İNDİ OXUYUR
Tarixi həqiqət və tarixi filmdə həqiqət

Tarixi həqiqət və tarixi filmdə həqiqət

Tarix və kino mövzusu hər zaman aktual və çoxşaxəlidir. Bu mövzu haqqında kino nəzəriyyəçilərinin, həm də tarixçilərin yüzlərlə mülahizələrinə rast gəlirik. Tarixi film anlayışı və hər ikisinin bir-birinə göstərdiyi təsir haqqında düşünərkən bir neçə sual ortalığa çıxır. Tarixi film, gerçəkliyi olduğu kimi əks etdirməlidirmi? Filmdə tarixi reallıqdan kənar təxəyyülün sərhədləri hara qədər olmalıdır? Tarixçi, kinonu tarixi mənbə kimi götürə bilərmi? Tarixçi və rejissoru qarşı-qarşıya qoysaq, hər iksinin də tarixi hadisəyə yanaşması fərqli olacaq. Məsələn, Orta əsrlərdə baş vermiş hər hansı müharibəni götürək. Tarixçi bu müharibə haqqında yaşadığı dövrə istinadən cavab verəcək və əldə etdiyi konkret faktlarla danışacaq. Rejissor həmin döyüşü filmdə təsvir edərkən bu hadisəni genişləndirəcək və yaşadığı dövrdəki yanaşma ilə deyil, sırf Orta əsr qəhrəmanlarının və hadisələrin müharibəyə qədərki mühitini əks etdirəcək. Rejissor bugünkü günə əsasən, tarixi nəticəni deyil, hadisə və xarakterləri öz zamanı daxilində dəyərləndirməlidir. Lakin görünən odur ki, filmlər hər zaman tarixi faktlara sadiq deyil və bir çox hallarda ona əlavələr edir. Burada qarşıya çıxan “həqiqi tarix” anlayışıdır. Yəni tarix, günümüzə qədər gəlmiş sənədlərlə tarixi hadisənin qurulmasıdır. Burada tarixi reallığı sübut edə bilən həmin dövrdən qalma nəsnələr və sənədlərdir. Keçmişin inşası zamanı istər tarix, istərsə də yaddaş baxımından müəyyən boşluqlar əmələ gəlir. Kino da məhz bu boşluqlardan istifadə edərək özünə yaradıcı yer açır. Məqalənin əvvəlində biz bir neçə sual qoyduq. Bu suallardan biri məhz tarixi hadisəni təsvir edərkən kinonun quramadan hansı həddə qədər yararlana biləcəyidir. Bu məqamda yada anaxronizm düşür. Tarixdə qəbul edilməsə də, anaxronizm kinoda başa düşüləndir. Yəni kino keçmişdə olmayan bir hadisəni olmuş kimi və ya əksinə təsvir edə bilər. Kinonun məqsədi hər hansı tarixi faktın altında duran önəmli ünsürü ortaya çıxarmaq üçün hadisəni, reallığı yenidən formaya salmaqdır. Tamaşaçı, tarixçidən fərqli olaraq, bütün hadisələrin xronologiyası ilə maraqlanmır. Burada əsas olan həmin hadisənin necə formalaşdığı, cəmiyyət üçün nələrə gətirib çıxardığıdır. Elə “İşarəni dənizdən gözləyin“ (1986; Ceyhun Mirzəyev) filmini götürək. Tamaşaçı olaraq, mən bu filmi müasir dövrdə izləyirəm. Artıq Sovet hakimiyyəti yoxdur.


Film Çingiz İldırım adlı bolşevikin bioqrafiyasından bir hissədir. Lakin burada böyük bir hadisənin fonu var. O da ilk demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin süqutudur. Film bizə tarixi diktə etmir, buna ehtiyac da yoxdur. O özünün ən ümdə məqsədini yerinə yetirdi. Film çox uğurlu olmasa da, haqqında danışılan tarixi hadisənin necə böyük faciə ilə nəticələnməsini göstərir. Ədəbiyyat və kinonun xüsusiyyəti, keçmişi təsvir edən zaman ənənəvi tarixdən fərqli olaraq, böyük bir tarixi təhkiyə yaratmaq yerinə fərdiliyi seçərək, qəhrəmanın vəziyyətini, hərəkətlərini həmin böyük tarixi hadisənin içinə yerləşdirməkdir. Yəni filmdə ümumiləşdirilmiş hadisələrdən fərqli olaraq bir insanın daxili aləmindən, onun hərəkətlərindən nəticə çıxararaq qərar vermək mümkündür. Çingiz İldırım bolşevikdir. Film bütün bolşeviklərin fəaliyyətini açmaq yerinə, məhz bir bolşevikin – Çingiz İldırımın üzərində durur.

Keçmişə dair yaddaşımızdakı bir çox təsəvvür kino nəticəsində yaranmışdır. Qladiatorlardan tutmuş Kleopatraya qədər anlayış verən məhz filmlər sayəsində yaranıb. Fotoların göstərdiyi reallıq qədər, dünya kinosunda tarixi mövzuda filmlər kifayət qədər hadisənin həqiqiliyini çatdırmaq gücünə malikdir. Məhz “İşarəni dənizdən  gözləyin” filmi də qəhrəmanların surətini yarada bilib. Çingiz İldırım adını eşidən birinin yaddaşında təsvir olaraq Fuad Poladovun obrazı canlanacaq. Əlbəttə, Çingiz İldırımın fotoları mövcud olsa da, cəmiyyətə bu tarixi sənədlər yox, film daha çox xitab edir və obrazı populyar edir. Filmin tarixi mənbə kimi istifadə olunması da geniş yayılmış müzakirə mövzusudur. İddia olunur ki, yazılı sənədlər nə qədər tarixi hadisənin mənbəyi kimi istifadə olunsa da, eyni dərəcədə təsvirlərdən də istifadə oluna bilər. Sirr deyil ki, Nürnberq prosesində ingilislərin Belzendə 1945-ci ildə çəkdikləri film sübut kimi istifadə olunmuşdur. Lakin rejissor yozumundan və montaj texnikasından yararlanan film, tarixi hadisənin fakt mənbəyi kimi yanlış da ola bilər. Bura həm dövrün ideologiyası, həm də siyasi vəziyyət təzyiq göstərə bilər. Keçmişi bir təqlid kimi deyil, tarixin inşası kimi ələ alınan zaman, siyasət və ideologiya vacib anlayış qismində qarşımıza çıxır. Kino yarandığı gündən bəri dövrünün ideoloji, siyasi mexanizmi olmaqdan yaxa qurtara bilməmişdir. Bu baxımdan, filmlərdə yalnız müəyyən tarixi zamanları təsvir etmək və tamaşaçının diqqətini çəkməkdən ötrü dekorlardan, kostyumlardan üçün istifadə olunmur, həm də güclü ideoloji aparat kimi qəbul olunur. Dövrün siyasəti, filmlərin müqəddəratını həll etməyə qadirdir.


Tarixi filmlər, tarixin inşasından əlavə, tarixi təxəyyülün də yerinə keçiblər. Tamaşaçı Çingiz İldırım obrazını “İşarəni dənizdən gözləyin” filmində gördüyü obrazla xatırlayır. Bu hərəkətli təsvir onun təxəyyülünün, azad şəkildə xəyal etməsinin qarsısını alır.

İndi isə filmə daha ətraflı nəzər yetirək. “İşarəni dənizdən gözləyin” filmi, Firudin Ağayevin “İldırım dənizə  çaxır” və “İldırım ömrü” romanlarının motivləri əsasında çəkilib. Film, romandan bir çox ixtisarlara yol verilərək çəkilib və romanda olduğu kimi bir neçə mövzu xəttini birləşdirir. Lakin mövzu xətləri natamamdır. Başlanğıcı və son nöqtəsi yoxdur. Film, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bəhs edir. Filmdə müəyyən boşluqlara rast gəlmək olur. Filmi maraqlı edən, onun tarixi hadisələrlə və reallıqla olan oxşar və fərqli cəhətləridir. Çingiz İldırım müasir dövrümüzdə mənfi və mürəkkəb bir şəxsiyyət kimi qəbul olunur. Film 1986- cı ildə çəkilib, hadisələr 1920-ci ildə cərəyan edir. Filmin, günümüz reallığı ilə deyil, çəkildiyi dövrü və ideologiyanı nəzərə alaraq təhlil edilməsi vacibdir. Romanda Çingiz İldırım obrazı müsbət qəhrəman kimi verilib. Bu real şəxsiyyət Azərbaycanda Sovet hökumətinin qurulmasında iştirak edən ən fəal bolşevik olmuşdur. Film tarixi reallığı geniş və detallı şəkildə əks etdirmir və romandan qaynaqlanan təhriflərə yol verir. O, AXC-nin süqutunu, Çingiz İldırım obrazını yenidən inşa edir. Filmdə AXC-nin 27 aprelə kimi olan tarixi vəziyyəti fon olaraq hazırlanmışdır. Filmdə bəlkə ən zəif və romandan seçilən tərəfi Çingiz İldırım obrazının açıq formada bolşevik kimi verilməməsidir. Yəni obrazın təsviri zəifdir. Romanda isə bu kifayət qədər güclü, real və qurama situasiyalar yaradılaraq ortaya qoyulmuşdur. Roman AXC hökumətini yararsız, qaniçən ağalar sinfinin nümayəndələrindən olan qrup olaraq təsvir edir. Filmdə isə görüntü vasitəsilə gənc Azərbaycan Demokratik Respublikasının daxildən Çingiz İldırım kimi gizli, təbliğatçı bolşeviklər vasitəsilə necə məhv edildiyi verilir. Məhz kinonun gücü də buradadır. Görüntü, tamaşaçının özünün qərar verməsinə zəmin yaradır. Filmdə Çingiz İldırım obrazı romandan fərqli olaraq, mənfidir. Onun obrazının ikiüzlülüyü ilə bağlı bir səhnəyə diqqət edək. Parkda oğlan, qovrulmuş şabalıdı “Azərbaycan” qəzetinin səhifəsinə bükmək istəyir. Bu zaman Çingiz İldırım “vətənpərvərlik” hissi ilə bu qəzetin millət üçün faydasından danışır. Lakin millətin qeydinə qalan bu qəzeti yayımlayan AXC höküməti sonda onun xəyanəti ilə qarşılaşır. Film romandan fərqli olaraq, bu tarixi şəxsiyyətə lazım olan şərhi verir. Axı kino, tarixi şərh edir. Film, özlüyündə ikili məna verərək, “obyektiv” olmağa çalışır. Əgər bu film 1920-ci illərdə tamaşaçı önünə çıxarılsaydı, Çingiz İldırım xalqın qeydinə qalan bir şəxsiyyət kimi qəbul edilərdi. 1980-ci illərin tamaşaçısı üçün isə xəyanətkar obrazı durur. 1930-cu illərin repressiyalarını bilən tamaşaçı (Çingiz İldırım da repressiya qurbanıdır) onu müsbət olaraq qəbul edə bilməz. Belə qəbul etmək olar ki, hər bir tarixi film öz dövrünün ideoloji vəziyyətindən asılıdır. Rejissor, dövrünün ideologiyasını filmdə demək olar təbliğ etmir, ondan mümkün qədər yan keçir.


Bəzi tarixi məqamlar romanda olduğu kimi saxtalaşdırır, yaradıcı düşüncə ilə tarixi hadisəyə məhəbbət əhvalatını da əlavə edir. Lakin, film bolşevik ideologiyasının “aliliyini” təbliğ etmədiyi kimi onu tənqid də etmir. Hətta zəruri tənqidə və təsvirə ikili məna qatmaqla yer verir. Filmdə digər maraqlı məqam ingilislərlə AXC və həmçinin, bolşevik Çingiz İldırım arasında olan əlaqədir. Filmdə, romandan fərqli olaraq, bu mövzu daha dərin təsvir olunmayıb. Filmdə Çingiz İldırımın ingilislərə qarşı münasibəti heç də yumşaq deyil. Hərbi topların çaxmaqlarının AXC-dən oğurlanması və ingilis gəmisində axtarış etmək icazəsi almaq isə romanın uydurmasıdır. Lakin Məcid Katibli “Çingiz İldırım” kitabında qeyd edir ki, bu işi ona AXC deyil, Rusiya KP Qafqaz Ölkə Komitəsi tapşırır. 1919-cu ildə ingilislər Bakını tərk edərkən “Kars” və “Ardahan” gəmilərindəki topların açarlarını Denikin donanmasına vermişdilər. Çingiz İldırım yeni açarlar üçün Tiflisə getmiş, lakin buna nail ola bilməmişdi. Kəşfiyyat zamanı açarların ağqvardiyaçıların gəmilərindən birində olduğunu öyrənir və açarları əldə edir, əks-inqilabçı qüvvələrə qarşı hərbi topları hazır vəziyyətə gətirir. Həmin kitabda göstərilir ki, 1920-ci il  aprelin 26-dan 27-nə keçə gecə 2 nəfər bolşevik ilə silah gücünə Bayıldakı sahil toplarını ələ keçirir və onları sıradan çıxarır, həmçinin, Müsavatın Nargin adasında yerləşmiş qoşun hissəsinin artilleriyasının Bakı ilə əlaqə saxladığı dənizdən keçən telefon xəttini kəsir.


Romanda Çingiz İldırım, Titoresə əmr edir ki, qırmızı bayraqlar qaldırılsın. Lakin bu məqam filmdə qırmızı bayraq göstərilməsilə əvəzlənib. Romanda Çingiz İldırım əlavə ultimatum göndərir və 2 saat ərzində hökumətin bolşeviklərə təhvil verilməsini tələb edir. Əks halda atəş açılacağı barədə xəbərdarlıq edir. Filmdə bu sözləri onun dilindən eşidirik. Həmçinin romanda nazirlər otaqdan qaçırlar. Onlar alçaldıcı bir formada təsvir olunublar. Filmdə isə bundan yayınılıb və tarixi həqiqətə uyğun olaraq iclasın sonunda ultimatuma cavab verilir. Hakimiyyət bolşeviklərin əlinə keçir. Tlexasın obrazı filmdə demək olar ki, təhrif olunmuş vəziyyətdə verilib. Tlexasın Çingiz İldırımı və matrosları öldürmək üçün xain plan hazırlaması uydurma bir hadisədir. Filmdə Tlexasın AXC- nin hərbi məsələlərdə rolu, bolşeviklərə qarşı yürütdüyü siyasət açıqlanmır. O, Çingiz İldırımı məkrli planlarla aradan götürmək istəyən səriştəsiz general-qubernator olaraq göstərilir. Bir sözlə, müasir tamaşaçı bu filmin ideoloji olduğunu qəbul edir. Çünki filmin təhkiyəsində olan axsaqlıq ucbatından, tamaşaçı heç kimlə özünü “eyniləşdirə” bilmir və filmlə tamaşaçı arasında olan gizli razılaşma (tamaşaçı filmin qurmaca olduğunun fərqində olmamalıdır) pozulur. İdeologiyanın istəyi – filmin bir tam olaraq tamaşaçı tərəfindən qəbul edilməsidir. Elə ki filmi kadrlara, səhnələrə ayırıb üzərində təhlil aparmağa başladınız, ideologiya öz sehrini itirir. Filmdə ideologiya anlayışı “nəyi göstərmək” üzərində deyil, “necə göstərmək” üzərində açıqlanmalıdır. Slavoy Jijekin dediyi kimi, həqiqətin üstünü örtən ideoloji maskanı çıxarmaq üçün, tamaşaçı ilə film arasındakı həmin gizli razılıq filmboyu sonlanmalıdır. Bütün bu qeyd olunanlara nəticə olaraq son suala cavab verə bilərik: Bu film tarixi mənbə kimi göstərilə bilərmi? Düşünürəm ki, xeyr.

Şəlalə Bədəlova

Fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim edilib.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya