Vətəndaş Almaz
“Vətəndaş A” serialı Azərbaycan serial tarixində yeni məzmunlu, qadın rolunun cəmiyyətdə stereotiplərini qıran seriallardan biridir. Serial Cəfər Cabbarlının “Almaz” əsəri əsasında ekranlaşdırılıb. Serialda və əsərdə hadisələr ayrı tarixlərdə baş verməsinə baxmayaraq görünən odur ki, illər keçsə belə cəmiyyətin müəyyən qismində qadına olan münasibət dəyişməyib əksinə daha radikaldır. Bu, gələcəyin faciəsinə yönəlmiş təbil zəngidir. Təhlilin məqsədi serialın topluma təsirini, qadına qarşı münasibət, təhsilin cəmiyyətdəki əhəmiyyətini araşdırmaqdır. Bütün bunlarla yanaşı serialın ədəbi əsərlə paralelini aparmaqdır.
Serialın başlanğıcında iki hadisə paralel şəkildə göstərilərək davamında birləşir. Bunlardan biri, gənc qadın müəllimin şəhərdən uzaq bir kəndə gəlməsi və həmin kənddə yeniyetmə qız və oğlanın birlikdə qaçmasıdır. Filmin baş qəhrəmanı Almazla yeniyetmələr, kimsənin olmadığı bir evdə qarşılaşır və hər iki hadisənin qolları birləşməyə başlayır. Almazın kəndə gəlişi sadəcə müəllimlik etmək üçün olsa da, sonradan bu məqsəd öz sərhədlərini aşaraq cəhalətə və digər sosial problemlərə qarşı çıxmaq istəyini də ortaya qoyur. Almaz kənd əhalisinin demək olar hər problemində öz fikirlərini ortaya qoyur və mövcud vəziyyəti dəyişdirmək üçün mübarizə aparır. Serialın ilk bölümündən kəndin ümumi planlarda təsviri, insanların gündəlik həyatı, xüsusilə, gənclərin Almazla ilk qarşılaşdıqları zaman etdikləri, məkanın ümumi atmosferindən xəbər verir.
Almazın qəhrəman olaraq öz məkanını tərk edərək yeni, ona yad olan məkana getməsi və apardığı mübarizə ona qarşı digər obrazlarda mənfi və müsbət reaksiyalara səbəb olur. Yeniliyə, dəyişikliyə qarşı çıxan insanlar ona qarşı daha çox maneələr yaratmağa başlayır. Bu öz növbəsində seriala maraq oyadır və təsir gücünü artırır. Serialın əvvəllindən gördüyümüz odur ki, Almaz, bir müəllim olaraq, kimliyini mövcud cəmiyyətdə qəbul etdirə bilmir. Bu cəmiyyətin hər bir nəslinin münasibəti elə serialın ilk bölümlərindan aydın olur.
Belə ki, yaşlı çobanla qarşılaşan Almaz qəfil yıxılır. Bu simvolik mənada Almazın qarşılaşdığı insanlar və onların qəlibləşmiş düşüncələri ilə mübarizəsinin çətinliyindən xəbər verir. Qoca çobanla apardığı dialoqda da Almaz yenidən şəxsiyyət olaraq deyil, cinsi kimliyindən, qadın olaraq cəmiyyət tərəfindən ona yüklənmiş dəyişməyən rollara salınaraq qəbul edilir.
Almazın keçmişi bizə məlum deyil. Onun təhsili, dünyagörüşü, müdafiə etdiyi dəyərlər tamaşaçıya heç də yad deyil. Lakin bu dəyərləri inkişaf etməmiş bir cəmiyyətdə göstərərkən, tamaşaçı, Almazın digərlərindən necə fərqləndiyini görə bilir. Serialda Almaz ideal xarakter kimi durur. Biz onun heç bir mənfi, qəribə xüsusiyyətini görə bilmirik. Çünki o, gələcəyin, cəmiyyətin inkişafına lazım olan dəyərlər və biliklər sisteminin insan halında formasıdır. Müsbət haldır ki, onun qadın olması və mübarizəsi ümumi cəmiyyətdə dəyişməz qalan qəlibləşmiş düşüncələrə təsir göstərə bilər. İlk bir neçə seriyada Almaz passivlik nümayiş etsə də, sonradan onun hadisələrə qarşı olan reaksiya və hərəkətləri təsvir olunur. Almaz, serialda heç bir ənənəvi qadın roluna uyğun təsvir edilməyib.
Kənd sakinlərinin ümumi təsviri zamanı əsas problemin kökünü görə bilirik. Problemlərin başlıca səbəbi cəhalət, təhsil sisteminin inkişaf etmiş cəmiyyətlərdən uzaqlaşdıqca necə iflic vəziyyətə düşməsi belə bir savadsızlıq və cahilliklə böyüyən nəslin formalaşmasında özləri kimi böyüyən keçmiş nəslin qoyduqları izlərdir. Uşaqların Almaza qarşı olan münasibətində bunu açıq-aydın müşahidə etmək olur. Məsələn, Almazın yaşadığı evdə qalan yeniyetmələri götürək. Onların Almaza qarşı olan davranışları və münasibəti gün keçdikcə məhz Almaz sayəsində, onun təsirinin maneəsiz olduğu bu evdə dəyişməyə başlayır. Evlilik məqsədilə qaçan gənc cütlüyün bir-birilərinə olan münasibətləri də dəyişməyə başlayır. Serial onlar üzərindən tamaşaçıya sosial ismarışlar ötürür.
Almaza qarşı çıxan obrazlar isə kənddə hakimiyyət qurmaq istəyən Hacı və onun təsiri altında olan insanlardır. Belə ki, Hacı öz nüfuzundan istifadə edərək “xanlıq” qurur və cəmiyyətin ən mühüm idarələrini (məktəb,bələdiyyə və s.) əlinə alaraq insanları öz hüquqlarından məhrum edir. Dinin insanlar tərəfindən hansı şəkildə və nə məqsədlə istifadə olunduğu da gözdən qaçmır. Hacı ilə mübarizə aparmağa gücü çatmayan Fəttahın köməyinə yenə də Almazın timsalında bilik, təhsil yetişir.
Almazla eyni mövqedə duran, lakin mübarizə aparmaq üçün motivasiya və əzmə malik olmayan, sistemin dəyişməz olduğunu qəbul edən insanlar arasında kitabxanaçı və Fəttahın qızı durur. Maraqlısı budur ki, bu obrazlardan biri, bu kəndin yerli sakini deyil. Digəri isə uzun müddət şəhərdə yaşayıb və məcburiyyətdən kəndə qayıdıb. Müəllif bununla da cəmiyyətin daxildən deyil yalnız kənardan dəyişə biləcək qüvvənin olduğunu müdafiə edir. Serialın sonuna doğru bu kəskin fikrin dəyişəcəyinə ümid etmək olar. Çünki, bu cür təsvir qəlibləşmiş düşüncəyə uyğundur. Hər bir cəmiyyətin daxilində ona təkan verə biləcək, hərəkətə keçirilməyi gözləyən insanlar mövcuddur. Biz bunun işığını şagirdlərin bəzilərində görə bilirik. Lakin daha yaşlı nəsil nümayəndələrinə gəldikdə vəziyyət müəkkəbləşir. Hər kəs hansısa problemin əsas səbəbkarı kimi önə çıxır.
Serial, ideya olaraq, “Almaz” əsərinin ekanlaşdırması olsa da, mövzular arasında müəyyən fərqləri görmək olar. Çünki bəzi problemlər dövr keçsə də, aktuallığını itirməsə də, tarixilik baxımından digər detalların dəyişdirilməsinə ehtiyac var. Oxşar məqamlardan – hər ikisində, qadın, müəllimliklə yanaşı, cəmiyyətdə öz hüquqları uğrunda söz sahibi olması və sosial vəziyyətlərini müstəqil şəkildə dəyişə bilməsi (kənd qadınları) üçün mübarizə aparır, yenilikçi işlərlə məşğul olurlar. Məsələn, hər iki Almaz çalışır ki, qadınlar işləsinlər və onlara yüklənmiş yalnız evdar qadın olmaqdan savayı, sosial rifahları üçün çalışsınlar. C.Cabbarlı Almazı öz yurdunun, yaşadığı məkanın xilaskarı kimi görürür. Yəni mübarizənin əsas qaynağı daxildən baş verir və daha qalıcıdır. Serialda isə çarə xaricdən daxil olur. Almaz kənd cəmiyyətinə tamamilə yad biri kimi daxil olur və onun köhnəlmiş adətləri ilə mübarizə aparır.
Əsərdən fərqli olaraq, məktəblilərin serialda Almaza qarşı münasibəti fərqlidir. Ümumiyyətlə, əsərdə məktəblilər, uşaqların əxlaqi, etik hərəkətləri haqqında əks bir təsvirə rast gəlmirik. Serialda isə Almaz və məktəblilər arasındakı münasibətlər, məktəblilərin bir-birinə qarşı olan davranışları açıq şəkildə təsvir olunur. Bu da Almazın təkcə bir nöqtəyə doğru deyil, hərtərəfli hərəkət edərək mübarizə aparmasını labüd edir. O, serialda demək olar, ümumi cəmiyyətlə, vəzifəsindən və yaşından aslı olmayaraq qarşı-qarşıya durur. Ədəbi əsərlə serialda verilən ismarışlar demək olar ki, ortaq mövqedədir. Hər ikisində sosial problemlər, qadınların cəmiyyətdə yeri, təhsilin əhəmiyyəti, inkişafın yolunu kəsən şəxsi maraqlar qabardılır.
Serialda sosial problemlər ön planda olduğu üçün və təsvirlərin daha da güclü olması üçün obrazların bir-birilərinə olan münasibəti, yəni təkcə Almaza qarşı deyil, öz aralarında olan əlaqənin də saxta, merkantil olduğunu müşahidə edirik. Serialın realist təsvirini artıran həm də nitq üslubu və simvollardır. Serialda, müəllim – ideal, kənd əhalisi isə onun əksi kimi təqdim olunur. Əslində, Almaz, cəmiyyətdə ideal qadın obrazı kimi çıxış edir. Tamaşaçı, cəmiyyətdə qadına təhkim olunmuş deyil, müstəqil olaraq üzərinə götürdüyü vəzifənin nəticəsini görür.
Serialda iki müəllim obrazının (biologiya və tarix müəllimi) olduğu səhnə, serialın ən vacib səhnələrindən biridir. Bu epizodda müasirlik və elm maskasını taxmış fərd ilə – cahillik və köhnə fikirlərin gizləndiyi qadın – Almaz üz-üzə gəlir. Müstəqil şəkildə müzakirə apara bilməyən biologiya müəllimi hiddətlənir və Almaza hücum edir.Bununla da anlayırıq ki, filmdə qadın sadəcə qadın və ya ana rolunda olduğuna görə ideal ola bilməz.
Serialda sosial ismarışlar kifayət qədərdir. Ümumiyyətlə, serial müasir cəmiyyətdə baş verən problemlərə öz yanaşmasını ortaya qoyur. Sosial ismarış dedikdə, təhsil və onun rolu, gender bərabərsizliyinin yaratdığı vəziyyət və çıxış yolları, qadınların hər bir halda cəmiyyətdə söz hüququna malik olması fikirlərinin təsvir edilməsi nəzərdə tutulur.
Yekunda qeyd etmək istərdim ki, “Vətəndaş A” serialı (Sifarişçi: İctimai TV, prodüser: Sevinc Əliyeva) mövzu və ideya baxımından cəmiyyət üçün əhəmiyyətlidir. Aydındır ki, serial, filmdən daha az vizual estetik gücə malik olsa da, qarşıya qoyulan ideyanı və ismarışı ötürməkdə daha təsirlidir. Təsirli olmasının səbəbi isə bunun daha yavaş şəkildə baş verməsidir. Bu zaman media, vermək istədiyi ismarışın tamaşaçıda qalıcı olmasına nail olur. Serialın tamaşaçı yaş aralığını geniş tutması isə onun təsir qüvvəsinin daha da artmasına kömək edir. Bu serial gələcəkdə mediada gender bərabərsizliyinin vizual təsviri və onunla mübarizə üsullarının necə göstərilməsi, eləcə də, qadın rolunun yenidən mediada inşası ilə bağlı tədqiqat materialı olacaq qədər əhəmiyyətlidir.
Şəlalə Bədəlova