İNDİ OXUYUR
“12/35”- ruhlar dünyasının əhvalatı…

“12/35”- ruhlar dünyasının əhvalatı…

Mətləb Muxtarovun DokuBaku beynəlxalq sənədli filmlər festivalında qalib gələn “12/35” ilk ekran işi  film-xatirə, film-essedir. Müəllif əhvalata maraqlı ekspozisiya ilə giriş edir.  Statik planda, sanki yaddaşın dərinliklərindən süzülüb gələn, Sovetdən qalma, xəyali bir maşın şütüyür.  “Xatirələrim yenə də mənə aid olur. Başqasına danışdım deyə, onun xatirəsinə, yaddaşına çevrilmir” kadrarxası səsləndirdiyi mətniylə rejissor universal ola bilməyəcəyindən ehtiyat edirmiş kimi görünür. Ancaq  ehtiyatı əbəsdir. Çünki o, özünün kiçik dünyasından-uşaqlıq xatirəsindən yola çıxaraq, hər tamaşaçıya doğma ola biləcək bir əhvalat, 12/35 adlanan məhəllənin tarixçəsini danışır.

“12/35”, rejissor Mətləb Muxtarov

Məhəllənin yaşlı və gənc sakinlərinin üzləri, onların gündəlik həyatı, qayğıları hamımıza tanışdır. Ölkənin hər yerində oxşar məhəllə və tipajlar var. Hətta dünyanın hər yerində… Və fikrimə qüvvət olaraq deyim ki, elə ötən il DokuBaku festivalında nümayiş olunan, ispan rejissoru Migel Angel Blankanın “Ruhlar şəhəri-Magaluf” sənədli filmi analoji mövzuda çəkilmişdi, bir məhəllə və onun sakinlərinin taleyi, nostalgiya, həyatın xoşbəxt bir anını yaxalamaq, dərk etmək, itki kimi motivlərdə yumşaq, sentimental gəzişmə idi.  

“12/35” yaxın tariximizin kiçik insanların bioqrafiyasında əksidir. Yəni bu məhəllənin əhvalatı içində ictimai-siyasi, sosial kataklizmlərə dayana bilməyən, itirilmiş bir nəslin ümumiləşdirilmiş, eyni zamanda ayrı-ayrı epziodlarda konkretləşdirilmiş hekayələrini dinləyirik. Bu hekayələr həm də ekzistensial qatda açılır.

Mətləb Muxtarovun filmi müəyyən mənada avtobioqrafik səciyyə daşıyır. İlk səhnələrdə o, şəxsi həyatının bir parçasını bölüşür.

“12/35”, rejissor Mətləb Muxtarov

20 yanvar faciəsinin ağır nəticələri, gətirdiyi depressiya və stress Mətləbin atasının həyatına son qoyur. Daha sonra yarıda qalmış həyatlar – fotolara və mətnə sırayla düzülür: sosial problemlər üzündən ölkəni tərk edən bir sakin Rusiyada iş şəraitində dünyasını dəyişir, “Yuxu” qrupunun yaradıcılarından İbrahim Eminov xəstəlikdən çox, bəlkə də təklikdən, xiffətdən dünyasını dəyişir, digərləri qayğılardan, işsizlikdən içkiyə, narkotik maddəyə qurşanaraq, əsasən serroz səbəbindən həyatla erkən vidalaşırlar.    

Sağ qalanların hər biri sanki öz ölüm vaxtını gözləyir, onlar – gündəlik həyat detallarında,  nərdtaxta arxasında,  şənlikdə, yas mərasimində, qəbiristanlıqda söhbətləşəndə, siqaret çəkəndə və ya sadəcə, harasa boşluğa baxanda təsvir olunur. Restoran məclisindən qəbiristanlıq səhnələrinə keçid, kədərin yumora qarışması, gülüş və göz yaşı, keçmişə xiffət və indiylə yaşamaq məcburiyyəti, məhəllə ilə qopan əlaqələrin ağrısı və erkən ölümləri rejissorun anlamaq, araşdırmaq cəhdi filmin ruhi ovqatını müəyyənləşdirir və tamaşaçını istər-istəməz fanilik dalğasına salır. 

“12/35”  daha çox kişi filmidir. Çünki məhəllə obrazı həmişə kişilərlə assosiasiya olunub. Ona görə simvolik mənada, burdakı insanların həyatını  “Bir cənub şəhərində”, “Rəqiblər” filmlərinin personajlarının sonrakı taleyi kimi də qəbul etmək mümkündür.

“12/35”, rejissor Mətləb Muxtarov

Məhəllədən köç etsələr də, burayla bağlantısı qalan gənc nəslin söhbətlərində atalarına münasibət, onların səhvləri saf-çürük edilir. Fərq ondadır ki, gənclər içki və narkotik, ətalət dünyasında qalmır və gələcəyə ümidsiz deyillər. Nəsilləri birləşdirən ortaq nöqtə doğma məhəlləyə bağlılıq, ortaq xatirələrdir. Filmin əsas “qəhrəmanı” da məhz 12/35 məhəlləsidir.

“12/35” daha çox ruhlar dünyasının əhvalatıdır. Məhəllənin ölmüş sakinləri haqda xatirələri rejissor təkcə personajların dialoqu və kadrarxası mətnlə vemir, vizual səviyyədə də həllə nail olur. Kamera məhəllənin qaranlıq bloklarına, mistik, triller janrında çəkilən filmlərdə olduğu kimi saspens intonasiyasında, asta, ehtiyatlı templə yaxınlaşır. Kadrarxasından kadrdaxilinə müxtəlif kişi səsləri ölmüş sakinlər haqda bir cümləlik informasiyalar yayır.

Bədiiləşdirilmiş səhnələr (qəhrəmanlardan birinin “Axırıncı aşırım” filmini izləməsi, qəbiristanlıq səhnəsi və s.) təsvir və dramaturji strukturda yerinə oturur. Əsas vizual obraz isə məhəllənin görüntüsüdür. Filmboyu minimal musiqi ilə məhəllə təsvirləri nəfəsdərməyə, pauzaya, yaddaşın obrazına çevrilir.

Əhvalatın vizual əsasında Kris Markerin “Uçuş zolağı” texnikasında ağ-qara fotolarla nəqli də dayanır.

Dünyasını dəyişmiş sakinlərin toy məclisindən çəkilmiş videogörüntüləri final səhnələrinə arxiv videosu kimi yox, çox yaxın plan sayəsində filmin birbaşa strukturuna daxil olur. Keçmiş, ruhlar dünyası indiyə çevrilir.

Rejissor əhvalatını arxiv videosunun, xatirələrin ritminə uyğun bitirir: məhəllənin obrazı subyektiv yanaşmayla uzaq keçmişə, xəyala, yaddaş qırıntılarına dönür. Beləliklə, ideya və forma bir-birini tamamlayır.

“12/35”, rejissor Mətləb Muxtarov

Müəllif mühüm bir fikri aşılayır: Həyat fani olsa da, onu dəyərləndirmək həmişə vacibdir.  

 “12/35” Mətləb Muxtarovin ilk işidir, o, eyni zamanda filmin operatoru, montajçısı, səs rejissorudur, prodüser isə Durna Səfərovadır. Min manata başa gələn film “Chaikhana” platforması ilə müəllifin ortaq işidir.

Qeyd edim ki, Mətləb Muxtarovun, bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi “Mən qadınam” adlı qısametrajlı film ssenarisi müsabiqəsində Mimehdi Ağaoğlu ilə həmmüəllifi olduğu “Zənbil” ssenarisi ikinci yerə layiq görülüb.  

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya