamanda aristokratiyanı təmsil edir. Hotelin sahibləri də qədim yunan mifologiyasını imitasiya edərək sözdə aristokrat görünməyə çalışırlar. 

Meşədə keçən həyat, hotellə müqayisədə romantikdir. David, özü kimi görmə problemi olan bir qıza aşiq olur. Qız da onun sevgisinə qarşılıqlı cavab verir. Sevgilərini gizli saxlamaq üçün özlərindən dil uydururlar. Amma qızın bütün bu sirləri günlüyünə yazması ilə ifşa olunur. Meşə qrupunu idarə edən qadın vəziyyətdən şübhələnir. 

Yalqızlar qrupu bəzən şəhərə üz tutur. Müasir binalar, işıqlı küçələr, ticarət mərkəzləri, küçədə uşaqla gəzən ailələr və s. Polislər tək olan insanları saxlayaraq sorğu-suala tutur. Onların dırnaqlarını və ayaqqabılarının altını yoxlayır, meşədən gəlib-gəlmədiklərini öyrənməyə çalışırlar. Yalqızlar qrupu ərzaq almaq üçün və qrup rəhbərinin ailəsini ziyarət etmək üçün şəhərə çıxırlar. David və sevgilisi bu mənzərədən məmnundurlar. Onlar əsil evli cütlük kimi davranır, bir növ bunun həsrətini çəkirlər və dadını çıxarırlar. Onlar plan quraraq meşədən qaçmağı düşünürlər. Beləliklə, rejissor vəziyyəti həm tənqid edir, həm də ondan asılı olduğumuzu göstərir. Yalqızlar qrupunun başçısı, Davidin sevgilisinin gözlərini əməliyyat etdirmək adı ilə şəhərə aparır, ancaq, gözlərini kor etdirir. 

“Xərçəng”, rejissor Yorqos Lantimos

Filmin daha maraqlı bir xüsusiyyəti var ki, obrazlar öz adları ilə deyil, fərdi özəllikləri ilə tamaşaçıya təqdim olunur. Məsələn, Davidin sevdiyi qız “Miyop” adlandırılır. Başqa biri – “Kərə yağlı kökə sevən qadın”, “Pəltək adam”, “Mərhəmətsiz qadın” və s.  Bununla rejissor fərdi şəxsiyyətlərin itirilməsini ortaya qoyur. Miyop kor olduqdan sonra Davidin qəzəbi daha da artır. Yalqızlar qrupunun başçısını diri-diri basdıraraq heyvanlara yem edir. Bu hadisədən sonra cütlük qaçır. Film Miyopun səsi ilə nəql olunur. 

IMG_3703.CR2

Rejissor filmin sonluğunu izləyicilərin ixtiyarına buraxır. Onlar qaçdıqdan sonra bir kafeyə gəlirlər. David əlində bıçaqla kafenin tualetinə gəlir. Güzgünün qarşısında bıçağı gözlərinə dayayır. Ancaq Davidin sevgisinə görə gözlərini kor edib-etməməsi müəmmalı qalır. Bəlkə də rejissor sevginin gözü kor etməsini metaforik mənada göstərməyə çalışır. 

Dəniz Pənahova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya