Now Reading
Yeraltı evin sakinləri

Yeraltı evin sakinləri

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Lev Tolstoy

“Kino cəmiyyətin güzgüsüdür” desəm, yanılmaram. Belə olduğu halda kino onları “səsləyərək” özlərini kənardan görməyə dəvət edir. Davud İmanovun 1990-cı ildə lentə aldığı “Zirzəmi” filmi  XX əsrdə  cəmiyyəti, məişət həyatını bu güzgüdə əks etdirir. Davud İmanov 1984-1994-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissor vəzifəsini icra edib. Həmin vaxtlarda bir çox sənədli və publisistik filmlər ekranlaşdırır. O, “Zirzəmi” tammetrajlı bədii filmini Bakıya və bakılılara həsr etmişdir. Haqqında danışacağım film nəinki öz dövrünün, eyni zamanda bəşəriyyət və milli ruh mövcud olduqca, sənət adamlarının da müraciət edəcəyi nəsnəyə – ailə məişət problemləri, asılılıq, sənət və qazanc məsələlərinə toxunur. Filmin əvvəlində ailənin yeganə övladı olan Leyla ilə tanış oluruq. Leyla isə ailəsi haqqında məlumat verərək, onları tamaşaçılara təqdim edir. İlk səhnələrdə hər nə qədər sakit və səssiz görünsə də daim ərinin yaxşılığını istəyən və onun qayğısına qalan sadiq həyat yoldaşı Səbinənin  üzündə filmin sonlarına doğru güclənən kədər sezilir. Peşəsi memar olan Teymur, sənətindən başqa müxtəlif yollarla pul qazanmağa çalışır. Həyat yoldaşı Səbinə pulsuzluqdan əziyyət çəkdiyindən Teymuru işləməyə təhrik etməklə yanaşı, məhsulların satılması üçün mağazaya gedir. Buradakı mağaza müdirini Yaşar Nuri canlandırır. O söyləyir ki, qadının gətirdiyi çilçıraqların görünüşü yoxdur. Satışda isə əsas məsələ vizual gözəllikdir. “Elə bax mən. Əgər görünüşüm olmasaydı, məni heç mağaza müdiri təyin edərdilər?” replikası tamaşaçıların simasında təbəssüm yaratsa da, əslində, cəmiyyətdəki “mükəmməl” ailə anlayışına istehzalı istinaddır.


Teymuru maraqlandıran əsas məsələ sənət və bacarıq yox, hər nə yolla olsa əldə etdiyi gəlirdir. Onu içkinin olmaması düşündürür və bütün səyini o “ehtiyaca” sərf edir. Səbinə Teymurun mənfi xüsusiyyətlərini gözardı edərək, onu istedadlı, zəhmətkeş biri olaraq qəbul edir və bu cür də qələmə verir. Səbinənin çox vaxt səhərdən axşama qədər qoyub getdiyi “işgüzar” həyat yoldaşı tamaşaçının gözü önündədir. Belə ki, qazandığı pullarla dostları ilə birgə kef çəkən Teymurun avara və bivec həyatı daha da dərinləşir. Teymuru bacarıqsız adlandırmaq olmaz. Lakin onun həyatının mərkəzində Səbinə və Leyla yox, reallıqdan qaçmaq üçün “sığındığı” içki var. Hətta dostu ilə birgə zirzəmidən aşkarladığı əşyaları belə içki üçün gəlir yerinə çevirir.


Səbinə qayğıkeş həyat yoldaşı və diqqətcil anadır. O öz həyat yoldaşına qarşı səslənən bütün irad və tənqidləri inkar edir. Hətta anasını belə, həyat yoldaşının haqlı olduğuna inandırmağa çalışır. Əslində, ana ilk nəzərdən qızının halına yanan kimi görünsə də, bir o qədər də onun “zirzəmi həyatına məhbus olunmasında “əli var”. Səbinə özünə prototip kimi anasını götürüb və istəmədən qaçdığı kəs olub. Ana və qız arasındaki bu münasibət filmdə əsas mövzulardan birinə çevrilib. Psixoloqların fikrincə, ana, qızını istədiyi kimi yoğurur.  Qızı onun dediyini etmir, onu təqlid edib anasının davamı kimi böyüyür və ona bənzəyir. Anası qızı tənqid etdikcə qız daha inadcıl olur.  Qız nə qədər müstəqil olarsa, anası da bir o qədər tənqid edir. Ana, qızını qınamadan ona yaxınlaşdığını düşünəndə belə, qızı anasının onu qınadığını  düşünür. Çünki gənc qız, anası tərəfindən qəbul edilmədiyini düşünür. Bu prosesdə körpəlikdən bəri formalaşan asılılıq və günahkarlıq hissini də gətirir.  Gənc qız, anasının bəyənmədiyi həyat yolunu seçirsə, qarşıdurmalar, peşmançılıq, göz yaşları və qorxular bir-birinə qarışır. Yaxud anasının sözündən  və anasının yaratdığı modeldən kənara çıxmamaq üçün qızı çox ciddi səhvə yol verir və öz həyatını məhdudlaşdırmağı seçir. Anasından fərqli olmağı anasına xəyanət kimi qəbul edən qız, anasının gəncliyində edə bilmədiklərini etmək, əldə edə bilmədiklərinə nail olmaq missiyasını  özünə həvalə edir. Bununla belə, ana isə olmaq istədiyi, lakin ola bilmədiyi insanı qızı ilə bərabərləşdirir və onun kimi olması üçün qızını məcbur edir. Səbinənin anası ilə olan əsas ziddiyyətləri də buna görə yaranır. Anası Səbinənin gözündə özünü görür və əsas nifrəti də buna görədir. Belə ki, öz anası da vaxtikən ərindən boşanmamışdır. Və nəticəsi olaraq dünyaya gələn övladı ilə üz-üzə oturub onu günahlandırır. Amma elə olmur, yəni Səbinə bu “mirası” həyat yoldaşından ayrılaraq qızına ötürmür. O tüfeyli və artıq haqq qazandırılması mümkün olmayan ərindən dərin hüznlə ayrılır. Teymur ailəsinə kömək etməməklə yanaşı, xanımını da kişi diqqəti və qayğısından azad etmişdir. Onların ailə dostu olan Çingizin yanına gedəndə, orada olan orta yaşlı kişi ona aşiq olur. Səbinə artıq Teymurun əvəzinə verdiyi bu mübarizədən yorğun düşür və məhrum olduğu qayğı hissini Ayazda tapır. Filmin finalında ən böyük dəyişikliyi atası ilə görüşən Leylada görürük. Belə ki, təmiz libası və görünüşü, onun həyatında təzə səhifənin açılmasından xəbər verir. Filmin“Zirzəmi” adlanması xüsusi məna daşıyır. Filmin baş qəhrəmanları cəmiyyətin zirzəmi qatında yaşayan fərdləridir. Hər nə qədər gündüzlər cəmiyyətə qarışaraq sezilməsələr də, hər gecə bu faktla yenidən qarşılaşırlar.


Filmdə baş qəhrəmanları canlandıran aktyorlar Elina İsmayılova və Fərman Abdullayevdir. Elina İsmayılova, Səbinə rolu ilə əsl həyat yoldaşı və ana obrazını çox gözəl yaratmışdır. Rolun ən gözəl səhnələrindən bir neçəsini – anası ilə mübahisə, ərinin bivec davranışına sakit formada, jestikulyasiya ilə verdiyi reaksiyaları və s qeyd edə bilərik. Avara, tüfeyli həyat sürən Teymur obrazının öhdəsindən Fərman Abdullayev məharətlə gəlmişdir. Hətta bir nöqtədən sonra tamaşaçı rolun təsirinə qapılaraq, onu aktyor deyil, həyatda baş verən problemin real iştirakçısı kimi görməyə başlayır. Rasim Balayevin canlandırdığı Ayaz isə, digərlərindən fərqli olaraq, Səbinənin daxilində olan kədər hissini görərək ona kömək etmək istəyir. Əslində, Teymur sahib olub, fərqində olmadığı sərvətin – ailənin qədrin bilir. Ayaz əslində, qadından öz nəfsinə görə istifadə etmək məqsədində yox, ona sahib çıxmaq istəyindədir. Əks təqdirdə onunla baş-başa qaldığı, hətta evinə dəvət etdiyi gün bu çirkin məqsədini həyata keçirmək cəhdlərini görərdik. Rasim Balayev Azərbaycan kinosuna zəngin töhfə verən aktyorlardan biridir. Tamaşaçının hafizəsində “Nəsimi”, “Yarasa”, “Babək”, “Küçələrə su səpmişəm ” filmlərində rollarla qazanmışdır.  Filmdə mağaza müdiri epizodik rolunu oynayan Yaşar Nuri “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yuxu” kimi məşhur filmlərdə rol almışdır.

Elza Axundova

Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top