Azərbaycan ədəbiyyatı animasiyada
İdeya müəllifi və tərtibatçısı Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyası” kitabının müəllifləri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Aydın Kazımzadə də var. 2018-ci ildə nəşr olunan kitab animasiya tariximizi geniş tədqiq edən nadir nümunələrdəndir. Kitabdan Sevinc Əzimovanın (Elsevər) “Azərbaycan animasiya kinosunun ədəbiyyatla əlaqələri” məqaləsini təqdim edirik.
Biz bilirik ki, dünya kinosu yeni-yeni yarananda ekrana çıxan ilk kinolentlər qısametrajlı kiçik süjetlər üstündə qurulurdu. Hələ Lümyer qardaşlarının nümayiş etdirdiyi ilk lentlərin süjetlərinin əsasında dramaturgiya dayanırdı. Dünya kinosu yaranan gündən ədəbiyyatla yola çıxmışdı.
Kinematoqrafiya hələ səssiz dövründə bir çox keyfiyyətləri ədəbiyyatdan öyrənmişdi, dramaturgiyadan və nəsrdən bəhrələnirdi. Səsli kino yaranandan sonra kinematoqrafiyanın ədəbiyyatdan bəhrələnmək imkanı daha da artdı, kinematoqrafiya ədəbiyyatın hesabına öz ifadə vasitələrini daha da genişlətdi. İlk bədii oyun filmləri kimi, ilk animasiya filmləri də kiçik süjetlər əsa- sında qurulurdu. Animasiya kinosunun pionerlərindən biri sayılan fransız Emil Kolun 1908-ci ildə ekranlara çıxan “Fantasmaqoriya” filminin süjetinin əsasında ekran dramaturgiyası dayanırdı. Cəmi dörd dəqiqə sürən bu filmdə qəhrəmanlar süjet xəttinə tabe idilər.
Azərbaycanda animasiya kinosu yaranan dövrdə artıq dünya kinosunda da, Azərbaycan kinosunda da rejissorlar nəinki ədəbiyyatın imkanlarından istifadə edirdilər, onlar həm də ədəbi əsərləri ekrana gətirirdilər.
Bədii ədəbiyyat incəsənətin bütün sahələrinin inkişafına böyük təsir göstərib. Demək olar ki, bütün incəsənət növləri ədəbiyyatla sıx əlaqədədir. O cümlədən kinematoqrafiya. Kinematoqrafiyanın vacibliyini, hələ o yarandığı ilk günlərdən böyük yazıçılar başa düşür, öz əsərlərinin ekran variantını görməyi, yaxud ekran üçün yazmağı arzulayırdılar. “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” kitabının girişində belə yazılır: “Dahi rus yazıçısı L.N.Tolstoy yazıçı L.Andreyevlə söhbəti zamanı demişdir: “Bütün gecəni fikirləşmişəm ki, kinematoqraf üçün yazmaq lazımdır. Axı bunu saysız-hesabsız kütlələr, bütün xalqlar başa düşür”.
Bu sözlərdən göründüyü kimi Tolstoy kinonun kütlələrə daha tez təsir etdiyini başa düşür, qiymətləndirirdi. Ədəbi əsərlərin ekranlaşdırılması milli ədəbiyyatın təbliği baxımından da çox vacibdir. Bir çox yazıçıların məşhur əsərləri ilə biz kinematoqrafiya vasitəsilə tanış oluruq, çox vaxt da əvvəlcə əsərin ekran variantını seyr edir, sonra əsərin özünü axtarıb tapıb oxuyuruq, bədii əsəri filmlə müqayisə edir, bundan böyük zövq alırıq.
Azərbaycanda çəkilən ilk animasiya filmi “Abbasın bədbəxtliyi” (1935) öz süjetini ədəbiyyatdan götürmüşdü. Folklor nümunəsi sayılan nağıldan.
Amma daha sonra çəkilən filmlərdə müəllif ədəbiyyatına da müraciət olundu. Azərbaycan animatorları klassik yazıçılarla bərabər müasirləri olan yazıçıların da əsərlərini çəkiblər. Hətta başqa ölkələrin ədəbiyyatından da bəhrələniblər.
Azərbaycan animasiya kinosunda bu günə kimi Nizami, Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, S.S.Axundov, A.Şaiq, Ə.Kərim kimi yazıçıların əsərləri ekranlaşdırılıb. Bu əsərlərin içində şeir nümunələri də var.
Nizami Gəncəvi (1141-1209)
Klassik ədəbiyyatımızın dahi nümayəndəsi olan Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında animatorlarımız üç animasiya filmi çəkmişlər. “Fitnə”, “Xeyir və şər”, “Şah və xidmətçi” adlı bu filmlərin süjet xətti Nizaminin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüşdür.
“Yeddi gözəl” poemasındakı “Bəhramın öz kənizi ilə macərası” və “Bəhramın ovlaqdan Sərhəngə qonaq getməsi” hekayətləri əsasında çəkilmiş “Fitnə” (1970) (rejissoru Ağanağı Axundov, rəssamı Elbəy Rzaquliyev) filminin təsvir həlli Şərq miniatür üslubundadır. Filmin yaradıcılarının təsvir həllində bu üsulu seçməsi təsadüfi deyil, Nizami Gəncəvinin yaşadığı dövrün, yazdığı əsərlərin ab-havasını göstərmək üçün seçilmiş yaxşı üsuldur.
Animasiya filmi yeniyetmələr və böyük tamaşaçılar üçün nəzərdə tutulub. Filmdə göstərilir ki, şah Bəhram Fitnə adlı kənizini çox sevir. Kəniz tez-tez ud çalır, Bəhram şah da qulaq asırmış (Biz filmdə Fitnənin arfa çaldığını görürük, diktor mətnində isə Fitnənin ud çaldığı deyilir, əsər- də də Fitnənin ud çaldığı barədə məlumat verilir). Bir gün Bəhram şah ovda lovğalanaraq ceyranları necə ovladığını göstərmək istəyir. O, oxu elə atır ki, ceyranın ayağını qulağına tikir. Şahın lovğalığı Fitnənin xoşuna gəlmir. Deyir ki, bu sənin məharətin yox, vərdişindir. Şah da Fitnəyə elə qəzəblənir ki, Sər- həngi çağırıb Fitnənin başını kəsməyi tapşırır.
Sərhəngin Fitnəni öldürməyə əli gəlmir. Şaha isə qızı öldürdüyünü deyir. Günlər keçdikcə şah başa düşür ki, Fitnənin yeri onun yanında ayrı imiş. O, Fitnə üçün çox darıxır, qüssə çəkir. Günlərin bir günü fikrini dağıtmaq üçün Sərhəngin evinə qonaq gəlir. Bu vaxt böyük bir öküzü boynunda uzun pil- ləkənlərlə yuxarı qaldıran üzübağlı qəribə qız görür. Təəccübünü gizlətməyə çalışaraq, qıza “bu hünər deyil, vərdişindir” deyir. Onda Fitnə şaha “ceyranın ayağını başına tikmək vərdişdən deyil, amma öküzü boynunda qaldırmaq vərdişdəndir?” – deyə sual edir. Bəhram şah Fitnənin öldürülmədiyini görən- də sevinir, eyni zamanda öz səhvini başa düşüb üzr istəyir.
Nizami Gəncəvinin bir çox qadın qəhrəmanı kimi Fitnə də yadda qalan və maraqlıdır. Nizami Gəncəvinin qadın qəhrəmanları orta əsrin cəhaləti içində itib-batan, qaranlıqlara qərq olan qadınlardan fərqlidir. Nizami Gəncəvinin qadın qəhrəmanları sözü üzə deyən, qorxmaz və cəsarətli, ağıllı və tədbirli- dirlər. Onlar nə fiziki, nə əqli məharətdə kişilərdən geri qalmır, hətta çox vaxt kişiləri üstələyirlər. Böyük intibah şairimizin əsərlərinin qadın qəhrəmanları əslində daxilən, mənən çox azad və humanistdirlər. Fitnə də humanistliyi, ağlı-dərrakəsi, qorxmazlığı, əqidəsi ilə seçilən obrazlardandır.
Amma buna baxmayaraq, Nizami qadını kişilərlə bərabərləşdirə də bil- mir. Təəssüf ki, qadında qüsur aradığı məqamlar da olur. Məsələn, əsərdə biz Fitnənin Bəhram şah qarşısında sərgilədiyi cəsarətin Nizami tərəfindən belə bir şərhini görürük:
“Şəkər dodaqlarda çoxdu kibrü-naz Qadındı, qadınlar olur boşboğaz.”
Hətta Nizami Fitnəni bizə fitnəkar Fitnə kimi təqdim edir.
Amma animasiya filmində biz Fitnəyə ayrı bir münasibət görürük. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov Fitnəni tamaşaçılara daha cəsarətli, sözü üzə deyən, haqsızlığa qarşı susmayan bir obraz kimi göstərir. Fitnə inadkardır, qarşısına qoyduğu məqsəd üçün gecə-gündüz çalışır, buzovu öküz olana qədər boynunda gəzdirməyi göz altına alır, səy göstərir, amma əsla bunu fitnə, ya hiylə yolu ilə həyata keçirmir. Fitnə fitnəkar deyil, əksinə tədbirli və ağıllıdır. Bu mənada biz Ədhəm Qulubəyovun ssenarisindəki Fitnəni daha çox bəyənirik, nəinki əsərdəki Fitnəni.
Bəhram şah isə animasiya filmində çox qaniçən göstərilib. O, Fitnənin öldürülməsi əmrini verəndə bir an belə tərəddüd etmir. Əsərdə isə o, tərəddüd edir, öz-özünə deyir: “Bilirəm dişiyə qıymaz ər kişi” və bu sözlərdən sonra Sərhəngə Fitnənin öldürülməsi əmrini gizli verir.
Animasiya filmində Sərhəng obrazı xeyirxah, rəhmdil göstərilib. Əsərdə isə o, Fitnəni həm də ona görə sağ saxlayır ki, Fitnə ona dəyəri çox baha olan yeddi ləl verir. Poemadakı Sərhəng acgözdür, həmin ləlləri məmnuniyyətlə qəbul edir.
Animasiya filminin qəhrəmanı Fitnə öz dediyindən bir addım da kənara qoymur, o, axıra qədər inadla şaha sübut edir ki, sözündə haqlı idi. Əsərdə isə o, belə deyir:
“Məni ərköyünlük çıxartdı yoldan Deyim doğrusunu azdırdı şeytan”.
Ədhəm Qulubəyov Fitnə obrazını qüsursuz, cəsur, işgüzar bir qadın kimi təsvir etmişdir. Əsərdən çıxan ideya gəncləri işdən, hünər göstərməkdən çəkinməməyə çağırır. Əslində bizi heyrətə salan bütün işlər vərdişlə, zəhmətlə başa gəlir.
Nizami Gəncəvinin əsərlərindən alınmış hekayələr əsasında çəkilən digər iki filmin də ssenari müəllifi Ədhəm Qulubəyovdur.
“Şah və xidmətçi” (1976) filminin rejissoru Nazim Məmmədov, quruluşçu rəssamları E.Axundov və M.Pənahi idilər.
Bu filmdə də hadisələrin çoxunu bizə diktor danışır. Şahın xidmətçisi düz sözü dediyinə görə şah onun bütün zəhmətlərini itirir. Tənqidi sevməyən, xidmətçinin on illik zəhmətinin, əziyyətinin qədrini bilməyən şahın əksinə olaraq, vəhşi itlər hərdənbir onlara yemək gətirən, şəfqətli davranan adamın yaxşılığını unutmurlar və əvəzsiz qoymurlar.
Nizaminin əsərlərindəki şahlar özündən razıdırlar, tərif eşitməyi daha çox xoşlayırlar. Tənqidə dözümsüzdürlər. Amma düz sözü deməkdən çəkinməyən cəsarətli obrazlar şahlara adətən dərs verirlər.
“Yeddi gözəl poemasından götürülmüş “Xeyir və şər” (1980) hekayəsi əsasında çəkilmiş filmdə də xeyirlə şərin əbədi mübarizəsindən bəhs olunur. (rejissor Nazim Məmmədov, ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rəssam Rafiz İsmayılov;) Bu filmdə də əhvalatlar gah diktor mətni ilə, gah da Nizaminin poemalarından alınmış parçalarla nəql olunur.
Məhəmməd Füzuli (1494-1556)
Klassik ədəbiyyat nümayəndələrindən Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsəri əsasında eyniadlı film çəkilmişdir (1994). Film böyük şairin 500 illik yubileyi münasibətilə çəkildiyindən filmdə şairin yaşadığı dövr də öz əksini tapmışdır. Filmin yaradıcıları filmin başlanğıcındakı təsvirlərdə miniatürçü rəssam Sultan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. Diktor mətni vasitəsilə Fizulinin yaşadığı dövr, XVI əsr sa- ray çəkişmələri, Şah İsmayılın Azərbaycanı birləşdirməyindən danışılır. Filmin müəllifləri M.Füzulinin alleqorik əsərini müasir dövrdə ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. 90-cı illərin əvvəllərindəki siyasi çəkişmələrə işarə etmişlər.
Seyid Əzim Şirvani (1835-1888)
Seyid Əzim Şirvaninin yaradıcılığından iki təmsil ekranlaşdırılmışdır. Bunlardan biri Nazim Məmmədovun rejissoru və rəssamı olduğu “Ayı və siçan” (1970), digəri isə Ağanağı Axundovun çəkdiyi “Aslan və iki öküz” (1970) filmi idi (bu filmin
də rəssamı Nazim Məmmədov idi). Hər iki mikrofilmdə gücsüzün güclü qarşısında müqaviməti, mübarizəsi göstərilir. Hər iki filmin də ssenarisini Maqsud İbrahimbəyov yazmışdır.
Məşhur təmsildə olduğu kimi “Ayı və siçan” filmində də siçan bir gün ayının əlinə keçir. Siçan yalvarır ki, onu buraxsın. Bəlkə əvəzində bir gün ayıya köməyi dəyər. Ayı əvvəlcə siçanı ələ salaraq rişxənd etsə də, onu buraxır. Bir gün siçan ayının tələyə düşdüyünü görür, toru dişləriylə çeynəyib ayını xilas edir. Filmin verdiyi mesaj o idi ki, kiçikliyindən, kimliyindən asılı olmayaraq sənə hər kəsin yaxşılığı keçə bilər və yaxşılıq heç vaxt itmir.
“Ayı və Siçan” animasiya filmi dinamik hərəkətləriylə, maraqlı təsvir üsullarıyla bu gün də maraqlıdır. Ayının qarşısında buxarlanan çay, göydəki günəşin şəfəqləri, çəpəki, dayanmadan yağan yağış da dinamikliyi artırır. Yağışın arxasında isə ayı ilə siçan məşhur söhbətlərini edirlər.
Ayı rus folklorunda daha populyardır. Rus uşaq ədəbiyyatında, təmsillərində, nağıllarında ayı obrazı gen-bol işlənib. Nazim Məmmədovun ayının əlinə təsbeh verməsi, qarşısına buxarlanan çay qoyması onu milliliyə yaxınlaşdırır. Hələ ayının belinə bağladığı sarğını da bura əlavə etsək, qətiyyətlə deyə bilərik ki, Nazim Məmmədov ustalıqla öz “milli ayımızı” yaradıb.
Uşaqların hələ aşağı siniflərdən tanış olduğu bu ədəbiyyat nümunəsi maraqlı ekran həllini tapmışdır. Təsadüfi deyil ki, Nazim Məmmədov uşaq ədəbiyyat kitablarına illüstrasiyalar da çəkirdi. Onun 400-dən çox kitaba illüstrasiya çəkdiyi bilinir.
“Ayı və Siçan” filmini Seyid Əzim Şirvaninin eyniadlı təmsilinə çəkilən canlandırılmış illüstrasiya da hesab etmək olar. Filmin lakonik və dinamik dili əsl uşaq təfəkkürünə uyğundur.
Abdulla Şaiq (1881-1959)
1971-ci ildə ekranlara çıxan “Tülkü həccə gedir” rəngli animasiya filmi Abdulla Şaiqin eyniadlı nağılı əsasında çəkildi. Aplikasiya üsulu ilə çəkilmiş faciəvi sonluqla bitən bu filmdə qocalıb-əl- dən düşən, artıq kəndlərə hücum edib toyuq-cücə oğurlaya bilməyən tülkünün necə fənd işlətməyindən, cildini dəyişib özünü mömin bəndə kimi göstərərək, xoruzu aldatmağından danışılır. Əslində bu film ikimənalı idi. Film üst qatında uşaqlar üçün maraqlı əhvalatdan danışırdısa, alt qatında fırıldaqçı mollaları ifşa edir, o vaxtkı Sovet ateist ideologiyasını özündə əks etdirirdi. Tülkü xoruzu namaz qılıb, oruc tutmağı ilə yoldan çıxarır. “Daha tövbə edirəm, indi həccə gedirəm!”- deyir.
Başına əmmamə qoyub, əlinə təsbeh alaraq tülkü əsl molla görkəmi almışdır. Əlində də bir əsası var, güclə yeriyir.
Əvvəlcə inamsızlıq göstərən toyuqlar da tülkünün namaz qılmağını öz gözləriylə görəndən sonra ona inanırlar. Tülkünün arxasına düzülüb oxuya-oxuya Həccə yollanırlar. Elə ki, kənddən uzaqlaşırlar, tülkü xoruza deyir ki, ağaca çıxıb azan versin, namaz vaxtıdır. Məhz namaz vaxtı bütün toyuqlar başlarını əyib səcdəyə gedəndə tülkü öz məkrli planını həyata keçirir. Torbasını çıxarıb toyuqlardan əlinə keçəni ora yığır. Filmin mövzusu əslində bütün zamanlar üçün aktualdır. Bu gün də din pərdəsi
altında insanlardan sui-istifadə edən adamlar az deyil. Bu mövzuda müasir uşaqları başa salmaq üçün filmin mütəmadi nümayiş olunması vacibdir.
Tülkü obrazı Azərbaycan animasiya filmlərində də folklorumuzda olduğu kimi, mənfi obrazdır. O, animasiya filmlərində çoxbilmiş, öz xeyrini güdən, öz mənafeyinə görə hər cür şər əməl törətməyə meylli canlı kimi göstərilir. Tülkü kələkbazlığın və yamanlığın simvolu hesab olunur.
Filmin ssenari müəllifi Eyvaz Borçalı, rejissorları isə Nazim Məmmədov və Bəhmən Əliyev idilər. Rəsmləri Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, E.Əliyev, Tamilla Əsgərova işləmişdilər. Filmin musiqisini Aqşin Əlizadə bəstələmişdir. Filmi Hüseynağa Sadıqov, Ağaxan Salmanov, Firəngiz Şərifova səsləndirmişdilər. Film üslub və sənətkarlıq baxımından yüksək qiymətləndirilmişdi.
1974-cü ildə Ağanağı Axundov və Məsud Pənahinin birgə işi olan “Pıspısa xanım və Siçan bəy” filmi ekranlara çıxdı. Filmin ssenari müəllifləri Nataliya Şneyer və İntiqam Qasımzadə, quruluşçu rəssamı Məsud Pənahi idi. Operatoru Ramiz Babayev, bəstəkarı Ramiz Mirişli olan filmin ssenarisi Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım” nağılının motivləri əsasında yazılmışdır.
Əsərin süjeti maraqlıdır, amma əsərin qəhrəmanı dozanqurdu qadın cinsində göstərildiyindən, bu əsərdə qadınlara qarşı müəllifin mətnaltı istehzasını da görməmək mümkün olmur. Filmdə də həmin ab-hava duyulmaqdadır. Baxmayaraq ki, filmin ssenari müəlliflərindən biri özü də qadındır. Filmin qəhrəmanı Pıspısa xanım geyinib-kecinərək, üz-gözünə bəzək vuraraq (!) özünə dost (yar) axtarmağa çıxır. Ona “qara qız” deyiləndə əsəbiləşir: “Qara özünsən! Mən saçı uzun Suray xanımam!” deyə cavab qaytarır. Burada belə bir sual meydana çıxır: Qara olmaq uşaqlara niyə kəsir cəhət kimi təqdim olunsun ki?!
Əsərdə Pıspısanın özünə dost axtarmasında mətnaltı kinayə sezilir. Özü də saçı uzun Suray xanımın ən böyük arzusu odur ki, dostunu acıqlandıranda onu döyməsin. Adətən nağılaltı qatlar həm də böyükləri düşündürən daha dərin mətləb daşıyır (Deməli, qadın dostunu acıqlandırsa, döyülür. Heç kimə sirr deyil ki, feodal-patriarxal dəyərlərin mövcud olduğu cəmiyyətlərdə məsələ elə bu şəkildədir).
Pıspısa xanım uzun axtarışlardan sonra Siçan bəyin timsalında arzuladığı dostu tapır. Amma görünür, Siçan bəy də dostluğu axıradək qoruya bilmir. Xan pişiyin evinə gedəndə “sən qadınsan, evdə oturmalısan” məntiqiylə Pıspısa xanıma evdən çıx- mağı qadağan edir: “Ora sənin yerin deyil, evdə otur, eş-eşiyə göz-qulaq ol” deyə əmr edir. Pıspısa xanım Siçan bəyin sözünə baxmır, evdən çıxır, bir su dolu çuxurun kənarında əyləşib xiffət edir və sonra da elə həmin çuxura düşür. Bununla da “dostunun” (ərinin) sözünə baxmayan qadın ziyan çəkər” fikri təsdiqlənir.
A.Şaiqin yazdığı sonluqdan fərqli olaraq (əsərdə Siçan bəy çuxura düşən, küsən Pıspısanın başına yekə daş salır, Pıspısanın canı yerindəcə çıxır və “ərinin sözünə baxmayan qadının cəzası ölümdür” mesajı açıq-aydın özünü göstərir) bu filmdə Siçan bəy “küstərəcik, küstərəcik, mən də sənə quyruq göstərəcik” deyə üzünü çevirib getməklə kifayətlənir. Pıspısa xanım da Siçan bəyin quyruğundan tutub suyu süzülə-süzülə quruya çıxır. Çox miskin, yazıq və qəmli görkəmdə ekranda görünür.
Siçan bəylə Pıspısa xanımın dostluğunun adi skamya yoldaşlığı olmadığını balaca uşaqlar da başa düşürlər (Pıspısanın xanım, Siçanın da bəy adlandırılması onların adi siçanla adi pıspısa olmadığına işarədir). Çünki Siçan bəylə Pıspısa xanım birgə yaşamağa qərar verəndən sonra toy edirlər. Həmin toyda “musiqiçi siçanlar” mahnı çalır, Siçanla Pıspısa da bəylə gəlin kimi qol götürüb oynayırlar. Sonrakı hadisələrdə Siçan bəy Xan pişiyin toyuna gedir. Xan pişik də məclisin başında öz pişik gəlini ilə oturub. Uşaqlar isə toyun nə demək olduğunu yaxşı bilirlər. Çünki gözləri açılandan ata-anaları onları qohum-qardaşın toyuna aparır. Ssenaridə bizim dəyərlərə yad olan bir məqam da nəzərə çarpır. Animasiya filmindəki bu hissə Pıspısanı haqlı vəziyyətdən haqsız vəziyyətə salır. Su çuxurunun kənarında Siçan bəyin yolunu gözləyən Pıspısa xanıma hardansa peyda olan bir kirpi yaxınlaşır. Niyə burda tək oturduğunu xəbər alır. Pıspısa xanım Siçan bəyin xan evinə getdiyindən, onu evdə tək qoyduğundan şikayətlənir. Sonra da kirpiyə onunla dost olma- ğı təklif edir. Kirpi isə Pıspısa xanımla dost olmaq istəmir, əlini əlinə vurub gülür və deyir ki, onun öz dostları özünə bəsdir. Kirpinin Pıspısaya münasibətində müəlliflərin ironik eyhamı özünü büruzə verir.
Maraqlıdır ki, kirpi obrazı adətən Azərbaycan animasiya filmlərində müsbət obraz kimi göstərilir, (“Kirpi balası və alma”, “Dəcəl dovşan”, “Xeyirxah kirpi”, “Mərhəmətin dadı” kimi filmlər-
də kirpi xeyirxahdır) təkcə bu filmdə kirpi xeyirxah deyil, onun Pıspısaya nəinki ürəyi yanmır, hətta onun dərdinə əlini əlinə vurub gülür.
Əli Kərim (1931-1969)
Ekranlaşdırılan əsərlərdən “Daş” (1977) adlı animasiya filmi də xüsusilə diqqəti çəkir. Əli Kərimin eyniadlı kiçik bir şeiri əsasında çəkilən filmin ssenarisini S.Rüstəmxanlı və Paşa Kərimov yazmışdılar. Film fəlsəfi mövzudadır.
Müharibə əleyhinə çəkilmiş fəlsəfi filmdə Əli Kərimin şeirinin məna yükü olduğu kimi çatdırılır. Ən qədim insan başqa birinə ilk daşı atdı. Həmin daş gah oxa, gah qılınca, gah avtomata, gah bombaya çevrildi. Bu gün də o daş havadadır. Bugünkü müharibələri törədən o daş qədimlərdən üzü bəri yol gəlir. Sülh olsa, sülh quşu göyərçin qanına qəltan olmasa, uşaqlar xoşbəxt olar, dünya gül-çiçəyə bürünər.
Daş burada dağıdıcı qüvvə rəmzidir. Ekranda daşın qarşısını kəsməyə çalışan əllər müxtəlif xalqların nümayəndələrinin əlləridir. Bu metafora ilə filmin yaradıcıları bütün xalqları müharibələrə “dur” deməyə çağırır, xalqları sülhə, müharibələrin qadağan olunması yolunda həmrəyliyə səsləyir.
Filmin rejissorları Hafiz Əkbərov, Əsgər Məmmədov, quruluşçu rəssamı Elçin Axundovdur. Bəstəkarı Xəyyam Mirzəzadədir.
Sevinc Əzimova (Elsevər)