Zarafatın axırı pis qurtardı

Rejissor Tod Filipsin “Coker” bədii filmi 2019-cu ildə ekranlara çıxanda əksər komiks fanatları kütləvi şəkildə məyus oldular və hətta ABŞ-nin əksər ştatlarında filmi boykot etmək cəhdləri də baş verdi. Belə ki, film əfsanəvi Betmen komiksinin spin-ofu (müəyyən bir bədii əsərin hər hansı bir qəhrəmanı haqqında ayrıca bir əsər) olduğu üçün, fanatlar burada da Betmen obrazını, o cümlədən, filmi ekşn janrında görmək arzusunda idilər. Arzuları puç olan fanatların məyusluğu uzun çəkmədi. Postmodernizm üslubunda, psixoloji-dram janrında olan film Yer kürəsi ətrafında özünə yeni fanat ordusu toplamağa nail oldu və rekord sayda kassa uğuru əldə etdi. (Büdcə: 55 milyon ABŞ dolları, kassa gəliri: 1 milyard 79 milyon ABŞ dolları. red.) Bundan əlavə, 9 kateqoriyada Oskar mükafatına namizəd olan film, 2 kateqoriyada – “Ən yaxşı kişi rolu” və “Ən yaxşı musiqi” – mükafat qazandı. Qeyd edim ki, Oskardan əlavə, film Venesiya, Berlin və daha bir neçə nüfuzlu festivallarda kifayət qədər mükafatlar qazanıb.

Sual meydana çıxır: geniş tamaşaçı auditoriyasının istəklərinə cavab verməyən film necə oldu ki, birdən-birə bu qədər mükafat və kassa uğuru əldə etdi? Və daha qəribə sual da odur ki, niyə filmin ikinci hissəsi tamamilə uğursuzluqla nəticələndi və hətta öz büdcəsini zorla yığa bildi? (Birinci hissəsindən fərqli olaraq, ikinci hissə demək olar ki 4 dəfə artıq büdcə ilə – 190 milyon ABŞ dollara – çəkildi və ümumi prokatda cəmi 207 milyon qazandı.) Hər iki suala bu yazıda cavab tapmağa çalışacağam.
Əvvəldə qeyd etdiyim kimi, film postmodernist üslubda çəkilib. Filmin ssenaristləri (Tod Filips, Skot Silver, Bob Keyn və b.), rejissor Martin Skorsezenin “Taksi sürücüsü”, “Komediya kralı” bədii filmlərinə açıq-aşkar göndərmələr edərək tamamilə orijinal bir personaj və əsər yaradıblar. Adlarını çəkdiyim filmlərdə baş rolu ifa edən Robert De Nironun da “Coker” filmindəki iştirakı bu faktı təsdiq edir.

Filmin baş qəhrəmanı Artur Flek (Coker), stendap komik olmaq arzusunda olan, lakin bu yolda heç bir uğur əldə edə bilməyən insandır. Onun cəhdlərini, şəxsiyyətini və ümumilikdə, onun varlığını daim rədd edən cəmiyyət, onun Cokerə çevrilməsinə səbəb olur. Coker, ingiliscədən hərfi tərcümədə (Joker) – “zarafatcıl” kimi tərcümə olunur. Onun uğursuzluğunun səbəbi, onun özündən başqa hamıya aydındır. Onun yersiz, heç kim tərəfindən başa düşülməyən və gülməli olmayan makabrik zarafatları (Ölüm, zorakılıq, xəstəlik və s. kimi faciəli və ya xoşagəlməz mövzuları məsxərəyə qoyan yumor forması. Bu tip yumor ciddi və tabu mövzularını lağa qoyur. Çox vaxt absurd, satira və qara yumor kontekstində rast gəlinir.) hamıda ikrah hissi oyadır. Onun qəfil baş verən və idarə olunmayan gülüşü də onun beynində gedən bu proseslərin nəticəsi kimi qiymətləndirilə bilər.

Məqaləni filmin geniş təhlilinə həsr etmək fikrim yoxdur. Mənim məqsədim, filmin birinci və ikinci hissələrinin doğurduğu reaksiya, əldə etdikləri uğur və uğursuzluğu incələməkdir.
Filmin birinci hissəsi ekranlara çıxan gündən, Betmen fanatlarını istisna etməklə, böyük fanat ordusu formalaşdı. İnsanlar Cokerin maskası ilə şəhərdə gəzməyə, onun obrazı əks olunan maykalar geyinməyə, onun kimi gülməyə, düşünməyə, rəqs etməyə başladılar. Coker – cəmiyyətdə baş verən ədalətsizliklərdən bezib, ədaləti özü bərpa etməyə qərar vermiş qəhrəmandır. Yer kürəsinin istənilən nöqtəsində ədaləti bərpa etmək istəyən böyük kütlə mövcuddur və belə personajın ekran inikası çevrilişlərə, etiraz aksiyalarına və s. destruktiv addımlara gətirib çıxara bilər. Hətta deyilənlərə görə, Covid-19 pandemiyası insanların küçələrə axışması və cokerizm sindromunun qarşısını almaq məqsədilə, filmin təqdimatından qısa müddət sonra süni olaraq ortaya atılıb. Doğrusu, bunun həqiqət olduğu şübhə doğurur, amma bəlkə də bu belədir.
Müşahidələrimə əsasən deyə bilərəm ki, filmin müəllifləri, ekran əsərinin belə reaksiya doğuracağını gözləmirdilər. Amma filmin ikinci hissəsinin fiaskoya uğraması düşünülmüş addım idi. İrəlidə bu fikrimə aydınlıq gətirəcəyəm.
Filmin ikinci hissəsinin – “Coker: İki nəfər üçün dəlilik” (Joker: Folie à Deux) – layihəsinin anonsu bütün dünya üçün gözlənilməz oldu. Filmin demək olar ki, hər bir pərəstişkarı ikinci hissənin əleyhinə idi. Onların fikrincə, film, bitdiyi yerdə qalmalı idi. Filmin ikinci hissəsinin müzikl janrında çəkiləcəyi faktı təsdiq olunanda fanatlar daha da coşdu. Lakin onların etirazının daha bir səbəbi vardı: filmdə müğənni Ledi Qaqanın çəkilməsi. Ledi Qaqa kifayət qədər böyük pərəstişkar ordusuna malik olsa da, onun bir o qədər də, müasir dildə desək, “heyter”ləri (nifrət edənlər) mövcuddur.

Filmin ikinci hissəsi, birinci hissənin bitdiyi yerdən başlayır – Coker türmə xəstəxanasında müalicə alır. Burada o, Li Kvinzel adlı (original komiksdə – Harli Kvin) bir qızla tanış olur. Li, Cokerin fanatıdır və onunla tanışlığı çoxdan gözləyirmiş. Film iki “dəlinin” sevgi əhvalatına köklənsə də, Cokerin məhkəmə prosesini əks etdirir. Hər məhkəmə prosesi Cokerin çöldə tüğyan edən fanatlarının səs-küyü ilə müşayiət olunur.

Hər kəs – türmə qarşısındakı etirazçılar, o cümlədən, ekran qarşısındakı tamaşaçılar Cokerin bəraət qazanmasını, yenidən azadlığa çıxıb ədalət carçısı kimi fəaliyyətə davam etməsini səbirsizliklə gözləyirlər.
Lakin bu baş vermir.
COKER ÖLMƏLİ İDİ…
Hamının gözlədiyinin əksinə olaraq, Coker – zarafatcıl qəhrəman “ciddiləşir” və bəyan edir: “Mən Coker deyiləm, mən Artur Flekəm”. Bu bəyanatla o, Li Kvinzeli və küçədəki fanat ordusunu özünə düşmən edir. Filmin birinci hissəsində olduğu kimi, burada da fanatlar sui-qəsd təşkil edərək Cokeri qaçırırlar. Onların fikrincə, Coker qorxduğu üçün öz adını və statusunu təkzib edir. Lakin Cokeri həbs edərək yenidən barmaqlıqlar arasına qaytarırlar. Və burada o, başqa bir məhbus – onun fanatı – tərəfindən qətlə yetirilir. Bu fənd müəlliflər tərəfindən şüurlu və ideal şəkildə düşünülüb. Belə ki, əgər Coker həbs cəzası alsaydı və ya hakimiyyət nümayəndələri tərəfindən qətlə yetirilsəydi, bu, onun dünya üzrə formalaşmış fanat ordusu tərəfindən daha da nifrət və qəzəblə qarşılanardı.

Müəlliflərin ikinci hissəni çəkməkdə məqsədini mən belə başa düşürəm: “Siz emosiyalara, və ya hər hansı ötəri hisslərə qatılıb qəhrəman ola və özünüzə ordu yığa bilərsiniz. Lakin bu qəhrəmanlığın ömrü uzun olmaya bilər, belə ki, “ağıllanacağınız” məqamda sizin tərəfdarlarınız sizə qarşı çevrilə və sizi qətlə yetirə bilər”. Bu fikri daha qısa ifadə etsək, “Qəddarlıqla ədalət əldə etmək olmaz”.
Məhz bu səbəbdən, müəlliflər Cokeri qətlə yetirirlər, amma, onun özünün yetişdirdiyi fanatın əlləri ilə…
Fikrimcə, filmin ikinci hissəsinin fiaskoya uğramasının əsas səbəbi də məhz bundadır. Fanatlar heç vaxt öz kumirlərinin ölümünü və məğlubiyyətini görmək və qəbul etmək istəmirlər.
2019-cu ildə Coker roluna görə Xoakin Feniks Oskar mükafatı qazansa da, film, “Ən yaxşı bədii film” kateqoriyasında əliboş qalır. Filmin “ən yaxşı” elan edilməsi alova benzin tökülməsi effekti yaradardı.
Sonda, “Filmin ikinci hissəsi olmamalı idi” fikrinin üstündə duranlara bir daha bildirirəm: İkinci hissə olmalı idi, Coker ölməli idi, əks təqdirdə, zarafatın axırı yaxşı qurtarmayacaqdı…
İlqar Quliyev