Xurmalar Yetişən Vaxt
Nə içindəyəm zamanın,
Nə də büsbütün dışında.
A. H. Tanpınar
Rejissor Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” əsəri iki böyük festivalda mükafat qazanıb. Onlardan ilki daha çox “sənət sənət üçündür” şüarı ilə seçimlər edən “Visions du reel” festivalıdır. İkincisi isə Sarayevo Film Festivalıdır. “Visions du reel”dən iki mükafatla qayıdan, Sarayevoda “Ən yaxşı sənədli film” nominasiyasında qalib gələn film nədən bəhs edir?
Hilal Baydarovun “Ana və oğul” trilogiyasının ikinci filmi məhz “Xurmalar Yetişən Vaxt”dır. Trilogiyanın sonuncu filmi elə “Ana və Oğul” adlanır və bu yaxınlarda başa çatan dünyanın ən böyük və irimiqyaslı sənədli film festivalı olan Amsterdam Beynəlxalq Sənədli Filmfestivalında (International Documentary Filmfestival Amsterdam – IDFA) əsas yarışmada mübarizə aparırdı. Sözügedən film festivaldan mükafatsız qayıtsa da, trilogiyanın sənədli kino tariximizin festival barəsində ən böyük uğurlarından biri olduğu şübhəsizdir.
“Xurmalar Yetişən Vaxt” qədim və klassik ana və oğul münasibətlərinə yenidən nəzər salan əsərdir. Lakin bu nəzər sosioloji, siyasi və ictimai mühitdən tamamilə uzaq, insan təbiətinə dair düşüncələrdir. Filmin ucqar bir kənddə keçməsi və burada sanki onların ətrafda baş verən hər şeydən izolasiya olunması həmin baxışın təzahürüdür. Meyvələrin, daha dəqiq desək xurmaların yetişməsi və onların yığımı üçün ailə üzvlərinin birləşmək ehtiyacı filmin özəyini təşkil edir. Ana müxtəlif yerlərdə yaşayan oğullarının yolunu gözləyir. Onlar vaxt-vədə yetişdiyi zaman geriyə qayıdır, yığım bitdikdən sonra isə gəldikləri yerlərə gedirlər. Rejissorun özünü və anasını çəkdiyi, kameranı məhz özünə və ailəsinə tərəf tutduğu film mənəvi axtarışın simvoludur.
Ananın statik kadrlarla portretinin təsviri, zamanı duymaq üçün köhnə şəkillərə baxması, hər gün qatar yoluna çıxması və günəşin yorğun-arğın gözdən itməsini seyri xeyli uğurlu alınır. Ana üçün zaman var və o zaman oğullarının yanında olduğu zamandır. Həmin zamanda ana xoşbəxtdir, yaşayır, duyur və keçmişə ehtiyacı yoxdur. Oğulun portreti isə danışqandır, hərəkətlidir, statiklikdən uzaqdır. Lakin o xoşbəxt deyil, yaşayır, amma yaşayışından məmnun deyil, zamanı duyur, ancaq bunun üçün evə, vətəninə ehtiyacı var. Ana üçün zaman oğulları olduğu halda, oğul üçün zaman böyüdüyü, emosional yaxınlığı olduğu yerlərdir. Xurmaların yetişməsi həm onları birləşdirən ortaq məqamdır, həm də ayıran məqamdır. Xurmalar yetişdikdən və yığım gerçəkləşdirdikdən sonra ana öz keçmiş zamanına, oğul isə zamansızlığına geri qayıdır.
Filmin ilk 40-45 dəqiqəsi demək olar ki, dialoqsuz formada irəliləyir. Burada insanlar danışmır, əvəzində isə təbiət susmaq bilmir. Quşlar oxuyur, sular axır, örüşdən geri qayıdan inəklər sakitcə irəliləyir, saat çıqqıltıları hərdən zamanı xatırladır və ana gözləyir. Həyatın ritmi təbiət vasitəsilə müəyyən edilir və burada heç bir insan müdaxiləsindən söhbət gedə bilməz. İnsan burada yaradıcı qüvvə yox, yaradılmışın bir parçasıdır. Bu yaradılış daxilində insan gözləyir, darıxır, müxtəlif düşüncələrə dalır. Saatla həmahəng irəliyə-geriyə hərəkət edən qoca qadının, yəni rejissorun nənəsinin, həyat tempi zamanın özünə çevrilir. Kənd həyatının ritminə, təbiətinə, səsinə qulaq verən, bir-birindən füsunkar görüntülərlə davam edən film 45 dəqiqədən sonra sehrini itirməyə başlayır. Kino tariximizin ən yaxşı hissələrindən biri bitməyə məcbur qalır, çünki artıq xurmalar yetişib, özünü axtaran rejissor təbiətin ritminə yeniliklər gətirərək geri qayıdır.
Əsərin dokumental tərəfi oğul Hilalın bir-birindən qəribə, narazılıq dolu, bəzən üsyan edən, bəzən çarəsizcə boyun əyən ifadələri ilə səndələyir. Sənədli olanla qurama olanın iç-içə keçməsi izləyicini Azərbaycanın ucqarında yaşadığı meditasiyadan ayıldır. Problemlər, ideyalar insanlar arasına qayıdır və özünü oğul qismində göstərir. Özü ilə barışa bilməyən oğulun varlığı barəsində sualları, səsini bəyənməməsi, hətta özünə qarşı ikrah duyduğu hiss ediləcək səviyyədə olan ifadələri həm anasına, həm də yaradılışına qarşı üsyana çevrilir. Burada oğulun, yəni rejissorun dilindən “Vətən zamanı hiss etdiyin yerdir” ifadəsi filmin bütün ideyasını faş edir. Zamanla bağlı problem, həm də varolmaq probleminə çevrilir. Zamanı duymaq həm də varlığını duymaq, burada olmaq və özünlə üzləşməkdir. Bu üzləşmədən isə ortaya məhz bu sual çıxır: Kimdir müqəssir? Bizi həyata gətirən ana, özünü heç bir vəchlə sevə bilməyən övlad, yoxsa ümumi yaradılışımızda ortaya çıxan nöqsanlar? Elə rejissor da eyni suallara cavab axtarır.
Dokumental ilə quramanın toqquşması izləyicidə yadlaşdırma effekti yaradır ki, bu, ortaya qoyulan suallara biganə qalmamağımız barədə tələbdir. Əgər ilk 45 dəqiqədə tamaşaçı izləyici qismindədirsə, sonrakı dəqiqələrdə passiv roldan aktivə keçməli olur. Ətrafda az dialoq vasitəsilə verilən suallar izləyiciyə də tuşlanır. Üstəlik bu izləyici izolyasiya olunmuş və heç bir siyasi-ictimai fonu olmayan kəndlə təkbətək qalırsa, deməli hədəf təkcə azərbaycanlı yox, özü ilə barışa bilməyən bütün insanlıqdır.
Film irəlilədikcə xəyalla gerçək, sənədli ilə qurama arasındakı xətlər yox olur. Filmi zəiflədən tərəflərdən biri isə oğulun vəz verməsidir. Bir məqamda oğul öz dili ilə digər insanları qınayaraq deyir ki, əksəriyyət qeyri-ciddilikdən əziyyət çəkir, bir yerdə dayanıb sakit qala bilmir, düşünmək istəmirlər. Bu ifadələrin izləyiciyə ünvanlandığı aşkardır, çünki rejissor özü də yaxşı başa düşür ki, artıq filmi sıxıcılaşır, yeni nəsə demir. Ora-bura tələsən müasir insan səbrini basa bilməyib axıra qədər tamaşa etməyəcək. İzləyicini qıcıqlandıran replika ilə yenidən filmə dəvət uğursuz alınır. Fərdi və şəxsi olanın açılması yavaşlığı ilə izləyicini itirir.
Film başladığı kimi də bitir: Geri qayıdan oğullar gedirlər və ana yenidən gözləmə halına keçir. Hadisələrin dövrəvi olması filmin kadrlarından da başa düşülür. Açılış kadrları ilə bitiş kadrlarının eyniliyi rejissorun zamana qarşı münasibətini aydınlaşdırır. Rejissor üçün zaman insanın içinə atıldığı və ya tərk edildiyi vakumdur. Hər şeyin təkrarlanması insanların sevinc və kədərlərinin, xoşbəxtlik və bədbəxtliklərinin, hətta ölümlə doğumun bir-birini əvəz etdiyini göstərir. Zamanın kəsilməz və bütöv olduğuna dair fəlsəfi fikir ekran həllini tapır. Filmin pəncərə ilə başlaması və bitməsi rejissorun izləyici üçün yeni bir baxış təklif etməsi kimi başa düşülə bilər. Uzun çəkən iki saatın sonunda film bitir, geriyə gözəl kinematoqrafiya, təbiətin ritmi və insanları qınayan vəzlər qalır.
Ümumilikdə, Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” filmi müxtəlif problemlərlə boğuşan Azərbaycan insanı və kinematoqrafiyasına alternativ təklif edir. Həmin alternativdə gündəlik qayğılara, sosial problemlərinə yer yoxdur, sadəcə insanın yaradılışı, həyatdakı məqsədi və varlığı var. Populizmdən uzaq, həllin daha dərinlərdə olduğunu göstərməyə çalışan bu dilin və görüntünün geniş izləyici kütləsi tərəfindən bəyənilməyəcəyi, hətta qarşılıq tapa bilməyəcəyi şübhəsizdir. Amma və lakin zamanın ələyindən keçmək uğurlu bir incəsənət əsəri üçün yeganə kriteriyadır. “Xurmalar Yetişən Vaxt” da zamandan danışaraq vaxtın ötəsinə keçməyi hədəfləyir. Azərbaycan kinosundakı yerinin necə olacağını isə zaman göstərəcək.
Hacı Səfərov