Xocalı aeroportunda küləklər əsir
2020-ci ildə erməni rejissoru Nora Martirosyanın Xocalı hava limanının (onlara görə “stepanakert” hava limanı) taleyini ekrana gətirən “Külək sakitləşərsə…” (“Should the Wind Drop”) bədii filminin 73-cü Kann festivalında “Ən yaxşı debüt tammetrajlı film” proqramına daxil edilməsi cəmiyyətimizdə qəzəblə qarşılanmışdı. Pandemiya səbəbindən Kann festivalı o zaman təxirə salınmışdı, sadəcə proqram elan edildi və bu o vaxt idi ki, İkinci Qarabağ Müharibəsinin başlanmasına az qalmışdı…
Azərbaycan tərəfi festivalın təşkilatçılarına o zaman etiraz məktubu göndərmişdi. Və məktubda sözügedən filmin Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində qanunsuz çəkildiyi, həmçinin, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi haqda məlumatlar yer almışdı. Taleyin ironiyası isə sözünü vaxtında dedi: Ermənistan, Fransa və Belçikanın birgə əməkdaşlığı çərçivəsində çəkilən filmin Avropa premyerası Parisdə sentyabrın 26-da baş tutdu və ertəsi gün Azərbaycan, torpaqlarının işğaldan xilasetmə əməliyyatına başladı…
“Külək sakitləşərsə…” filminin süjetinə görə, fransız auditor Alen (Qrequar Kolen) Qarabağa gələrək, buradakı hava limanının beynəlxalq normalara uyğun gəlib-gəlməməsini dəyərləndirməli və bu barədə beynəlxalq qurumlara hesabat verməlidir. Səfər zamanı Alenin müxtəlif adamlarla tanışlığı, əvvəldə sərt, qayda-qanun tərəfdarı kimi tanıdılan qəhrəmanı yumşalır; o, burada yaşayan erməni əhalisinin dərdinə şərik olur və çalışır ki, hava limanı beynəlxalq status qazansın.
Rejissor, müsahibələrində filminin siyasi olmadığını desə də, “Külək sakitləşərsə…“ siyasi spekulyasiyadır. Müəllif spekulyativ niyyətini bir tərəfdən universal hekayə standartları, metodları ilə ört-basdır etməyə çalışır, digər tərəfdən məqsədini gizlətmir: “Dağlıq Qarabağ xəritədə olmasa da dövlət kimi mövcuddur, müstəqil dövlət kimi dünyada tanınmaq haqqı var və bu statusun onlara qazandırmanın yollarından biri hava limanının fəaliyyətidir”.
Çünki həmin dönəmdə təyyarələri ancaq İrəvan istiqamətində işləyən hava limanına beynəlxalq statusun verilməməsi mövcud siyasi vəziyyət, daha çox Azərbaycanın diplomatik təzyiqləri, həmçinin, hava limanının sərhəddə, təhlükəli zonada yerləşməsi səbəbindən baş tutmayıb…
Rejissor dialoqlara ermənilərin qədim mədəniyyətini, Qarabağın onların tarixi ərazisi olduğu haqda cümlələr yerləşdirir, hər epizodda, məişət səhnələrində belə erməni xalqının tarixboyu haqsızlıqlara məruz qaldığını, əzabkeşliyini aktyorların psixi-emosional oyununda, bədən plastikasında vurğulayır. Bunun üçün o, hiyləgərcəsinə narrativ fəndlərindən istifadə edir; Aleni sadə insanlarla qarşılaşdırır, onların isə hər birinin müharibə ilə bağlı travmatik hekayəsi var. Məsələ ondadır ki, dinc şəraitdə – hətta müharibədə vəhşilik etmiş hərbçinin gündəlik yaşayışı kontekstində insani tərəflərini göstərmək daha rahatdır. Çünki müharibə filmlərindən fərqli olaraq, postmüharibə dövrünə aid ekran işlərində döyüşən tərəflərdən birini haqlı çıxarmaqdan ötrü inandırıcı, təbii adekvat vəziyyətlər tapmaq elə də çətin deyil. Məsələn, bu epizoda diqqət yetirək. Birinci Qarabağ müharibəsinin iştirakçısı, yüngülvarı kontuziya almış, hərbi geyimini əynindən çıxarmayan, “vətəninin” əbədi keşikçisi kimi göstərilən Armenin (Vartan Petrosyan) xeyirxahlığı, mərhəməti valideynlərini itirmiş balaca Edqarla münasibətində vurğulanır; o, Edqarın qayğısına qalır, onun sərhəd ərazisinə getdiyini biləndə, azərbaycanlıların onu qətlə yetirə biləcəyindən həyəcanlanır, kövrələrək onu qucaqlayır və bir daha ora getməməyi tapşırır. Bu vəziyyətlə rejissor, yəqin ki, Xocalı faciəsində uşaqları qətlə yetirmiş Armenin uşaq sevgisini göstərərək ona tamaşaçıda rəğbət hissi oyadır.
Rejissor, müharibənin Azərbaycan tərəfinin başlatması haqda təsəvvür yaradır. Analoji təsəvvür sonuncu müharibədən öncə lentə alınmış “Əgər hamı”, “Xətt” erməni filmərində də var. Alenin sürücüsü, komik cizgilərlə xarakerizə edilən Seyranenin (Arman Navasardyan) kədərli intonasiyada səsləndirdiyi cümlələrə fikir verək: “Bizim kəndimizi atəşə tutanda zirzəmidə gizlənirdik. Axşamlar isə əkib-becərirdik”.
Aşağıdakı dialoqda da, konfliktdən xəbərsiz Alenə (əslində isə dünyaya) Qarabağın onların əzəli torpağı və münaqişədə özlərinin qurban olmaqları ilə bağlı təbliğat-təşviqatı yer alıb.
– Zaman-zaman onlar əyləncə üçün maşınlara atəş açırlar.
– Kim atəş açır?
– Sərhədin o tayından, snayperlər…
Bu kimi vasitələrlə müəllif, niyyətinə bəraət verir, sadəlövh əcnəbi tamaşaçını asanlıqla manipulyasiya edir. Qarabağın müxtəlif rayonlarında çəkilən filmdə ərazinin idillik təsvirində, eyni zamanda, hər an müharibə təhlükəsinin ola biləcəyi narahatlığı duyulur. Ayrı-ayrı epizodlarda hərbçilər süjetə daxil edilir, Seyrane yeni doğulmuş oğlunu gələcəyin əsgəri, torpağın müdafiəçisi kimi görür, uşaqlar “dava-dava” oynayır və s.
Müsahibələrindən birində rejissor “mürəkkəb siyasi problemi fəlsəfi və ekzistensial səviyyəyə qaldırmışam” desə də, bütün hallarda hekayənin militarist qatı güclüdür və siyasi mesajlar ötürülməsində kifayət qədər konkretlik nümayiş etdirilir: yeri düşməsə də, Laçın dəhlizinin Qarabağa yeganə yol olduğu haqda danışılır, Alen, Xocalı hava limanının hələ Sovet dönəmində necə çətinliklə açılması (bu zaman 1970-ci illərin sənədli kadrlarından istifadə olunur), 1992-ci ildə Azərbaycan tərəfinin hava limanını bombalaması, Türkiyə və Azərbaycanın düşmən, İran, Gürcüstan və Rusiya ilə normal münasibətləri, 1915-ci ildə soyqırıma məruz qalmaları, onların bir millət olaraq, yer üzündən silinmə cəhdləri haqda məlumatlanıdırılır. Üstəlik, 1990-cı illərdə Yuqoslaviya müharibəsi səbəbindən, Alenin simasında beynəlxalq ictimaiyyət, erməniləri, guya haqq müharibəsində dəstəkləmədiklərinə görə ittiham olunur.
Sənət kontekstində “Külək sakitləşərsə” filminin forma və üslubu, ənənəvi dramaturgiyası natamamdır (ssenaristlər Nora Martirosyan, Emmanuel Paqano, Giyom Andre). Ermənilərin siyasi niyyəti, əsasən, Alenin və Edqarın hekayəsi əsasında nəql edilir. Valideynlərini itirmiş Edqarın torpaq sahəsini əkib becərməyə imkanı olmadığından, o, bulaq suyu adı altında hava limanının tualetindəki suyu sataraq pul qazanır. Alen və Edqarın görüşü, təması baş tutmur. Dramaturji gedişat onların görüşünü zəruri etsə də, qəhrəmanlar bir-birini sadəcə uzaqdan müşahdə edir, niyəsə Edqar ondan çəkinir və bu detallar süjetdə əsaslandırılmır.
Ermənistan istehsalı, Nataliya Belyauskenenin “Əgər hamı” (2012) filmində qəhrəmanlardan biri, Saşanın Rusiyadan Yerevana qonaq gəldiyi gün yerli əhalinin “su atmaq” ənənəsinə təsadüf edir. Firavanlığı, rifahı simvollaşdıran ənənə eyni zamanda, erməni xalqının xeyirxah, “sülhsevər” xarakterini canlandırır və Qarabağa gəldiyi gün Alenin də “su atmaq” ənənəsi ilə qarşılaşması bu mənada təsadüf deyil.
Musiqidən səliqə ilə, minimal həddə istifadə olunur. Və dünyadan tragik səviyyədə təcrid, metafiziki hiss yaradan musiqinin poetik təbiət, insan təsvirlərində səsləndirilməsi, erməni xalqının nəsə mifik, sirli obrazının yaradılmasına xidmət edir. Ümumilikdə, faciə səviyyəsinə qaldırılan problemdə universallıqdan çox, lokallıq hakimdir.
Rejissor uzun müddət layihəsinə Fransada maliyyə tapa bilməyib. Bir çox fransız şirkətləri filmi maliyyələşdirməkdən imtina ediblər. Onları maraqlandıran əsas məsələ qəhrəmanın kimliyi olub. Rejissorun “hava limanı”, “Qarabağ” cavabı prodüserləri qane etməyib. Ona görə, filminə qəhrəman düşünməli olan Martirosyan, Qərb tamaşaçısını maraqlandırmaq məqsədilə fransız Aleni mərkəzi personaj kimi seçib. Filmə maliyyə dəstəyini isə Ermənistan Milli Kino Mərkəzi və Evroimage göstərib…
Xocalı Hava Limanı haqda qısa arayış:
Hava limanı 1974-cü ildə istifadəyə verilib. Qarabağ münaqişəsinə qədər İrəvan–Stepanakert reyslərini həyata keçirib. 1992-ci ildə Xocalının işğalından sonra hava limanı yarasız vəziyyətə düşərək, fəaliyyətini dayandırıb. Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən 2009–2012-ci illərdə əsaslı təmir olunan beynəlxalq hava limanı istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları buna imkan verməyib. İşğal illərində hava limanı düşmən üçün Qarabağla İrəvan arasında hava dəhlizi olub. Paşinyan da daxil olmaqla, Ermənistanın bütün rəhbərləri bu hava limanından dəfələrlə istifadə edərək, Azərbaycan torpaqlarına qanunsuz daxil olublar. 2023-cü ilin oktyabrından Xocalı hava limanı yenidən Azərbaycanın nəzarətinə keçib.
Sevda Sultanova