“Zveroboy” yolda gərək…

44 günlük Vətən müharibəsindən sonra Qarabağ torpaqlarında çəkilmiş ilk tammetrajlı bədii film olan “Doğma Torpaq”da (quruluşçu rejissor və ssenari müəllifi İlqar Safat; film Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə “Nərimanfilm” studiyasında istehsal olunub) hadisələr hospitalda başlayır. Pəncərədən çölə baxan oğlan daim eyni sözü təkrarlayır: “Üzr istəyirəm“. Tamaşaçı ona fokuslanır. Kamera isə bizə şahmat oynayan əsgərləri göstərir. Gözündən yaralanan əsgər bu dəfə də rəqibinə məğlub olur. O öz məğlubiyyətini rəqibinin oyun zamanı etdiyi, amma onun bilmədiyi sirrə bağlayır. Bizim diqqətimiz pəncərənin yanındakı oğlandan qalib gələn əsgərə, əslində, onun gizlətdiyi qalibiyyət “sirri”nə yönəlir. Qalib gələn əsgər isə “sirrin” siqaretə görə oynamaq olduğunu deyir və bu məqam hadisələrin davamında mərkəzi fiqura çevriləcək obrazın xarakterini başdan bəsitləşdirir.

Otağın digər küncündə şəhər telefonunu təmir edən başqa bir əsgəri görürük. Bir qədər sonra o, bir qızla oğlanın danışdığı xəttə düşür. Oğlanın qızı aldatdığını, onu yoldan çıxarmaq istədiyini eşidən əsgər əsəb sarsıntısı keçirməyə başlayır, əlindəki cihazı yerə çırpıb sındırır, söyüş söyür. Yoldaşları onu sakitləşdirməyə çalışırlar. Təkcə bayaqkı oyunda qalib gələn əsgərin – Emilin (Rüstəm Cəbrayılov) hadisəyə müdaxilə etmədiyini, yatağında uzandığını görürük. Onun hadisəyə göstərdiyi münasibət tamaşaçını düşündürməyə başlayır. Hadisə zamanı Emilin yataqda sakitcə uzanıb siqaret çəkməsi onun xarakter cəhətdən qapalı deyil, baş verənlərə bir növ laqeyd olduğunu üzə çıxarır sanki. Ümumiyyətlə, otaqda baş verənlər nə Emilin xarakterinin, nə də sonrakı hadisələrin açılmasında və inkişafında, demək olar ki, heç bir rol oynamır.
Emil hospitalın direktoru tərəfindən çağırıldığı üçün həkimlə birlikdə otaqdan çıxıb dəhlizlə irəliləyirlər. Dəhlizboyu Emilin gözündən yaralı əsgərləri müşahidə edirik. Düşünürəm ki, bu kadrlar filmdəki digər səhnələrdən daha təsiredici alınıb. Filmin bütün mənası bu səhnədə cəmlənib. Digər tərəfdən tamaşaçı Emilin üzündən onun tərəddüd keçirdiyini, narahat olduğunu sezir. Elə bil ki, Emil hara düşdüyünü, harada olduğunu indi dərk edir.

Emil direktorun otağına daxil olur. Ona yeni tapşırıq verilir. O, BBC tərəfindən Qarabağa bəbir tapmaq üçün göndərilən jurnalist Miranda (Alina Vorontsova) və yanındakı operatora bələdçilik etməlidir. Emil bu işi qəbul etmək istəməsə də, əmrin “yuxarıdan” gəldiyi deyilir. Emilin etirazı və tapşırıqdan imtina səhnəsində Rüstəm Cəbrayılovun performansı çox zəif alınıb. Biz Emilin üzündə tərəddüddən, narahatlıqdan daha çox, qəzəb və vəziyyətlə barışmazlığı hiss etməli və görməli idik. Çünki ölkədə yaranan vəziyyət, Qarabağda yaşanan hadisələr bunu tələb edir. Obraza verilən “Zveroboy” (vəhşi heyvan ovçusu) ləqəbi də bu iddianı ortaya qoyur. Emil pəncərə kənarında düymə görür və onu götürür. Düymə məsələsinə filmdə aydınlıq gətirilir. Buna yazının davamında toxunacağam.
Emil jurnalistlərlə yola düşməzdən əvvəl, dialoqlardan onun ovçu olduğunu öyrənirik. Emilin ovçu olması sözlə deyil, təsvirlə verilməli, cərəyan edəcək hadisələr əsasında göstərilməli idi. Buna imkan vardı. Məsələn, Emilin ağacın gövdəsindəki bəbir pəncəsinin izini Mirandaya və operatora göstərdiyi səhnə daha yaxşı işlənərək, tamaşaçıya qəhrəmanın ovçu olduğu göstərilsəydi, onun ləqəbinin niyə “Zveroboy” olduğu aydın olacaqdı, bununla da hadisələr yavaş-yavaş dinamika qazanacaqdı. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, Emilin qapalı təbiətə malik olması təəssüratı da tezliklə yanlış çıxır. Əgər Emil qapalı və qaraqabaq xarakterə malik olsaydı, bu amil, jurnalist Miranda ilə ünsiyyətində özünü büruzə verməli idi. Amma biz bunun əksini müşahidə edirik. Yolda Miranda ondan müsahibə almaq istəyir. Emil əvvəlcə yüngülvari etiraz etsə də, çox dil tökməyə ehtiyac qalmadan keçmişi, erməni dostu Samvellə Şuşada keçirdiyi uşaqlığı barədə danışmağa başlayır. Burada sual yaranır. Nə baş verir ki, Emil fikrini sürətlə dəyişib müsahibəyə razılaşır, uşaqlığı ilə bağlı hər şeyi onlara danışmağa ehtiyac duyur? Onun qarşısındakı insanlara inanmasına nə səbəb olur? Emil obrazı qapalı, tərəddüddə olan və narahat biri kimi təsvir olunub. Amma o, birdən-birə dəyişir, ünsiyyətcil adama çevrilir. Bu ani dəyişikliyin səbəbi göstərilmir, izah edilmir və ya izahı verilə bilmir.
Maraqlıdır ki, qarşı tərəf də Emilin danışdıqlarına müdaxilə etmir, onun sözünü kəsmir. Meşəyə çatana qədər olan hissədə Emil müsahibəsini bu və ya digər mənada dayısının gördüyü bəbirin ətrafında qurur. Ancaq onlar axşam uçuq, xaraba bir yerə sığınıb ocaq qalayanda Emil yenidən keçmişlə bağlı xatirələrini danışmağa başlayır. Bu dəfə, onları bura gətirib çıxaran bəbir arxa plana itələnir, amma bu, Miranda və operatoru narahat etmir. Operator Mirandanın göstərişilə Emilin danışdıqlarını lentə almağa davam edir. Onlar Emilin həyatına və Şuşada keçirdiyi uşaqlığına fokuslanırlar. Onları artıq bəbir yox, Daşnaksütyun partiyasının soyqırım üçün gizlicə necə pul yığması maraqlandırır və biz, Miranda və operatorun maraq obyektinin heç bir səbəb göstərilmədən bəbirdən Emilə yönəlməsini anlaya bilmirik, bunun üçün heç bir situasiya yaradılmır, heç bir səbəb göstərilmir. Deyə bilərik ki, Miranda Emilə qarşı hansısa hisslərə qapılır və bura niyə göndərildiyini bir anlıq unudur. O halda Miranda ilə Emil arasında yaxınlaşma üçün də bir situasiya olmalı idi. Amma biz müharibə səhnələrinə qədər bu situasiyaya şahid ola bilmirik ki, bu da əskikliyi doğuran əsas məqamlardan biridir. Operator da məsələyə müdaxilə etmir, sadəcə Mirandanın tapşırıqlarını yerinə yetirir. Müdaxilə bir yana qalsın, onun filmdə varlığı və yoxluğu, demək olar ki, hiss edilmir.

Onlar meşəyə çatmamış, yolda Albert Aqarunov ilə rastlaşırlar, ikisi də yəhudi olduğu üçün operator onunla şəkil çəkdirir. Bu səhnəni çıxmaqla, operatorun filmdə hansısa xüsusi rolunu görə bilmirik. Belə çıxır ki, onun filmdəki yeganə funksiyası yəhudi olmaq imiş. Söz düşmüşkən, Qorqud Cəfərin oynadığı Albert Aqarunov obrazı haqqında bir-iki kəlmə yazmaq istəyirəm. Filmdə Albert Aqarunovu iki səhnədə görürük. Hər ikisində də Azərbaycanın Milli Qəhrəmanının, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan, erməni komandir Qaqik Avşaryanı məğlub edən Albert Aqarunovun niyə sönük formada təsvir edildiyi, göstərildiyi başa düşülmür. Qorqud Cəfər bu rol üçün heç uğurlu seçim olmayıb.

Filmdə hadisələrin bəbir axtarışından ermənilərlə döyüş səhnələrinə (müharibəyə) keçəcəyini yəqin edirik. Amma Emilin müsahibəsindəki bu keçidin (bəbirin arxa plana itələnib, özünün və gördüyü hadisələrin ön plana gətirilməsi) düzgün şəkildə qurulmaması, burada yaranan boşluqlar gedişatda dinamikanı xeyli zəiflədir.
Emillə Miranda qaçıb açıq bir əraziyə çıxırlar. Ata minən Emil çaparaq, avtomobillə ona atəş aça-aça gələn ermənilərin üzərinə şığıyır. Ermənilər nə qədər atəş açsalar da, güllələr Emildən yan keçir. Əvəzində Emil atdığı sərrast atışlarla düşməni bir-bir öldürür. Səhnənin bu formada qurulması inandırıcılıq cəhətdən problem yaradır. Belə nüanslar nəzərə alınmalı idi. Fleşbeklər sadəcə ermənilərin Şuşada, ümumiyyətlə, Qarabağda Daşnaksütyunun əli ilə törətdiyi soyqırım hadisələrinə fokuslanmamalı, Emilin xarakterini tamaşaçı üçün aça bilməli idi. Obrazın açılmasında əsas rol onun dayısının üzərinə düşürdü, çünki bəbiri ilk dəfə Emilin dayısı görmüşdü. Lakin bəbir məsələsi necə arxa planda qalırsa, eləcə Emilin dayısı da hadisələrin inkişafında arxa planda qalır, bir növ unudulur. Unudulur deyəndə, tamaşaçı filmin bir nöqtəsində onunla qarşılaşır, ancaq bu qarşılaşma gedişat üçün heç bir anlam ifadə etmir. Yenə də Emillə bağlı suallarımız cavabsız qalır.
Həmçinin fleşbeklərdə tanış olduğumuz yeniyetmələr (xüsusilə də, Emili oynayan aktyor) canlandırdıqları obrazları yetəri qədər mənimsəyə bilməyiblər. Emilin yeniyetmə dövrünü oynayan oğlanın simasından laqeydlik oxunur, onun mimikaları və hərəkətləri oğlanın qapalı təbiətli biri olduğunu ötürə bilmir.
“Doğma torpaq” filmində ən çox mübahisə yaradan məsələlərdən biri də ermənilərin Xocalıda törətdiyi ağlasığmaz, dəhşətli hadisələrin (uşağın qulağının kəsilməsi, hamilə qadının qarnının yarılması, körpəsinin çıxarılıb tapdalanması) rejissor tərəfindən açıq şəkildə nümayiş olunması idi. Müəllif bu yolla ermənilərin necə əzazil, qəddar, qaniçən olduqlarını vurğulasa da, bura qədərki hadisələrdə olan boşluqlar bu səhnələrin təsirini başqa yönə istiqamətləndirir və insanı ekrana kilidləməkdən daha çox, ikrah hissi oyadır. Sanki rejissor filmin əskik nüanslarını bu səhnələrlə əvəzləməyə çalışıb.

Müəllif filmdə üç məsələni (Birinci Qarabağ müharibəsi, əsasən, Xocalı soyqırımı, 1987-1988-ci illərdə azərbaycanlıların Zəngəzurdan, Ermənistandan qovulması və Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə) təsvir etməyə çalışıb. Xocalı soyqırımı filmin mərkəzində yer alıb, hadisələr bunun ətrafında cərəyan edir. Nəticədə, qalan iki mövzunun işlənməsində problemlər ortaya çıxır. Tarixilik baxımından hadisələrin haradan və necə başlamasını, 44 günlük müharibəyə gətirən şəraiti filmdə görmək maraqlı olardı. Çünki ideya xəttinin əsasında, əslində, Mirandanın dayandığını filmin gedişatından anlaya bilirik. O, Xocalıda gördüyü dəhşətli hadisələrin fotosunu çəkib gizlədir. Emillə birgə oradan çıxandan sonra hospitala qayıtması, Emilin Mirandanı yaralı əsgərlərlə birlikdə Bakıya yola salması, bu zaman Mirandanın Xocalıda baş verənlərin dünya mediasında işıqlandırılmasının vacib olduğunu vurğulaması bizə hər şeyi gözəl izah edir. Burada problem Mirandanın bu həqiqətlər haqqında 20 il sonra kitab yazmasıdır. Görəsən, onu 20 il susmağa nə vadar edib? Bu, Mirandanın kitabın təqdimatında erməni terrorçu tərəfindən öldürülməsi ilə açıqlanır. Amma bu səhnələr vizual həllinə görə reallığı deyil, virtual oyunu xatırladır.
Emil, hamilə arvadı Cəmilə ilə birlikdə Qafandan qovulan azərbaycanlılarla qarlı dağlarda piyada, sərgərdan qalanda Cəmilənin sancıları başlayır. Gənc qadın doğuş əsnasında həyatını itirir. Xanımını basdırandan sonra körpəsini götürüb mağaradan çıxan Emil dağın başında bəbiri görür, Mirandaya bəbirin onları qoruduğunu deyir. Əgər belədirsə, yəni bəbir filmdə “qoruyucu” missiyanı daşıyırdısa, bu detal filmdə gözəl və tutarlı şəkildə vurğulanmalı idi. Ümumiyyətlə, filmdəki qrafik bəbir çox bərbad alınıb və bu da filmə öz mənfi təsirini göstərib. Artıq süni intellekt dövrüdür. Yaradılan bəbir üzərində daha yaxşı işlənə bilərdi.

Filmin əvvəlinə qayıtsaq, kontuziya almış əsgərin “üzr istəyirəm” sözünü daim təkrarlamasının səbəbi sonda həkim tərəfindən Emilə açıqlanır. Amma bu açıqlama dramaturji strukturda heç bir rol oynamır, havada qalır. Bu obraz gözəl düşünülsə də, filmdə işləkliyinin olmaması məyusedici haldır.
Bu filmlə İlqar Safatın öz kino (“İçərişəhər” və “Sahə”) xəttindən kənara çıxdığı görünür. Bəlkə də filmin kifayət qədər uğurlu olmamasında bu addım rol oynayıb. Düşünürəm ki, müharibə filmləri çəkmək digər janrlarda film çəkməkdən daha çətindir. Burada sadəcə kinonu bilmək yetmir. Bunun üçün daha çoxu lazımdır…
Nəcəf Əsgərzadə