İNDİ OXUYUR
Xarabalıq xəyallarından doğulmuş supermen

Xarabalıq xəyallarından doğulmuş supermen

Bir qədər geciksə də, Bakının kinozallar şəbəkəsi, nəhayət, zövqlü tamaşaçılara Hollivudun aktual trendlərindən biri olan “Möhtəşəm Marti” (“Marty Supreme”, rej. Coş Safdi) filminə baxmaq imkanı yaratdı. Bu ekran işi bu il “Ən yaxşı kişi rolu” nominasiyasında (Timoti Şalame) “Qızıl Qlobus”a layiq görülüb və ssenari, rejissjor işi, eləcə də “Ən yaxşı film” kateqoriyaları da daxil olmaqla “Oskar”ın doqquz nominasiyasında qələbəyə iddialıdır.


Filmə baxarkən tarixin bu qədər dramatik bir mərhələsində məşhur “Amerika arzusu” mövzusuna qayıdışın daha çox marketinq zərurətindən doğduğu hiss olunur.

Keçən əsrin ikinci yarısında cərəyan edən hekayə real hadisələr üzərində qurulub. Odur ki, xüsusi uydurmaya ehtiyac qalmasa da, filmdə bədii sərbəstlik kifayət qədərdir. Nyu-Yorkun gecəqondularında doğulub formalaşan qəhrəman mövzusu hələ Hollivudun qızıl dövrlərindən gələn tanış mövzudur.

Tragikomediya olmağa çalışan refleksiv bayopik kimi qurulmuş süjet, vaxtilə stolüstü tennis üzrə dünya çempionu olmuş yəhudi əsilli Marti Reysmandan bəhs edir. Bu rolu Hollivudun yeni parlamağa başlayan ulduzu Timoti Şalame canlandırır; onun qalın qaşları və intellektual eynəkləri obrazın xarakterini daha da qabardır. Coş Safdinin ilk solo rejissorluq işi olan film canlı və əyləncəli təsir bağışlasa da, onun həddini aşan hiperaktivliyi tədricən tamaşaçını yorur. Filmin ssenarisi Ronald Bronşteynlə müştərək qələmə alınıb ki, bu da hekayəyə müəyyən ədəbi bütövlük qazandırır və boşluqları qismən ört-basdır edir.

Hekayənin ideyası Badd Şulberqin Amerika arzusu ardınca qaçışı təsvir edən “Semmini qaçmağa nə vadar edir?” romanına söykənir.

Əgər bu ekran işi parlaq örtüyün arxasında gizlənən daxili boşluq haqqında dram kimi nəzərdə tutulubsa, o zaman bu fikir həddən artıq birbaşa, məktəb dərsliyi səviyyəsində metaforlarla çatdırılır.


Filmin əsas üstünlüklərindən danışası olsaq, şübhəsiz ki, karyerasına 1990-cı illərdə fransız kinosunda başlayıb, sonradan Hollivudda triumfla davam etdirən və bu gün də kinolentlə işləməyi üstün tutan operator Dariuş Xoncinin vizual həllini xüsusi qeyd etmək lazımdır.

İki saat ərzində tamaşaçı qəhrəmanın tipajı ilə tanış olur: əvvəlcə onun gündəlik həyatda sərgilədiyi infantil davranışlar cazibədar görünür; stolüstü tennis səhnələri isə, az qala, bir rəqsi xatırladır.

Ancaq başlanğıcda filmin ritmi dinamik təsir bağışlasa da, metrajın ortalarına doğru tamaşaçıda fasilə vermək istəyi yaradır.

Ekran işi yüksək Hollivud üslubunu təkrarlamağa iddialıdır— arzuların iflasını, seqreqasiyanın (ayrıseçkiliyin) hökm sürdüyü kapitalizmin amansızlığını nümayiş etdirir, dünyanın başı amansız “siçan yarışlarına” qarışıb və rejissor bura hiperrealizm estetikası çərçivəsində olduqca şərti görünən şirin bir heppi-end əlavə edir.


Son illərdə Amerika kinosunda çılğın dünya ilə yarışan qəhrəmanlar haqqında epik, saxta tragikomediyalardan ibarət bütöv bir anti-janr formalaşıb. Amma, məsələn, Pol Tomas Anderson “Döyüş ardınca döyüş” (“One Battle After Another”) filmində bu effekti daha inandırıcı təqdim edə bilib. “Möhtəşəm Marti” isə arabir Bredi Korbetin “Brutalist”inin (“The Brutalist”) fəndlərini təkrarlayır. Qəhrəman obrazında yenilik azdır və finala doğru film stolüstü tennis üçün nəzərdə tutulmuş narıncı toplar kimi yüngül təsir bağışlayır. Baş qəhrəman Marti Mauzer filmboyu cəsur idmançıdan daha çox, təlxək, şoumen kimi təsvir olunur.

Ekran işində məşq səhnələri, demək olar ki, yoxdur. Zira olsaydı, bu, obrazı, heç olmazsa, qismən Silvestr Stallonenin “oskar”lı “Rokki” filminin tərzinə yaxınlaşdırardı.

Qəhrəman, səssiz kino dövrünün keçmiş ulduzu olan qadın personajla (Qvinet Peltrou) telefon söhbətində tanışlığın ilk dəqiqələrindən özünü gah superulduz, gah da superagent kimi təqdim edir — məqsədi də oliqarx-faşist, antisemit bir kişinin həyat yoldaşını valeh etməkdir. Burada idman, Gi Deborun dediyi kimi, artıq tam şəkildə əyləncə sənayesinə çevrilib. Martinin əsas rəqibi — tennisçi Koto Endo Yaponiyanın kollektiv birliyinin təcəssümüdür və milli idealı, qəhrəmanın fərdiyyətçiliyinə qarşı qoyur. Filmin ümumi xronometrajında ona cəmi iyirmi dəqiqədən az ekran vaxtı ayrılsa da, məhz bu xətt ən bütöv və insani təsir bağışlayır.
1950-ci illərdə Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra təzə-təzə dirçəlməyə başlayırdı; ölkənin təcridi və xaricə çıxış məhdudiyyətləri, tədricən, aradan qalxırdı və Endo yeni Yaponiyanı dünyada təmsil edən ilk idmançı olmuşdu. Odur ki, emosional sıçrayışlar və məntiqi uyğunsuzluqlar üzərində qurulmuş əsas süjet xəttindən fərqli olaraq Marti-Endo qarşıdurması daha məntiqli və tutarlı təsir bağışlayır. Rejissor Martini xarabalıqdan çıxmış tənha bir supermen kimi görür; onun yetkinlik dövründəki obrazı isə 1980-ci illərin Voll-Strit maliyyəçilərini xatırladır.


Reyqan dövrü Amerika arzusunun yenidən aktivləşməsi ilə assosiasiya olunduğundan, filmdə həmin illərin musiqilərindən – “Alphaville” qrupunun “Forever Young” mahnısı ilə yanaşı, Piter Qebriel, “Tears for Fears” və “Public Image Ltd.” qruplarının treklərindən istifadə olunub.

Filmin ikinci yarısında montaj məntiqi bilərəkdən stolüstü tennisdən uzaqlaşır: qəhrəman öz-özü ilə rəqabət apara-apara cinayət macəralarına sürüklənir. Abel Ferraranın canlandırdığı avara görkəmli mafiya fiquru ilə bağlı əsas səhnələr və Tayler, The Creatorun oynadığı tüfeyli dost obrazı hekayəyə kolorit və yumor qatır. Amma populyar reperin kameosu nə qədər effektli olsa da, film finala yaxınlaşdıqca süjetin məntiqsizliyi daha da dərinləşir, üstəlik, düyünün açılması faktiki olaraq yoxdur. Martinin ard-arda düzülən uğursuzluqları hesabına dinamikanı gücləndirmək cəhdi dramaturji xəttin süniləşməyi ilə nəticələnir; burada hər yeni səhnə əvvəlkindən daha təsirli görünməyə çalışır.

Ülvi Mehdi

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya