İNDİ OXUYUR
Tarık Saleh: Şərqdən-Qərbə

Tarık Saleh: Şərqdən-Qərbə

İsveç rejissoru Tarik Salehin yaradıcılığı janr və mövzu baxımından müxtəlifliyi ilə seçilir. Avropa və Amerikada işləyən rejissor müəllif, kommersiya, animasiya filmləri çəkir, antiutopiya, kriminal, triller, dram janrlarında işləyir. Atası misirli, anası isveçli olan, 1972-ci ildə doğulan Tarik Salehin 17 yaşında çəkdiyi qraffiti, İsveç hökuməti tərəfindən ölkənin mədəni irsi kimi qəbul olunaraq qorunur. O, televiziyada prodüser, teleaparıcı kimi çalışıb, İraq və Quantanamoda Amerika əsgərlərinin əsirlərə işgəncə verməsi, Çe Gevara haqda sənədli filmlərin müəllifidir. Stokholmun fəhlələr yaşayan qəsəbəsində, 1990-cı illərdə paytaxtı qorxu altında saxlayan bank qarətçiləri ilə bir məhəllədə böyüyən Saleh bu yeniyetməlik təcrübəsini tammetrajlı debütü “Tommi” (2014) kriminal trillerində bölüşüb.

“Tommi” (2014)


İsveç tarixinin ən böyük bank qarətlərində iştirak edən Tommi və arvadı Estelin hekayəsi süjetin əsasını təşkil edir. Hadisədən sonra ailə ölkəni tərk edir. Bir müddət sonra Estel, qızı ilə Tommiyə düşən payı dostlarından almaq məqsədilə geri qayıdır. Amma bunun üçün o, Tomminin guya sağ olduğuna dostlarını inandırmalıdır…

Rejissor, Esteli ərinin əməllərinə şərik olan cinayətkar kimi yox, ailəsini qoruyan müqəddəs əzabkeş kimi göstərib. Xüsusən, dəqiq musiqi seçimi və müxtəlif rakurslarla obrazın daxili məzmununu açır.

Rejissora yaxın mövzulardan biri ərəb dünyasının tədqiqidir. İsveç mədəniyyəti ilə bəslənməyinə baxmayaraq, Saleh özünü misirli hesab edir və onu ərəb dünyası haqda filmlər çəkməyə vadar edən bir neçə faktor olub. Məsələ ondadır ki, Saleh həmişə İsveçdə müsəlmanlara, İslama nifrətlə qarşılaşıb. Vaxtilə məktəb kitabxanasında “Ərəb” adlı psevdo-elmi kitabda ərəblərin səfeh və qeyri-sivil adam kimi göstərilməsi ona pis təsir göstərib.

“Mən ərəbləri müdafiə edərək böyümüşəm” deyən rejissor Qərb siyasətçilərinin ərəblər haqda təhrif olunmuş məlumatlar verdiyi qənaətindədir. Ona görə bu mövzuda çəkdiyi filmlərdən biri “Cənnətdən gələn oğlan” (2022) haqda deyir: “Mən Pandora yeşiyinin ağzını açmaq və indiyə qədər heç bir kameranın çəkmədiyi dünyanı göstərmək istəyirəm. Bu film İslam haqda yox, ideologiya və ideyaların müharibəsi haqdadır. Bu, daha çox siyasi təhkiyədir, nəinki dini”.

“Cənnətdən gələn oğlan” (2022)


Beləliklə, Sandens festivalında Qran-Priyə layiq görülən “Nil Hilton hotelindeki hadisə” (2017) filmi onun ərəb dünyasını tədqiq edən ilk əsəridir. Filmin nümayişindən sonra rejissora Misirə getmək qadağan ediləndə o, “mən Misiri sevirəm, amma bu, cavabsız sevgidir” demişdi. Ölkənin hüquq-mühafizə orqanlarındakı korrupsiyanı, siyasi sistemin çöküşünü göstərən film 2011-ci ilin “Ərəb baharı”nın başlanması ilə bitir. Polis Nurəddin (Fares Fares) mehmanxanada qətlə yetirilmiş müğənninin işini araşdırır, istintaq zamanı qətlin izləri prezident Mübarəkin yaxın adamlarına gedib çıxır. Rəhbərlik işi bağlamaq istəsə də, Nurəddinin vicdanı bunu qəbul etmir.

“Nil Hilton hotelindeki hadisə” (2017)


Ümumiyyətlə, Tarik Saleh, siyasi mövzulu triller-kriminal filmlərində güclü qəhrəman obrazı ilə manipulyasiya eləmir, ekşn dalınca qaçmır, obrazlarda mümkün qədər dərinliyə varmağa çalışır,    mürəkkəb, ziddiyyətli xarakterlə ifadə edir, hadisələrin ekzistensial tərəfini qabardır, cəmiyyətdə özünü yad hiss edən qəhrəmanların dəyərlərinə fokuslanır, çətin seçimlərlə üzləşdirir və onlar  sistemlə mübarizədən bütöv çıxmağa can atırlar. İstər “Tommi”, istər tipik Hollivud trillerlərinin xüsusiyyətləri, ştampları ilə çəkilən “Muzdlu qatil” (2022) filmində sənətçi əqidəsinə sadiq qalır…

“Muzdlu qatil” (2022)


Kannda “Ən yaxşı ssenari” mükafatına layiq görülən, ərəb dünyası haqda ikinci filmi “Cənnətdən gələn oğlan” Mərakeşdə, İsveçdə və Türkiyədə çəkilib. Hadisələr dünyanın ən qədim  unversitetlərindən birində Əl Əzhərdə baş verir. Universitetin imamı gözlənilmədən ölür. Hakimiyyət üçün dövlətin təhlükəsizliyi baxımından imamın kimliyi, siyasi əqidəsi vacibdir. Posta üç şeyxin namizədliyi irəli sürülür: nüfuzlu kor Nehm (Makram Huri), mülayim xarakterli Beblavi (Cəlal Altavi) və “Müsəlman qardaşları” təşkilatına  (əsası Misirdə Həsən Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat) yaxın Durani (Rəmzi Çokair). Bu situasiyada  hakimiyyət Beblavinin seçilməsinin tərəfdarıdır. Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı İbrahim (Fares Fares), universitet tələbəsi Zizo (Mehdi Dehbi) ilə orda baş verənlər haqda informasiya toplamaq üçün əməkdaşlıq edir. Amma Zizo müəmmalı şəkildə qətlə yetirilir. Universitetə yeni qəbul olunmuş, əyalətdən gələn, kasıb balıqçı oğlu Adəm (Taufik Barhom) qətlin şahidi olur və  istəmədən Kəşfiyyat İdarəsinin əməkdaşlıq etdiyi növbəti casusa çevrilir. O, universitet daxilində dini ekstremist qruplaşmalar haqda məlumat ötürür, dostunu satır, Duraninin etibarını qazanaraq sonradan onu ifşa edir. Hakimiyyət Adəmi aradan qaldırmaq istəyəndə vicdanını itirməyən İbrahim ona köməyə gəlir.

İnancında səmimi, yaxşı bir alim olmaq arzusu ilə yaşayan Adəm burada siyasi hakimiyyətin oyunlarına tuş gəlir. Avtoritar hakimiyyətin işləmə mexanizmini göstərən filmdə Adəm şəraitin, dinlə siyasi hakimiyyətin konfliktinin qurbanıdır. Düşdüyü mürəkkəb vəziyyəti dərk edən Adəmi aktyor ikimənalı – eyni zamanda sadəlövh və hiyləgər, güclü və müti oynayır. İstər-istəməz tamaşaçı onu qınaya bilmir, seçimsizliyini qəbul edir. Pulla, vəzifə ilə maraqlanmayan Adəmin daxilində haradasa, kimsənin toxuna bilmədiyi təmiz ərazi qalır. Ona görə, şəhərə ağ vərəq qədər təmiz gələn, fəqət burada günaha batan Adəm (qəhrəmana ilk insan Adəmin adının verilməsi təsadüf deyil) sonda kəndinə təmizlənmiş qayıda bilir və balıqçılıqla məşğul olur. Tənqidçilər haqlı olaraq, Adəmi Jak Odiyarın “Peyğəmbər” filminin qəhrəmanı Maliklə müqayisə edirlər. Adəm də onun kimi mürəkkəb şəraitə düşərək həyat dərsi alır, yetkinləşir və sağ qala bilir.

Rejissor filmdə həm də İslam dininin monolit yox, intellektual diskussiya dini olduğunu göstərir.  “Digər dinlərdə olduğu kimi burada konfliktlərin, traktovkaların mövcudluğu təbiidir” fikrini ortaya atır. Tarik Saleh filmin yaranmasında yazıçı Umberto Ekonun “Qızılgülün adı” romanının, “Ərəb baharının” rolunun olduğunu qeyd edir. Həmçinin, ədəbiyyatçı, nəzəriyyəçi Eduard Saidin “Orientalizm” əsərinin, ingilis yazıçısı, casus trillerlərinin ustası Con Le Karrenin yaradıcılığının təsirini vurğulayır.

Rejissor ssenarini yazarkən, Əl Əzhər haqda məlumatı olan imamla işləyib. Hərçənd, Misir Kəşfiyyat İdarəsinin işi səthi təsvir olunub. Çünki kəşfiyyat idarələrinin əməkdaşlarının öz informatorları ilə həmişə eyni yerdə, mərkəzi kafelərdə görüşməsi, yaxud birbaşa universitetə gəlib casusu xilas etməsi, təhlükəsizlik baxımından məntiqi görünmür. Bütün hallarda bu detallar filmə xələl gətimir.

Tarık Saleh


Tənqidçilərin “Cənnətdən gələn oğlan”da kifayət qədər kontekst təklif edilməməsinə rejissor cavab olaraq bildirib ki, onun kiməsə nəsə izah etmək öhdəliyi yoxdur: “Mən sizə İslamı öyrətmirəm. Necə ki, Pon Cun Ho Koreya cəmiyyətini izah etmir. O, müəllim deyil, rejissordur”. Onun fikrincə, cəmiyyəti tənqid edən, amma kontekst, izah təklif etməyən və bütöv bir xalqa ittiham kimi səslənməyən Pon Cun Honun “Qətl haqda xatirələr” (2003) kimi filmlər çəkmək maraqlıdır.

Rejissorun filmlə bağlı səsləndirdiyi bu fikri də maraqlıdır: “Bütün müsəlmanlar bilir ki, korrupsiyaya bulaşmış imamlar var. Əksər xristianlar da bilir ki, əgər sən pedofilsənsə, kilsə, qorunmaq üçün əla yerdir”.

Tarik Saleh ssenariləri üzərində çox işləyir: “Ssenarinin yazılmasına illərim gedir, amma yazmağı sevirəm. Rejissorluq isə sevmədiyim işdir”. Onun əksər filmlərində oynayan Fares Fares əslən livanlıdır, 14 yaşından ailəsi ilə birgə İsveçə gəlib. 19 yaşından teatrda oynayan aktyor, hazırda Avropanın müxtəlif ölkələrində, Amerikada film və seriallara çəkilir. 

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya