Tərpənmə və əzab çək

“Elə bil, qəsdi nədir,
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar.
Getmə, getmə, gəl”…
Sercio Kastellittonun “Getmə” filmi haqqında bir nəfər belə sual verdi: “məgər, o film sevgi haqqındadır?” Sual daha çox ritorik idi.
Həmin adamın “səncə, sevgi necə olur” sualıma verdiyi cavabı bura yazmayacağam. Əminəm ki, eyni suala olduqca müxtəlif cavablar almaq mümkündür. Maraqlananlar cəhd edib soruşsalar, öz cavabları ilə digərlərinin cavablarını, eşitdiklərini də müqayisə edə bilərlər.
Hə, sözügedən film sevgi haqqındadır. İnsanların özünəməxsus olduğuna inanan biri kimi “hər kəsin unikal sevib-sevilmək tərzi var” tezisini də təsdiq edirəm.
Müqəddimə qismində qeyd edim ki, filmə, əsasən, psixoanalitik nöqteyi-nəzərindən yanaşmışam və məqaləm buna uyğun olacaq. Mənə görə, sevgi məsələlərini ən mötəbər nəzəri şərh edən, ona qarşı münasibəti ifadə edən maraqlı və çoxşaxəli vasitə – psixoanalizdir. Filosof Alen Badyu da psixoanalizi, Platon dövründən bəri sevgini ən dərin konseptuallaşdırma cəhdi kimi dəyərləndirir.
Kastellittonun filmindəki sevgi münasibəti ilk baxışdan dağıdıcı, zorakılığa bürünmüş formada görünə bilər. Etiraf edək ki, kinoəsər həm də elədir – zorakı və dağıdıcı. Ancaq, ortada ziddiyyətlər və emosional qatlardan ibarət bütövlük də mövcuddur. Bu bütünlük, destruktivliyin qübbələrə ucalan arzuları və əməli hesabına meydana çıxır. İki nəfər birləşir, bir-birini və özlərini parçalayır, ayrılır və iztirablı sevginin təşnəsi ilə yenə pərən-pərənlik gətirən birliyə meyil edirlər.

Bədii filmin orijinal adı belədir – “Non ti muovere”. İtalyan dilindən tərcümədə bu ifadə “Tərpənmə” mənasını verir. Ruslar filmi «Не уходи», yəni, “Getmə” adı ilə prokata buraxıblar. Bizimkilər də Vikipediyada kinonun adını dilimizdə elə “Getmə” olaraq saxlayıblar. “Getmə” – film üçün daha adekvat və yerinə düşən ad sayıla bilər və elə yazıboyu adını “Getmə” kimi qeyd edəcəyəm.
Bunu da qeyd etmək yerinə düşər ki, film, eyniadlı roman əsasında ekranlaşdırılıb və kitabın müəllifi Sercio Kastellittonun həyat yoldaşı Marqaret Madzantinidir. Baş rolu da rejissor Kastellittonun özü ifa edir.
“Getmə” filmi, Timoteo adlı cərrahın həyatının mühüm hissəsini işıqlandırır. Onun qızı motosiklet qəzası keçirir və təsadüfən elə Timoteonun işlədiyi xəstəxanaya gətirilir. Ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat edilən qızının halı atanı pəjmürdə salır. O, əməliyyatda iştirak etməkdən imtina edir və bu işi həmkarlarının ixtiyarına buraxır. Heç kəsin olmadığı dəhlizdə təkbaşına fikir çəkən ata pəncərəni açır və yağışda səki ilə gedən bir qadın görür. Qadın sürüyə-sürüyə apardığı stulu səkilərin kəsişməsinə qoyub əyləşir. Pəncərədən qadını seyrə dalan həkim də, biz də onu arxadan görürük. Nə Timoteo, nə də tamaşaçı qadının üzünü görür.
Teatral atmosfer təsiri bağışlayan bu səhnə çox estetik görünür. Ümumiyyətlə, “Getmə”, estetlərin gözlərinə bayram şöləsi saçacaq filmdir. Yağmurda islanan naməlum qadını görən həkimin üzündə həlimlik, intizar və sevinc əmələ gəlir. Beləliklə, Timoteo düşüncələrə dalır və fikir seli, islaq ilğımdan nəmlənib tərləyən güzgü kimi onu keçmişə aparır.

Gənc Timoteonun avtomobili gecəqonduların yanında xarab olub. O, tər içində, narahat halda girdiyi kafedən maşın ustasını soraqlayır. Bunu eşidən görünüşcə əzgin, əldən düşmüş cavan qız Timoteoya ustanın məkanını göstərə biləcəyini, yolunun üstündə olduğunu deyir. Usta, yerində olmadığına görə, Timoteo bu dəfə telefon köşkünün yerini soruşanda qız ona öz evindən zəng etməyi təklif edir. Timoteo qadınla evə gedir, arvadına zəng edir, telefona cavab verən olmur.
Həkim bayaq gəldiyi kafeyə geri qayıdır və ustanı gözləyə-gözləyə ofisiantın təklif etdiyi yeganə soyuq içkidən araqdan xeyli içib sərxoş olur. Nəhayət, usta gəlir, maşın düzəlir, Timoteo kefli halda bayaqkı gənc qadının evinə yollanır və yenə zəng etmək istədiyini bildirir. Arvadı bu dəfə də telefona cavab vermir. Sərxoşluqdan vəhşi, ibtidai tərəfi qabarıb üzə çıxan kişi, ona qapısını açan və tək yaşayan qadını zorlayır. Bir müddət keçdikdən sonra Timoteo yenə həmin məhəlləyə gəlir. O, küçədə həmin qadınla qarşılaşır və üzr istəyir. Sonra qadın etiraz etsə də, onun aldığı ərzaqları evə gətirməyə kömək edən kişi təzədən ehtiraslanır və beləcə, qadına ikinci dəfə təcavüz edir. Qadın birinci dəfə olduğu kimi, bu dəfə də təcavüzü səssiz və müqavimətsiz qarşılayır.
İlk baxışda seksual zorakılığa boyun əyən qadının tövrü təəccüb yarada bilər. Çünki baş tutan akt, daha çox razılaşdırılmış BDSM kimi erotik oyunlardan deyildi. Gözlənilməz anda adını belə bilmədiyi yad adamın şəxsi, fiziki sərhədi dağıdıb bədənə basqın etməsi nəticəsində yaranmış sükunətdə lal hayqırtılar var. Daha sonra bu itaətin köklərinin qadının keçmişdə yaşadığı hadisə ilə əlaqəsi olduğunu öyrənirik. İtaliya (qadının adı belədir), kiçik yaşda atası tərəfindən seksual qısnamaya məruz qalıb və həmin anda da səsini çıxara bilməyib, sanki vücudu qıc olub.
Timoteonun da sadist duyğuları uşaqlıqda formalaşıb. Onun despotik atası ilə, məzlum xasiyyətli anasının münasibəti oğlanlarının qəzəb və digər dağıdıcı hisslərini dərinliklərdə basdırıb. Təbii ki, basdırılmış duyğular sonradan ortaya çıxanda eybəcər hal alır.
İkinci zorlamadan qısa müddət sonra Timoteo yenidən İtaliyanın yanına gəlir. Bu dəfə onlar söhbət etməyə başlayırlar. Bir-birlərinin adlarını öyrənirlər, İtaliya sevgilisinə (artıq sevgili) yemək bişirir. Kişi “nəbzi yoxlamaq” məqsədilə qadına şillə vurub onun ağız-burnunu qanadır. İtaliya yenə səsini çıxarmır, baş verənləri məzlumcasına, etiraz etmədən qəbul edir. O andan sonra Timoteo qadına daha da bağlanır, zorakılıq əriyib yoxa çıxır və onlar sevişirlər.

“Getmə”, təkcə ehtiras və ağrı hekayəsi deyil; o, şüursuzluğun qaranlıq labirintlərində insanın özü ilə apardığı mübarizənin dramatik təsviridir. Timoteo nüfuzlu cərrah olmaqla yanaşı, sosial baxımdan nizamlı həyat sürür. Onun gözəl və savadlı arvadı, orta təbəqənin nüfuzlu adamlarından ibarət çevrəsi var. Filmə baxan bir neçə tanışım bu məqamla bağlı məntiqi mühakimə sərgiləyir və belə soruşurlar: “həkimin füsunkar, sarışın, erudisiyalı arvadı və maraqlı ətrafı olduğu halda, niyə o, yöndəmsiz və savadsız qadını sevir?”
Timoteonun İtaliyaya bəslədiyi sevgi təlatümlü və ağrılıdır. Qadın ona keçmişini, uşaqlığındakı başqa qadını, yəni, anasını xatırladır. Məzlumluq, təslimiyyət mücəssiməsi olan İtaliya, onun anası kimi kişinin aqressiyası qarşısında baş əyib səs çıxarmayan biridir. Timoteonun İtaliya ilə münasibətində yaşadığı duyğular ona çox doğma, məhrəmdir. Tanış hisslər onun varlığına hakim kəsilib. Bu situasiyada gözəl və savadlı həyat yoldaşı, səliqəli həyat ikinci plana keçir. Eşqin cilvəli oyunları sahmanlı nəsnələri dumanlandırıb insanı təxribata çəkir.
İtaliya “femme fatale” deyil. O, nə Timoteonu fəth etməyə çalışır, nə də onu özünə bağlamaq üçün oyunlar qurur. Əksinə, o, yoxsul, zəif və müdafiəsizdir. Onun yanında Timoteo güc və hakimiyyət hiss edir. Bu münasibət, təbiəti etibarilə, zorakı və asimmetrik başlayır. Ancaq psixoanalitik təcrübə göstərir ki, zorakılığın arxasında həmişə bir qorxu və zəiflik gizlənir. Timoteo İtaliya ilə amansız davransa da, əslində, onun yanında öz həqiqi “mən”ini tapır. İtaliya gənc kişi üçün orientir-istinadgah olsa da, qadın həm də onun təşviş duyduğu obyektə çevrilir. Təlaşdan yaranan ilkin acıq da məhz zorakılıqla nəticələnmişdi.
Filmdə göstərilən sevgi ənənəvi romantik münasibətlərdən deyil. O, günahkar, ehtiraslı, dağıdıcı və qeyri-adidir. İnsanlar belə də edə bilirlər – harmonik, bol nəşəli, dinc əlaqələri seçmirlər, əksinə, onları fəlakətə aparan yollara atılırlar. Niyə? Çünki həmin səmtlər, o cür yollar onlara daha həyəcanlı və real görünür.
Timoteonun İtaliyaya olan sevgisi də məhz bu qəbildəndir. O öz arvadı ilə sahmanlı, stabil bir münasibətdədir, ancaq o münasibət “ölü”dür. İtaliya ilə olan əlaqə isə xaotik, hətta təhlükəlidir, amma gerçək və diridir.

Elza – Timoteonun arvadı ərinin əhvalına görə narahatdır. O, məsələdən agah olmasa da, yoldaşının həyatında qarışıq nələrinsə baş verdiyini hiss edir. Şübhə duyduğu, qaranlıq görünən məsələ sirr və müəmma kimi qalır. O, bu haqda söz açmır, ərinə heç bir narazılıq da etmir. Timoteo ona xəyanət edərkən başqa bir zorakılıq cığırı açır, hər iki qadını incidir. Ən çox isə özünü dağıdır. Arvadının sakit təbiəti, heç nəyi qurdalamaması Timoteonun günahkarlıq hissinin ocağına benzin tökür.
Filmboyu tikanlı sevdadan və günahlarından dolayı gözlərinə dərin kədər çökmüş kişi görürük. O, əzabkeşdir. Keçmişindən bu yana boğazına yapışıb boğan xəyali əllər onu öldürmür. Halbuki ölüm onun üçün qurtuluş, səadət olardı. Bu zəncir Timoteonun hər gün özünün zorlanması və iztirabın ağırlığı ilə əzilən ruhunun itaətidir. İtaliya kimi o da tərpənmir, müqavimət göstərmir və əzab çəkir.
Filmin adı “Non ti muovere” – “Tərpənmə”, Timoteonun qızına əməliyyat masasında söylədiyi sözlərdən doğur, ancaq bu, eyni zamanda, onun daxili donuqluğuna da işarədir. Həm də zorakılıq görərkən İtaliyanın ciddi-cəhdlə susması, qımıldanmaması da bunu ifadə edir.
Film emosional dərinliyi ilə birgə vizual baxımdan da son dərəcə cəlbedicidir. Rejissor Kastellitto, təkcə baş rolu canlandırmaqla kifayətlənmir, həm də hadisələri incə təfərrüatlarına qədər quraraq tamaşaçını obrazların daxili aləminə çəkir. Bu detal, mənə yuxuya getmə anındakı şirin rahatlıq kimi əhval bəxş etdi.

Xüsusən də, operator işindən (quruluşçu operator Canfilippo Kortiçelli), filmin təsvir həllindən ləzzət aldım. Qaranlıq və soyuq tonlar, yaxın planlar, aramlı kadrlar – bunların hamısı əsas qəhrəmanın psixoloji halını vurğulayan elementlərdir. Kamera bəzi məqamlarda sanki qəhrəmanların dərisinə toxunur, bəzən isə uzaqdan baxaraq onların öz taleləri qarşısında acizliyini sərgiləyir. Keçmişin və bu günün ləziz kontrastı, paralel zaman axını ilə tərtib edilən quruluşun ziddiyyətli vizuallığı çox cazibədardır.
“Getmə” filmini unikal edən həm də İtaliya rolunu canlandıran Penelopa Kruzdur. Mən heç də Kruz heyranlarından deyiləm, ancaq, onun oynadığı bu rol xoşuma gəldi, məncə bu, Penelopa Kruzun ən maraqlı roludur. İtaliya həm cəsarətli, həm də ürkək təəssürat ötürür. Onun üzündəki səbatsız ifadə, ehtiras və iztirabın dərin cizgiləri lal axan çayın gəlib dirəndiyi yeri silkələyən uğultu təsirini yaradır.
Timoteo rolunu oynayan Kastellitto özü də miskin, bədbəxtliyin təcəssümünü olduqca gözəl ifa edib. Onun xəstəxana dəhlizindəki ovqatı günahlarının kəffarəsini ödəyən abidin halına bənzəyir. Ölümlə üzbəüz durub, onun buzlu dodaqlarından süzülən şaxtalı nəfəsi hiss edən qəhrəman katarsis yaşayır. Ölümün maddi-praktik, ağrılı, məchul, qaranlıq, ülvi-vazkeçilməz tərəfləri onun ruhunu lərzəyə salıb “təmizləyir”, sonra da “indi gedə bilərsən” pıçıldayır.
Sercio Kastellittoya duyğularımızı qabardıb, onların coşmasına vasitəçi ola bildiyi üçün təşəkkür edirəm.
Orxan Adıgözəl