İNDİ OXUYUR
Zamana yad qəhrəman

Zamana yad qəhrəman

Neçəmiz öz zamanımızla yaşayırıq? Cəmiyyətin, hətta ailəmizin qayğılarından kənarda öz yolumuz, öz axarımızla. Sənət dünyasında, eləcə də kinematoqrafiyada geniş məna kəsb edən zaman anlayışı insanlar üçün iki kimlik üzərində formalaşıb. Hətta formalaşdırılıb. Cəmiyyətin və ailəmizin öhdəliklərini daşıyan kimliyimiz, digəri isə öhdəliklərin əsiri olan, “dişi-dırnağı” ilə gerçəyə çevrilmək istəyən mən”imiz. Daxili dünyadan imtina edərək, başqalarının gözləntilərinə cavab verərək yaşamaq, mənəvi olaraq öz vaxtından imtina və fədakarlıq kimi yozulur. Psixionalizdə fədakarlıq, fərdin özünü başqalarına həsr etməsi və onların ehtiyaclarının ön planda tutulması kimi təhlil edilir.

Kinematoqrafiyada müxtəlif bucaqdan şərh edilən bu konsepsiya Azərbaycan kinosundan da yan keçmir. Belə ki, nəzəriyyəyə fərqli rakursdan baxan rejissorlardan biri də Hüseyn Mehdiyevdir. Psixoloji dram janrında lentə alınan, ağır atmosferi və rəng palitrası ilə seçilən “Özgə vaxt” filmi 1996- cı ildə çəkilib. Avropa Kino Akademiyasının üzvü olan Hüseyn Mehdiyev, operator kimi bizə “Qəm pəncərəsi”, “İşgüzar səfər”, “Babamızın babasının babası” kimi məhşur filmlərdən tanışdır. Lakin rejissor kimi Hüseyn Mehdiyevi xüsusi edən, sərhədləri aşaraq mükafatlar qazandıran “Özgə vaxt” filmi olub. Film insan psixologiyasını, və ondan doğan dəyərləri geniş bir perspektivdən əks etdirərək, iki “mən” arasında qalan qəhrəmanın daxili dünyasını kinematoqrafik dillə ifadə edir. Bu film ata və övlad münasibəti fonunda, nəsillərarası əlaqəni, fərdin məişət və sosial həyatı boyu daşıdığı statusu incələməklə yanaşı, milli dəyərlər adlandırdığımız ənənəvi baxışları yenidən analiz etməyə sövq edir. Leylanın yerində siz olsaydınız, nə edərdiniz?


Rejissor, tamaşaçıya ekspozisiyanın ilk səhnəsində, ata obrazının (qəhrəmana ata deyə xitab edilir) əlil arabasında ölmüş təsiri bağışlayan imicinin göstərməsi ilə süjetin ağrılı olacağı mesajını ötürür. Eyni zamanda, qəhrəmanın keçirdiyi daxili və fiziki iztibratların vizual ifadəsi üçün otağa salınmış göyərçinləri, bulanmış döşəkçəni göstərərək kameranı kiçik detallara yönəldir. Rəng palitrasının dəyişməsi – ağ-qaraya keçid, fleşbeklərin filmə daxil olması hadisələrin mənbəyinə işıq salır. Belə ki, filmin baş qəhrəmanı Ələddin Abbasovun canlandırdığı qəhrəman, göyərçinlərə dən verərkən yüksəklikdən yıxılır və əlil arabasına məhkum olur.


Arvadını itirən atanın hər bir əziyyətini qızı Leyla çəkməklə yanaşı, ərköyünlüyünə, kaprizlərinə dözür. Atasına baxmaq məcburiyyəti, Leylanı günü- gündən həyatdan, ətrafdan, işdən təcrid etməklə yanaşı, sevgilisi Orxandan da yollarının ayrılmasına gətirib çıxarır. Filmin əvvəllərində Orxanın Leyla ilə olduğunu görsək də, Leylanın Orxanın təklifi ilə razılaşmaması – atasını tərk edərək ona ərə getməməsi, yaranmış böhranla tək mübarizə aparmağa vadar olduğunu göstərir. Filmdə qəhrəmanlar arasında keçən dialoq (“Orxan, anam öləndən sonra atam əlinə fırça almayıb. Bu şəkili də haçan çəkib bilmirəm”) nəsillərarası fərqi izah edir. Belə ki, rejissor hər iki qəhrəmanın münasibətini tərs mütənasib şəkildə təqdim edərək, yeni nəsil arasında məhəbbətin ülvi, sevənlərin isə qəlblərinin məbəd olmadığını göstərir. Rejissor, qəhrəmanın evəqapanmadan öncəki – Orxanla sevgili vaxtları, orkestrdə skripka ifa etməsi və s. səhnələri göstərməklə, sanki gələcəkdəki fədakarlığın meyarını dəyərləndirir. Haşiyədən kənara çıxaraq onu da demək istərdim ki, filmdə hər kəsin dayanmasına baxmayaraq, operatorun iri planda Leylanın ağlayaraq dayanmadan skripka ifa etməsinə fokuslanması “musiqi və özünüifadə” kimi də şərh edilə bilər.


Rejissor süjet daxilində qəhrəmanı, ekran qarşısında isə tamaşaçıları dilemma qarşısında qoyur. Atadan imtina edərək öz vaxtın ilə yaşamaq? Öz vaxtını, ömrünün çox hissəsini yaşamış ataya fəda etmək? Filmin kulminasiya səhnəsində bu suala üçüncü şəxs olaraq ata intihara cəhd edərək cavab verir. Bir növ bu addım ilə Leylanın onun vaxtı ilə yaşamasına qarşı çıxır. Qəhrəmanın dilemmasının (atasını seçməyi) bəşəri olduğunu düşünsəm də, dünya kinosuna geniş aspektdən müraciət etməyə təhrik etdi.

Atasına baxmaqdan imtina edən və onu qocalar evinə qoymağı təklif edən baxıcıya “Onun qzına nə gəlib? Onun evinə nə gəlib?” deyə aqressiv yanaşması, baxıcının dediklərinin Şərq mədəniyyətinə yad olduğunu göstərir. Məsələn, Qərb mədəniyyətinin nümunəsi olan, 2020-ci ildə Florian Zeller tərəfindən ekranlaşdırılan “Ata” (“The father”) filmində xəstə ata və ona baxan qızı arasında münasibətlər, mədəniyyət baxımdan fərqli cərəyan edir. Filmin texniki və bədii yönlərinin müqayisəsinə gəlincə, ilk növbədə bədii cəhətdən yanaşaraq mədəniyyətlərarası fərqi diqqətə çatdıraq. “Ata” filmində, qızı tərəfindən tərk edilərək atanın qocalar evinə yerləşdirilməsi normal qəbul edilir. İki filmin müqayisəsində xüsusi olaraq onu vurğulayaq ki, “Ata”, həm xəstə, həm də baxıcı psixologiyası bucağından “Özgə vaxt” filmini üstələyir. Belə ki, Altsheymer xəstəsi olan atanın beynindəki qarışıqlıqlara şahidlik edib, onu haqlı  sanmaqla yanaşı, təhqirə məruz qalan, həmçinin, atasının gözləri qarşısında tanımadığı bir adama çevrilən qızının dramını da görür və gələcəkdə verəcəyi qərarları anlaya bilirik. Tamaşaçı “Özgə vaxt” filmini isə sadəcə Leylanın gözündən izləyir və atasının daxili dünyası, quşlara olan sevgisinin səbəbi qaranlıq qalır. Anne atasına baxaraq yavaş-yavaş həyatdan təcrid olduğunu görüncə, öz rifahının yaxşılaşdırılması üçün çıxış yolu axtarmağa başlayır. Orxandan fərqli olaraq, onun həyat yoldaşı, Annenin əziyyət çəkdiyini görərək atasını xəstəxanaya yerləşdirməsini təklif edir. Məhz bu məqamda xüsusi olaraq onu vurğulamaq yerinə düşər ki, “Özgə vaxt” filmində Leyla atasını qocalar evinə yerləşdirsəydi cəmiyyət tərəfindən sərt tənqid ediləcək və ənənəyə qarşı çıxmış olacaqdı. “Ata” filmində isə atanın qızı tərəfindən tərk edilərək qocalar evinə yerləşdirilməsi sosial həyat yönündən daha çox qəbulediləndir.


Daxili böhranın poetik təzahürü, aktyorların ifası, psixoloji nüansların kinematoqrafik sintezi, filmi Azərbaycan kinosunda xüsusi edir. Hüseyn Mehdiyevin həm də operator kimi fəaliyyət göstərdiyini xatırlayaraq, filmin operator işində onun toxunuşlarını hiss edə bilirik. Atanın otağında aparılan statik çəkilişlər, kamera fokusunun qəhrəmanlarda, detallarda və simvollarda əks olunması, tamaşaçının qəhrəmanla empatiya qurmasına şərait yaradır. “Özgə vaxt” filminin üstün cəhətlərindən biri də ötürmək istədiyi mesajlarda detallar və simvolizmə yer verilir. Məsələn, Atanın incitdiyi, otaqda həbs etdiyi göyərçinlər Leylanı və onun əsir olmuş azadlığının metaforudur. Daim bir vaxtı göstərən divar saatı, əslində, zamanın donduğunu və heç kimin öz vaxtı ilə yaşamadığına işarə edir. Nəinki Leyla, hətta göyərçinlər də özgə vaxtla yaşayır.


Filmlərdə istifadə edilən metaforik detallardan biri də güzgüdür. “Özgə vaxt” filmində Leylanın güzgü ilə üzləşən, təravətsiz, bir az da yaşlanmış simasında əvvəlcə anlaşılmazlıq, daha sonra təəssüf hissi ilə yaranır. Güzgü simvolu, daxilən ziddiyyətlərlə dolu olan qəhrəmanın, özünüdərk prosesində çaşqınlığını ifadə edir. Eyni zamanda, Leylanın qonşu kişi ilə münasibəti, mənəvi olaraq atasının, onun boynunda olan öhdəliyinə xəyanət etməsi kimi də yozula bilər. Filmin sonlarına doğru quşların hücumu ilə ata vəfat edir və kadrlar ağ-qaradan rəngliyə keçid edir. Kadrların rənglənməsi Leylanın həyata qayıdışını ifadə etsə də, sonda divar saatının yalnız yarısının görünməsi, digər yarısının bulanıq olması, Leylanın ömrünün yarıya çatdığını ifadə edir. Əbəs yerə deməyiblər, xəstəyə baxmaq, insanı xəstədən betər hala salar.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya