İNDİ OXUYUR
Vouter Yansen: “Layihələrin marketdə iştirakı çox önəmlidir”

Vouter Yansen: “Layihələrin marketdə iştirakı çox önəmlidir”

Müsahibimiz “Square Eyes” kino satış agentliyinin rəhbəri Vouter Yansendir. Onunla “Dəyişiklik” beynəlxalq müştərək kino istehsalı təlimi zamanı Moldovada görüşdük. O, əvvəllər Oskar kvalifikasiyalı “Go Short” Beynəlxalq Film Festivalının proqram rəhbəri kimi fəaliyyət göstərib. Bu dəfə o suallarımızı məhz satış agentliyinin perspektivindən cavablandırıb.

Azərbaycan oxucuları üçün sizin və şirkətiniz haqqında daha çox məlumat almaq istərdik.

– Hər kəsi salamlayıram. Adım Vouterdir və “Square Eyes” adlı satış şirkətini idarə edirəm. Mədəniyyətşünaslıq və menecment üzrə magistr təhsilim var, on ildən çox film festivalları və proqramlaşdırma sahəsində işləmişəm və 2012-ci ildə bu şirkəti təsis etmişəm.

“Square Eyes” şirkəti vasitəsilə bədii filmlərə dünya satışında, qısametrajlı filmlərə isə əsasən festival yayımı sahəsində dəstək veririk. Bədii film seçərkən, mənim şəxsi maraqlarımla uzlaşan – yəni təhkiyə üsulu və estetik baxımdan eksperimental yanaşmalara malik, çox zaman siyasi mövzuları da özündə ehtiva edən filmləri seçirik.

Şirkət bir neçə mərhələdən keçib. 2012-ci ildə yalnız qısametrajlı filmlərlə – əsasən holland filmləri ilə – işləyən “Some Shorts” (Bəzi qısalar) adı ilə başladım. 2016-cı ildə ilk dəfə “Stranger in Paradise” (Cənnətdəki yad adam) bədii filmində çalışdım və getdikcə beynəlxalq qısametrajlı filmlərlə də işləməyə başladım. 2020-ci ildə şirkəti “Square Eyes”adı ilə yenidən başladım, bu da daha aydın profil yaratmaq və bədii filmlərlə işimizi daha rəsmi şəkildə qurmaq üçün atılan addım idi. Baxmayaraq ki, artıq 4 il idi ki bu sahədə fəaliyyət göstərirdim. Hazırda, il ərzində 10-15 qısametrajlı film və təxminən 6 bədii film üzərində işləyirik. Komandamız 3 nəfərdən ibarətdir.


– Niyə bu sahəni seçdiniz?

– Əvvəllər qısametrajlı filmlər festivalında işləyirdim və film axtarışı ilə məşğul olarkən görürdüm ki, Niderlandda çox gözəl filmlər tapıram, amma bu filmlər beynəlxalq festivallarda görünmür. Düşündüm ki, burada nəsə düzgün getmir – ya uyğun festivallara göndərilmirlər, ya da ümumiyyətlə bu iş görülmür. Ona görə düşündüm ki, bəlkə bu sahədə nəsə edə bilərəm. Bir məzun filminin festival həyatının təşkili ilə məşğul olmağa başladım və sonradan bu iş tədricən böyüyərək bugünkü “Square Eyes” şirkətinə çevrildi.

Filmlərə olan sevgim isə uşaq vaxtımdan var idi. Atam məni və qardaşımı məktəb günü gizlicə kinoya aparırdı. Məsələn, “Twister” (Qasırğa) (1991; rejissor Yan de Bont) filmi və bu sevgimi daha da artırdı. Öncə, uzun müddət musiqi sahəsində fəaliyyət göstərmişəm. Yalnız universitetdə oxuyarkən yeni yaradılmış qısametrajlı film festivalında təcrübə keçməyə başladım və nəticədə həmin festivalda 10 il işlədim.

Azərbaycanda satış agentləri ilə işləmək təcrübəsi geniş yayılmadığı üçün bizə satış agentinin işinin nədən ibarət olduğunu izah edə bilərsinizmi? Siz festivallarla necə işləyirsiniz? Bu prosesi bizim üçün aça bilərsinizmi?

– Satış agenti film istehsalçısı və ya prodüserlə, filmin nümayiş olunacağı sənaye sahələri arasında bir vasitəçi kimi fəaliyyət göstərir. Biz film komandasının adından çıxış edirik. Satış agentinin məqsədi, filmi distribütorlar, VOD (video-on-demand) platformaları, televiziya kanalları, festivallar və ya lazım gəldikdə, birbaşa kinoteatrlar və ya tamaşaçılara satmaqdır. Bütün bu prosesi qlobal miqyasda həyata keçiririk, yəni filmin dünyanın müxtəlif yerlərində nümayiş olunmasını təmin edirik.

İdeal vəziyyətdə – bu, əsasən daha böyük filmlərə aiddir – satış agenti filmi müxtəlif ölkələrdəki distribütor şirkətlərə satır. Daha sonra, həmin distribütor öz bölgəsində filmin festivallara çıxmasını, kinoteatrlarda, televiziyada və VOD platformalarda nümayişinə məsuldur. Bunun üstünlüyü ondadır ki, həmin yerli distribütor öz auditoriyasını və ölkəsinin bazarını daha yaxşı tanıyır və əlavə marketinq xərclərinə vəsait ayıra bilər – bu isə satış agentinin edə bilməyəcəyi bir şeydir. Yəni vasitəçi olan hər bir təşkilatın məqsədi filmin yayımını daha da artırmaq və daha geniş auditoriyaya çatmasını təmin etməkdir.

– Getdiyiniz festivallarda azərbaycanlı rejissorların filmlərini görürsünüzmü? Onları izləmək imkanınız olubmu? Olubsa, yeni nəsil Azərbaycan kinosu haqqında fikirləriniz nələrdir?

– Bəli, səfərlərim zamanı azərbaycanlı kino mütəxəssisləri ilə tanış olmuşam. Amma açığını desəm, bu ölkədən çox film görməmişəm. Bu suala cavab verməzdən əvvəl yaxın zamanda hansı filmləri izlədiyimi xatırlamağa çalışdım və gördüm ki, izlədiyim son Azərbaycan filmi Hilal Baydarovun işi olub. Bu da o deməkdir ki, elə də çox yeni filmlərlə tanış deyiləm. Amma mən həmişə yeni adlar kəşf etməyə və əvvəllər tanımadığım rejissorların işlərini izləməyə həvəsliyəm.

– Əgər beynəlxalq inkişaf layihələrində iştirak edən Azərbaycan film layihələri ilə qarşılaşmısınızsa, onların satış agenti ilə hansı mərhələdə əməkdaşlıq etməsi məsləhət görülür  və niyə məhz bu mərhələ xüsusilə önəmlidir?

– Satış agenti premyeradan əvvəl layihəyə qoşulsa daha ideal olar. Belə olan halda, onlar proses ərzində sizə dəstək ola və hər şeyi birlikdə planlaşdıra bilərlər. Biz adətən layihəyə qaralama montaj mərhələsində qoşuluruq, yəni filmi artıq müəyyən qədər görə bilirik. Bu zaman təhkiyə formasının işə yarayıb -yaramadığını anlamaq mümkündür. Bizim seçdiyimiz filmlər adətən məhz montaj mərhələsində öz formasını tapır, ona görə də, ssenari əsasında proqnoz vermək çətindir. Bununla belə, biz layihələri erkən inkişaf mərhələsindən izləyirik. Əgər mövzu və komanda bizim üçün uyğun görünürsə, əlaqəni saxlayır və tanıtım, festival strategiyası kimi mövzularda dəstək verməyə çalışırıq.

– Əgər bir film layihə mərhələsində bir neçə nüfuzlu bazar və inkişaf seminarlarında iştirak edirsə, bu onun satış şansını artırırmı?

– Məncə, bazarlara qatılmaq layihənizin adını yaymağa və satış agenti kimi peşəkarlarla münasibət qurmaq üçün ilkin fürsət əldə etməyə kömək edir. Kimsə mənə filmini təqdim edəndə, əgər onu əvvəl hansısa layihədə görmüşəmsə, həmin filmin izlənməsini özümə prioritet tuturam. Hər həftə çox sayda film bizə göndərilir, ona görə də sizi tanımaq filmin vaxtında izlənməsini təmin etməyə kömək edir və çox vaxt həmin iş barədə artıq əvvəlcədən müəyyən gözləntilərimiz olur. Amma açığı deyim ki, bizim üçün əsas məsələ filmin özüdür – əvvəl görüşməsək belə, film yaxşıdırsa və bizim profilimizə uyğundursa, onunla işləməyə qərar veririk. Eyni layihə ilə bir neçə bazara qatılmaq isə satış şansınızı bir bazara qatılmaqdan daha çox artırmır. Bu, layihənizin ehtiyaclarından asılıdır, çünki bazarlar sizin materiallarınıza və təqdimatınıza rəy almaq, həmçinin mükafatlar qazanmaq üçün fürsət yaradır.

– Azərbaycan kimi ölkələrdən olan hansı tip filmlər adətən satış agentlərinin diqqətini cəlb edir?

– Məncə, bu sual olduqca çətindir, çünki Azərbaycana xas konkret cavabım yoxdur. Mənə görə, filmdə ölkənin bir hissəsinin, onun özünəməxsusluğunun əks olunması xoşdur, amma eyni zamanda bu o qədər spesifik olmamalıdır ki, azərbaycanlı olmayan tamaşaçılar onu anlaya bilməsin. Əgər film universal bir hekayəyə malikdirsə və ideal halda çox aktual bir mövzunu əhatə edirsə, bu əla vəziyyətdir.

– Sonda, yeni nəsil azərbaycanlı rejissorlara nə kimi məsləhətlər verərdiniz?

– Bir neçə festival və ya marketlərə qatılmağa çalışın, insanlarla tanış olun, şəbəkənizi qurmağa başlayın. Məncə, bu çox önəmlidir. Film layihəniz hansısa təlimdə olmasa belə, orada olmaq və insanlarla görüşmək, bazarı və layihənizin nədən ibarət olduğunu anlamaq üçün çox faydalı ola bilər. İnsanlardan məsləhət almaqdan çəkinməyin. Eyni zamanda yerli festivallarınıza dəyər verin. Mən həmişə ən gözlənilməz məkanlarda yeni insanlarla tanış oluram. Hər zaman ən nüfuzlu festivalda olmaq lazım deyil, bəzən az qonaqlı kiçik bir festival sizin ən möhkəm əlaqələri quracağınız yer olur.

– Müsahibə və vaxt ayırdığınız üçün təşəkkür edirəm.


Müsahibəni hazırladı: Afaq Yusifli / redaktor Aygün Aslanlı

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya