İNDİ OXUYUR
Vəli Səyyadinin həkk etdiyi zaman

Vəli Səyyadinin həkk etdiyi zaman

Çili rejissoru Raul Ruiz deyirdi ki, hər bir insanın yaddaşında nəhəng sayda potensial kino epizodları – xatirələr, yuxular yatır. Yaddaşımızda baş verən hər “partlayış” daxili kinoepizodlarımız arasında zəncirvari reaksiya yaradır və tamamilə fərqli, bəlkə də heç vaxt yaşamadığımız hadisələrin canlanmasına səbəb olur, uydurma xatirələrlə gerçək xatirələr birləşərək  bizi itirilmiş zamanın xəyalətlərinin məskən saldığı başqa bir dünyaya keçməyə vadar edir.

Rejissor Vəli Səyyadinin “Ağ-qara payız” sənədli-bədii filmi məhz itirilmiş zamanın xəyalətlərinin poetik hekayəsidir.

“Ağ-qara payız” filmindən kadrlar


Bəlkə də sənədli kinomuza bədiiyə olduğu qədər diqqət yetirilmədiyinə görədir ki, geniş auditoriya Vəli Səyyadi kimi bir rejissorun varlığından xəbərsizdir, çünki onun filmoqrafiyası sənədli filmlərdən ibarətdir. Əsas fəaliyyəti AzTV-nin tərkibindəki “Aztelefilm” yaradıcılıq birliyi ilə bağlı olan rejissor, “Ağ-qara payız”, xalq rəssamı Cəmil Müftizadədən bəhs edən “Vaxtın təsviri”, “İşıq”, “Xan sarayı”, “Hapıtlar”, “Ada”, “Ümid çıraqları” və s. kimi sənədli filmlərin müəllifi, “Valın üçüncü üzü” (rej. E.Musaoğlu), “Yarımçıq gündəliklər” (rej.Rafiq Həşimov), “P.S” kimi filmlərin ssenari həmmüəllifidir. Rejissor həmçinin, bəzən, film rəssamı kimi də çalışır. V.Səyyadinin yaradıcılığında poetik üslub dominant rol oynayır.

“Ada” filmindən kadrlar


Rejissorun 1996-cı ildə çəkdiyi və indi haqqında danışacağımız “Ağ-qara payız” qısametrajlı filmi də Azərbaycan kinosunda “poetik kino” üslubunun azsaylı nümunələrindən biridir.  

Film, yarıqaranlıq bir məkanda üzünü aydın görmədiyimiz qəhrəmanın (Sahib Heybətov) keçmişdən nəyisə xatırlamağa çalışdığı ağ-qara kadrla açılır. Tamaşaçı, onun sözlərindən xatırlamaq istədiyi şeyin uşaqlığına aid olduğunu anlayır. Bu ekspozisiya, bizi filmin davamında görəcəklərimizin gerçək olduğu fikrinə kökləyir. Növbəti epizod isə bu illüziyanı gücləndirir.

Hər şey qəhrəmanın dediyi kimidir: göl, sahilindəki ev, qamışlar, quş səsi… Ancaq qəhrəmanın, uşaqlığının keçdiyini dediyi evi dərhal görmürük, ora, göldə aramla üzən qayığı, qayıqçını uzaqdan izləyərək onunla birlikdə yaxınlaşırıq. Üzünü görmədiyimiz o naməlum qayıqçı qoca Xaron olmasın? Əsatirə görə, gecə ilahəsi Nyukta ilə əbədi zülmətin təcəssümü Erebin oğlu olan Xaron, sadəcə ruhları yeraltı dünyaya daşımaqla məşğul olmur, həm də ruhların yerüstü dünya ilə bütün bağlarını kəsirmiş; Xaron olmazsa, ruhlar sonsuza qədər onlara əziz olan yerlərə, insanlara can atmağa davam edərlərmiş. Filmdəki qayıqçı da tamaşaçını Xaron kimi başqa bir dünyaya – qəhrəmanın rəngli xatirələr və hülyalar aləminə aparır. Yox, unutdurmaq üçün deyil, zamanın keçib-getdiyini, ora dönməyin mümkünsüzlüyünü bir daha xatırlatmaq və yaşamasına az da olsa, kömək etmək üçün. Bu dünyada (o dünyada) hər şey qəhrəmanın sevimli toru kimi dolaşıqdır, xatirələr xəyallara, xəyallar yuxulara qarışıb (assosiativ montaj); gah idillik (parkda yellənən qız, skamyada oturmuş kişi və qadın), gah da hər ildırım gurultusunda görünüb-itən, zülmətdən çıxıb zülmətə qayıdan surətlər kimi vahiməlidir.

Filmin işıq həlli də bu yaddaş oyununa uyğun olaraq işıq-kölgə oyunu şəklində yerinə yetirilib və daha çox təbii işıqdan istifadə olunub. Yarıqaranlıq otaqda ani çaxıb-sönən şimşəyin, əl fənərinin divarda gəzən işığında peyda olur yaddaşın dərinliklərinə gömülən obrazlar; və özləri ilə daha dərinlərdən başqa obrazları dartıb gətirirlər. Belə işıq həlli həm də nağıl atmosferi yaradır. Kadrların kompozisiyası elə qurulub ki, ilk baxışda fotokadr təsiri bağışlayır, zamanın dönməzliyinə, keçmişə qərq olduğuna işarə edir. Tez-tez təkrarlanan çərçivə motivi də bu təəssüratı artırır – kamera divarın yanında oturub nəsə toxuyan nənəni birinci dəfə pəncərədən göstərir və o, ilk anda hərəkətsiz görünür; həmçinin boş çərçivədən kölgəsi əks olunan samovar, güzgüdən görünən almalar və təbii ki, divardakı çərçivələnmiş fotolar var.

Filmdə təkrarlanan maraqlı predmetlərdən biri də cəhrədir. Onu ilk dəfə, nənə bayatı deyə-deyə yun əyirəndə, sonlara yaxın isə öz-özünə fırlanarkən görürük. Cəhrə də zamanın obrazıdır. İnsanlara ömür biçir. Bəziləri dişinə ilişib qırılan iplər kimi qısa, bəziləri uzanıb yumağa çevrilən ömürlər. Bir də cəhrə, zamanın dayanmadığını, dövranın dönüb günün keçdiyini deyir.

Zaman keçib-gedir, amma enerji itmir. Əsrlər boyu toplayıb artırdığı zərrələri ilə başqa bir cana ruh olur. Balaca Vüsal da altında oynadığı qollu-budaqlı ağacın meyvəsini yeyir. Və həyat davam edir.

2016-cı ildə “Salnaməfilm” studiyasında istehsal olunmuş “Hapıtlar” etnoqrafik sənədli filmində də rejissor, poetik üsluba sadiqliyini qoruyub. Film, Azərbaycan ərazisində yaşayan azsaylı xalqlardan biri, öz dilini, adət-ənənələrini qoruyub-saxlayan hapıt etnosu haqqındadır. İsmayıllı rayonunun Mollaisaqlı və Qubanın Hapıt kəndlərində məskən salmış hapıtların məişətinin təsvirləri üzərində qurulmuş “Hapıtlar” filmi, başı dumanlı dağların, çay kənarında otlayan sürünün hapıt mahnısı ilə müşayiət olunan kadrları ilə başlayır (operator Elxan Rüstəmov). Ənənəvi informativ reportaj janrından istifadə etməyən müəllif, axıra qədər üslubunu pozmur və qəhrəmanlarını bütün filmboyu şairanə təbiət mənzərələri, kənd, meşə səsləri ilə iç-içə göstərir. (Daha doğrusu, müşahidə edir). Sinəsindən şeh buxarı qalxan torpaq, dumana bürünmüş dağlar, meşə, leysan yağış, göyqurşağı, ətrafındakı hər şeyi özündə əks etdirən su, bir “zamansızlıq”, əbədiyyət təəssüratı yaradır. Şairanə mənzərələrin fonunda gördüyümüz insanlar – çırpı toplayan uşaqlar, ov edən kişilər, nəvəsinə öz dilində laylay deyən nənə, dumandan çıxan atlı, deyə-gülə yemək bişirən, yun əyirən qadınlar isə bu əbədiyyətin bir parçasına çevrilirlər. Sanki, təbiət insanları öz himayəsinə götürüb və onların özünü pozulmağa qoymur. Bəlkə buna görə, hərdən kamera insanları təbiətin “gözündən” göstərir – rakurs planla (təbii yolla əldə edilmiş vizual effekt də demək olar) çəkilmiş bulaqdan su içən uşaq, ya da ağacda yayxanıb oturan oğlan, pəncərədən baxan yeniyetmə qız kadrlarında, neft lampasının işığında yerdən oturub söhbət edən kişiləri pəncərədən, bayram yeməyi bişirən qadınları kənardan izlədiyimiz epizodlarda olduğu kimi.

“Hapıtlar” filmindən kadrlar


Hapıtların məişətində müasir dövrə aid detalların kameranın baxış bucağına çox az  və ötəri düşməsi (cəmi iki dəfə evlərin yanında maşın görünür, heç elektrik işığı da yoxdur), təbii səslərin fonunda zəif eşidilən və filmə mistik çalarlar qatan fon musiqisi də (bəstəkar Rüfət Ramazanov) zamansızlıq – ya da zamanın xaricində olmaq – duyğusunu vurğulayır. Yaşlı kişinin əsasına rəğmən daşlı enişdə çox rahat addımladığı epizod isə A.Babayevin “Gün keçdi” filmindəki kor kişi epizodunu yadımıza salır.

“Hapıtlar” filmində təbiət və insan harmoniyasını pozan bircə şey var, o da, bəzən kadrdan-kadra keçərkən musiqinin ritminin dəyişməsi və yüksəlməsi, bir də, iki yerdə dağ görüntülərini müşayiət edən muğam. Xüsusilə muğam, filmin ümumi atmosferində yad element təsiri bağışlayır, sanki bir yuxudan diksinib ayılırsan. Hətta müəlliflər həmin kadrlarda muğam əvəzinə filmdə çox az səsləndirilən hapıt dilindəki mahnılardan istifadə etsəydilər, daha təsirli, maraqlı olardı, deyə düşünürük.     

Aygün Aslanlı

“Fokus” analitik kino jurnalı, İyun 2023 / №12

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya