İNDİ OXUYUR
Zaur Məhərrəmov: “Arşın mal alan”da Hollivud havası var”

Zaur Məhərrəmov: “Arşın mal alan”da Hollivud havası var”

Zaur Məhərrəmov 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında assistent kimi çalışıb. 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb. Təsilini bitirdiyi ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib.

16 bədii filmin quruluşçu operatoru olub, “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və s. bədii filmlərində o, öz operatorluq imkanlarını geniş göstərib.

1980-ci illərdə rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr etmiş, 1984-cü ildə “Yaddaş” studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən “Bakı balkonları”, “Köç”, “Üzeyir Hacıbəyov”, “Həbib və Gülxanım” və c. filmlərini yaratmışdır. Müəllifi olduğu filmlər bir çox Beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Həmin filmlər sırasında “Həbib və Gülxanım” filmi 9-cu Nyu-York Türk filmləri festivalında iştirak etmiş və uğur qazanmışdır.

O, uzun illər Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində pedaqoji fəaliyyətlə məşğul olub. Öz bilik və bacarığını Türkiyə kinosunun inkişafına həsr edərək iki qardaş ölkənin kinematoqrafçılarının arasında ünsiyyət yaradılmasında böyük rol oynamışdır.

Onun “Kino üzərində düşüncələr” kitabı kinematoqrafiyaya olan vurğunluğunun və sədaqətinin daha bir təzahürüdir. Z.Məhərrəmov milli kinematoqrafiyanın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir operator idi.

Kinotənqidçi Sevda Sultanovanın Zaur Məhərrəmovla 2014-cü ildə hazırladığı müsahibəni təqdim edirik.


– Zaur müəllim, 20 ildir ki, Türkiyədə yaşayırsınız. Bu 20 il sizə nə verdi və siz Türkiyənin kino təhsilinə nələri qazandırdınız?

– Türkiyə inkişaf etmiş ölkə olsa da, onun kino sahəsi qonşu İran kinematoqrafı ilə yarışmaq məcburiyyətindədir. Bu qənaətə gəlmişəm ki, kinematoqrafik xalqlar var. Sovetlər Birliyində bu rolu gürcülər daşıyırdı, Şərq ölkələri arasında isə İran kinosu orijinal yolla getməkdədir. Kino təhsilinə gəlincə, ölkələrin çoxunda olduğu kimi Türkiyədə də, xüsusi olaraq, kino sahəsində təhsil verən müəssisə yoxdur. Sanballı universitetlərin çoxunun əlaqə məlumatları fakültələri nəzdində Kino-TV bölmələri mövcuddur. Fundamental kino məktəbi qurmaq üçün yaradıcı və maddi potensial lazımdır. Əslində bizim Azərbaycanda da durum fərqli deyil. Kino təhsili ilə məşğul olan tək bir İncəsənət Universitetimiz var, onun da təchizatı yetərli deyil. İndi yeni rəhbərlik gətirilib, bəlkə nəsə dəyişdi.


Türkiyədə “Sənədli kino estetikası”, “Kinoda təsviri tərtibat”, “Film, kamera, aydınlatma”, “Filmin quruluşu və istehsalı”, “Film təhlili və quruluşu”, “Kinoda yeni cərəyanlar” dərslərini deyirəm. Bu arada Anadolu türkcəsində iki kitab yazmışam: “Kinematoqrafiya üzərində düşüncələr”, “Sənədli film estetikası”. Birinci kitabı Azərbaycan Mədəniyyət Nazirliyi də nəşr edir. Ümidvaram ki, nazirlik ikinci kitabı da çap edəcək. Öncədən təşəkkürümü bildirirəm.

– Azərbaycandan hansı səbəbdən getdiniz? Kino sənətinin perspektivini görmədiyinizə görə?

– Azərbaycandan küsüb getməmişəm. Ölkədən 1995-ci ildə getdim. Həmin illər kino tənəzzül yaşayırdı. Əslində Amerikaya – Hollivuda getməyi planlaşdırırdım. Sonra elə oldu ki, Türkiyədə sənətimə çox dəyər verən bir iş adamı məni fikrimdən daşındırdı. Bir həftə içində Kayseri universiteti məni ştatına saldırdı, halbuki, universitetə işə düzəlmək üçün aylar, illər tələb olunurdu. Həm də düşündüm ki, ingilis dili biliyim yetərsizdir, yaşım da çox uyğun deyil və Türkiyədə qaldım. İndi görürəm ki, ehtiyatlı addım atmışam.

– Arif Babayev, Rasim Ocaqov, Kamil Rüstəmbəyov, Tofiq Tağızadə ilə quruluşçu operator kimi işləmisiniz. Hansı rejissorla əməkdaşlığınız daha orqanik alınırdı?

– Arif Babayevlə. Arif daha kinematoqrafik rejissor idi, romantik və yaradıcı bir adam idi. O, Azərbaycan kinosunda “Yeni dalğa”nın nümayəndəsi kimi dəyərləndirilə bilər. “Uşaqlığın son gecəsi” Arifin filmidir, amma mənim iştirakımla. Ona görə də filmi özümə daha yaxın hiss edirəm, elə “uşaqlığımın” filmi sayıram onu. Onda institutu yeni bitirib gəlmişdim, istədiyim yenilikləri bu filmdə gerçəkləşdirdim. Ümumiyyətlə, yaradıcılığımın əvvəlindən bədii filmlərin yaradıcı həllində söz sahibi olmuşam. Çəkilişlərə Arifin və mənim dostlarım qatılıb. Amma “Ad günü” filmində quruluşcu operator olsam da, onu yaradıcılığımda uğur kimi görmürəm. Rasim Ocaqovun filmlərində, xüsusilə son filmlərində daim ssenarist təzyiqi mövcud idi, plastik həllin yerini sözlü ifadələr alırdı. Burada rejissor, ssenaristin stilini, dünyagörüşünü sözbəsöz icra edirdi. Əslində İbrahimbəyov qardaşları Azərbaycan kinosunu yanlış yola yönəldirdilər. Azərbaycan filmləri Rusiya filmlərini təqlid edirdi. Sadəcə, qəhrəmanların, məhəllələrin, küçələrin adı dəyişirdi. Bizim gənc rejissorlar da rus kinosunun təsirindən qopa bilmirlər. Qafqaz sıra dağları milli kinomuzu sanki güvənli bir şəkildə zvyagintsevlerin, larsvontrierlerin rüzgarlarından qoruyur. Ayrıca, rus sovet kinosu düşündüyümüz qədər də dünya kinosunda xüsusi yer tutmur.


– Siz dediniz ki, Arif Babayev “Yeni dalğa”nın nümayəndəsi idi. Bu cərəyana aid olan başqa hansı rejissorumuzun adını çəkə bilərsiz?

– Çox təəssüf ki, heç kimin. Ondan başqa elə bir kinematoqrafik rejissor yox idi, halbuki o, Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti məzunu deyildi.

– “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində fotokadrlar var. Mizan, atmosfer Kris Markerin, Alen Renenin filmlərini xatırlatdı. Ümumiyyətlə, daha çox hansı estetika sizə yaxındır?

– İndi o kadrları dəqiqliklə xatırlamıram. Sənədli kinoya könül verdiyimə görə bu mövzu ilə bağlı fikrimi sənədli kino baxımından söyləyəcəyəm. Burada seçimim eklektik quruluşadır. Çünki günümüzün kinosu janrların iç-içə keçməsi ilə fərqlənir. Fəqət bunu da kinematoqrafik ifadələrlə qurmaq, janrların bir-birinə qovuşması ilə gerçəkləşdirmək lazımdır. Yetər ki, aradakı “tikişlər” görünməsin. Hər hansı bir oyun o oyuna məxsus qanunlarla oynanılmalıdır. Kino da oyunların ən intellektualıdır. Milli kino milli dəyərlərimizi tərənnüm etsə də, forma baxımından bəşəri olmalıdır.

Bəzən iş gününün sonunda universitet dəhlizləri boşalanda və binaya tənhalıq çökəndə kompüterimdə “Arşın mal alan” filmini izləyirəm… Gözlərim dolur. Burada tam azərbaycançılıqla bərabər bir Hollivud havası var; Rəşid Behbudov sanki – Robert Teylordur, Leyla Bədirbəyli- Vivyen Li. Niyə bu ip qırıldı, yerinə saxta beynəlmiləlçilik gəldi?!

– Sizcə niyə?

– Bilmirəm. Bu möhtəşəm əsərin arxasında kim durub? Zənnimcə, bu şəxs Təhmasib deyil (Rza Təhmasib – “Arşın mal alan” 1945-ci il versiyasının rejissorlarından biri- S.S.), çünki yaradıcılığının davamında bu şücaəti onda görmədik. Leşşenko? (Nikolay Leşşenko – filmin ikinci rejissoru – S.S.). Onun sonrakı yaradıcılığı da kino cəmiyyətində dilə gətirilmədi. Burada Əlisəttar Atakişiyev fenomeninin təsiri ehtimalı böyükdür. O, rəsmən filmin quruluşçu operatoru olub, amma bundan başqa, Atakişiyevin filmin quruluşuna, ümumi təsviri həllinə böyük təsiri olub. Eyni zamanda o, filmdə istifadə olunan kostyumların eskizlərinə tərtibat verib. Atakişiyev çoxşaxəli kino mütəxəssisi və əsl ziyalı olub. Bakıda ilk kəpənək qalstuk taxan o olub. Əfsuslar olsun ki, bu dəyərli ziyalı intriqalar qurbanı oldu və ömrünün sonunda da çox haqsızlıqlarla üz-üzə qaldı. Sonda qürbətdə vəfat etdi. Dünyasını dəyişmiş başqa bir rejissorumuzun sözüylə desəm, Azərbaycan kinosunda intriqantlar və istedadlı adamlar çalışıb. Təəssüf ki, birincilərin sayı daha çox idi.

“Arşın mal alan” – bu parlaq əsərin arxasında kim var imiş? Hörmətli kino tədqiqatçıları üçün bu mövzunun dəyərli olduğunu düşünürəm.

– “Uşaqlığın son gecəsi” kult film sayılır. Bu filmin çəkilişlərindən ən çox yadınızda nə qalıb?

– Köhnə evlərin damları. Bu mənim ideyam idi. Tofiq Mirzəyevi küçədə, kütlənin içində statistlər istifadə edilmədən və əl kamerası ilə çəkdiyim səhnə. Tam həyatın içindən alınmış bir səhnədir.

– Siz Azərbaycanda kinooperatorluq sənətinə poetik dəst-xəti gətirən ilk adamsınız. Sənədli filmlərinizdə, hətta “Meydan”da poetika hiss olunur. Poetika niyə bu qədər yaxındır sizə?


– Əslində, sənədli film paradoks üzərində qurulur, bir yanda həyati hadisələri gerçək bir tərzdə əks etdirmək zərurəti, o biri tərəfdə quru gerçəkliyə aludə olmamaq ehtiyacı. Sənədli kinonun əsas hədəflərindən biri bilgi verməkdir. Jül Vernə məxsus bir deyim var, “Əyləndirərək öyrət!” Bu fikir yaradıcılıqda mənim üçün bir yol xəritəsi olub. Sənədli filmlərimdə bayatılardan, orijinal musiqidən istifadə etmişəm. Bununla bərabər işıqlandırma, kompozisiya, kamera hərəkətləri, rəng balansı, montaj, effektlər, varsa – söz və sair kimi ünsürlər yerli yerində olmalı idi. Ümumiyyətlə, sənədli kino quruluşuna da bədii film qaydaları ilə yanaşmaq lazımdır.

– “Meydan” filminin çəkilişləri necə keçdi, hansı çətinliklərlə üzləşdiniz?

– Bu mövzu ilə bağlı çox danışmaq istəmirəm. Arxivimdə meydan hadisələrinə dair gündəliyim var. Qismət olsa, geniş şəkildə bunu yazacağam. Sadəcə bir şeyi qeyd etmək istəyirəm. Sanıram, hamımız Qahirədəki “Ərəb baharı” hərəkatını televizorda izləmişik. Oradakı Meydana dəvələr, atlar, baltalı, çomaqlı adamlar çıxdı. Ardından Ramzesler məmləkətində təcavüzlər meydana gəldi… Bu hərəkətlərin heç biri bizim meydanda olmadı. Çünki Bakı meydanı xalqdan biri, əyalət ziyalısı tərəfindən idarə edilirdi. Sovet ideologiyasından bəslənmiş ziyalılarımız ortada yox idi. Bir an təsəvvür edin ki, 17 gün, 17 gecə meydan öz başına qalaydı… Burada kimləri görmədim, nələri görmədim ki… Bir gözəl şeyi də müşahidə etdim – xalqın həmrəyliyini. Bütün meydandakılar, hoteldəkilər – Abşeron hotelinin 17-ci mərtəbəsində bir geniş nömrədə yerləşmişdik, canla-başla bizə yardım etdilər. Təchizatımız çox mükəmməl, çəkiliş qrupu da peşəkarlardan ibarət idi. Filmin 25 yaşı var, amma ekran üzü görməyib. Bunu dərk etməkdə çətinlik çəkirəm…


– Tələbələrinizdən razısınızmı?

– Çox məmnunam, çalışma şərtlərim də çox rahatdır. Ən önəmlisi, tələbələr imtahanın sonunda hədiyyə təklif etmir və ya tapşırıqla qiymət almırlar..

Müsahibəni hazırladı: Sevda Sultanova / 2014-cü il

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya