İNDİ OXUYUR
Yəhudilər və “Amerika xəyalı”

Yəhudilər və “Amerika xəyalı”

Bredi Korbenin “Brutalist” adlı epik filmi,  “Ən yaxşı film”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı musiqi”, “Ən yaxşı rejissor” kateqoriyalarında, “Oskar” da daxil olmaqla, bir neçə beynəlxalq mükafatın qalibi olub. Filmin ssenarisini Korbe ilə həyat yoldaşı Mona Fastvold birgə yazıb; musiqisini Deniel Blumberq bəstələyib, operatoru isə Lol Kroulidir.

“Brutalist” filminin qəhrəmanı holokostdan xilas olmuş macar əsilli yəhudi memar Laslo Totdur. 

Film irqçliyin, makkartizmin əleyhinə çıxış edir, kapitalizm-sənət, müharibə-sənət, müharibə-ailə münasibətlərinə işıq tutur, eyni zamanda, ümumiləşdirsək, “Amerika xəyalı”na, yəni, Amerikada rahat uğur qazanmaq, əziyyətsiz sosial-ictimai, siyasi-iqtisadi müstəvidə yüksəliş və sözün hər mənasında azadlığa yetişmək xülyasına ciddi ironiya edir. Hətta deyərdim, bu film digər tərəfləri ilə birlikdə anti-amerikan xarakterlidir.


Yenə Edrian Broudi, yenə yəhudi qətliamı, yenə qaçış… Şpilmandan (“Pianist” bədii filminin qəhrəmanı) fərqli olaraq, bu dəfə məşhur aktyor Polşa yəhudisini yox, macar yəhudisini canlandırır, fon-dekor da başqa cür qurulub, üstəlik, hekayəyə brutalizm, brutalizmin mərmər kimi soyuğu, beton sərtliyi əlavə edilib; musiqi, quruluş, rəng, aktyorlar…  Belə görünür, hər şey yaxşıdır, di gəl, nəsə çatmır… Brutalizm –  mənim ən sevdiyim memarlıq üslubudur, ancaq onu da qeyd edim ki, bu memarlıq üslubunu sərtliyinə, soyuqluğuna və bir növ, xamlığına, saflığına görə bəyənməyənlər də var.
Məsələn, Tramp 2025-ci ilin yanvarında sərəncam verdi ki, binası brutalizm üslubunda olan idarəedici və icraedici rəsmi strukturların ofisləri sökülsün, əvəzində daha müasir, estetik, səliqəli binalar inşa edilsin. 
 
Bəstəkar Deniel Blumberqin uvertürası məni heç vaxt görmədiyim Daxau həbs düşərgəsinin içindən keçirdi. Siren səsi, qadın çığırtısı, kişi ağlaşması…  Bir növ, bu uvertüra-müqəddimə, brutalistin, özünü lallığa vurmuş baldızı qızının məsumiyyətini, həyat yoldaşı Erzebetin məktubunun beton sərtliyini, mərmər kimi soyuqluğunu –  elə həm də daş istiliyini, üstəlik, canını götürüb gəmi ilə Amerikaya qaçan lasloların ümumi faciəsini müşayiət-ifadə edir.


Laslo Tot brutalist rəssamdır, Bauhaus məzunudur və holokostdan canını qurtarmaqdan ötrü yük gəmisilə Amerikaya – azadlığın ağuşuna qaçır. Proloqdakı uvertüra, gəmidə bir qadının səsini müşayiət edir; Erzebetin –  Laslonun həyat yoldaşının oxuduğu məktubu… Beləcə, memar öyrənir ki, əslində, onun həyat yoldaşı da, baldızının qızı da sağdır. Erzebetin Höteyə istinadı da məqsədlidir: “Özlərini azad hesab edənlər, əslində, kölə olduqlarının fərqində deyil, bundan pis nə ola bilər? Bu həqiqətdir: biz hələ azad deyilik…”

Nəhayət, Laslo Tot gəmidən çıxır… Nyu-York limanı… O artıq Amerikadadır… Ancaq hansı Amerika? Başını qaldırır və budur, ilk nişan, ilk işarə və rejissorun danışmaq istədiyi hekayənin ilk abzası: Operator Azadlıq eykəlini Laslonun gözüylə – aşağıdan yuxarı çəkir… Yəni, başıaşağı, mayallaq.

Bir növ, “Amerika xəyalı” psixozu birinci hissənin birinci səhnəsindəcə Hudzon çayına düşür. Paradoks odur ki, həmin vaxt radioda “Biz İsrailə – evimizə dönəcəyik və öz taleyimizi özümüz yazacağıq” populist şüarları səslənir.

Əslində, Amerikada Laslonu qarşılayan qohumu Atilla ilə səmimiyyəti, davranışları mənə çatmadı. Onları müşahidə etdikcə deyirdim ki, indicə öpüşəcəklər… Ola bilər ki, həyat yoldaşı da ərini memara qısqanmışdı… yaxud onu yəhudi olduğu üçün evdən qovmuşdu.

Yox, bunu özümdən demirəm. Məsələn, yadımdadır, Laslo Amerikaya gəldiyi gün fahişəxanaya getmişdi, fəqət mənə elə gəldi ki, onda erektil disfunksiya var. Ola bilər, holokostun, qorxunun təsirilə… Ola bilər, əvvəldən beləymiş… Hər halda sonrakı hadisələr mənim yanılmadığımı göstərir.

Qeyd etdim ki, Laslo Tot Bauhaus məzunudur. Biləsiniz, Bauhaus 1919-cu ildə Almaniyada təsis edilmiş, dövrünün ən məşhur memarlıq məktəblərindən biridir. Bauhausda heykəltaraşlıqdan tutmuş oyma işinəcən tədris edilirdi və məktəbin əsas fəlsəfəsi, prinsipi tikililərin funksionallığı idi; təkcə funksionalizm, modernizm yox, həm də minimalizm. Ən əsası, ilkin brutalistlərin çoxu məhz Bauhaus məzunları idi.


Haşiyəyə çıxmışkən, brutalizm haqqında da bir iki kəlmə…

Bu memarlıq üslubunun adı fransız dilindəki “brut” (təbii, xam, saf deməkdir) sözündən götürülüb. Bir növ, betonun xam halı. Brutalizm ağır, kobud, qeyri-estetiklik kimi təqdim edilir, fəqət bu, cərəyanın vizual tərəfidir. Mahiyyətcə estetikadan daha çox funksionallığa meyilli olan brutalizm, praktiklikdən əlavə, möhkəmliyi, dözümlülüyü ehtiva edir, həm də insanın dünyaya gəlişinin müəmması, gözəlliyin sərtliyi və sonu – beton, mərmər qaranlığı simvolizə edir. Memarlıq üslubları arasında formaca və mənaca insana bənzəyən, insanı andıran, insanı özünə xatırladan yeganə üslubdur, mənə görə. Xas, saf, çılpaq…


Görünür, Laslo Totun da brutalizmi seçməyi təsadüfi deyildi.

Bilirik ki, yəhudilər uzun illər boyu müxtəlif imperiyalar tərəfindən təqib edilib, bəzən zorla yerləri dəyişdirilib, sürgünə göndərilib, dini inanclarına görə təzyiqlərə məruz qalıblar.
Bu antisemit proses, xüsusilə, holokost dövründə, yəni, İkinci Dünya müharibəsi zamanı alman nasistlərinin altı milyon yəhudini öldürməsi ilə ən yüksək səviyyəyə çatıb.

Mən belə başa düşdüm ki, Bredi Korbe brutalizmi seçməklə antisemitizm ideyasını ümumiləşdirib; brutalist isə ümumiləşdirilmiş xarakterdir.

Sonda antisemit qüvvələr həqiqətin – yəni yəhudiliyin, yaxud yəhudilərin təmizliyində, saflığında əriyib yoxa çıxacaq, məhv olacaqlar… – amerikalı iş adamı, antaqonistimiz Harrison kimi.    

Birinci hissə ilə ikinci hissə arasındakı antakt da təqdirəlayiqdir. Sonuncu dəfə Tarantinonun “Murdar səkkizlik” filmində rastlaşmışdım bu cür fasilə ilə. İkinci hissədə, nəhayət, Laslo Tot həyat yoldaşı ilə görüşür. Holokostdan xilas olmuş xəstə, əlil arabasındakı qadın və onun dilsiz bacısı qızı. Bəli, Laslonun həyat yoldaşı səsdən insana bir saat qırx iki dəqiqədən sonra keçir.


Axır ki, filmin ikinci hissəsində onu gördüm, di gəl, Laslonun da mənim kimi əl-ayağı dolaşır: Erzebet əlil arabasındadır… Düşərgədə sümük əriməsi başlayıbmış (osteoporoz)… Aclıqdan… Bacısı qızı olmasa imiş, çoxdan öləcəkmiş… Ancaq, üzülməyə dəyməz, əgər yaxşı həkim tapsalar, stressdən, fiziki əziyyətdən uzaq dursa, sağalacaqmış.

Beləcə, sevgililər murada yetişir, Amerikada görüşür, fəqət elə o gecə Harrison Laslo Totu arvadının yanında təhqir edir, alçaldır. Harrison onları qısqanır; daha doğrusu, pulu-parası, malı-mülkü olduğu halda xoşbəxt deyil. Sadəliyin təntənəsi onu ağrıdır. O heç kimi sevmir, heç kimə güvənmir – bir növ, yəhudi mühacirlərə paxıllıq edir. Ancaq, cütlüyü çılpaqlığın işığında biz görürük, Harrison yox.

İllər sonra qovuşublar, bəs məktublardakı o istilik hanı? Laslo Tot Erzebetə heç toxunmur da… Düzdür, demək olar, qadın ona təcavüz edir, di gəl, Laslo qımıldamır. Heç nə hiss etmir. Açığı, mənə elə gəlir, Laslonu soyudan – Erzebetin xəstəliyi oldu. Əlil arabası… epilepsiya, sümük əriməsi… – yəqin ki, bütün bunlar ona psixoloji təsir edib…


Filmin quruluşunu, vizual həllini çox bəyəndim.

Məsələn, Harrison anasının xatirəsinə Xalq Mərkəzi inşa etdirməyə qərar verir. 
Özü öndə, insanlar da arxasınca – o, Mərkəzin tikiləcəyi yeri qonaqlara göstərmək üçün malikanənin arxasındakı təpəyə çıxır… Məhz həmin kadrı görüncə təkamül prosesini xatırladım.
Mən o səhnəni belə oxudum: Müxtəlif insan siluetləri… balacadan-böyüyə… Amma bu dəfə daşdan mədəniyyətə yox, beton cəngəllikdən beton hücrəyə…

Sonra… Qatardakı partlayış səhnəsi!
Təkcə estetik vizuallığı nəzərdə tutmuram. Partlayış vaxtı Laslo sinaqoqda hansısa ayini yerinə yetirir, qaydalara uyğun sağ əlini ritmlə sinəsinə vurur: tak-tak-tak… Bu tərəfdə qatar gedir: tak-tak-tak… Bir-birini müşayiət edən səslər və faciə…


Beləcə, üç-dörd il keçir… Laslo Tot bir inşaat şirkətində işləyir. Belə sakit günlərin birində Harrison onu yenidən çağırır. Xahiş edir ki, yarımçıq qalmış işini davam etdirsin. Laslo, əlbəttə, razılaşır. Elə həmin vaxt öyrənirik ki, Erzebetin bacısı qızı danışmağa başlayıb, artıq sevir. Oğlan yəhudidir, üstəlik, evə – İsrailə qayıdırlar.

Bu iki akt – həm Laslonun arzuladığı yerə, Xalq Mərkəzinə – işə qayıdışı, həm də Zofiyanın dil açmağı, evə  – İsrailə dönüşü simvolik-metaforik məqsədin bədii həlli üçün açardır.
 
Amerikada – əlbəttə, “Amerika” burada dünya kimi oxunur – Xalq Mərkəzinin – brutalist abidənin, yəni, ümumiləşdirilmiş yəhudi həqiqətinin inşası başlayanda, Zofiya da danışmağa başlayır, dili açılır, üstəlik, sevgilisilə birgə vətənə – İsrailə qayıdır. Bir növ, dairə qapanır. Həqiqət bərqərar olur.

Laslo Totla Harrisonun İtaliya səfəri – onlar Kararra dağlarına, Xalq Mərkəzindəki kapella üçün nəzərdə tutulmuş xüsusi kvadratşəkilli mərməri sifariş vermək üçün gedirlər – estetik-vizual müstəvidə zövqümü oxşasa da, – Kararra dağları… deyəsən, brutalizm abidəsidir, hansısa memar tikib… – hekayənin özü ilə heç bir əlaqəsi yoxdur. O hissəni filmdən çıxarsaq, heç nə dəyişməyəcək.  Öyrəndim ki, həmin hissə, doğrudan, Karrarada çəkilib, dekor-model, yaxud qrafika deyil.


Əvvəl elə bildim, Laslo Tot real obrazdır, “Brutalist” hansısa memarın həyat və yaradıcılığı haqqındadır. Doğrudan, sənədli-bioqrafik ab-havası var filmin. Xeyli araşdırdım və öyrəndim ki, Laslo Tot adlı bir geoloq var, özü də, macar əsillidir, ancaq o Laslonun bu Laslo ilə heç bir əlaqəsi yoxdur.
Əlaqəsi yoxdur deyəndə ki… adların eyniliyini, adamların hekayəsini başqa cür də mənalandırmaq olar, nə bilim, bu oxşarlığa təsadüf də demək olar, fəqət elə düşünürəm ki, Bredi qəsdən memarın adını LASLO, soyadını TOT qoyub.

Laslo Tot – bu macar əsilli geoloq vandal kimi xatırlanır. 1972-də Mikelancelonun məşhur “Pyeta” əsərinə hücum edir, balta ilə heykəlin burnunu, qolunu sındırır və həbs edilir.

Bəs yaxşı, Mikelancelo bu əsəri nədən hazırlamışdı? Əlbəttə, Karrara dağlarının mərmərindən. Bizim brutalistimizlə biznesmenimizin getdiyi həmin dağ…

Tot həbs olunur, fəqət məhkəmədə deyir ki, “İsa əbədi və əzəlidir, onun anası ola bilməz, mən sizin əməlinizə qiyamət günü şahidlik edəcəyəm və siz cəzalanacaqsınız”. Yəni, Laslo Tot yəhudilər kimi düşünür… Onun İsa haqqında düşüncələri, təxminən, yəhudilərin düşüncəsilə üst-üstə düşür.
Məndən ötrü, “Brutalist” filmindəki protaqonistin adı məhz bu səbəbdən Laslo Totdur. Rejissor “Pyeta”ya hücum edən geoloqu illər sonra brutalist kimi – yəhudiliyin Mikelancelosu kimi “doğur”. O, bu dəfə Karrara dağlarından gətirilmiş mərmərə Amerikada katolik xaçı formasında işıq tutur.

Məni valeh edən həm də, təxminən, 60 ildir istifadə edilməyən, 1950-ci illərdə “Paramount Pictures” tərəfindən yaradılmış və Hollivudun ən məşhur kino texnologiyalarından biri – “Vistavision” kamerasının vizual həllə qatdığı texniki genişlik, dərinlik, canlılıq oldu. “Vistavision”un üstünlüyü odur ki, 35 mm ölçülü lentə çəkir. Bu da görüntünün canlılığına, planın genişliyinə, dərinliyinə xidmət edir. Yəni, hər şeyi real ölçüsünə, real materialına, hərarətinə daha yaxın variantda təqdim edir.

Belə… Hər şey yaxşı kimi, mərmər kimi görünür, di gəl, həmin gecə amerikan iş adamı Harrison yəhudi əsilli brutalist memar Laslo Totu Karrarada – elə o mədəndəcə zorlayır… Özü də, alçalda-alçalda. Yəni, sən heç kimsən, özünü dəyərli hesab etmə, ancaq mənim kölgəmdə varsan… Rejissorun mesajı amerikalıların yəhudiləri, katoliklərin yəhudiliyi zorlaması kimi oxunur, fəqət tamamilə yersiz, artıq səhnə idi. Düzdür, müəllif bu aktın olacağına dair zaman-zaman nişan vermişdi, ancaq bu səhnə olmasaydı da, Harrisonun xarakteri, kimliyi, yəhudilərə, – elə digər azsaylı xalqlara da münasibəti aydın idi. Ümumiyyətlə, filmdəki erotik səhnələr hekayənin özünə heç nə qatmır, əksinə, yamaq kimi görünür.


Elə Erzebeti epilepsiya tutan gecə… Laslo məcbur qalıb ona heroin vurur, sonra da özünə… Ayılınca da sevişirlər… Düzü, sevişməyi imitasiya edirlər… Sevişmək kimi bir şey… Görünür, o ağrılı gecə brutalist Laslo Tot həyat yoldaşına etiraf edib ki,  Harrison onu zorlayıb…

O günün səhərisi, yəni, epiloqdan əvvəl Erzebet Harrisongilin imarətinə gəlir, oğlunun, qızının, masadakı digər iş adamlarının yanında “O mənim ərimi zorlayıb” deyib, Harrisonu göstərir.


Harrison əvvəl etiraz edir, ancaq sonra tərləyir, qızarır; utancdan özünə yer tapa bilməyən oğlu Erzebeti qapının ağzınacan sürüyür… Doğrudan, sürüyür…

Bu səhnə hardasa, rejissorun növbəti amerikalı-yəhudi münasibətinə işarəsi kimi də başa düşülə bilər, fəqət məncə, əsas məsələ oğlanın qorxusudur.
Axı o da təcavüzçüdür… Yəqin, öz zibilinin üstü açılmasın deyə özündən çıxır, Erzebeti evdən qovur…

Ya da daha brutalist: Bəlkə, atası onun özünü də zorlayıb..?

Başlayır dava-dalaş, səs-küy… qonaqlar gedir, Harrisonun qızı Erzebetə kömək edir, onu yerdən qaldırır, oğul isə qəfil hiss edir ki, atası yoxdur…. “Ata”, “ata”… – çağıra-çağıra evin hər tərəfini axtarır…. Ata yoxdur. Yoxa çıxıb. Deyərsən, heç bu evdə bu nişanda bir adam olmayıb. O buna deyir, bu ona deyir… Hamı başlayır Harrisonu axtarmağa. Xalq Mərkəzini qarış-qarış gəzirlər… Yoxdur…

Filmin ikinci hissəsi, beləcə, bitir. Düzdür, sonda axtarış qrupundan kimsə deyir ki, deyəsən, tapılıb, fəqət biz bir də heç vaxt Harrisonu görməyəcəyik. O öz anasının xatirəsinə tikdirdiyi Xalq Mərkəzinin içindəcə yox olur… Sən deyərsən ki, öz günahlarının altında qalır, mən deyərəm, bu, rejissorun Amerikanın sonu haqqında proqnoz-arzusudur…

Epiloq tamamilə rəzillikdir… Ümumiyyətlə, Karrara dağlarından sonra filmin keyfiyyəti sürətlə aşağı düşür. Təcavüz səhnələri, xarakterlərin dərinləşə bilməməsi, bəsit sonluq və tamamilə kommersiya filmlərinə xas ucuz epiloq. Musiqini, coğrafiyanı və memarlığı obrazlaşdıran, “Amerika xəyalı” psixozuna yüksək səviyyədə ironiya edən epik işin epiloqu gərək belə olmayaydı. Ümumiyyətlə, filmin son iyirmi dəqiqəsinə iyirmi il sığışdırılıb. Üç saata – on il, iyirmi dəqiqəyə – iyirmi il…

Anidən 80-ci ilə tullanırıq: əlil arabasındakı Laslo Tot, nəhayət, məşhurlaşıb, dəyərini alıb. Zofiyanın qızının sərginin açılışında dediyi “Əsas, yol yox, mənzildir” cümləsi də, əslində, yəhudilərin, yəhudiliyin ümumiləşdirilmiş şüarıdır; buna Füruğ Fərruxzadın “Quş ölür, sən uçuşu xatırla…” misrasının siyasiləşmiş antonimi də demək olar.


Ümumiyyətlə, İsrailin sudan duru, süddən ağ olduğunu vurğulamaq, özü də, ilin-günün bu vaxtında… fələstinlilərin holokostu vaxtı… nəyə, kimə lazımdır axı?

Məsələn, Laslo Totun yeganə qaradərili dostu Qordon və onun oğlu… Əlbəttə, bu, apaydın “Laslo irqçi deyil”, yəni, “yəhudilər irqçi deyil” mesajıdır… Fəqət Qordonun da xarakterini açmaq, işləmək, heç olmasa, ötəri də olsa, faciəsinə toxunmaq olardı.

Hər halda bu filmi şiddətlə tövsiyə etmirəm, fəqət qeyd etdiyim məqamlardan ötrü nə vaxtsa 215 dəqiqə (filmin metrajı bu qədər davam edir.) ayırmaq olar.
Əgər xəyali on ballıq şkala ilə qiymətləndirməli olsam, “Brutalist”ə bir yağlı dörd verərəm.

Ömər Xəyyam

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya