İNDİ OXUYUR
Sükutun cəlladı

Sükutun cəlladı

Hansı daha dəhşətlidir? Milyon insanın həyatına son qoyan Birinci Dünya müharibəsi, ya ondan ilhamlanan  1940-cı illər? Hansı müharibə daha çox ambisiyalara köklənmişdi? Kim daha çox qazandı?  Kimlər məğlubiyyəti insan itkisinin azlığında gördü? Məğlubiyyətin meyarları hansılardır? Şahların mat olması ya insanların ölməyi?

“Pianoçu”, rejissor Roman Polanski

3 yaşı olarkən ailəsi ilə birgə Krakova köçən yəhudi əsilli rejissor 1940-cı ildə valideynləri ilə birgə Nazi düşərgəsinə göndərilir. Təzyiq və təqiblərə baxmayaraq Polanski atasının köməyi ilə düşərgədən qaçaraq katolik ailəsinin səyi nəticəsində həyatda qalmağı bacarır.  Film 2002-ci ildə Kann kinofestivalında “Qızıl Palma Budağı”, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən “Qızıl Qartal” mükafatına və digər mükafatlara layiq görülmüşdü. Müharibə mövzusunda çəkilən filmlər siyahısına adını uğurla yazdırmağı bacaran rejissorun  şəxsi  həyatını işıqlandırmağımız təsadüfi deyil. Holokost abu-  havasını ekranlara uğurla köçürməyi bacaran Roman Polanski, təsadüfi deyil ki bu filmi yaratmazdan öncə, kiçik yaşlarından şahidi olduğu dövrün sarsıntılarını yaşamış, təhtəlşüura minnətdar olaraq uğurla lentə almışdır. Yəhudi əsilli məşhur polyak pianoçu Şpilmanın həyatından  bəhs edən film “müharibədə insan taleyi” “humanizm” və  “sənətkarlıq duyğusu” kimi mövzulara toxunur. Filmin ilk səhnələri – ağ qara lentin fonunda Varşava əhalisinin gündəlik həyatından,  sakit  küçələrindən xəbər verməsi, müharibənin – sükutun cəlladı olduğunu ifadə edir. Başlanğıc hissədə –  rəngli kadrlara keçiddə Şpilmanin bomba sədaları altında pianoda ifa etməsi  daha dəqiq desək, yalnız bir neçə bombadan sonra oranı tərk etməsi sənətə olan bağlılığını qabarıq şəkildə göstərir. 

“Pianoçu”, rejissor Roman Polanski

Bu mövqedən çıxış edərək,  ilk orta və son səhnələrin təsvirini oxuyarkən eyni nüansın fərqli situasiyaları ilə tanış olacağıq. Sənətə qarşı duyulan sevgi hissi həyatda qalmağa belə kömək edə bilər… Şpilmanın əlləri, qəlbində sənətə olan sevgi onun bu müharibədə yəhudi kimi deyil, sənətçi kimi qalib edir. İlk dəqiqələrdə, partlayışdan sonra həyatda qalmasına kömək edəcək xanım Doroto ilə  tanışlıq  yəhudi millətinə qarşı müxtəlif məkanlarda – yəhudi olduğundan kafeyə buraxılmaması, istənilən yerdə rahat şəkildə dolaşa bilməməsi,  onlara qarşı ayrıseçkiliyin ifadəsi ilə bərabər qızın üzərindən humanist mesajlar ötürür.  Bir qisim yəhudinin aclıqdan ölməsi, digərlərinin, almanların kefli və qəzəbli vaxtlarında müxtəlif yollarla qətlə yetirilməsi bizə ölümün müxtəlif rəng çalarlarını müharibə adlı tabloda təzahür etdiyini bildirir. Tanrı dünyanı yaradarkən sərhədlərimi cızmışdı? Bir-birinə düşmən kəsilən xalqların səbəbkarı elə xalqlar deyildimi? Almanlar və yəhudilər millətdən öncə insan deyillərmi? Bu sualın açıq cavabı sürgündən öncə qəhrəmanın (“ Əgər biz yaralansaq məgər qan axmaz? Əgər güldürsələr məgər biz gülmərik? Əgər siz bizi qəzəbləndirsəniz üsyan etmərik?”) qardaşının qiraəti ilə söylənilir.  Süjetin digər hissəsinin əsas mərkəzində qalan isə ölüm və yaşamdır. Ölümü öz evində gözləmək istədiyini  deyən Şpilman doğrudanmı həyatın bu qədər ucuz olduğunu  zənn edir? Əlbəttə ki xeyr. Çünki yaşamaq eşqi, həyata olan aclıq hissi onu sağ qalmaq üçün ölülərin arasına uzanmağa, soyuqdan qorunmaq üçün  alman zabitinin paltosunu geyinməsinə sövq edir. Əgər bu səhnə oxşar mövzulu əsərlərlə müqayisə edilsəydi, şübhəsiz ki onlardan biri də  ABŞ yazıçısı Cek Londonun “Həyat eşqi” adlı kitabı olardı. Yaşamının  kulminasiya nöqtəsi, növbəti sarsıntısı Almaniyanın xarabalıqlarında aclıq üzündən alman zabiti ilə üz-üzə dayanması anı olur. Məhz bu səhnədə tamaşaçı da qəhrəmanla eyni vaxtda onun taleyinə nigarançılıq duyur, və düşüncələrdə “yaşayacaqmı, öləcəkmi?” sualı dolaşır. Lakin alman ona mərmi ilə deyil sevgi ilə gəlir. Çünki o məzlum bir pianoçu idi. Digər səhnəni – ona yemək gətirən zaman masanın üzərindəki rəsm onun da ailəsinin olduğuna işarə edir. Belə ki, alman zabitini düşündürən, Vladislavın həyatda qalmasına səbəb olan bu melodiya Şopenin qürbətdə olan zaman ona bəstələdiyi məşhur balladadır. Şopenin balladasını vətəndən kənarda bəsləməsi, zabitinın böyük zövqlə pianoçunun ifasında dinləməsi sevdiklərinə qarşı duyulan həsrət və hicrana ünvanlanır. Kimliyindən asılı olmayaraq, müharibə bütöv olan “sən”i parçalayır və onlara həsrət qoyur. Yalnız belə hallarda Şopenin balladası kimi əsərlər yaranıb yaşaya bilər.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya