Toxunulmaz Tağıyev: Ekranla tamaşaçı arasındakı divar

“Tağıyev: Sona” filminə baxan diqqətli tamaşaçı bir nüansı çox aydın şəkildə görə bilir: Tağıyevin toxunulmazlığını. Tağıyev obrazı daim xalqın, camaatın, eləcə də tamaşaçının arasında deyil, ondan yuxarıda, yüksəkdə göstərilir. Təbii ki, Tağıyev öz inadkarlığı sayəsində – biz bunu filmdə görə bilməsək də – zirvəyə yüksəlməyi bacarıb. Onun bu formada təqdim edilməsi önəmlidir. Sadəcə bu təqdimat istənilən səviyyədə deyil və tamaşaçının Tağıyev obrazından uzaqlaşmasına səbəb olur. Tağıyev daim hadisələrin mərkəzində yox, kənarı ilə addımlayır. Tamaşaçı da bunu görəndə real Tağıyevi filmdəki Tağıyevdən üstün tutmağa başlayır. Çünki tarixdəki Tağıyev daha gerçək, mübahisəli xarakterə malik bir insandır. Onun həyatında sual doğuran məqamlar var. Amma başımızı tarix səhifəsindən qaldırıb ekrandakı Tağıyevlə üz-üzə gələndə biz də eynilə onun kimi süstləşirik, susqunlaşırıq. Tağıyev obrazı sadəcə zalda olduğumuz dəqiqələrdə varlığını hiss etdirir, kinoteatrı tərk etdiyimiz anda isə artıq bizim üçün “ölmüş” olur. “Tağıyev” tetralogiyasının məğlubiyyəti bununla bağlıdır. Müəlliflər lap başdan obrazı toxunulmaz edərək onu vaxtından əvvəl “öldürüblər”. Tağıyevin qocalmasını gözləməyə belə ehtiyac qalmayıb.

Amma biz yenə də tələsməyək. Hadisələri qabaqlayıb səhv təxminlər etməkdən çəkinək. Rejissoru Zaur Qasımlı, ssenaristləri Asif İsgəndərli, İsmayıl İman, Zaur Qasımlı olan (film Mədəniyyət Nazirliyi, Azərbaycan Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub) “Tağıyev: Sona” filminə diqqətlə baxaq. Ekranda gördüyümüz Tağıyev (Pərviz Məmmədrzayev) artıq ahıl çağlarını yaşayır. Onun həyatı rutinləşib, gündəlik təkrarlanan hərəkətlərdən ibarətdir. O, demək olar ki, hər şeydən uzaqlaşıb, Mərdəkandakı malikanəsinə köçüb. Övladlarını evləndirib yerbəyer edib. Özü isə bundan sonra sakit bir həyat sürmək istəyir. Hətta çox çətinliklə tapdığı həyatının “kəşfini” – neft biznesini belə satmağı düşünür. Çünki bunların heç biri Tağıyevi ovundura, tənhalığa əlac ola bilmir. Ekranda sadəcə Tağıyevin tənha olması, tək yaşaması vurğulanır. “Ovunmaq”, “əlac olmaq” məsələləri isə rejissor və ssenaristlərin əvvəldən diqqət mərkəzində deyil. Çünki bu nüansların göstərilməsi Tağıyev obrazının toxunulmazlığını poza bilər deyə, hamısı birmənalı şəkildə kənarda saxlanılıb. Bu, cəmiyyətə təlqin edilən “tamaşaçı Tağıyevə zəifliyi bağışlaya bilməz” düşüncəsinin ekrandakı əksidir. Bu cür kiçik detalların işlənməməsi, insanlarla Tağıyev arasında əvvəldən qurula bilməyən səmimi bağı elə filmin başındaca kəsir.

Bu onu göstərir ki, Tağıyev tənhalıqdan xilas olmaq üçün biri ilə evlənmək ehtiyacı duyur. Yəni, məsələ bu formada bəsitləşdirilir.
Əslində, Tağıyev evlənmək istəyini dilinə gətirmir, tamaşaçını onun ürəyindən keçənlərə Musa Nağıyevin replikaları alışdırmağa başlayır. Yeri gəlmişkən, qeyd edək ki, Rasim Cəfər Musa Nağıyev obrazını kifayət qədər uğurlu şəkildə canlandırıb. Sadəcə Nağıyev obrazı bundan əvvəlki “Tağıyev: Neft” və “Tağıyev: Çar”da hadisələrin gedişatında xüsusi bir rol oynamır, epizodik qalırdı. Keçən həftə ekranlara çıxan “Tağıyev: Sona”da isə o, Tağıyevə evlənməsinin vacib olduğunu deyir və tamaşaçıya istiqamətverici ipucunu göstərmiş olur. Fəqət bu istiqamətləndirilmə bizdə heç bir həyəcan, səbirsizlik yaratmır. Biz Nağıyevin sözlərindən sonra Tağıyevdəki dəyişikliyi görmədən onun Sona ilə qarşılaşmasına şahid oluruq. Sanki bu hadisə Nağıyevin öncəgörməsi sayəsində baş verir. Düşünürəm ki, əslində, müəlliflər məhz bunu göstərmək istəməyiblər, sadəcə səhnədən-səhnəyə keçid olduqca tez baş verir və səhnələr arasında boşluq yaranmasının səbəb budur.

Tağıyevlə Sona Ərəblinski (Fəridə Qurbanova) arasındakı münasibətlərdən danışacağıq, amma bundan əvvəl Tağıyevin övladlarının ailələri ilə birlikdə onun evinə qonaq gəldiyi səhnəyə toxunmaq istərdim. Ailənin birgə şam etdiyi səhnədə gedən söhbətlər bütün filmdən daha maraqlı alınıb. Tağıyevin oğlu Sadığın “Eyfel qülləsi neft buruğuna oxşayır, amma neft vermir” sözləri və ailə üzvlərinin bu cümlələrə gülməsi, əslində, onların təbiətini çox gözəl şəkildə açıb ortaya çıxarır. Ailənin Fransaya, Eyfel qülləsinə baxışı Tağıyevin oğullarının timsalında Şərqin Qərbə baxışını göstərir. Həmçinin bu söhbət əsasında tamaşaçıya İsmayıl (Sənan Əlləz) və Sadığın düşünüldüyü qədər bilikli, dünyagörüşlü olmadığı göstərilir. Digər tərəfdən qarşılaşdığımız mənzərə Tağıyevlər ailəsində hamının xoşbəxt olduğunu zənn etməmizə səbəb yaradır. Əslində isə, İsmayıl və Nurcahanın (Dəniz Taccəddin) səkkiz ildən artıqdır ki, övladları olmur. Onların Fransaya səfərinin altındakı əsas səbəb də bu idi.

Buradakı problemi Sona Ərəblinskinin Tağıyevə olan münasibəti doğurur. Sona malikanəyə gəldiyi andan onun Tağıyevə olan baxışlarında heyranlıq duyğusunu aydın şəkildə sezirik. Əvvəlcə gənc Sonanın Tağıyevə böyük hörmət-izzət bəslədiyini düşünürük. Amma onun baxışlarındakı heyranlığın səbəbi şam yeməyi zamanı tamamilə aydınlaşır. Sona bağbanlıq məktəbi ilə bağlı İsmayılla atası arasında baş verən kiçik anlaşılmazlıqda Tağıyevin fikirlərini dəstəkləyir, onun tərəfini tutur. Bir-iki səhnə sonra isə Sona və Tağıyev bağçada gəzərkən qız ona Mopassanın “Boyunbağı” hekayəsini nəql edir. Hekayənin sonunda isə əlavə edir ki, ömür boyu saxta xəyallar ardınca qaçmağa dəyməz. Bununla müəlliflər Sonanın Tağıyevə olan “sevgisini” əsaslandırmağa çalışırlar. Ardınca göstərilənlər haqqında danışmaq mənə olduqca çətin gəlir. Çünki ekranda gördüklərim filmi türk seriallarının səviyyəsinə endirir. Təsəvvür edin: 73 yaşlı Tağıyevlə 16 yaşlı Sonanın ağacdan tut yığıb yemələri tamaşaçıya iki sevən gəncin romantik bir anı kimi təqdim edilir. Üstəlik bu səhnə iki ayrı qəfəsdə yaşayan quşlar vasitəsilə simvolik olaraq gücləndirilir, mənalı hala gətirilir. Maraqlı məqam bilirsiniz, nədir? Filmin sonuna qədər nə Tağıyevin, nə də Sonanın yaşı heç yerdə vurğulanmır, əvəzində onların münasibəti maneə tanımayan sevgi hekayəsi kimi afişalanır. Bir az tarix oxuyanlar, Tağıyevin həyatı ilə maraqlananlar, əslində, məsələnin necə olduğunu çox yaxşı bilirlər. Filmdə Tağıyevlə Sona arasındakı yaş fərqinin bildirilməməsinin iki səbəbi var. Birincisi, “Tağıyev: Sona” filmi on iki yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub. İkinci məsələ isə Tağıyevin “toxunulmazlığı”nın ciddi cəhdlə qorunmasıdır. Yəni, film öhdəlik götürüb ki, heç bir halda Tağıyevə tənqidi münasibətə yol verməyəcək. Hətta etik çərçivələrin pozulduğu məqamlarda belə münasibətini dəyişməyəcək.

Münasibətini dəyişdirən isə İsmayıl olur. O, Sonanın Nurcahana yazdığı məktubu oxuyandan sonra atasının ondan, övladlarından xəbərsiz Dərbəndə, Balakişi Ərəblinskinin evinə elçi göndərdiyini öyrənir və atasını qərarından döndərmək üçün malikanəyə yollanır. İsmayıl atasının Sona ilə evlənmək istəyinə etiraz etsə də, etirazının səbəbi kişinin özündən yaşca xeyli kiçik, hətta nəvəsi yaşında bir qızla evlənmək qərarı yox, onun həyat yoldaşının bacısı ilə evlənmək istəməsi dayanır. Ola bilsin, filmin müəllifləri o dövrdə bu qədər böyük yaş fərqinin hamıya normal göründüyünü fikirləşiblər. Əgər belədirsə, sualımızı yenidən təkrarlamaq istərdik. Onda niyə onların arasındakı yaş fərqi aydın şəkildə göstərilmir?
Ata ilə oğlu arasındakı konflikt əvvəlcə məişət səviyyəsində, sonradan isə iş müstəvisində təzahür edir. Tağıyev oğulları ilə məsləhətləşmədən ikinci həyati-vacib qərar verir, neft biznesini ingilislərə satmağı düşünür. Bu dəfə İsmayıl atasını təhqir etmək həddinə çatır. Burada müəlliflər Tağıyevlə İsmayılın bir-birindən yavaş-yavaş uzaqlaşdığını göstərmək istəyirlər. Bu uzaqlaşma əvvəlcə şam yeməyində, daha sonra isə Tağıyevin məktəb tikdirəcəyi ərazidə gəzişərkən İsmayılın atasına dediyi kinayəli sözlərlə tamaşaçıya hiss etdirilir. Ancaq onların bir-birindən uzaqlaşması xətti əsaslı şəkildə işlənməyib. Bunun səbəbini tapmaq üçün “Tağıyev: Neft” filminə qayıtmalıyıq. Birinci hissədə Tağıyevlə İsmayıl arasındakı soyuqluğun, uzaqlaşmanın necə yarandığı göstərilir. Sadəcə müəlliflər, hər üç seriyada Tağıyev obrazını aça bilmədikləri kimi, illər ərzində İsmayıl obrazının emosional dünyasının necə dəyişdiyini də göstərə bilməyiblər. Ona görə də, tamaşaçı niyə İsmayılın qardaşlarından daha öndə olduğunu, daha çox vurğulandığını tam anlaya bilmir. Neft biznesinin satılması məsələsində təkcə İsmayılın özündən çıxdığını görürük. O, lap başdan, atası neft axtarmağa başladığı andan onun yanında olduğuna görə bu məsələdə söz deməyə haqqı çatdığını düşünür. Ümumiyyətlə, hər üç seriyada İsmayıl obrazına fikir versək görərik ki, o, bəzən zarafatyana, bəzən ciddi şəkildə atasına etiraz edir. Ancaq obrazın inkişaf xəttinin tez-tez qırılması onunla Tağıyev arasındakı qarşıdurmanın alt qatının kifayət qədər yerinə oturmamasına gətirib çıxarır. Məsələn, bunun əksinə, Pol Tomas Andersonun “Neft” filmində Daniellə oğlu arasında uzaqlaşmanın həm səbəbini, həm də nəticəsini açıq şəkildə anlaya bilirik. Çünki qəhrəmanlar təkcə prototip kimi yox, xarakterləri film boyu addım-addım açılan obrazlar kimi təsvir ediliblər.

Çox güman ki, “Tağıyev: Sona” filmində İsmayıl xətti ilə hekayədə dinamika yaratmaq, ya da artıq parçalanma baş verdiyini, Tağıyevin zəifləyəcəyini göstərmək istəyiblər. Amma təəssüf ki, Tağıyev obrazının “toxunulmazlığı” müəyyən mənada hadisələri formallaşdırır.
Tamaşaçı İsmayılın daxilində nələr baş verdiyini sadəcə filmin sonuna yaxın, həyat yoldaşı Nurcahanla mübahisə səhnəsində, az da olsa, hiss edir, onu başa düşməyə çalışır. Bu mənada İsmayıl obrazının xarakterinin açılmasına sadəcə üçüncü hissədə cəhd edilib. Onu da qeyd edək ki, İsmayıl rolu ilə Sənan Əlləz filmin yükünü öz üzərinə götürüb və daşımağı bacarıb.
Sonanın atası general Balakişi Ərəblinskini canlandıran aktyor Məmməd Səfa isə bu rolda olduqca sönük təsir bağışlayır. Sonanın anasını oynayan Mehriban Zəkinin ifasını qənaətbəxş saymaq olar. Filmdə diqqət çəkən başqa bir detal da elçilik səhnəsində Sonanın davranışıdır. Sanki o, başdan bəri gedişatın nəyə gətirib çıxaracağını təxmin edirmiş. Onun tövrləri, baxışları, malikanədən ayrılanda Tağıyevin verdiyi gül dəstəsinə görə onun üzündən öpməsi elə təəssürat yaradır ki, Sonanın Bakıya gəlişinin bircə məqsədi var – Tağıyevi özünə aşiq etmək.
Yenə sual yaranır. Sona obrazı niyə bu formada təqdim edilir? Bunu ondan ailəsi istəyir, yoxsa Sonanın xarakteri belədir? Filmdə bu suallara cavab verilmir. Əvəzində onların bir-birini sevdiyi göstərilir. Bu ifadəni Sadığın dilindən eşidən İsmayılı gülmək tutur. Bu da onların sevgisinin inandırıcı olmadığını aşkara çıxarır.

Ailəsi qızlarının Tağıyevlə evlənməsinə razı deyil. Biz ekranda el qınağından çəkinən, qorxan ailənin təəccübünü, etirazını görürük. Hətta anası, Nurcahanın üzünə baxıb adını çəkmədən İsmayılın da gəda olduğunu deyir. Balakişi Ərəblinski – ata, qızı ilə Tağıyevin izdivacının qeyri-mümkün olduğunu demək üçün şəxsən onun malikanəsinə gəlsə də, qısa söhbətdən sonra bu evliliyə razılıq verir. Filmdə elə göstərilir ki, sanki Tağıyev Balakişini sözləri ilə razı salır. Amma onun sözləri bizi heç qane etmir, yaddaşımızda xüsusi iz buraxmır. Ümumiyətlə, Tağıyev obrazı, demək olar ki, üç hissə boyu tərəf müqabillərini çox az söz istifadə etməklə, hətta sadəcə iti baxışları ilə razı sala bilir. Məsələn, bağbanlıq məktəbi açmaq üçün Mərdəkan ağsaqqallarını evinə dəvət etdiyi səhnədə ağsaqqalların zəif etirazı qarşısında Tağıyev bir az əvvəl bəhs etdiyimiz metodla onları öz tərəfinə çəkir. Bu isə həm məsələni adiləşdirir, həm də Tağıyevin obrazını bəsitləşdirir.
Həmçinin film boyu tez-tez Tağıyevin Sona ilə evlənmək istəyinin cəmiyyətdə dedi-qodulara, şayiələrə səbəb olacağı fikri səslənir, qəzetlərin bundan yazacağı, Tağıyevin nüfuzuna xələl gələ biləcəyi vurğulanır. Amma gözlədiyimizin əksinə, filmdə bunların heç biri baş vermir. Sual: “Hamı Tağıyevə hörmət edir, onu sevir, yoxsa ondan qorxub çəkinirlər?” Çünki deyilənlər söz olaraq qalır. Biz isə düşünürük ki, Tağıyev bütün şayiələri susdurmağı bacarıb. Filmdə göstərilməsə də tarixdən məlumdur ki, Tağıyev “Kaspi” qəzetinin sahibi olub. O da maraqlıdır ki, milyonçu “Kaspi” qəzetinin mətbəəsini 1896-ci ildə satın alıb. Filmdəki hadisələr də 1896-ci ildə baş verir.
“Tağıyev: Sona” filmi tetralogiyanın digər seriyalarında olduğu kimi uğursuz bir finalla – Tağıyevin, çətin də olsa, öz istəyinə çatması ilə bitir. Toy məclisi qurulur. Toy Sonanı Tağıyevə qazandırır, İsmayılı isə itirməsinə gətirib çıxarır.
Dördüncü, sonuncu hissədə artıq Sonanı ön planda görəcəyik. Bundan sonra həm Sona obrazı, həm də Tağıyev tetralogiyası haqqında ümumi bir fikrə gələ biləcəyik.
Nəcəf Əsgərzadə