Ulrix Zaydlın çəkiliş metodları
“Yeni Avstriya kinosu”nun nümayəndələrindən biri olan Ulrix Zaydl 1952-ci ildə Avstriyada doğulub. Sənədli (“The Last Men”, “Animal Love” “Models”, “Jesus, You Know”) və bədii filmlər (”Dog Days” “Paradise trilogy”) çəkir. Venesiya, Potsdam və digər festivalların mükafatçısıdır. Onun evlərində heyvan saxlayan avropalılardan bəhs edən “Animal Love” sənədli lenti 1995-ci ildə Kann festivalına buraxılmayıb. Rejissor bu haqda deyir: “Çünki filmdə təhqiramiz, hamıya toxunan şeylər var və bundan sonra kimsə rahat yata bilməz. Göstərilənlər hamıya aiddir”.
Zaydl ekstremal filmlər çəkir, bir qayda olaraq əsərlərində sənədliliklə bədiilik arasındakı sərhədləri aradan qaldırır.
***
Komanda
Çevik və mobil olmaq üçün kiçik komanda ilə işləyirəm, çünki gedişatda tez-tez nəyisə dəyişirəm. Mənim üçün çox vacibdir ki, çəkiliş zamanı fasilə verim, nəsə başqa şey üzərində çalışım və sonra yenidən çəkilişlərə başlayım. Maliyyə nöqteyi-nəzərindən belə ritmə o vaxt imkan vermək olar ki, komandada çox adam olmasın və hər gün böyük məbləğ ödədiyin bahalı texnikadan istifadə etməyəsən.
Ssenari
Ənənəvi anlamda ssenari yazmıram. Ssenarim son dərəcə diqqətlə qeyd edilmiş, dialoqsuz səhnə yığımıdır. Çəkiliş zamanı ssenari daim dəyişir, əlavələr edilir, təkmilləşir, burda hər növbəti addım əvvəlkindən asılıdır. Çəkilən material həmişə əhvalatın sonrakı inkişafını müəyyənləşdirir. Səhnə və dialoqlar improvizə yolu ilə meydana gəlir.
Çəkiliş prosesinə hazırlıq
Çəkiliş prosesinə çox hazırlaşıram. Uzun müddət uyğun məkan axtarıram. “Love” filminin personajları ilə çox vaxt keçirirdim, “Faith”in çəkilişlərinə hazırlaşanda radikal katoliklərlə ünsiyyətdə olurdum. Həftələrlə onları müşahidə edirdim: evlərində, iş yerlərində. Hər filmi uzun müddət işləyirəm.
“Faith”, “Jesus, You Know” sənədli filmimə istinad edir. Biz bu filmi çəkəndə aydınlaşdırdıq ki, Avstriyada inanclı adamlar Məryəmin heykəlcikləri ilə müxtəlif evlərə gedərək dini təbliğ edirlər. Onda ağlıma gəldi ki, bu barədə tammetrajlı bədii film çəkim. Sonra süjetə İsaya aşiq olan qadın və onu basqı altında saxlayan müsəlman ər obrazını daxil etdim. Baş rolu oynayan Mariya Hofştetteri “Dog Days” filmindən tanıyırdım. Missionerlərlə birlkdə evlərə gedirdik. Sonra özümüz belə heykəlcik aldıq. Aktrisa roluna alışmaq üçün təkbaşına evlərin qapısını döyürdü. Mariya katolik ailədən çıxıb, bir tərəfdən o, materalı daxildən yaxşı bilirdi, digər tərəfdən isə personajla özü arasında məsafə saxlamalıydı. Bir neçə il biz layihəni saxladıq və sonra yenidən bərpa elədik. Çünki Mariya rolu oynamaq üçün özündə güc tapa bilmirdi. Ona görə, başqa aktrisa tapdım, amma onunla da alınmadı. Sonra Mariyanın yanına getdim və xahiş elədim ki, yenidən özünü sınasın və nəticədə ifası alındı”.
Çəkiliş prosesi
Film xronoloji ardıcıllıqla çəkilir ki, bu, müəyyən epizodların, təhkiyənin inkişafına imkan verir. Onda hadisənin neçə inkişaf etdiyi, nəyin yaxşı, nəyin pis alındığı aydın görünür. Final açıq qalır. Bədii filmləri sənədli film üçün xarakterik olan şərtlərdə və şəraitdə çəkirəm. Bu halda reallığın gözlənilməz elementləri süjetə təbii şəkildə daxil olur.
Kastinq
Aktyor heyətində həm peşəkarlar, həm də qeyri-peşəkarlar olur. Kastinq zamanı onların namizədlikləri eyni diqqətlə nəzərdən keçirilir. Tamaşaçı hansı rolları peşəkarların, hansılarını həvəskarların oynadığını anlamamalıdır.
“Paradise” trilogiyasına daxil olan “Love” dramı üçün 50 yaşlı, kök aktrisa axtarırdıq. Kastinq yarım il davam elədi, baş rola 3-4 namizədim vardı, onları bir müddət müşahidə elədik, ayrı-ayrılıqda Keniyaya apardıq. Onların bir-birindən xəbərləri yox idi. Bilmək istəyirdik ki, qadınlar qaradərili kişilərin qarşısında sərbəst olmağa, utanc hissinin müəyyən sərhədlərini adlamağa hazırdırlarmı? Çünki əks halda bu, filmdə hiss olunardı. Ssenariyə görə, Terezanın sevgilisi onu aldadır və özünə başqasını tapır. Bu rol üçün Keniyada əsl “Beachboyslar” (hərfi tərcüməsi “çimərlik oğlanları” deməkdir. “Çimərlik oğlanları” turistlərə seks xidməti göstəririlər) lazım idi. İki il ərzində Keniyaya getdim, orada uyğun adam və məkan axtardım. Nəticədə iki kişi seçdim. Amma kimi çəkəcəyimə qərar verə bilmirdim. Sonda hər iksini çəkdim və proses zamanı hansının daha yaxşı olduğunu aydınlaşdırdım.
Aktyorla iş
Aktyorlara improvizə imkanı versəm də, onların qarşısında hansısa məhdudiyyətlər qoyuram, çərçivəyə salıram ki, film mənə lazım olan istiqamətdə inkişaf eləsin. Əvvəlcə məşq edirik, bəzən eyni səhnəni bir neçə dəfə çəkirik. Arzuladığım nəticəni alana kimi çəkirəm. Tez-tez qeyri-peşəkarlarla işləyirəm. Fikrimcə, peşəkar aktyorların 90 faizi improvizə edə bilmir, improvizə isə çox vacibdir. Şəxsi təcrübə mühümdür. Ona görə elə adamları seçirəm ki, danışmağa sözü var, оnlar həm fiziki, həm intellektual mənada açılmağa hazırdılar. Çəkiliş meydançasında aktyorlar ssenarisiz işləyirlər. Ümumiyyətlə, aktyorların ssenarini oxumasına ehtiyac yoxdur. Onlar sonra nə baş verəcəyini bilmirlər. Bu isə mənə böyük azadlıq verir.
Məkan və Təsvir
Məkan filmdə çöx önəmli rol oynayır. Çünki filmin atmosferi məhz ondan çox asılıdır. Dekorasiyalarda yox, orijinal, təbii məkanlarda işləyirəm. Minimum işıqdan istifadə edirəm. Yaxın təsvirlər mənə çox vacibdir. Mən insanları boyasız-filansız göstərməyi sevirəm.
Hərəkətsiz təsvir bir növ tablo kimidir. Yəni çalışıram ki, bundan maksimum yararlanım. Bu zaman təsvir özü danışır, dialoqa ehtiyac yoxdur. Hərəkətdə olan təsviri çəkərkən əl kamerası ilə işləmək daha çox xoşuma gəlir, mümkün olduqca Cinema verite-in (fransız sözüdür, hərfi mənası “kino-həqiqət” deməkdir. 1950-60 ci illərdə Fransa kinosunda meydana gəlmiş eksperimental cərəyan, sənədli filmdə çəkiliş üsulu, real hadisələrin müşahidəsinə, provokativ situasiyalarla inkişafına əsaslanır) ideyalarından istifadə edirəm. Reallığı təhrif etməmək üçün “cinema verite” prinsipləri vacibdir. Amma həqiqəti həmişə maksimal dərəcədə təsvir etmək olmur.
Əl kamerasının imkanlarından, statik planlardan yararlanıram. Filmlərimdə kameranı özəyə, intimliyə tuşlayıram, insanların görmək istəmədiyi şeyləri çəkirəm. Kadrlarda birbaşa kameraya baxan adamlar göstərirəm.
Musiqi
Musiqi filmdə yalnız bu və ya digər səhnənin ayrılmaz hissəsi olduqda səslənir.
Montaj
Hansı səhnələrin az əhəmiyyətli olduğunu və son versiyadan çıxarılacağını müəyyənləşdirmək üçün açıq iş metodu montaj mərhələsində də tətbiq edilir. Montaj masasında film faktiki olaraq tamamilə yenidən yazılır. Final versiyasına nəyi əlavə edib-etməməyi müəyyənləşdirmək üçün əvvəlcədən bir neçə genişlənmis montaj versiyasını yaratmaq zəruridir. Məsələn, “Paradise” trilogiyası belə yarandı. Əvvəlcə mən bir film çəkməyi planlaşdırırdım, amma sonra layihə trilogiyaya çevrildi: hər hissəyə müstəqil, bütöv iş kimi də, trilogiyanın epizodu kimi də baxmaq olar.
Sevda Sultanova