Now Reading
XIII BBQF Festivalı; Yerli müsabiqə. Pis nədir, yaxşı nədir?

XIII BBQF Festivalı; Yerli müsabiqə. Pis nədir, yaxşı nədir?

11-15 noyabr tarixləri arasında Bakı Beynəlxalq Qısa Filmlər Festivalı baş tutdu. Festival tamaşaçıların görüşünə müxtəlif ölkələrdən fərqli mövzulu, janrlı filmlərlə gəlmişdi. Sevindirici məqamlardan biri isə o idi ki, yerli müsabiqədə 11 bədii və 8 sənədli film var idi. Bu yazımda da elə nümayiş etdirilən qısametrajlı bədii filmlərimizdən söhbət açacağam.

Bu filmləri müxtəlif altqruplara bölmək mümkündür. Onlardan birincisi, ölkədə ən çox film istehsal edilən janr olan komediya filmləridir. Azər Aydəmirin “O kafe” və Rüstəm Babazadənin “Son payız” filmləri sözügedən subkateqoriyaya aiddir. “O kafe”də gündəlik həyatımızın absurd məqamları əyləncəli dillə göstərilmək istənilir. Tez-tez qarşımıza çıxan “YouTube” videoçarxlarına bənzəyən işdə montaj həlli və vizual dilin axsaqlığı hiss olunur. Fransız “Yeni Dalğası”nın populyarlaşdırdığı “sıçrayışlı” montaj üsulu hazırda “YouTube” platformasında ən çox istifadə edilən montaj üsuludur. Bu yolla kontent istehsalçıları tamaşaçı diqqətini saxlamağı arzulayırlar. “O kafe”nin etdiyi də budur. Üstəlik montaj, klassik mənada, göz qırpmaqdırsa və sürətli montajlarla həyəcanı artırmaq istəyi olursa, bu filmdə istək aydın deyil. Rejissor tamaşaçı üçün nəfəs dərməyə imkan yaratmır, onu müxtəlif zarafatlarla dayanmadan əyləndirməyə çalışır. Bununla da, filmdən daha çox ardıcıl zarafatlardan ibarət səhnəcik təəssüratı yaratmağı bacarır.

Rüstəm Babazadənin “Son payız”ı isə bir erməni əsgərinin həyatında gördüyü son payızdan bəhs edir. Festivaldakı digər filmlərə nisbətən daha çox büdcəli olduğu hiss olunan bu filmdə, büdcə ilə ortaya qoyulan iş tərs mütənasibdir. Müharibədə çarəsizcə qorxusundan ağlayan insanın körpəliyinə keçid elə ağlamaq ilə baş tutur. Levonun (Nofəl Şahlaroğlu) dilindən onun ailəsinin bütün tarixçəsini öyrənir, babalarından etibarən alçaq və şərəfsiz bir nəslin davamçısı olduğunu görürük. Rejissor, ermənilər haqqında olan bütün stereotipləri, orta məktəb səviyyəsində olan düşüncələri filmə çevirməyi bacarıb. Film əyləncəli formada ermənilərin düşüncəsini göstərmək istəyərkən, eyni zamanda Ves Andersonu pis formada yamsılayaraq, yumor yaratmaq əvəzinə, özünü gülməli vəziyyətə saldığı üçün adamı güldürür. Rüstəm Babazadənin daha əvvəl qənaətbəxş sayıla biləcək “Əlvida, Şmidt!” kimi bir tragikomediyanın ssenari müəllifi olduğunu nəzərə alsaq, belə bir işə imza atması insanı təəccübləndirir.

Digər altqrup olaraq isə “Arthaus”u demək olar. Bura Lətif Lətifsoyun “Qarabasma” və Zaur Muxtarovun “Unudulmuş yarpaqlar” filmləri daxildir. Lətifsoyun “Qarabasma”sında filmini tamamlamaq istəyən (əslində isə tamamlaya bilməyən) rejissorun qorxularını, narahatlıqlarını və həyata dair düşüncələrini görürük. Bu cür ağır bir mövzunun altından çıxmaq üçün isə səkkiz dəqiqə yetərli olmur. Lətifsoy filmin qatlarını yaratmaq üçün Sokurovdan, Tarkovskidən imdad diləyir. Lakin filmin konseptual dünyasını açmaq üçün kinonun ustadları bəs etmir. Ustaca qurulmuş bir neçə kompozisiya filmin vizual dünyasını yuxarı mərtəbəyə qaldırsa da, ümumilikdə həyata dair düşüncələr və yaşamağın çətinliyinə dair sitatlar filmi xilas edə bilmir.

 Zaur Muxtarovun “Unudulmuş yarpaqlar”ında isə tamaşaçı ilk on dəqiqədə filmin məqsəd və məramını anlamağa çalışır. Çünki qəhrəmanların davranışları (intihar etməyə çalışmaq xaric) bu barədə heç bir məlumat vermir. Yavaş-yavaş inkişaf edən hadisələr heç kulminasiya nöqtəsinə çatmamış yekunlaşır. Lətif Lətifsoyun etdiyi kimi, bu müəllif də həyatdan, yaşamaqdan, insan itirməyin dözülməz ağırlığından, xatırlamaqdan danışır. Bu danışıqlar görüntülərlə birləşə bilmədiyi üçün havada qalmağa məhkum olur. Filmin əvvəlində olan Marsel Prustun sitatı, sonda isə “Bizdən qabaq vəfat edən əzizlərimiz necə də şanslıdırlar” ifadəsi filmdən ən yadda qalan anlara çevrilir. Əgər inşa yarışması olsaydı, mütləq bu cür ifadələr yüksək dəyərləndirilərdi. Film özü isə bu ifadələrin ağırlığı altında əzilir.

Növbəti altqrupu isə eksperimental adlandıra bilərik. Fərid Kərimlə Nicat Nazimin birlikdə çəkdiyi “Seçim” və Elvin Rüstəmzadənin “Storyboard” filmləri məhz sözügedən kateqoriyaya daxildirlər. “Seçim” filmi daha əvvəl adını sadaladığım iki “Arthaus” filminin getdiyi yolla getmək istəyir, lakin bunu daha pis və naşıcasına edir. Kimdənsə qaçan bir şəxs qapalı bir məkana girir və qarşısında üzəri qapalı olan iki molbert görür. Molbertlərin üzərini açanda isə bir tərəfdə məşhur mütəfəkkirlərin, filosofların, yazıçıların portretlərini, digər tərəfdə isə insanların başına gələn faciələri, işgəncələri, bəşəriyyətin törətdiyi cinayətləri görür. Yandırdığı bir siqaretlə isə qəhrəmanımız mütəfəkkirləri yandırır və tamaşaçıya çatdırmaq istəyir ki, siz də öz seçiminizi etməlisiniz. Bu yaradılan dualizm həqiqi bir hekayədən, konfliktdən məhrumdur. Məsələn, molbertin üzərində bir tərəfdə xoşbəxt ailə, digər tərəfdə isə bədbəxt ailə olsaydı və qəhrəman siqaret yandırarkən təsadüfən xoşbəxt ailə portretini yandırmış olsaydı, film effektiv bir siqaretə qarşı sosial çarx olardı. Bu halı isə, sadəcə tez parıldayıb tez sönən saman alovudur.

“Storyboard” isə indiyə qədər bəhs etdiyim filmlərdən yaradıcılığına görə fərqlənməyi bacarır. Düzənlik bir ərazidə baş verən qəribə hadisələr, “Ederlezi” oxuyaraq yaxınlaşan teatr truppası, boynunda “Kutuzov” yazısı olan aktyor və truppanın birlikdə “Hərb və Sülh” əsərini tamaşaya qoyması cəhdi ümumi hekayəni qavramaq üçün lazımi impulsları verir. Əvvəldə istifadə edilən simvolikanın, bütün göstərilənlərin çəkilən storyboard olması maraqlı tapıntıdır. Müharibədə iştirak edən rəssamın xəyal dünyası, şahidi olduğumuz hadisələr, yenidən müharibə səbəbindən yarımçıq kəsilir. Yaradıcı insanın müharibə şəraitində hiss etdiklərini və yaşadıqlarını, onun gördüyü iş vasitəsilə uğurlu çatdırdığına görə “Storyboard” fərqlənməyi bacarır.

Sonuncu altqrupu isə ənənəvi təhkiyəyə malik dram filmləri anladırmaq olar. Burada Türkan Hüseynin “Sonuncu foto”su, Qulu Əsgərovun “Hasar”ı, Elnur Paşanın “Yalnız Məzar”ı və Səddam Mehdiyevlə Murad Hüseynovun birgə çəkdiyi “İki yol”u var. Bu dörd film arasında ən qısametrajlısı olan “Yalnız məzar” həm də ən yaxşı sonluğu olan film kimi yadda qaldı. Hər kəsdən uzaqda, tək məzarda qalmaq istəməyən, anası öldükdən sonra onu bağrına basmaq istəyən oğulun alovlar içindəki görüntüsü, ruhlar aləmi ilə fanilər arasındakı metafizik əlaqənin kinoya çevrilmiş halı idi. Lakin bu film də konfliktin dərin qurulmasını bacarmayıb, rejissorların aktyorlarla işi qənaətbəxş deyil. Belə olduqda isə yaddaşda yalnız alovlar qalır.

Türkan Hüseynin “Sonuncu foto”su həm məzmun, həm də estetika baxımından yetkin iş təəssüratı yaratmağı bacardı. Üç qəhrəmanın – polis, müstəntiq və həkim – bir gecədə başına gələnlər, göstərilən işdə konflikt uğurlu qurulmuş olsa da, məsələnin həlli cəmi bir siqaretlə göstərilir ki, bu da qəhrəmanların transformasiyasını göstərmək üçün kifayət etməyə bilər. Üstəlik qəhrəmanların peşəsi və aralarındakı intihar söhbəti Nuri Bilge Ceylanın klassikə çevrilmiş “Bir zamanlar Anadoluda” filmini xatırladır. Filmin aktyor oyunu isə yaxşı mənada fərqlənməyi bacarır.

Səddam Mehdiyevlə Murad Hüseynovun birgə çəkdiyi “İki yol” isə ənənəvi “övladlarınızı oxudun” məsləhətinin ekran həlli təəssüratını yaratdı. Qəhrəmanın övladı ilə münasibəti, atanın övladının nəsillikcə olan peşələrini davam etdirməsini arzulaması dəfələrlə gördüyümüz hekayədir. Filmin operator işi və dövrü yaratmaq bacarığı yüksək olsa da, yeni nəsə deyə bilmədiyi üçün axsayır. Əgər bu mövzuya yeni bir baxış gətirməyi bacarsaydılar, festivalın ən yaxşı filminə ən böyük namizəd olacaqları şübhəsiz idi.

Qulu Əsgərovun “Hasar” filmi isə Azərbaycan kinosu üçün yeni bir mövzunu ortaya atır. İkinci Qarabağ müharibəsindən sonra ermənilərlə birgə yaşamaq təcrübəsindən bəhs edən filmdə oğlunu müharibədə itirmiş bir ailənin Qarabağa qayıdışını görürük. Qonşuluqda erməni ailəsi yaşayır və onlar bir vaxtlar “yaxşı qonşu” imişlər. Film bu konflikt üzərindən inkişaf edir və gələcəyə dair proqnoz verir. Azərbaycanlılarla ermənilər birlikdə yaşayacaqlar, ancaq onların arasındakı hasar var olacaq. Bu hasarı yenidən aradan götürmək üçün isə xeyli zamana, yaraların sağalmasına ehtiyac var. Bu filmin ümumilikdə əsas zəif məqamı musiqi istifadəsidir. Obrazların daxili konfliktlərini və həyəcanlarını tamaşaçıya çatdırmaq üçün həddən artıq musiqi istifadə olunur ki, süni atmosfer yaranmasına səbəb olur.

Filmlərin necəliyindən asılı olmayaraq, festival ənənəsinin yaranması, rejissorların tamaşaçıların qarşısına öz işlərini çıxarması bu dəqiqə Azərbaycan kinosu üçün hava-su kimi vacibdir. Ümid edək ki, bu il 13-cüsü keçirilən festivalın növbəti buraxılışında biz daha da yaxşı və təkmilləşmiş filmlərin şahidi olacağıq.

Qeyd: Müsabiqəyə daxil olan filmlərdən Nihad Qulamzadənin “Qonşu” filmini izləyə bilmədiyim üçün bu film barədə şərh verə bilməcəyəm.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top