Unudan və unudulan kimdir?

Emil Quliyevin “Əqrəb mövsümü” serialı televiziyada, daha sonra da yutubda yayımlanandan sonra hansı kafeyə, çayxanaya, mağazaya girirdinsə, insanların telefonda bu seriala baxdığının şahidi olurdun. Onlar sadəcə baxmaqla kifayətlənmirdilər, həmçinin seriyaları aralarında müzakirə edir, sosial şəbəkələrdə bu haqda statuslar paylaşırdılar. Azərbaycanda uzun müddət sonra nadir rast gəlinən bir hadisə baş vermişdi. Serial ətrafında kollektiv tamaşaçı təcrübəsi formalaşmağa başlamışdı. Birinci mövsüm bitən kimi tamaşaçılar ikinci mövsümü gözləməyə başladılar. Növbəti mövsüm ilk hissə qədər kütləvi effekt yarada bilməsə də, keyfiyyətini yenə qorumağı bacardı. Bu iki iş ilə Emil Quliyev Azərbaycanda detektiv–triller janrında baxımlı və peşəkar mini-serial çəkməyin mümkünlüyünü göstərdi.
“Tilov” serialı bu baxımdan rejissorun yaradıcılığında üçüncü mərhələni təşkil edir. Serial on bölümdən ibarətdir. Müəllif bu dəfə eyni janr daxilində başqa bir mövzuya yönəlir. “Tilov”da detektiv xətt hadisələri irəli aparan mexanizm kimi özünü göstərir, lakin burada əsas məqsəd qatili tapmaq deyil. Baş verənlər əsasında buna yetəri qədər cəhdin şahidi olmuruq. Qətllər çox vaxt nəticə deyil, fon funksiyası daşıyır. Çünki burada hadisələrin içində gizlənən başqa bir məna qatının üzə çıxarılması əsas xətt kimi götürülür.

Serialın ssenarisi Pərviz Həsənov, Araz Bayramov və Emil Quliyev tərəfindən yazılıb. Əsas hadisələr Bakıdan uzaqda — Cilov adasında baş verir. Bu hadisələrə giriş isə Bakıda törədilən qətl hadisəsi ilə başlayır. Nigar (Kəmalə Piriyeva) evə qayıtdıqda rəfiqəsinin cəsədini aşkar edir. Əflatun (Səmimi Fərhad) hadisə yerində onu gözləyir. Qatil, cinayətini gizlətmir, əksinə, onu adi bir hadisə kimi danışır. Nigarın Əflatunun əlindən xilas olmaq şansı demək olar ki yoxdur. Belə açılış səhnəsi tamaşaçını təəccübləndirir. Serialın ilk dəqiqələrindən qatilin kim olduğu açıq şəkildə bəyan edilir, onu tapmağa imkan verilmir. Bu seçim klassik detektiv janrının əsas qaydasını pozur. Məhz bu nöqtədə tamaşaçı serialın növbəti bölümlərində fərqli mənzərə ilə qarşılaşacağını daxilən sezməyə başlayır. Tilov adına diqqətimizi fokuslayırıq. Özümüzü elə başda “Tilov”a düşməkdən qorumağa çalışırıq. Qətl hadisəsi sadəcə bir başlanğıcdır. Əsas dönüş nöqtəsi Nigarın sağ qalması və yaddaşını itirməsi ilə əlaqədardır. Bu nüans serialın bütün dramaturji strukturunu müəyyən edən əsas mexanizm kimi öz funksionallığını tədricən göstərməyə çalışır.
Nigarın xəstəxanaya yerləşdirilməsi, anasının bu xəbərə sakit reaksiyası və qızını adaya aparması ilə hekayə əsas məkana – Cilov adasına köçür. Cərəyan edən hadisələr bundan sonra tədricən xarici gərginlikdən daxili gərginliyə doğru istiqamətlənir. Nigarın xətti ilə paralel tender məsələsinin masaya toplaşan biznesmenlər arasında müzakirə edilməsi, iclas zamanı sədrin artıq Cilov adasının dəyişəcəyini bildirməsi ada ilə Nigar arasında görünməz bir paralelliyin qurulmasına gətirib çıxarır. Ada da, Nigar da eyni anda “yeni həyat”a qədəm qoyur: biri yaddaşını itirir. Keçmişi tamamilə silinir. Digəri isə tender layihələri ilə köhnə kimliyini dəyişməyə hazırlaşır. Bu sezilməyən nüans serialın alt qatında mühüm yer tutur.
Həmçinin başda göstərilən köhnə kamera ilə lentə alınmış kadrlarda üç uşağın gizlənpaç oynaması, serialın növbəti bölümlərində vaxtaşı olaraq bu tipli səhnələrin müəyyən məqamlarda təkrar göstərilməsi tamaşaçını keçmiş və indi arasında müqayisə aparmağa, fikir yürütməyə sövq edir. Bu kadrların tez-tez pozulması, dayandırılması bizdən nələrinsə gizlədilməsinə, ört-basdır edilməsinə işarə edir. Nigarın anası ilə Cilovdakı evlərinə qayıtdıqdan sonra qızın atalığı İlqarın Könülü kənara çəkib “onun qayıtması ilə hər şey yenidən pozulacaq” deməsi gəldiyimiz fikri gücləndirir. Buradakı gərginliyi səthi şəkildə Əflatun xətti aparır. Daxili xətt isə Nigarın ailəsində gizlidir. Hadisələri diqqətlə izləyən tamaşaçı bunun fərqinə tezliklə varır.

“Tilov” serialının strukturu iki xətt üzərində qurulur. Bir tərəfdə tender məsələləri ilə bağlı çəkişmələrin olduğunu görürük. Burada biznes maraqları masadakı insanları bir-birinə qarşı qoyur. Bu gözügötürmə məsələsi Manaf-Maral mübahisə ilə açıq şəkildə özünü göstərir. Sədr aranı sakitləşdirir. Digər tərəfdə isə Nigarın aldığı zərbə nəticəsində yaddaşını itirməsi və onu öldürmək üçün adaya gələn Əflatun xətti qurulur. Siyasi xətt bir müddət əsas motiv kimi təqdim edilir, sonra qəfil arxa plana keçir. Məişət xətti isə əsas sirrin açarı kimi işlədilsə də, gec aktivləşir. Müəyyən məqamlarda xətlər bir-birinə toxunmalı, hadisələri izləyən tamaşaçını təəccübləndirməli, onu çaşdırmalı, şübhəsini tez-tez dəyişməsinə şərait yaratmalı idi. Reallıqda bu xətlərin bir-birinə qarışması istənilən şəkildə qurula bilmir, hansısa nöqtələrdə onlar sanki üst-üstə düşür, amma tez də bir-birindən ayrılır. Tamaşaçı özünə sual verir: “Qatili bir xətt üzrə irəliləyərək tapmalıyam, yoxsa fikrimi iki yerə bölüb cinayətin hansı xəttə aid olduğunu müəyyənləşdirməliyəm? Burada problem sualın yaranmasında deyil. Məsələ, cavabın struktur daxilində yaxşı şəkildə əsaslandırıla bilməməsidir.
Əflatunun adaya gəlişi, Manafla (Emin Qurbanov) görüşməsi, səhər açılanda Manafın cəsədinin aşkarlanması ardıcıllığı kənardan maraqlı gedişat kimi görünür. Amma sonrakı bölümdə Əflatunun ələ keçməsi və ardınca onun ölümünün gerçəkləşməsi səhnələri həm şübhənin istənilən şəkildə bu obrazın üzərində toplana, həm də sonrakı gərginliyin kifayət qədər yuxarı həddə saxlanıla bilməməsinə gətirib çıxarır. Təcrübəli tamaşaçı artıq üçüncü bölümdə anlayır ki, əsas qatil Əflatun deyil. Amma serial bu bilgini nə yeni ipucuları ilə, nə də daha dərin psixoloji oyunla əvəz edə bilir. Birinci bölümdə qurulan şübhə artıq ikinci bölümdə sönür. Bu isə mini-serialın dinamikasını vaxtından əvvəl öldürür. Nazim (Amid Qasımov), gənc polis əməkdaşı Nicat (Ülvi Haşim) və prokurorun (Anar Səfiyev) şübhəli şəxsin evdə gizlənməsi barəsində aldıqları çağırış əsasında hadisə yerinə gəlmələri və burada Əflatunun əvəzinə elektrik Aydını ələ keçirmələri tamaşaçının gözləntisini yetəri qədər qarşılaya bilmir. Bu onunla bağlıdır ki, Aydın (Mətləb Səfərli) obrazının təyinatı düzgün şəkildə qurulmayıb. Ona qarşı olan şübhə tez dağılır. Ola bilər ki, Nazim uzun illərdir ki, bu adada polis müfəttişi kimi fəaliyyət göstərir. Hamını da yaxşı tanıyır. Aydının Lyubanın (İnna İmranova) yanına gedib-gəldiyini də yaxşı bilir.

Tamaşaçı hamıdan şübhələnir. Polisdən əvvəl özü qatili tapmaq istəyir. Rejissor tərəfindən isə insanların şübhə duymasına şərait yaradılmır. Ən vacibi isə Aydın sonradan belə məlum olur ki, hadisələrin çözülməsində mərkəzi mövqedə yer alır. Əgər bir obraz sonradan hadisələrin davamında xüsusi bir rol oynayacaqsa artıq hansısa bölümdə onun xarakteri incə cizgilərlə sətiraltı şəkildə tamaşaçıya göstərilməlidir. Burada isə belə bir halla üzləşmirik. Onun bədəninə elektrik verilərək işgəncə ilə öldürülməsi tamaşaçıda şok effekti yaradır. Amma Arifin şübhəli kimi təqdim edilib dərhal kənara itələnməsi, gərginliyi artırmaq əvəzinə, azaldır. Son bölümlərdə onun xislətinin birdən-birə aşkara çıxması əvvəldə obrazın özü və ətrafı ilə münasibətlərin də boşluqlarını bəlli edir.
Əvvəldən bu kimi nüansların nəzərə alınmaması Emil Quliyevin seriyadan-seriyaya öhdəliyini daha da böyüdür. O, yanıldıcı detallar, psixoloji ipucuları, davranış ziddiyyətləri ilə şübhənin bir obrazın üzərindən digərinin üzərinə keçirilməsi üçün zəruri detallara malik olsa da, serial bu fürsətləri ya yarımçıq qoyur, ya da ümumiyyətlə istifadə etmir. Buna misal kimi Nazim və Nicatın Əflatunu axtararkən köhnə, istifadə olunmayan tikilidə siqaret kağızı ilə götürdükləri barmaq izini, Manafın öldürüldüyü köhnə gəmidə tapılan linza qabını göstərmək olar. Linza qabı müəyyən mənada gedişatda funksionallıq qazanır. Lakin ötəri xarakter daşıyır.
Sadalanan nüanslar əsasında serialın əsas obrazlarından biri olan polis müfəttişi Nazim barəsində tam fikrimiz müəyyənləşə bilmir. O, daim “əsas səbəbi tapacağam”, “Bakıya məlumat verməliyik” ifadələrini təkrarlayır, amma onun hərəkətlərində, davranışlarında bu görünmür. Adada ardıcıl şəkildə cinayət hadisələri baş verir, öldürülən şəxslər Nazimin neçə illər yaxından tanıdığı, hər gün gördüyü, söhbət etdiyi insanlar olsa da o, şahid olduqları qarşısında heç bir reaksiya göstərmir, heyrətlənmir. Belə olması lazımmış kimi davranır. Deyilə bilər ki, Nazim polisdir, hisslərini büruzə vermir. Bu irəli sürülən fikrə qarşı əvvəldə bildirilir ki, Cilov adasında hamı bir-birini tanıyır. Burada belə amansız qətllər bu vaxta qədər baş verməyib. Hətta prokurorun yanına gələn əməkdaş belə bu səbəbdən təyinatını adaya almaq istədiyini zarafatla da olsa Nazimə söyləyir. Bir-birinin ardınca baş verən qətllər fonunda obrazın emosional donuqluğu tamaşaçıda iki ehtimal yaradır. Birincisi, ya Nazim peşəkar olsa da hissləri ağlına üstün gəlir. Bu da onu daimi yanılma sindromuma düçar olmasına səbəb olur. Əlbəttə, bu normal bir haldır. Hamımız bu vəziyyətlə üzləşə bilərik. Sadəcə, yanılma Nazimdə sona qədər davam edir. Sonda hadisənin əsas məğzinə varmaq da xeyli gecikir, bu gecikmə birdən-birə vəhy halına düşmə ilə kompensasiya edilir.

İkinci ehtimal isə obrazın düzgün şəkildə yaradılmaması ilə bağlıdır. Serial bu iki ehtimaldan heç birini şüurlu şəkildə əsaslandırmır. Sonradan “mən hisslərimlə ağlımı qarışdırdım” etirafı gəlir, amma bu etiraf əvvəlki davranışlarla dramatik şəkildə bağlanmadığı üçün gec və zəif təsir bağışlayır. Yəni, tamaşaçı Nazimin hərəkətlərindən, davranışlarından onun qətlin izinə nəyə görə düşə, düşsə belə hansısa nöqtəyə gedib çıxa bilməməsinin əsaslanmış bir cavabını tapa bilmir. Biz düşünürük ki, Nazimin bu formada təqdim edilməsi Nigar obrazının önə çəkilməsi ilə bağlıdır. Yəni, tamaşaçı, Nazimin cinayətkarı axtarmasına deyil, Nigarın yaddaşını itirməsinə, onun ailəsində olan sirrə fokuslanmalıdır. Nazimin əsas motivasiyası cinayəti açmaq yox, Nigarı qorumaqdır. Bu isə özü-özlüyündə maraqlı dramaturji seçim ola bilərdi. Lakin problem ondadır ki, bu daxili konflikt ardıcıl şəkildə qurulmur. Biz nə Nazimin peşəkar intuisiyasını, nə də hissləri ilə vəzifəsi arasında real mübarizəni görürük. Yəni, Nazimin axtarışlarında boşluqların olduğu görünür. Bu boşluqlar sanki bilərəkdən deyil, ssenarinin özündəki problemlərdən qaynaqlanmış kimi təsir bağışlayır.
Nigarın yaddaşını itirməsi serialın ən güclü dramaturji alətlərindən biri ola bilərdi. Bu motiv rejissora imkan verirdi ki, şüur unudur, amma bədən xatırlayır prinsipiişə düşsün. Nigar ailəsinə qarşı gizli nifrət hissi duyur. Evdə olmaq onu boğur, valideynlərinə qarşı emosional reaksiyaları müəyyən anlarda üzə çıxır. Bu isə onu göstərir ki, yaddaş itkisinə baxmayaraq, onda emosional izlər silinməyib. Belə olan halda sual yaranır: əgər emosional yaddaş qalırsa, nəyə görə bu izlər kişilərlə münasibətdə görünmür? Serial boyu Nigarın kişilərə qarşı davranışı neytral, bəzən isə tamamilə hissizdir. Bunu biz necə anlamalıyıq? Düşünürük ki, rejissor onu əsas şübhəli kimi göstərməmək üçün belə detallara baş vurur. Bölümdən-bölümə keçdikcə isə başqa bir qənaətə gəlirik: “Obrazın psixologiyası ardıcıl qurulmayıb”. İkinci ehtimal üstündə dayanmalı oluruq. Çünki yaddaş itkisi ailəyə qarşı münasibətdə işlək görünür, kişilərə qarşı münasibətdə “söndürülürsə”, bu artıq obrazın psixologiyası deyil, ssenarinin rahatlığa qaçma cəhdi kimi yozula bilər.

Son seriyalarda verilən fleşbeklər vasitəsilə, Nigarın uşaqlıqda Aydın, yeniyetməlikdə isə sədr Əbdül (Vüsal Hacıqədir) tərəfindən zorlandığına şahid oluruq. Bu səbəbdən Nigar ağır travma keçirir. Kişilərin olduğu mühitdən qaçır, orada qalmaq istəmir, hətta hazırlığa yalnız qadın müəllimlərin yanına gedir. Başda vurğuladığımız kimi “Tilov”da əsas məsələ qətllərin kim tərəfindən həyata keçirildiyi deyil, Nigarın nəyi isə bildiyi və başına gələn hadisəyə görə bunu unutmasıdır (əslində, heç nəyi unutmayıb). Digər tərəfdən, Kəmalə Piriyevanın Nigar obrazı ilə sərgilədiyi oyun yaxşı səviyyədə olsa da, onun üzündə görünən daimi donuq ifadə xarakterin əslində hafizəsinin yerində olduğunu çox bəlli edir. Tamaşaçı Nigar obrazına bir nöqtədən sonra hafizəsini itirən biri kimi deyil, nələrisə bilən, amma danışmayan insan kimi yanaşmağa başlayır. Rejissor bəlkə də bu fikri gücləndirmək üçün onun ailəsinə olan nifrətini müəyyən məqamlarda üzə çıxarmağa fürsət verir. Əgər Nigarın kişilərə qarşı nifrəti açıq yox, xırda detallar — toxunuşdan çəkinmə, baxışdan qaçma, fiziki yaxınlıqdan narahatlıq — vasitəsilə qurulsaydı, finaldakı ifşa daha güclü və şokedici ola bilərdi. Belə olmadığı üçün serialın xəttinin yeddinci bölümdə birdən-birə dəyişməsi tamaşaçını çaşdırır. “Bunu niyə əvvəldən hiss etmirdik?” sualını onda doğurur.
Tender məsələsi yalançı aparıcı xətt kimi icra edilmir. Artıq üçüncü-dördüncü bölümlərdə obrazların demək olar ki, bir çoxu qətlə yetirilir. Şübhələnmək üçün geriyə çox az adam qalır. Vaxtaşırı olaraq keçmişlə bağlı kadrların verilməsi tamaşaçını cinayətkarı orada axtarmağa doğru istiqamətləndirir. “Tilov” serialında Emil Quliyev gözlənilən sirli atmosferi kifayət qədər yarada bilmir. Əksinə, o, diqqəti aktual mövzu olan pedofiliya, cinsi təcavüz, zorlanma məsələləri üzərinə çəkməyə çalışır. Bu da artıq son üç bölümdə öz təsirini aydın şəkildə göstərmiş olur. Bu seriyaların çox yaxşı işlənməsi tamaşaçının Nigarla emosional bağ qurmasında böyük pay sahibi olur. Həm Nigarın uşaqlığından gördüyümüz kadrlar, həm yeniyetməlik zamanı yaşadığı hadisələr, həm də onun adanı birdəfəlik tərk edib, oxumaq üçün Bakıya getməsi, şəhər mühitində yaşadığı çətinliklər deyərdim ki, geridə qalan seriyalardan daha ağır və təsiredici mahiyyətə malikdir.
Mövzudan kənara çıxaraq kiçik bir nüans da qeyd etmək istərdim. Nigarın bunkerdə Əbdülü öldürməsindən sonra qırmızı paltarla magistral yolda irəliləməsi Brayan De Palmanın “Kerri” filmini xatırlatdı. Nigarı Kerri ilə beynimdə assosiasiya etməyə başladım.

Köhnə kadrlar da, həmçinin dostların bir süfrə başında oturduqları səhnədə Asifin Nazimə qarşı nifrətini sezməyə başlayırıq. Asif (Elşən Əsgərov) ilə Nigar bir anda gözümüzdə eyni sıraya qoyulur. İki obrazı da gizli nifrət məsələsi birləşdirir. Tamaşaçının şübhəsi Asif üzərində fokuslanmağa başlayır. Son bölümlərə keçərkən isə Nigarın Əbdülü öldürməsi ilə rejissor yenidən çaşdırma metodunu işə salır. Əflatun məsələsində olduğu kimi. Bir obraz qatildirsə, deməli, digər qətlləri də o, törədib.
Əsl qatilin kim olması Nicatın aşkarladığı qan izi sayəsində üzə çıxır. Asifin evində, otağında tapılan şeylər – əsas da Nigarın fotoları, Nazimin uşaqlıq fotosunun başının kəsilməsi, çılpaq qadın tablosu obrazın xarakterini tamamilə açır. Onun sonda Nigar tərəfindən öldürülməsi isə Asifin də, Aydından, Əbdüldən fərqli olmadığını göstərir. Arifin pedofil kimi təqdim olunması və Asifin sonradan eyni zorakılıq zəncirinin bir parçası kimi verilməsi məntiqi baxımdan doğrudur. Göstərilir ki, zorakılıq tək-tək fərdlərə yox, bütöv bir sistemə aiddir. Nazimə qarşı qısqanclıq nüansının vurğulanması ilə Asifin Nigarı sevmədiyini, sadəcə onu əldə etməyə çalışdığını anlayırıq. Asiflə bağlı problem adada telefonun, internetin kəsilməsindən dolayı onun Rabitə Mərkəzinə aparılması, Nazim, Nicat və Nigarın Bakıya xəbər göndərmək üçün maşınla fənərə yollanmaqlarından sonra ortaya çıxır. Asif onlardan öncə fənərə çatır. Fişəngləri yararsız hala salır. Burada məntiq xətası görünür. Asif piyada Nazimgildən əvvəl fənərə necə çata bilir?
Nigarın evdə Nazimlə ilə son görüşü, etirafları finala yaxın yolda xeyli tutarlı alınıb. Tamaşaçı söhbət zamanı Nazimlə Asif arasında fərqi aydın şəkildə görə bilir. Təkcə o, bu illər ərzində Nigarın adanı tərk etdiyi zaman qucaqladığı Nazim kimi qalmağı bacarıb. Nigarın etiraf səhnələrində paralel şəkildə Könülün həbsxanada İlqara ağlayaraq nələrisə danışdığı səhnələrə keçidlər baş verir. Biz Nigarın deyil, Könülün böyük peşmançılıq yaşadığına şahid oluruq. Serialın ən incə, görünməyən xətti Könül obrazıdır. Burada mühüm sual yaranır : Əslində kim rol oynayır? Nigar yaddaşsızlığı bir strategiya kimi istifadə edir. Amma yaddaşla bağlı əsl rol aparan şəxs onun anasıdır. Könül keçmişdə nə baş verdiyini bilir, amma onu qəbul etmir. O, qızından sən məndən niyə uzaqlaşmısan?” – deyə soruşur, halbuki hər şey çoxdan ona məlumdur. Sadəcə qadın həmin cavabları unutmuş kimi davranır. Könül polis kamerasında vicdanı ilə üzləşir. Məkan burada metaforik funksiya daşıyır. Kamera vicdanın fiziki formasıdır. Nigar isə vicdan əzabı çəkmir. O tərəddüd keçirmir, geri addım atmır, gözünü qırpmadan sona qədər gedir. Çünki onun üçün bu yol artıq bağlanıb. Serial bu məqamda tam da olmasa (bu məsələ daha incə işlənə bilərdi bəlkə də) unudanın Nigar deyil, unutmaq istəyənin Könül olduğunu məlum edir.

Nigarın adaya qayıdış motivi son hissələrdə daha böyük anlam qazanır. İlk baxışdan bu, intiqam aktı kimi təqdim görünsə də, son bölümlərdə isə aydın olur ki, Nigar adaya nə intiqam almaq üçün, nə də Asifin ona olan sevgisinə görə qayıdır. Bu iki motiv tamaşaçını yayındırmaq üçün istifadə olunan yanlış gedişlərdir. Əsl səbəb tamamilə başqa yerdədir və bu da serialın etik və mənəvi yükünü müəyyənləşdirir. Nigarın rəfiqəsinin oğlu ağır ürək çatışmazlığından əziyyət çəkir. Uşağın yaşamaq şansı yalnız ürək köçürülməsindən keçir. Nigar isə bu məqamda radikal, amma şüurlu bir qərar verir: “Öz ürəyini həmin uşağa bağışlamalıdır”. Bu qərar Nigarın serial boyun bütün davranışlarının etik dəyərini müəyyənləşdirir. Bu nöqtədə Nigarın hekayəsi intiqamdan çox şüurlu özünü qurbanvermə aktına çevrilir. “Tilov” burada kimdir sualı təkrarlanır.
Serialın ən böyük gücü aktyor oyunudur. Xüsusən Nigar obrazının uşaqlığını canlandıran Aybəniz Qasımova, gəncliyini oynayan Mələk Mustafayevanın oyunlarını vurğulamaq lazımdır. Həmçinin Könülün cavanlığını və yaşlılığını oynayan Aydan Ağazadə və Yaqut Paşayeva da bu rol üçün çox uğurlu seçim olub. Yaqut Paşayevanı hamı kimi mən də mərhum bəstəkarımız Nailə Mirməmmədliyə çox bənzətdim. Nazim rolunda gördüyümüz Amid Qasımovu çox bəyənirəm. Əsas da Emil Quliyevin çəkdiyi “Körpünün o tayı” serialında Mahir rolu ilə Amid öz peşəkarlığını ortaya qoymuşdu. Lakin zəif detektiv quruluş, bəzi məqamlarda natamam obraz inkişafı və vaxtında verilməyən ipucuları serialın potensialını tam reallaşdırmasına mane olur. Nigarın “Tilov”u, yəni psixoloji tələsi güclü metafordur, amma tamaşaçı bu tələnin divarlarını yalnız finalda görür. Halbuki bu divarlar serial boyu tədricən ucalmalı idi.
Nəcəf Əsgərzadə