Tofiq Şahverdiyevin Lahıcı
Tanıtma məqsədli və turizmin inkişafına xidmət edən qısa filmlər, adətən, 5-30 dəqiqəlik olan, müəyyən bir bölgənin və ya mədəniyyətin təqdimatını edən sənədli filmlərdir. Aydındır ki, turizm sektoru ölkənin gəlir qaynaqlarından biridir. Texnologiyanın inkişafı ilə turizm sahəsinə aid filmlərin yaradılma keyfiyyəti rəqabətə çevrilmişdir. Bu kimi filmlər ölkənin turizm məqsədli yerlərini, mədəniyyətini tanıdaraq həmin məkanı dünyada brendə çevirir. Hər bir film hədəf, kütlə nəzərə alınaraq hazırlanır. Turizm filmlərinin məqsədi ölkənin və ya hər hansı məkanın mövcud reallığını göstərmək deyil, burada əsas məqam təbiətinin, görməli yerlərinin, mədəniyyətinin ön plana çıxarılaraq göstərilməsi və onların gəlir qaynağı olaraq istifadəsidir. Təhlilin məqsədi, tanıtım filmlərinin turizm sahəsinə olan faydasını və filmlərdə istifadə olunan vizual elementlərin kütlə üçün hansı şəkildə istifadə edildiyini araşdırmaqdır.
“Azərbaycan: Mədəniyyət və əyləncənin qovuşdugu yer” qısametrajlı tanıtım filmi Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə birinci yerə layiq gorülüb. Film tək bir məkanın deyil, ölkənin görməli yerlərini, tarixini, təbiətini, müasir və qədim memarlıq abidələrini təsvir edir. Film üç hissədən – mədəniyyət, təbiət və sağlamlıq – ibarətdir. “Lahıc” qısa tanıtma filmi olduğundan kadrlar xüsusi effektlər vasitəsilə təqdim olunmuşdur. Bu da filmin reklam funksiyasını ön plana çıxarır. Filmdə hər hansı dramatikliyə rast gəlinmir və xüsusi mövzu üzərində geniş vizual estetikliyə yer verilmir. Filmdə kadrların sürətlə bir-birini izləməsi, tamaşaçının marağını cəlb etməyə yönəlib. Mədəniyyət hissəsində tarixi memarlıq abidələrinə, xalçalara yer verilsə də, musiqi, rəqs, təbii sərvətlər kimi nəsnələr diqqətdən kənarda qalıb. Əsas məqsəd, əcnəbi turist kütləsinin ziyarət edə biləcəyi potensial məkanların daha çox qabardılmasıdır. Buraya, paytaxtda və digər bölgələrdə yerləşən, saray, muzey, türbə kimi abidələr daxildir. Məscid kimi dini mərkəzlərin göstərilməsi, ölkənin dini inancından xəbər verir. Filmin ingilis dilində olan veriyasının ilk hissəsində ölkənin multikultural mühiti nəzərə çatdırılır. Mədəniyyət bölümündə ölkənin qədim sənət nümunələri ilə müasir muzey və mərkəzləri qarşılıqlı şəkildə göstərilir. Bu, ölkənin mədəniyyətini təşkil edən hissələrin həm qədim, həm müasir elementlərlə zənginliyinə işarə edir.
Filmin ikinci hissəsi isə eko-turizmə hesablanıb. Burada təbiət mənzərələri, ölkəmizin gəzməli yerləri dinamik kadrlarla təsvir olunur. Müasir dövrdə salınan parklarla yanaşı, ən yüksək dağ zirvələri, ucqar kənd sakininin fonunda göstərilən təbiət gözəlliklə yanaşı sağlam ruh, uzunömürlüluk təsiri bağışlayır.
Üçüncü hissədə isə xidmət hissəsi, turistlər üçün istirahət mərkəzləri və kompleksləri təsvir olunur. Filmdə yerli əhalinin həyat tərzinə, adət-ənənələrinə yer verilməyib. Filmi son iki hissəsi bir-birilə əlaqəli olduğundan, eko-turizmdə, yaradılmış əyləncə vasitələrində təbiətdən yararlanmanın bir-birilə paralel inkişaf etdiyi aydın olur. Bundan görünür ki, xarici turistlərin diqqətini çəkən əyləncə məkanları təbiət qoynunda yaradılanlardır.
“Lahıc” (2014, rejissor Tofiq Şahverdiyev) filmi Polşada keçirilən X “Film At Film” (Filmdə film) Sənət və Turizm Festivalında “Ən yaxşı sənədli film” üzrə mükafata layiq görulmüşdür. Bu filmdə isə öncə haqqında bəhs etdiyimdən filmdən fərqli olaraq əsl mədəniyyət beşiyinin ruhunu, nəfəsini duymaq olur. Lahıca getməyən bir tamaşaçı üçün bu film virtual səyahət rolunu oynayır. Ümumiyyətlə, tamaşaçının turizm tanıtımı məqsədilə çəkilən filmlərdə ən çox diqqəti cəlb edən, məkanın, tarixin , insanların həyat tərzin sənədlilik estetikasında təsvir olunmasıdır. Kamera filmdə müşahidəçi qismindədir. Demək olar, heç bir şeyə müdaxilə olunmur və təbiiliyə əsaslanan filmdə yerli əhali aktyorlar qismində iştirak edir. Bizim önümüzə real, insanların gündəlik həyatından epizodlar həkk olunur. Tamaşaçı üçün filmdə göstərilən hər bir kadr marağa səbəb olur. Rejissor filmdə təkcə əhalinin həyat tərzini deyil, onların mədəniyyətə olan töhfələrini, məkanın turistik inkişafında rolu olan, əsrlərdən bəri gələn sənətkarlıq peşələrini necə qoruyub saxladıqlarını realist kadrlarla təsvir edir. Hər bir vətəndaş mədəniyyət, adət-ənənə daşıyıcısı kimi qarşımıza çıxır. Filmdə hər bir məkanın, əşyanın tarixi mövcuddur. İlk filmdən fərqli olaraq bu filmdə hadisə, təhkiyə mövcuddur. Burada tamaşaçı, rejissor kimi müşahidəçi qismində müxtəlif hadisələrə, həmçinin, Lahıc sakinlərinin həyatında baş vermiş, nəql etdikləri hadisələrlə tanış olur. Filmin sosioloji-mədəni çərçivədə təsviri mövzuya daha geniş baxış bucağı verir. Lahıc bəzək-düzəkdən uzaq, öz çılpaqlığı ilə tamaşaçı önünə çıxır. İlk filmindən fərqli olaraq “Lahıc” filmində yerli əhali danışır. Sadəcə bir neçə cümlə ilə həmin insanların keçmişi də göz önünə sərilir. Filmdə hər bir nəslin nümayəndəsi təsvir olunur. Təsvirlərdən aydın olur ki, əhalinin əsas gəlir yeri də məhz sənətkarlıq bacarıqlarıdır. Filmin daxilində bəddi film üçün material ola biləcək insan həyat və hekayələri boldur. Məsələn, yaşlı kor sənətkar, övladını müharibədə itirmiş yaşlı qadın, xalça toxuyan və gələcəyə həvəslə, ümidlərlə baxan qadın və s. Bütün bunların bu qədər mistik və emosional olmasına səbəb olan, rejissorun estetik vizuallığı əsas tutaraq hadisəyə yanaşması deyil, əksinə, reallığa toxunmadan onu olduğu kimi verməsidir. Kamera müəllifdən ayrılaraq azadlıq qazanır və Lahıcdakı həyatın hər anını həkk edir. Kamera bir turist kimi Lahıcı gəzməyə, müşahidə etməyə başlayır. Bu filmdə asanlıqla sehri hiss etmək mümkündür. Bu anlar montajla birləşərək yeni bir məna qazanır. Filmdə təkcə əhalinin danışığını deyil, turistlərin bu kəndə yanaşmasını da görürük. Onların sənətkarlıq nümunələrinə, insan əməyinə olan heyranlığını kamera kənardan izləyir. Bu kadrlar turistlərin real təcrübələrini, Lahıcda keçirdiyi hissləri qurama olmayan şəkildə təsvir edir. Sanki kameranın eşitdikləri və gördükləri tamamilə bir təsadüf idi. İlk filmdən fərqli olaraq burada filmin ruhu duyulur. Bu film tamaşaçıda sadəcə maraq oyatmır, həmçinin emosional təsir edir.
Filmin yeganə zəif cəhəti isə dildir. Mədəniyyət Nazirliyinin sifarişi və müəllifin azərbaycanlı olmasına baxmayaraq, kənd sakinlərinin, rus dilində özlərini ifadə etmək üçün dəridən-qabıqdan çıxması vacib deyildi. Bu, yerlilərin xarici turistlə əlaqə qurması təəssüratı yaratması üçündür qənaətinə gəlmək isə yersizdir. Filmi uğurlu edən onun sadəcə real təsvirlərə əsaslanması deyil, içərisində kiçik də olsa insan hekayələrinin olmasıdır. Filmin ruhu dediyim məhz budur. Film, demək olar ki, turizm əhəmiyyətilə yanaşı, həm müharibə, həm sənətkarlıq, mədəniyyət, sosiologiya kimi müxtəlif tərəflərə toxunur. Filmin vizuallığından aydın olur ki, məkanın turizm əhəmiyyətinin səbəbi onun topoqrafik mövqeyi yox, sosial vəziyyətidir. Çünki Lahıcın mədəni məkana çevrilməsində insan əməyi, sənətkarlıq rol oynayır. Bura gələnlərin ziyarət etdikləri yerdən hər şey bəlli olur. İlk filmdə konkret məkan olmadan Azərbaycanın turizm qaynaqları təsvir olunur. Hər iki film Azərbaycanın guşələrini göstərsə də tanıtma yolları fərqlidir. İlk filmdə eko-turizm, mədəniyyət, xidmət kimi sahələrə toxunulsa da digərində sosial-mədəni vəziyyət qabardılır.
Şəlalə Bədəlova