Zaur Qasımlı: “Azərbaycanda böyük film çəkmək potensialı var”
Müsahibimiz, tamaşaçılar tərəfindən həm maraqla qarşılanan, həm də ziddiyyətli rəylər yaradan “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlıdır.
– Zaur bəy, söhbətə başlayanda peşəkar kino təhsili almadığınızı dediniz. İstəyərdim, bir az özünüz haqqında məlumat verəsiniz.
– Bəli, universitetdə rejissorluq təhsili almamışam. Amma bu o demək deyil ki, kino təhsilim yoxdur. Mən savad və bacarığımı özüm əldə etmişəm. İncəsənətə böyük sevgim və həvəsim olduğuna görə, rejissor sənətini seçmişəm. Bu sahədə ilk addımlarımı 2002-ci ildə ANS-də montajçı kimi atmışam. O vaxt nə kino, nə rejissorluq barədə düşünmürdüm. Amma montaj, sonralar da qrafika işləri məni kino sənətinin dərinliyini öyrənməyə sövq etdi və özümü bu sahədə sınamağa başladım. Bu çox uzun və maraqlı yoldur. Mənim universitetim – real çəkiliş meydançaları, baxdığım filmlər, oxuduğum kitablar oldu. İnkişaf etmək üçün rəsmi diplom bəzən o qədər də vacib deyil, yetər ki, axtarasan, öyrənəsən və dayanmadan çalışasan.
– “Miras” da, “Tağıyev” də – biri sənədli, digəri bədii – tarixi bioqrafik filmlərdir. Bu janra əvvəldən marağınız vardı, yoxsa belə alındı?
– Əslində, tarixə həmişə xüsusi marağım olub. Tarixi filmlər bir rejissor üçün böyük meydandır. Çünki tarixdə hər detaldan, hər hadisədən bir hekayə doğur. Mənə görə, tarixi film çəkmək sadəcə keçmişi canlandırmaq deyil, həm də o tarixi gələcəyə daşımaqdır. Azərbaycanın zəngin tarixi var, o dövrlərdə baş verən hadisələr, şəxsiyyətlər bu günümüz üçün də çox dəyərlidir. Tarix bizim kimliyimizi və gücümüzü göstərir.
- Bir müsahibənizdə demisiniz ki, rejissor üçün öz ssenarisi ilə işləmək daha rahatdır, çünki başqasının ssenarisi ilə də işləyəndə onu özünə uyğunlaşdırmaq məcburiyyəti var. Üstəlik, “Miras” filminin ssenari müəllifi özünüz olsanız da, çəkiliş prosesində xeyli dəyişikliklər etmisiniz. “Miras”ı öz ssenariniz əsasında çəkmisiniz, “Tağıyev”i yox. Odur ki, bu iki variantı müqayisə etmək imkanı yaranıb. Üstünlükləri, mənfi cəhətləri…
– “Tağıyev”in də ssenarisi mənə məxsusdur, sadəcə “Miras”ın ssenarisini tək yazmışam, həmmüəllifim yoxdur, ikinci filmdə isə iki həmmüəllif var: İsmayıl İman və Asif İsgəndərli. Əvvəlcə İsmayıl İmanı dəvət etdim, təxminən, üç ilə yaxın işlədik, bütün konsepsiyanı qurduq. Sonra da Asif İsgəndərli bizə qoşuldu və işi üçümüz tamamladıq.
– “Tağıyev”in çəkiliş prosesində ssenaridə hansısa dəyişikliklər etmisiniz? Daha doğrusu, sualı belə qoyum. Dəyişikliyi büdcə, hava və s. kimi şərtlər tələb edir, yoxsa…
– Sözsüz ki, hər rejissorun özünü rahat hiss etdiyi bir iş üslubu var. Ssenari – kağız üzərində mətndir, fəaliyyətə başlamaq üçün bələdçidir, o, hələ film deyil. Biz hələ çəkiliş meydançasında olmamışıq, aktyorlar hələ ssenarini oxumayıblar, məkanlar məlum deyil, dekorasiyalar qurulmayıb, kamera, işıq yoxdur. Bunların hamısı hələ bir hülyadır. Ona görə də, masa üzərindəki ssenari film deyil, istiqaməti göstərən sənəddir. Mən belə yanaşıram. O, mənə ona görə lazımdır ki, hekayəni, səhnə ardıcıllığını, filmin necə başladığını, qəhrəmanın nə ilə mübarizə apardığını və necə bitdiyini bilim. Üstəlik, o, yaradıcı şöbələrdə də sənəd kimi istifadə olunur. Onun üzərində işləyirlər, məkanları, kostyumları və s. müəyyənləşdirirlər. Yəni istinad nöqtəsidir. Amma çəkiliş prosesində edilən dəyişikliklər zərurətdən irəli gəlir. Məsələn, mən çəkiliş meydançasına gələndə artıq səhnənin necə olacağını bilirəm. Meydançada aktyorlarla məşq edirik. Quruluşçu operator və quruluşçu rəssam da məşqi izləyirlər. Yalnız bundan sonra görüləcək işlərin həcmi onlara tam aydın olur. Operatorla mizanları müzakirə edirik, kameranın necə işləyəcəyini və işıqlandırmanın nüanslarını təyin edirik. Mən çəkilişdən əvvəl, hazırlıq dövründə də məşqlər edirəm. Amma o məşqlərin məqsədi, kameraya işləyə biləcək şeyləri tapmaqdır. Bu zaman səhnənin quruluşunu canlandıracaq, aktyorun diqqətini çəkəcək yozum axtarmaq lazımdır. Bizə lazım olan təkcə rolun yerinə yetirilməsi deyil, ora çatmağın yollarını tapmaqdır. Amma ən əsas məşq məkanın içində olur. Çünki orada artıq dekorasiya, rekvizitlər, geyim, məkanın ab-havası var. Birinci məşqlərdə zaman, məkan olmur. Mən hələ dəqiq bilmirəm ki, aktyor harada dayanacaq, hansı hadisə harada baş verəcək, pəncərə haradadır, bunları sadəcə fərz edə bilərəm. Hətta elə hallar olur ki, ssenarini yazanda interyerdə düşündüyüm səhnəni ikinci məşqdən sonra eksteryerə çıxarmışam, yaxud da tam əksini etmişəm. Ya da tutaq ki, baş qəhrəmanlar bir-birini qucaqlayıb sevgi etiraf etməlidirlər, amma mən onu münaqişəyə çevirmişəm. Belə hallar da olub. Bu nədən irəli gəlir? Filmi çəkdikcə, təqribi, nəyin harada işləyib-işləmədiyini duymağa başlayıram, hansısa səhnə ona qoyduğum mənanı verməyəndə dəyişməyə çalışıram. Düzdür, çox vaxt heyət buna hazır olmur, amma sağ olsunlar, mənə kömək etməyə, başa düşməyə çalışırlar. Mənə elə gəlir ki, filmin yaxşı alınması üçün bu normal haldır.
– “Miras”dan başlayaq. Bildiyimə görə, ssenarinin üzərində uzun müddət işləmisiniz, tarixi faktları mütəxəssislərlə dəqiqləşdirmisiniz, seçmisiniz. Amma bu filmdə mənim diqqətimi başqa bir şey çəkdi. Nobellərin Azərbaycandakı fəaliyyətini sırf pozitiv mövqedən göstərmisiniz. Halbuki yanlış xatırlamıramsa, ara-sıra fəhlə iğtişaşları olub. Siz belə faktlar filmə salmamısınız və sadəcə Nobelləri vəsf etmisiniz.
– Yaxşı sualdır. Əslində, bu barədə düşünməmişəm. Mənə elə gəlir ki, hər filmin “niyə”, “nə üçün” sualı var. “Miras” filmi nə üçün yarandı? Yəqin ki, bu suala cavab versəm, bütün suallar aradan qalxar. Azərbaycanda, ümumiyyətlə, dünyada çox az adam bilir ki, Nobel mükafatının büdcəsinin 17%-i, bəzi tarixçilərə görə, 14%-i- məhz Azərbaycan nefti sayəsində yığılmış vəsaitdir və Nobel mükafatı o vaxtdan bu günə qədər hər il verilir. Əslində, maraqlı faktdır. Üstəlik, Emmanuel Nobel də Azərbaycanda başqa bir mükafat təsis etmişdi, kimyaçılara, ixtiraçılara verilirdi. Filmdə bu barədə danışılır. Ancaq, I Dünya müharibəsi ucbatından həmin mükafat davamlı olmadı. Bizə verilən tapşırıqlardan biri Nobel mükafatının hansı kapital sayəsində meydana çıxması, həmçinin, Bakıda Emmanuel Nobel mükafatının təsis olunması barədə məlumat vermək idi. Yəni, “Miras” filmində fəhlələrin etiraz etdiklərini göstərmək məqsədimiz yox idi. Gördüyünüz kimi, orada bir azərbaycanlı obrazı var – fəhlə Azər. Quyunun içindən çıxır və Nobellərin sağ əli olmağa qədər yüksəlir, bolşeviklər gələndə isə Nobellərin Azərbaycandan salamat çıxmasını təmin edir.
– Azər real insan olub, yoxsa sizin təxəyyülünüzün məhsuludur?
– Mənim təxəyyülümün məhsuludur.
– Mən, bütün filmboyu Azər xəttinin inkişaf edəcəyini gözlədim, amma olmadı. Filmboyu Nobellərin iki nəsli dəyişir, insanlar yaşlanırlar, ölürlər, bircə Azər qocalmır, sadəcə filmin sonunda saqqalına dən düşür. Bu baxımdan, Azər obrazı ilə bağlı mənim bir fikrim var. Amma sizdən də eşitmək istəyirəm.
– Azər – Azərbaycanın obrazıdır. Bizim xalq tarixboyu çox gəlib-gedənlər görüb.
– Və Nobellər Azəri quyudan çıxarırlar.
– Bu metaforun mənası odur ki, xaricdən gələn iş adamları burada özləri üçün iş qurub neftdən pul qazansalar da, bu, Azərbaycan xalqına da müəyyən təkan verib, bizi də inkişaf etdirib. “Miras” filmi birgə keçilən bu yolu göstərmək istəyi idi. Baxmayaraq ki, özümüz də inkişaf edirik, amma başqa dövlətlərdən, başqa təcrübələrdən də faydalanaraq öz imkanlarımızı artıra, inkişaf etdirə bilirik. Bundan əvvəlki sualınızla bağlı bir şey deyim. “Miras” filmi xalq, inqilab haqqında deyildi, hərçənd xalq mövzusuna da bir az toxunmuşuq. Film, Nobellərin fəaliyyəti, bu fəaliyyət sayəsində qazanılanlar, əsasən də, Nobel mükafatının 17%-nin, həqiqətən, Azərbaycana aid olduğu haqqındadır. Azəri isə çəkiliş vaxtı əlimizdə olan imkanlar çərçivəsində qocaltmağa çalışmışıq.
– “Tağıyev: Neft” filminə keçək. Birinci onu deyim ki, Azərbaycanda Sovet dövründən sonra bayopik janrına belə geniş miqyasda müraciət olunmayıb. O dövrə aid detallar, kostyumlar… Yəni, bayopik janrının bütün tələblərinə cavab verən bir filmdir. Filmin ideyası özünüzə məxsusdur?
– Bəli, ideya mənə məxsusdur. Bu barədə fikirlərimi Orman Əliyevə söylədim, onun da xoşuna gəldi və bu layihəni reallaşdırmaq üçün əlindən gələni etdi. Əvvəlcə bunu da “Miras” kimi bədii-sənədli üslubda çəkməyi düşünürdük. Amma materialı dərindən öyrəndikcə başa düşdüm ki, bu hekayə daha geniş bir format tələb edir.
– İdeya nədən ibarət idi? Konkret Tağıyevin həyatını göstərmək, yoxsa Tağıyevin həyatı vasitəsilə başqa bir söz demək?
– Tağıyevin həyatı vasitəsilə nəyisə göstərmək ikinci plandır. Birinci məqsəd, Tağıyevi geniş auditoriyaya daha yaxından tanıtmaq idi. Tağıyevin həyatı təkcə onun bioqrafiyası deyil, o dövrün ruhudur. Mən, tamaşaçıların, Tağıyevi yalnız neft milyonçusu kimi yox, bir şəxsiyyət kimi tanımalarını, onunla birlikdə tarixi, mədəniyyəti, o dövrdə baş verən böyük dəyişiklikləri də görmələrini istəyirdim. Bunlar isə iki saatlıq bir filmin çərçivəsindən daha geniş mövzu idi. İdeya haradan yarandı? Mən “Miras” filmi üzərində işləyəndə çoxlu arxiv sənədləri, fotolar, tarixi kitablar əldə etmişdim. Bundan başqa, bu filmdə də tarixçilərlə birlikdə saatlarla, həftələrlə dərin araşdırma apardıq. Çünki istəyirdim ki, həqiqətə də, bizim ruhumuza da çox yaxın, doğma olan bir film ortaya qoyaq. Ona görə də, hər şeyi ən xırda detallarına qədər araşdırıb öyrənirdim. Çünki bu tip filmlərimiz çox azdır. Məsələn, ən çox zövq aldığım milli filmlərdən biri “O olmasın, bu olsun”dur. Ya da, məsələn, “Arşın mal alan”. Bu arada vurğulamaq istərdim ki, mən müzikl janrını çox xoşlayıram. Bilmirəm, fikir verdiniz, ya yox, filmin bəzi yerlərində müziklə bənzər nəsə verməyə çalışmışam. Bizim üçün, bir azərbaycanlı üçün o filmlər çox əzizdir. Sözsüz ki, mən də bir azərbaycanlı kimi, o filmlərdən çox şey öyrənmişəm və çox istərdim ki, insanlar bizim filmə səthi baxmasınlar, o dövrü də hiss etsinlər. Bu nədən irəli gəlir? Biz inandığımız şeyə bağlana bilirik. Kadrda gördüyümüz hər şey – istər aktyor oyunu olsun, istər rekvizit, dekor – bizi inandırmalıdır ki, filmin bir hissəsinə çevrilək, baş qəhrəmanın ağrılarına, sevinclərinə şərik ola bilək.
– Detallarla yaxşı işləmisiniz. Elə ilk səhnədə – jurnalistin pasajda gəzdiyi səhnədə mən ekranda ancaq detallara fikir verirdim, hamısını görməyə çalışırdım. Onlara baxmaq çox maraqlı gəlirdi.
- Mən özüm də eləyəm. Hansısa filmə baxanda istər-istəməz gözlərim arxa planlara, detallara qaçır. Bir dəfə kadrın önündə nə baş verdiyinə baxıram, sonra arxadakı detallara keçirəm, onların səviyyəsindən asılı olaraq, filmə zahiri qiymət verirəm, özümdən asılı deyil. Ona görə, öz işlərimə də belə yanaşıram. Düzdür, bu, qrup üçün müəyyən çətinliklər yaradır. Deyirlər, Zaur hər şeyə diqqət yetirir, bu qədər detalçılığa ehtiyac yoxdur, onsuz da çoxuna fikir verməyəcəklər. Çox böyük bir qrup işləyirdi, hər gün çəkilişə 100-150 nəfər heyətlə çıxırdıq. Mənə elə gəlir ki, burada da bir inkişaf, bir tağıyevsayağı mübarizə var idi. Çünki mən meydançada özümü Tağıyev kimi hiss edirdim; o neft axtarırdı, mən də kino.
– Filmdə xoşuma gələn məqamlardan biri də dekorasiyalar oldu. Hamısı çox real görünürdü. Onun nə qədəri əl əməyidir, nə qədəri qrafikadır?
– Mən özüm köhnə məktəbin adamıyam və həmişə əl işinə üstünlük verirəm. Qrafikaya yalnız zərurət yarandıqda müraciət etmişik, büdcənin imkan verdiyi qədər dekorasiyaları real şəkildə qurmuşuq. Hərçənd qrafika da ucuz iş deyil, xüsusən də, əgər söhbət fotorealist qrafikadan gedirsə.
– Birinci kadrdakı pasaj “Miras” filmində də var, hərçənd orada bu qədər detallı deyil. O, qrafikadır, yoxsa dekordur?
– “Miras” filmi mənim üçün tramplin, öz bacarığımı göstərmək cəhdi idi ki, növbəti böyük layihədə ürəklə “mən bunu edə bilərəm” deyə bilim. “Tağıyev”dəki bəzi məkanları birinci orada istifadə etmişəm. Hazırda biz XIX əsri çəkmək istəsək, Azərbaycanda heç nəyə əl vurmadan, olduğu kimi istifadə edə biləcəyimiz çox az məkan var. Hətta Atəşgah adlandırdığımız yer də 2000-ci illərdə tikilib. Amma oranın arxitekturası mənim xoşuma gəlirdi, ona görə, “Miras”ı orda çəkmişdim. Bu dəfə də mənə küçə lazım idi və fikirləşdim ki, ora yüngülvari əl gəzdirib yenə işləyə bilərik. Filmin rəssam qrupu, başda Səbuhi Atababayev olmaqla, dörd müxtəlif dövrü qurmağı bacardılar. Neft sahəsindəki bütün tikililər filmin dekor rəssamı Ceyhun Quliyev və onun 14 nəfərdən ibarət komandası tərəfindən boş ərazidə yaradılmışdı. Təkcə, təpənin üstündəki kənd və məscid qrafikadır. Filmin qrafik işləri Rafiq Hacıyev və Cavid Şirinov tərəfindən ROG studiyasında həyata keçirilib.
– Bakının mərkəzinə oxşayırdı. Bazar səhnəsi də orada çəkilib?
– Bazar səhnəsi Qala qoruğunda çəkilib. Ora da boş məkan idi, Biz köhnə divarları qoruyaraq, içində əsl bazar qurduq. Qala sakinləri gözlərinə inana bilımirdilər ki, bu, film çəkilişləri üçün qurulmuş dekorasiyalardır. Orada qrafika ancaq hasardan o tərəfdir, uzaq fon.
– “Tağıyev” dörd seriyadan ibarətdir. Çoxseriyalı filmi kinoteatrda göstərmək nə qədər səmərəlidir? Hərçənd zalda kifayət qədər tamaşaçı vardı və çıxışda ikinci seriyanın nümayiş vaxtını soruşurdular, yenə də kinoteatr bu format üçün bir az əlverişsiz deyil? Həm də bir seriyanı bütöv filmi kimi qəbul etmək, haqqında danışmaq bir az çətinlik yaradır, çünki davamı var.
– Mənə də elə gəlir ki, bütün təəssüratlarınızı dörd seriyanın hamısı çıxandan sonra bildirmək daha doğru olardı. O ki qaldı çoxseriyalı olmağına, bəs “Xaç atası”? Ya da “Gələcəyə doğru geriyə” nədir?
– Onların arasında uzun fasilə var və çoxseriyalı deyil, sikvel sayılır.
– Bizi aldadan nədir? Birincisi, qəhrəman; Biz bilirik ki, Tağıyevin həyatı təkcə neftdən ibarət deyil və bu informasiya bizi serial formatına kökləyir. İkincisi də, biz artıq hamıya çoxseriyalı iş olduğunu demişik. Əgər mən bu filmi Böyük Britaniyada yaşayan hansısa Cona göstərsəm və sonra serial olub-olmadığını soruşsam, “yox” deyəcək. Çünki mənim hekayəmin başlanğıcı, ortası və sonu var. Mən birinci hissəyə aid bütün mövzuları bağlamağa çalışmışam.
– Yəni, biz “Tağıyev: Neft”ə tamhüquqlu bir film kimi baxmalıyıq.
– Bəli. Bizi bilgilərimiz çaşdırır. Əgər biz Tağıyevdən yox, “Əhmədov Məmməddən” çəksəydik, serial kimi baxmayacaqdıq. Əhmədov Məmməd adlı bir adam neft çıxarır. Film bu haqdadır.
– Doğrusu, mənə Tağıyev haqqında çəkilmiş filmin ekspozisiyası təsiri bağışladı.
– Bu filmi növbətilərlə bağlayan şey sadəcə amerikalı jurnalistin Tağıyevdən aldığı müsahibə xəttidir. Onun öz inkişafı və sonu var, bu da dördüncü seriyanın axırına düşür. İndi qayıdaq mövzulara. Biz, Tağıyevin həyatından dörd fraqment seçmişik. 1874-1878-ci illəri əhatə edən birinci epizod, sadəcə Tağıyevin Bibiheybətdə, 19-cu sahədə necə neft əldə etdiyi haqqındadır. İkinci epizodda hadisələr on il sonra baş verir, özəyi çarın Azərbaycana gəlişidir. On il sonra Tağıyev artıq milyonçudur, Dövlət Dumasının deputatıdır. İndi onun qarşısına qoyduğu məqsəd neft çıxarmaq deyil, tam başqadır. Üçüncü film sırf Sona ilə bağlıdır, dördüncü seriya isə qız məktəbi uğrunda mübarizədən bəhs edir. Hər filmin hekayəsinin öz başlanğıcı və sonu, öz strukturu, qəhrəmanın ayrı hədəfi var. Həmçinin maneələr və aşmaq üsulları da fərqlidir. Dediyim kimi, yeganə bağlayıcı həlqə amerikalı jurnalistdir.
– Filmin adındakı neft sözü dərhal yada Pol Tomas Andersonun “Neft” filmini salır. Bu filmin təsiri nə qədər olub? Ümumiyyətlə, referens aldığınız filmlər, ya da başqa əsərlər vardı?
– Mənim həyatda yaşadığım təcrübələr, oxuduğum kitablar, baxdığım, sevdiyim bütün filmlər istər-istəməz mənə təsir ediblər. Pol Tomas Andersonun filmi də də istisna deyil. Bizim film, cəmiyyət üçün ilhamverici və qurucu ismarış daşıyır, real tarixi şəxsiyyətin mübarizəsini və nailiyyətlərini əks etdirir. Pol Tomas Andersonun “Neft” filmi isə kapitalizmin acgözlük və dağıdıcı tərəflərini təcəssüm etdirən uydurma bir qəhrəmanın mənəvi çöküşünə fokuslanır. Orada mövzu bir az fərqlidir. Bizim camaat isə elə bilir, Zaur oradan nəsə götürüb bura qoyub, bənzərliklər axtarırlar. Elə deyil. “Tağıyev”, başqa filmdir. Bəli, mən Pol Tomas Andersonun filminə baxmışam və çox bəyənirəm. Oradan nələrsə bura bir rəng, cizgi kimi düşə bilər. Eləcə də “O olmasın, bu olsun”dan da, “Xaç atası”ndan və sair filmlərdən də düşə bilər. Nəinki mən, bütün dünyada istənilən yaradıcı insan həyat təcrübəsindən, bildiyi, başa düşdüyü şeylərdən ilhamlanıb ortaya nəsə qoyur. Sən heç nədən nəsə yarada bilməzsən. Sözsüz ki, haradansa götürdüyün bəzi şeylər var. Hətta süjetdə mənim həyatıma aid şeylər də ola bilər. Ya şüuraltı, ya da şüurlu şəkildə. Yeni binanı hamı bildiyi tikinti daşlarından ucaldır. Bu da normaldır.
– Bayopik janrında sırf faktlara əməl edilməsi vacib deyil, bədii təxəyyülə geniş imkan verilir. Sizin üçün hansı vacib idi: dəqiq faktlar, yoxsa bədii təxəyyül?
– Faktlar vacibdir, amma bədii təxəyyül olmadan film ruhsuz olar.Orada balansı qorumağa çalışırdım. Bilirdim ki, sırf faktlardan yapışsam, film alınmayacaq, çünki faktlar darıxdırıcıdır. Biz bədii film işləyirik və materialı bədiiləşdirmişik, bəzi faktları öz dövründən müəyyən qədər sürüşdürmüşük, ya da bəzi səhnələrin quruluşunda yüngülvari dəyişikliklər etmişik. Bəzi səhnələr isə bütünlüklə təxəyyül məhsuludur. Belə fəndlərimiz var, amma bunlar ümumi ismarışları korlamır. Bayopik janrı bir az çətin məsələdir. Çoxlu məhdudiyyətlər var. Burada açar söz “bədii”dir. Filmin əvvəlində də bunu yazmışam ki, çox üstümə gəlməsinlər. Mənim hiss etdiyim, sevdiyim Tağıyev budur. Başqa rejisor Tağıyevi fərqli görə və fərqli çəkə bilər. Bu mənim baxışım, mənim prizmamdır.
– Filmə tutulan iradlardan biri də budur ki, Tağıyev obrazını çox ideallaşdırmısınız. Düzü, mən də bununla razıyam, sizin Tağıyev hətta Buddadan da sakitdir, “Bəyin oğurlanması”nda deyildiyi kimi, emosiyası çatmır. Halbuki neftin çıxmasının gətirdiyi sevinci, rahatlığı daha dərindən hiss etməyimiz üçün bəzi səhnələr emosiya tələb edir.
– Məncə, Tağıyevin təmkinli olması onun gücünü göstərir. Onun həyatı heç də asan olmayıb. Yalnız öz hisslərini idarə etməyi bacaran insan daha böyük zirvələrə çata bilir. Mən bu obrazda daxili gücün, səbirlə irəliyə gedən bir insanın əksini vermək istədim. Onun emosiyaları daha çox daxili dünyasındadır, bunu da müəyyən səhnələrdə göstərmişəm – məsələn, həyat yoldaşını itirəndə və oğlu ilə barışanda. Onun zahiri sakitliyi, əslində, içindəki böyük bir vulkanın əlamətidir.
– Filmboyu o vulkanın, heç olmasa, tüstüsünü göstərmək mümkün olsaydı…
– Bilirsiniz, mən özüm də təbiətən elə insanam. Məsələn, çəkiliş meydançasında çox ciddi bir problem yaransa, nə olur-olsun, qətiyyən qışqırmıram, özümdən çıxmıram. Hətta gəlib mənə “Zaur müəllim, arada bir qışqırmaq lazımdır” deyənlər də olur. Amma mən o tip deyiləm, problemləri qışqıraraq həll etmirəm. Mənə elə gəlir ki, Tağıyev də belə təmkinli insan olub. Çünki onun yaşadıqları qışqırmaqla həll olunacaq şeylər deyildi. O demək deyil ki, Tağıyev hiss etmir, narahat olmur. Sözsüz ki, o, bütün duyğuları keçirir, çünki o da canlı insandır. Amma Tağıyev bu yolda nələrisə başa düşməli idi, getdiyi yoldan bir dərs almalı idi. Ona görə də, oğlu ilə bütün məsələləri həll edəndən sonra ona neft verilir. Tağıyevin öz dünyası var, hətta dinə münasibəti də fərqlidir. Onun yolu çətindir, istədiyi hər şeyi dərhal əldə etməyib və maneələrə hazırdır.
– Zaur bəy, “Tağıyev” filmi sayəsində deyə bilərik ki, bizə haradansa reallıq gətirməyə ehtiyac yoxdur, öz reallığımızda da belə geniş miqyaslı işlər görmək mümkündür?
– Bizim filmimiz, bilməyənlərə bir də onu çatdırdı ki, Azərbaycanda çox böyük potensial var. Məncə, bu, nəinki məni, kinoya biganə olmayan bütün insanları sevindirir. Düzdür, bizdə Rusiyadan dəvət olunmuş aktyorlar da var, çünki bəzi obrazlar məxsusi faktura tələb edirdi, yəni, bu, zərurət idi. Yenə təkrar edirəm, bizdə böyük potensial var. Demirəm ki, biz belə layihələrin iki-üçünü birdən işləyə bilərik, amma, ən azı, ildə birini ortaya çıxarmaq mümkündür. Digər sevindirici hal da odur ki, içində mən olmaq şərtilə, bu layihədə işləyən hər kəs püxtələşdi. Bu layihəyə cüzi bacarıqla girib çox yaxşı nəticələrlə çıxan adamlar var və onlar Azərbaycanda hansı layihədə işləsələr, öz töhfələrini verəcəklər. Bu, gözəl deyilmi? Ona görə də, mütləq böyük layihələr olmalıdır. Bu bir təkan, lokomotivdir. Gərək işləsin ki, bütün sahələri də işlətsin. Kino əl işindən, zərgərlikdən tutmuş pirotexnikliyə, işıqçıya qədər bəlkə də 50-60 peşəni özündə birləşdirir. İstehsalat olanda bunların hamısı inkişaf edir. Ona görə, bu gün kino Azərbaycan üçün çox vacib bir sahədir. Hal-hazırda dövlətimiz inkişaf yolundadır. Kinomuz da ona uyğun olmalıdır, hər şey ona uyğun olmalıdır. İnsanların savadı da, düşüncələri də, filmlər də. Hər dəfə səviyyəni bir pillə qaldırmalıyıq.
– Yeni kadrlardan, sizinlə birlikdə püxtələşən insanlardan söz düşmüşkən, siz, Bakı Beynəlxalq Film Festivalının yerli müsabiqəsində münsif idiniz. Təxminən, 10-dan çox gənc rejissorun filmlərinə baxmısınız. O filmlər yeni nəsil, gənc Azərbaycan kinosu haqqında sizdə nə təəsürat yaratdı?
– Biz münsiflər heyəti olaraq, əsas mükafatı Rüfət Reyin “Quyu” filminə verdik. Rüfət əvvəllər BMC-də işləyib. Mən də o filmə daha əvvəl elə bu zalda baxmışdım və rejissora öz rəyimi orada demişdim. Sonra o film mənim münsif olduğum festivala düşdü, orada da öz fikrimi hamıya dedim. Yəni, bu o deməkdir ki, digər filmlər ondan zəif idi. Amma potensial duyulur, var. Desəm ki, baxdığım filmlər məni çox təəccübləndirdi, yalan demiş olaram. Amma bir az tərpəniş var. Hərçənd festivaldan gözləntilərim daha çox idi. Bilirsiniz, bizdə böyük uçurum var, orta səviyyəli film çox azdır. Kinomuz, bir az cəmiyyətimizə oxşayır, ya çox kasıblar, ya da çox varlılar var. Ancaq, onların problemlərinin nə olduğunu başa düşürəm. Əslində, mən özümü bəxti gətirmiş rejissor hesab edirəm. Çünki Bakı Media Mərkəzi, başda Arzu xanım Əliyeva, eləcə də dostum Orman Əliyev olmaqla mənə çox böyük etimad göstərib, son dərəcə böyük bir layihəni mənə etibar ediblər. Mən də öz növbəmdə bu etibarı doğrultmağa və üzüağ çıxmağa çalışdım. Belə bir film hər rejissora qismət olmur.
– Ümumiyyətlə, bu cür hər şəraitlə təmin olunmuş, hər imkanın asanlıqla yaradıldığı bir yerdən Azərbaycan kinosu necə görünür, siz necə görürsünüz?
– Burada heç bir asanlıqdan söhbət gedə bilməz. Yaxşı şərait film tarixində çox layihələr üçün yaradılıb. Hanı o filmlər?Bu da onu subut edir ki, filmin uğurlu olması üçün yaxşı şərait əsas şərt deyil. Filmi yaradan – insanlardır. Hər şey filmin rejissorundan başlayır. Bir də onun dəvət etdiyi yaradıcı heyət. Düzdür, maliyyə və təşkilatçılıq da böyük rol oynayır. Ancaq ssenari zəif olsa, onu rejissordan başqa heç kəs xilas edə bilməz. Bilmirəm, xoşbəxtlikdir, ya bədbəxtlik, mən kinostudiyanın, nazirliklərin qapılarını döyməmişəm, dəhlizlərində gözləməmişəm, harasa ssenari təklif etməmişəm. Bilmirəm. Bəlkə də başqa Zaur olacaqdım. Bəlkə də bu film olmayacaqdı.
– Bu miqyasda dəqiq olmayacaqdı.
– Miqyası da yaratmaq lazım idi. Ona görə, heç kimin haqqına girmək istəmirəm. Ümumi vəziyyətə gələndə, ARKA yarandı, Mədəniyyət Nazirliyi nələrisə rekonstruksiya etməyə, qanunları dəyişməyə çalışır. Bunlardan xəbərim var, eşidirəm, görürəm. Son vaxtlar bir tərpəniş var. Bu çox yaxşıdır. Amma bu tərpənişin nəyə gətirib çıxardığını hələlik deyə bilmərik. İnanıram ki, əbəs deyil. Bəlkə də bunu demək hələ çox tezdir. Çünki film sənayesinin bərpası və inkişafı xırda iş deyil. Bunun üçün bir neçə fundamental maneələri aradan qaldırmaq lazımdır. Bu işlər tez bir zamanda öz bəhrəsini verə bilməz. Bir rejissorun və ya başqa kino işçisinin püxtələşməsi, təcrübə qazanması, həyatda nəyəsə nail olması üçün illər lazımdır. Bu gün universiteti bitirdi, sabah yaxşı böyük film çəkdi, bu nadir hallarda mümkündür. Xüsusən də, bizdə. Bəlkə də bu bizim təhsillə də bağlıdır. Bilmirəm, universitetdə tədris nə haldadır, yalan deyərəm, o dərslərə getməmişəm, oranı bitirməmişəm. Eşitdiyimə görə, orada dərs keçən müəllimlər kifayət qədər savadlıdır, amma dünyanın heç bir universiteti dərs oxumayan insana heç nə öyrədə bilməz. Eləcə də elmə və ya sənətə marağı, həvəsi olan insana indiki zamanda hansısa universiteti bitirmək vacib deyil. Vacib olan həvəs və informasiyanın əlçatan olmağıdır. Hərçənd Azərbaycan kinosunda nəticə göz qabağındadır. Nəticə ondan ibarətdir ki, bizdə az film çəkilir, büdcələr azdır. Verilən büdcə bir neçə layihələr arasında bölünür. Düzdür, bizə də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, ARKA və başqa sponsorlar kömək etdilər, sağ olsunlar. Amma Bakı Media Mərkəzinin öz təşəbbüsü də çoxdur. Belə. Azərbaycan kinosunun vəziyyəti barədə başqa nə əlavə edim? Mən inanıram ki, yaxşı olacaq.
– Təşəkkürlər.
Müsahibə və mətn: Aygün Aslanlı
Fotolar kinoinfo.az saytından götürülüb.