Trenddə səriyyələrdir
Yaxşı şeylərin baş verməsi üçün səy göstərmək lazımdır. Səylər təkrarlananda uğrunda mübarizə apardığınız şey normaya çevrilir. Deyəsən, Lev Tolstoyun sözləridir, yaxşı xatırlamıram. Amma Azərbaycandakı feminist hərəkatını, illərlə yorulmadan, döyülə-söyülə aparılan mübarizəni dəqiq ifadə edir. Şairindən, blogerindən deputatına, nazirinə qədər cəmiyyətə söz demək haqqı olduğunu düşünən kimsə qadın sözünün “qe”sini belə dilinə gətirsə, dərhal reaksiya vermələri, kəskin tənqidləri, filmlərdə, hekayələrdə və s. qadın obrazlarını didikləmələri… bütün təhqirlərə, istehzalara rəğmən, inadla hər il keçirilən “8 mart” aksiyaları, radikal şüarlar, “Bizimdir hürr küçələr” marşı… cəmiyyəti qıcıqlandıra-qıcıqlandıra yola gətirdilər, əziyyətləri yavaş-yavaş bəhrəsini verir. Əlixan Rəcəbovun “Səriyyə” filminə birinci dəfə və dolu zalda baxa-baxa məhz bunları fikirləşirdim.
Filmə ikincə dəfə soyuq başla baxmağa gedəndə endirim günü olmasa da, zal yenə dolmuşdu. Yenə tamaşaçılar qəhrəmanın taleyi üçün narahat olurdular, şəxsən şahidi olduqları bənzər əhvalatları bir-birinə danışırdılar, sonda ilboyu Azərbaycanda baş vermiş qadın cinayətləri haqqında statistika ekrana çıxanda gördükləri rəqəmlərə heyrətlənirdilər. Və yenə də bir mübarizənin, cüzi də olsa, nəticə verməyinin gətirdiyi fərəh hissi…
“Səriyyə” filmi kənddə yaşayan, təhsilini davam etdirmək istəyən 14 yaşlı yeniyetmənin (Nazı Heydərova) hekayəsidir. Ailəsi qıza yoxsulluqdan çıxış yolu kimi baxır və onu yaşca xeyli böyük, amma varlı Rakifə (Niyaz İlyasoğlu) ərə vermək istəyir.
Ənənəvi təhkiyə üzərində qurulmuş əhvalat Səriyyə və ailəsi, onların həyatı və arzuları ilə tanışlıqla başlayır. Səriyyənin ailəsi – atası, kənddə iş tapa bilməyən çoban İdrakdan (Əlixan Rəcəbov), qızını varlı adama ərə verib ağ günə çıxmaq xəyalı quran evdar anasından (Günay Əhməd), daha çox küçədə veyilləndiyini, ya da bacısına “xoruzlandığını” gördüyümüz, bir gün bahalı maşın sürmək həsrətilə yaşayan qardaşından və filmboyu ancaq öskürəyini eşitdiyimiz nənədən ibarətdir. Ailənin bütün üzvlərini birlikdə gördüyümüz ilk səhnədə onlar, çıraq işığında, İdrakın sözü ilə desək, evdəki sonuncu kartofları yeyirlər. (İstər-istəməz Van Qoqun “Kartof yeyənlər”ini xatırlayırıq). Beləcə, səbəb-nəticə zəncirinin ilk həlqəsi təqdim edilir, toxunulan problemin daha çox sosial amillərdən – yoxsulluqdan, savadsızlıqdan qaynaqlandığı göstərilir. Balaca Səriyyə bu zənciri qırmağa, nəticəni dəyişməyə çalışır. O, elə ürəkdən və dəlicəsinə – həm hərfi, həm də məcazi mənada – mübarizə aparır ki, arzusunu biz tamaşaçıların da arzusuna çevirir, biz də onun qədər ürəkdən və dəlicəsinə Səriyyənin qalib gəlməyini arzulayırıq.
Müəllif, qəhrəmanının mübarizəsini təsvir edərkən klişelərdən qaçır, gözlənilməzlik effekti yaratmağı və tamaşaçını sona qədər gərginlikdə saxlamağı bacarır. Səriyyənin həm Rakifə, həm çürük “el-obadan ayıbdır” fikrinə meydan oxumağı, nişanda stola çıxıb rəqs etməyi, yəni, heç bir vəziyyətdə təslim olmamağı, eyni zamanda, yeniyetmə qızın güclü xarakterini də əks etdirir. Bir çox mizanlar elə qurulub ki, Səriyyə ilə ailə üzvləri arasında daim ya divar, ya da bağlı pəncərələr var. Bu da Səriyyənin ailədə və aid olduğu mühitdə “ala qarğa” olduğunu vurğulayır.
Ancaq təəssüf ki, filmin ümumi təsvir və işıq həllində çox primitiv səhvlər buraxılıb (operator İman İmanov), təbii işıq nəzərə alınmayıb. Xüsusən, pəncərə qabağında çəkilmiş səhnələrdə işıq, peşəkar jarqonla desək, “partlayır”, qəhrəmanların üzü qaranlıqda qalır. Atası ilə qardaşının bayırdan Səriyyəni hədələdiyi səhnədə pəncərə sinifin solunda olsa da, qız çarəsiz halda sağa – divar tərəfə baxır. Ola bilsin, müəllif burada dördüncü divarı dağıtmaq (aktyorun birbaş kameraya, yəni, tamaşaçıya baxması, ona səssiz müraciəti) istəyib. Amma onda da belə çıxır ki, montajda, kadrların ardıcıllığında səhvə yol verilib.
Elə filmin dramaturji strukturu da qüsurlardan azad deyil. Giriş səhnəsində – coğrafiya dərsində Səriyyənin quraqlıq mövzusundan danışmağı, daha sonra olimpiadaya getmək üçün valideynlərini yola gətirməyə çalışanda quraqlığın təbii fəlakətə çevrildiyini səbəb göstərməyi, çox güman ki, Ə.Rəcəbovun erkən evliliklərlə yanaşı bu ekoloji problemə də diqqət çəkmək cəhdidir. Amma Səriyyənin niyə məhz quraqlıq problemini seçdiyi dramaturji strukturda heç bir şəkildə əsaslandırılmadığına görə, hekayədə yad elementə çevrilir.
Ya da Səriyyənin niyə məktəbə getmədiyini öyrənmək üçün gələn müəllimin toyu görməsi, qanun və polis barədə bir-iki növbətçi cümlə ilə kifayətlənib getməsi… Düzdür, bu tip boşluqlar qəhrəmanın kənardan hansısa dəstək almadan qalib gəlməsinə xidmət edir, amma ssenari sənətinin qaydaları sərtdir – hər bir fəaliyyətin məntiqi əsası, nəticəsi olmalıdır (əlbəttə, hekayənin strukturu, janr, müəllif məramı, üslubu kimi amilləri nəzərə almaqla). Əgər yoxdursa, bu artıq qüsura çevrilir.
Bir neçə cümlə də aktyor oyunu haqqında. Gənc aktrisa Nazı Heydərova kamera ilə kiçik yaşlarında tanış olub, “Zəhər tuluğu”, “Səma ilə görüş” filmlərində çəkilib. Səriyyə rolunda da kamera qarşısında son dərəcə rahatdır, ən əsası isə, nə oynadığını bilir, obrazını hiss edir və baxışları ilə onun qəzəbini, çarəsizliyini tamaşaçıya da ötürür.
Filmin antaqonisti, pedofil meyillərini adət-ənənə örtüyü altında gizlədən Rakif birqatlı obrazdır, onu ekranda elə ilk saniyədə tanıyırıq. Artıq mənfi rollarda özünü təsdiqləmiş Niyaz İlyasoğlu, yəqin ki, bu rolu oynayanda o qədər də çətinlik çəkməyib. Yeri gəlmişkən, Niyaz İlyasoğlu çox istedadlı aktyordur və onu başqa ampluada da görmək maraqlı olardı.
Ümumiyyətlə, filmdə aktyorlara problem yaradan əsas şey ləhcədir. Qısa videolarında ən müxtəlif tipajları canlandırmağa alışmış Əlixanın və personajları, adətən, ləhcə ilə danışan Niyazın nitqində o qədər də yad təsir bağışlamasa da, Nazı Heydərova və Günay Əhmədin ağzına heç cür yatmadığı açıq hiss olunur.
Bütün yuxarıda sadalananlardan sonra yenə də… “Səriyyə”, sosial təsir gücünə (sosial impact) malik bir filmdir, Səriyyənin mübarizəsi bütün diqqəti özündə saxlayır deyə, qalan şeylər narahat etmir. Belə ekran işlərinə ehtiyac var. Dolu zallarda tamaşaçıların reaksiyaları, uydurma qəhrəmanla empatiya qurmaları, onu dəstəkləmələri də, eyni kateqoriyadan olan “Vətəndaş A” serialının populyarlıq qazanması da buna sübutdur. AKİ-nin bölgələrdə təşkil etdiyi film nümayişləri çərçivəsində gəzdiyimiz yerlərdə insanlar, əsasən qadınlar, ən çox “Vətəndaş A”dan danışırdılar, serial sayəsində hüquqlarını öyrəndiklərini deyirdilər. Ona görə, “Səriyyə” filmi, “Vətəndaş A” serialı kimi işlərin olması vacibdir. “Səriyyə” də sadəcə belə mövzulardan nisbətən uzaq olan şəhərdə deyil, toxunduğu problemlə qol-boyun yaşayan bölgələrdə də göstərilsəydi, pis olmazdı.
Aygün Aslanlı