Tantura: Reallıq, yalan və film

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən WARM festivalı (2024) çərçivəsində, eyniadlı akademiyadan iştirakçı kimi qayıdandan bir ay sonra bu yazını yazmağa qərar verdim. Filmi ilk dəfə festival çərçivəsində izləmişdim və baxarkən qəlbimdə bir ağrılı arzu da oyanmışdı. Tək mənim yox, həm də həmkarım Pərvanə Quliyevanın: “Kaş Xocalı faciəsindən də belə güclü sənədli film çəkilsin.” Film haqqında təəssüratımın ilk üç səhifəsini yazıb yarımçıq qoydum və yalnız bir il sonra yenə bu yazıya qayıtdım. Çünki nəinki keçən otuz gündə,hətta bu bir ildə az qala, hər gün xatırladığım filmə hər kəsin baxmasını qızğınlıqla tövsiyə edirdim: “Tantura” sənədli filminə.
Oktyabrda Yaxın Şərqin alovlanmasında bu yana, bu mövzunun aktuallaşması bir tərəfə, son günlərdə alovdan bir parçanın bizim sərhədimizədək gəlməsi ilə bu mövzunun işlənməsi, bəlkə kimlərəsə kanyektura kimi görünəcək. Lakin dediyim kimi mən bu filmə 2024-ün yayında baxmışam. Əsas məqsədim də mövzudan çox filmə diqqət çəkməkdir.
Film 2022-ci il istehsalıdır və premyerası Sundance Film Festivalında baş tutub. O, 2022-ci ildə həm də Hot Docs Kanada Beynəlxalq Sənədli Film Festivalında, Cleveland Beynəlxalq Film Festivalında, Hong Kong Beynəlxalq Film Festivalında rəsmi seçim bölməsində yarışıb. Diqqət çəkən məqamlardan biri də, onun Docaviv Film Festivalı 2022-də – İsrail Tədqiqat Mükafatını almasıdır. Filadelfiya Film Festivalında “Ən Yaxşı Sənədli Film” nominasiyasında “münsiflərin mükafatını” qazanan “Tantura”nı “Variety” jurnalı “Çox vacib”, “Los Angeles times” “sarsıdıcı”, Yəhudi Teleqraf Agentliyi (Jewish Telegraphic Agency) “güclü təsirə malik”, “Playlist” isə “zəfər” adlandırmışdı.
Bir maraqlı məqam ortaya çıxır. Görəsən, bütün bu mötəbər yerlər aktual məsələyə görə (halbuki 2022-ci ildə Orta Şərq isti ocaq deyildi), mövzuya görə yoxsa filmin keyfiyyətinə görə bu möhtəşəm sözləri istifadə etmişdi? Filmi indiyə qədər Fələstin İsrail mövzusunda işlənən vizual işlərdən üstün edən təkcə onun həm təhkiyə üsulu yox, həm də mövzusudur. “Tantura” bugünə qədər az bilinən və mübahisəli bir mövzuya kino dili ilə işıq salır. Özü də gur işıq. ABŞ-da yerləşən kino və serial tənqid platforması “Çürük pomidorlar”dan (Rotten tomatoes) 94% müsbət rəy almağı bacaran filmin IMDB balı da 8.5-dir.
“Bir filmin ideyası, hekayəsi sosial şəbəkələrdə, hətta bir məqalədə yazıla bilirsə, niyə əziyyət çəkib ondan məhz film çəkmək istəyirsən” sualını bir çox müəlliflər eşidə bilərlər. Çünki çox əziyyət, pul tələb edir. Amma gəlin, əvvəl “Tantura”nın hekayəsinə, sonra da onun filminə nəzər salaq və bu sualın cavabını tapaq.

Tantura… Bəli, bu, 1948-ci ildə yəhudi ordusunun hücumu nəticəsində məhv edilmiş ərəb kəndinin adıdır. Filmdə isə Tantura təkcə kəndin deyil, kəndlə birgə məhv edilən yüzlərlə insanın taleyinin simvoludur.
1945-ci ildə Tantura, təxminən, 1,490 nəfərdən ibarət əhaliyə malik, əsasən, balıqçılıq və kənd təsərrüfatı sayəsində yaşayan bir ərəb kəndi olub. Kəndin yaxınlığında qədim Dor şəhərinin xarabalıqları yerləşirdi. Kəndin əhalisi, 1948-ci ildə İsrail müstəqilliyini elan etdikdən sonra evlərini tərk etməyə məcbur olublar. 1948-ci ilin 22-23 may tarixlərində, Tantura kəndi Haganah təşkilatının Alexandroni Briqadası tərəfindən işğal edilib. O müddət ərzində baş verənlər tarixə “Tantura qətliamı” kimi düşüb. Kəndin sakinləri zorla köçürülüb, bir çoxu öldürülüb. Qətlə yetirilənlərin sayı dəqiq bilinməsə də, rəqəmlər “dozens” (onlarla) ilə “200+” arasında dəyişir. Bu hadisə, Fələstin xalqı üçün böyük bir travma və yaddaşda silinməz iz buraxıb. Bu gün Tantura kəndinin yerində Nahsholim adlı bir İsrail yaşayış məntəqəsi və turistlər üçün çimərlik mövcuddur. Kəndin keçmişindən yalnız bir neçə bina və bir məscidin qalıqları qalıb. Bəzi mənbələr kəndin yaxınlığında çoxlu fələstinli mülki insanların basdığırıldığı kütləvi məzarlıq olduğunu bildirir. Tanturalı bəzi ailələr, kəndin yaxınlığında yerləşən Furaydis və digər kəndlərdə məskunlaşıb. Onlar öldürülən yaxınları üçün ədalət tələb edir, onların layiqli şəkildə dəfnini istəyirlər.
Mən həmişə kinonun güclü təsirinə, sənədli kinonun isə informasiya çatdırmaq, ötürmək və öyrətməkdə son dərəcə effektiv vasitə olduğuna inanmışam. Çox vaxt elə olur ki, hansısa sənədli film ekranlara çıxandan sonra onun predmeti olan mövzuda yazılan kitablar daha çox alınır, quqlda daha çox axtarışa verilir, bir sözlə, insanlar daha çox məlumat tapmağa çalışırlar. Çünki adından da bəlli olduğu kimi, sənədli film sənədə, yəni fakta əsaslanır. Digər inandığım digər fikir isə budur ki, hansısa mövzu haqqında çox danışılırsa, əslində, biz o barədə haqda geniş bilgiyə malik deyilik, sadəcə eşitmişik və az da olsa, mahiyyətindən xəbərimiz var. Məsələn, hər kəs bilir ki, Ukraynaya hücum edilib və müharibə gedir, Qəzzada günahsız insanlar öldürülür. Çünki dünya mediası, sosial şəbəkə istifadəçiləri bunları çox paylaşır. Amma kim bu iki müharibənin kökünü bilir? Orta şərqdə yəhudi- fələstin münaqişəsinin həll yolları, başlanma tarixi, BMT- nin Fələstin dövləti və İsrail dövləti ilə bağlı qərarı və ya Ukraynadakı müharibənin tarixi konteksti, hal-hazırda nə qədər insanın öldürüldüyü (rəsmi və konkret rəqəmlər), qaçqınlar və s. detallarını çoxu bilmir. Niyə? Çünki biz bu barədə məlumatlıyıq amma bilmirik. Sənədli filmi xüsusi edən də elə bilmədiyimiz pəncərələrə işıq salmasındadır.
- Əfqanıstan
- Xeyr.
- Argentina
- Maneə
- Fransa
- Bəli.
Hadisələri azca da olsa, bilən tamaşaçı qara fonda eşitdiyimiz səsdən anlayır ki, bu, arxivdən götürülmüş BMT iclasının səsidir. Ölkələr və “Hə,Yox” qərarı ilə taleyi həll edilən iki millətin vəziyyəti haqda yenə qara fonda tarixi məlumat yazılır: “1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə səs verdi. Yəhudi Xalq Şurası qətnaməni qəbul etsə də, ərəb nümayəndə heyətləri onu rədd etdi. 1948-ci ildə İsrail dövlətinin yaranmasının elanından və qonşu ərəb ordularının işğalından sonra iki xalq arasında düşmənçilik güclənərək müharibəyə çevrildi. İsraillilər bunu müstəqillik müharibəsi, fələstinlilər isə al-nakba (fəlakət) adlandırırlar”. Bu yazılarla paralel arxa fonda BMT iclasından səslər, alqışlar, qərarın açıqlanması davam edir. Beləliklər yaxın tarixin detalları verildikdən sonra, bizim “Tanturamız” başlayır.
AJPlus Tanturadan bəhs edən bu filmi təqdim edərkən aşağıdakı cümlələri istifadə edir: “Alon Şvarts (Schwarz) əvvəlcə fərqli bir sənədli film çəkmək niyyətində idi, lakin İsrail ordusunun rəhbərlərinin təkzib etdikləri 140 saatlıq audio yazılarını tapdıqdan sonra, İsrailin gizlətməyə çalışdığı həqiqətləri üzə çıxaran bir film çəkməyə qərar verdi. Film, Tantura kəndində fələstinli mülki vətəndaşların qırğınını araşdırır və bu qorxunc hadisənin gerçəkliyini sübut etmək üçün gerçək faktlardan – audio yazılar və müsahibələrdən istifadə edir.”
Amma burada İsraili alqışlamasaq, olmaz. Təsəvvür edin: hansısa erməni rejissor Xocalı faciəsini törədən erməni əsgərləri tapır, onları dindirir və həqiqətin üzə çıxması üçün bu filmə Ermənistan Film Şurası və Ermənistan Mədəniyyət və İdman nazirliyi də dəstək – pul verir. İnanılmaz gəlir elə deyil? Amma İsrail bu addımı atıb. Komanda 1948-də belə bir qanlı qırğın törədildiyini sübut edən səs yazısı haqda məlumat verib. İsrail Film Şurası və İsrail Mədəniyyət və Turizm Nazirliyi də deyib ki, “Get,göstər,çək!”. Çünki “Tantura” yəhudi xalqını öyrətmək, xalqı daha savadlı, hər şeydən hali etmək üçündür.

Yalandan propaqandaya uyub yaşamaq yox, həqiqəti bilərək yaşamağı seçənlər üçün. “Keçmişini bilməyən bir xalqın, süst bugünü və dumana bürünmüş gələcəyi olar.” Film bu cümlə ilə başlayır. Maraqlıdır ki, cümlənin sahibi Yiqal Alon İsrailin hərbi lideri və siyasətçisi olub. Filmi, hekayəni, reallığı hər şeydən yuxarıda tutduqlarına, qorxaqlıq etmədiklərinə görə filmə dəstək verən dövlət orqanlarına həqiqətən “Halaldır”! Əslində bu cümlənin əvvəldə yazılması rejissor tərəfindən düşündürücü bir fənddir. Film başlayanda belə bir cümlə tamaşaçını tətikdə saxlayır. Çünki müəllifin araşdırma filminə niyə bu cümlə ilə giriş verdiyini bilmək istəyirsən. Əsası nəyə giriş verir? Tamaşaçı deyir, “Görəsən məni nə gözləyir?” Yəni o kimin tərəfini saxlayacaq. Axı hal-hazırda dünya tam 2 qütbə bölünüb – Fələstin dəstəkçiləri ilə İsrail dəstəkçilərinə. Digər tərəfdən rejissor yəhudidir. Amma giriş cümləsi ilə Tantura filmi əsl “kəsilməmiş qarpız” təsiri bağışlayır. Rejissor aşağıdakı məlumatla ikinci “bombanı partladır”: “Baxacağınız filmə 1948-ci il İsrail-Ərəb müharibəsindən orijinal audioyazılar, yenidən canladırmalar ( reanactment) və heç vaxt heç kimin görmədiyi arxiv materialları daxildir. Bunlar Tanturada və bir çox başqa yerlərdə çəkilmişdir və filmdə təsvir olunan hadisələri kinematoqrafik şəkildə işıqlandırmaq üçün filmin bir hissəsi kimi redaktə edilmişdir.”
Alan Şvarts həqiqətləri – yəni məhz yəhudi ordusunun 1948-ci ildə sözügedən kənddə qətliam törətdiyini həmin ordunun hal-hazırda 80 -90 yaşlarında olan keçmiş əsgərlərinin dilindən və indiyə qədər heç yerdə göstərilməyən arxiv materialları vasitəsilə öyrənmək istəyir. Filmin əvvəlində tərəf tutmadan 1948-ci illərə dair üç-dörd fakta əsaslanan cümlələr yazaraq sanki mövzuya bələd olmayan tamaşaçını da “öyrədir”. “İsrailli magistraturada oxuyan tələbə Teddi Katz, İsrailin müstəqilliyi zamanı tanturalı mülki fələstinlilərin qətliamını diqqətlə sənədləşdirəndə, əvvəlcə onun təşəbbüsü əvvəlcə alqışlanır, lakin tezliklə onun diplomlarını əlindən alıb özünü də ictimaiyyət qarşısında saxtakar və xəyanətkar kimi ləkələyirlər. Onilliklər sonra ortaya çıxan yeni sübutlar Teddi-nin tapdığı ilk faktları təsdiqləyir. Bu sübutlar təkcə onu haqlı çıxarmır, həm də israillilərin — və ümumilikdə bizim — tariximizin qaranlıq səhifələrinə necə yanaşdığımızla bağlı dərin suallar ortaya qoyur.” (tantura-film.com)
Tanturaya gətirilən 68 mülki nəfərdən qalan 4 qoca filmin girişində danışır. Onlar o dövrdə kənddə şəraitin çox pis olduğunu desələr də, sakinləri tərifləyirlər. 14 İyun 1948-ci il. Hər adam sənədli filmdə maraqlı qəhrəman ola bilmir. Tanturanın baş qəhrəmanı isə unikaldır – Teddi ( Teodor-un qısaldılmışı). Həyatın ironiyasına baxın ki, onun adı Sionizmin banisi Binyamin Ze`ev Teodor Herzlin şərəfinə qoyulub. Beləliklə,müəllif tamaşaçını “şapalaqlaya-şapalaqlaya” filmə baxmağa vadar edir. Teddi əlil arabasındadır. Dramaturgiyada nə deyirlər? Birinci səhnədə silah varsa, sonuncu səhnədə o atəş açmalıdır. Eyni şey burada da baş verir. Teddi ilk cümləsində deyir: “Bu günə qədər 1948-ci ildə baş verənlər təkcə ört-basdır edilərək gizlədilməyib, həm də məhv edilib.” Beləcə, filmin davamında qətliamda iştirak etmiş əsgərlərin müsahibələri ilə Teddinin sözləri növbəti ziddiyyəti yaratmağı bacarır. Araşdırmaçı “məhv edilib”, əsgər “biz onlardan yaxşı döyüşürdük” deyir. 1948-ci ildə İsrailin müstəqillik müharibəsi zamanı fəaliyyət göstərmiş İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi briqadalarından biri olan Aleksondroni briqadasının başqa bir əsgəri ( Bu briqada, xüsusilə, Fələstin kəndlərində, o cümlədən Tanturada törədilən qırğınlarla bağlı ittihamlarla tarixdə qalıb.) açıq -aşkarbelə deyir: ”Əgər sən öldürürdünsə, deməli yaxşı iş görürdün”. Filmin adı yazılana qədərki giriş elə bir girişdir ki, etirafçılar elə cümlələr işlədib qanını dondurur ki, film bitənə qədər gözünü qırpa bilənə halal olsun!
Baş qəhrəman yaxından göstəriləndə cəmi bir dəfə rejissoru və operatoru görmək bizə bəs edir ki, başa düşək: “Giriş müşahidə ola bilər. Film tam müşahidə deyil. Bizi ciddi rejissor araşdırması gözləyir. Qəhrəman, rejissoru xəbərdarlıq edir. “Əgər sənə göstərdiyim səs yazılarından filmdə istifadə etmək istəyirsənsə, ehtiyatlı ol.Sən də mənim kimi məhv ediləcəksən.”
Sənədli filmin bir neçə forması var. Tədqiqat, müşahidə, poetik, iştirakçı (rejissorun özünün iştirakı nəzərdə tutulur), danışan-başlar ( birbaşa müsahibə nəzərdə tutulur), proses sənədli filmləri və s. “Tantura” filmində tədqiqat, danışan-başlar, iştirakçı elementlərinin hər üçü var idi. Lakin onların yoldaşlığı o qədər gözəl qurulmuşdu ki, biri digərinə qətiyyən mane olmurdu. Məsələn, rejissor 140 saatlıq səs yazılarını təhvil alır və ilk kaseti qoşur. Səs yazısındakı dialoqda deyilir: Bizi necə tapdınız. Teddi cavab verir – “Henio!” Növbəti səhnədə ahıl yaşlarında olan Henio müsahibə vermək üçün kresloya doğru gətirilir. Qısası, hər kəsin cavanlığı və verdiyi müsahibə onun indiki müsahibəsinə “qənim kəsilir”. Filmin dinamikasını “diri” saxlayan da onun ziddiyyətlər üzərində qurulmasıdır. Filmdə müsahibə verəcək əsgərlər, insanlar, Tanturanı görənlər təqdim edilərkən səs yazıları (hətta orada Teddinin səsi də eşidilir) müşahidə – canlı prosesə o qədər dəqiq oturdulur ki, araşdırmanın içindən çıxmaq istəmirsən. Bu sənədli filmdə düzgün keçidlərdir: İnsandan-insana, hadisədən-hadisəyə. Teddi deyir: “Mən Tanturada qətliam baş verdiyini təsdiq edən yeddi nəfər tapdım. Amma sonra onlar bunu rədd etdilər. Onlar əmri, nə idi onun adı, Heniodan almışdılar”.

Səhnələrin peşəkar səviyyədə ardıcıllığı gərginliyi kifayət qədər yüksək və təbii saxlayır. Teddi arxiv videosunda qayıqda olarkən deyir; “Tanturada ərəblərə kənddən çıxmağa icazə verilməyib. Onlar heç bir səbəb olmadan öldürülüb.” Yaakov Erez növbəti səhnədə deyir; “Biz qatilə çevrildik. Ərəbləri sıraya düzdük və heç bir səbəb olmadan onları güllələdik.” Tuvia Heller isə üçüncü səhnədə “Belə bir şey baş verməyib. Bir insan belə qətlə yetirilməyib. Xəndək qazılması, 300 insanın öldürülərək ora atılması mifdir. Kimsə ölübsə, döyüşdə olub bu” deyir. Hadisənin real şahidi, o vaxt 13 yaşında olan adamın səs yazısı isə bunları eşidirik: “döyüşdə tanturalılardan maksimum 10 nəfər ölə bilərdi. O da maksimum”. Yəhudi əsgər: “onları biz yox, avstraliyalı papağı olan bir əsgər gəlib hamısını öldürüb getdi.Mən onu yaxından tanıyanlardan bunu niyə etdiyini soruşdumCavab verdilər ki, sən onların nə qədər yəhudi qanı axıtdığını bilmirsən”. Tamaşaçı özünə sual verir: Kimdir müqəssir? Beləcə rejissor saspens yarada bilir.
Filmdə bir problem qoyulub– Tantura kəndinin əhalisinin yurdundan qovulması və günahsız insanların öldürülməsi. Bunu necə danışmaq lazımdır ki, reportaj olmasın? Bu işi iddianı irəli sürən qəhrəman – araşdırmaçı Teddi Katz öhdəsinə götürür. Bəs film proses olsa, gərək Teddi düşə ortalığa və hekayəni apara amma fiziki olaraq bunu edə bilməz və belə bir niyyəti də yoxdur. Hekayənin aparıcı qüvvəyə ehtiyacı var: bu rolu da rejissor oynayır. Təkzibçilər – əsgərlər. İddianı söz yox, sənəd irəli atır: Teddinin magistr müdafiəsi “Tantura”. Beləliklə, film təkcə əsgərlərin ziddiyyətli müsahibələri üzərində qurulmur və tamaşaçını darıxdırmır. Mövzudan mövzuya keçidlərdə arxiv köməyə gəlir. Əsgərlər danışdılar, problem açıldı. İndi növbə Teddinin tezisindədir. Görək alimlər bu barədə nə deyirlər. Tezis uğurla bitib, ona qulaq verənlər burada bir problem görməyiblərsə, söhbət müəllifə suiqəsdə qədər necə gəlib çıxıb? Arxivlər tökülür. “Şətəl kimdən keçib” üzə çıxır. Sujet çox gözəl irəliləyir. Bundan əlavə, İsrail cəmiyyətinin fərqli təbəqələri insani bir məsələdə montaj vasitəsilə qarşı-qarşıya qoyulur, qəhrəmanın yazılı araşdırmasını rejissor vizual araşdırır. Bu nəzarətə nəzarət deyil, araşdırma barədə araşdırmadır. Özü də uğurlu!
Sənədli filmi reportajdan fərqləndirən bir xüsusiyyət də onun obyektivlikdən daha çox, subyektiv olmasıdır. Çünki jurnalist göstərir, dokumentalist isə göstərdiyi ilə nəsə demək istəyir, onun haqqında danışdığı mövzu ilə bağlı bir bir mövqeyi var. Tanturada Alan Şvarz həm obyektivdir, həm də subyektiv. Amma bir şey bu ikisindən də vacibdir. O, təbliğatçı deyil. O ərəblərlə yəhudilərin gözəl münasibəti olduğunu kəndin yaxınlığında yaşayan yəhudilərin uşaqlıq hekayəsi ilə göstərir. Sonra müharibənin başladığını da, hadisəyə uşaq vaxtı şahid olan ahıl ərəb qadını da, oralarda yaşayan balıqçı ərəbin ədalət axtarışını da, kəndin kifayət qədər varlı olmasını da, hımçinin öz millətindən olan əsgərlərin ziddiyyətli sözlərini də. Bunlar birləşəndə film çoxqatlı və dərin olur. Buna görə də, müsahibələr adama “danışan baş” təsiri bağışlayıb darıxdırmır.
Burada məni çox narahat edən bir məqamı dilə gətirməliyəm. Festivallara çıxan əksər filmlərdə müəllifin onun təhkiyə üsulu barədə ciddi düşündüyü, götür-qoy etdiyini bariz görürsən. Bəs görəsən, Azərbaycanda rejissorlar niyə hekayənin nəql tərzinə görə baş sındırmırlar? Lap Tv formatında da olsa. Bəli, deyə bilərlər ki, bizdə sənədli film ənənəsi yoxdur. Düzdür. Amma rejissor da elə onun üçündür axı?! Fərqli nəsə etmək, cığır açmaq, vizual təhkiyə formasını böyük ekrana çıxarmaq. Bəli, “Tantura”da da fotolar var idi, müsahibələr, qəhrəmanların günlük müşahidəsi vardı amma müsahiblər çox səmimi idilər. Etiraf edəndə də, etməyəndə də. Yalandan tərif ədəbiyyatı və mədhiyyə dastanları yox idi hansısa şairin, xanəndənin, yazıçının şərəfinə. Ona görə də “Tanrura” dünyanın hər yerində tamaşaçı tərəfindən maraqla baxılır. Yaxın Şərqi tanıyan da baxır, tanımayan da.
Burada tarixi bir haşiyəyə çıxmaq istərdim. Bugünlərdə hər kəsin dilində əzbər olan Fələstin nədir və haradır? Fələstin qədim dünyada Yəhuda və İzrail Krallığının yerləşdiyi Kənaan torpağının bir regionu olub. ‘Fələstin’ termini əvvəlcə Kənanın cənubunda filiştlilər kimi tanınan insanların onun çox kiçik bir hissəsini əhatə edən bir ərazinin adı idi. (www.worldhistory.org saytından regionun tarixi barədə daha çox məlumat əldə etmək mümükündür) Üç qitənin birləşdiyi nöqtədə yerləşən, Yəhuda və İzrailin böyük bir hissəsini, Filiştlilərin isə cənuba nəzarət etdiyi, Assuriyanın, Babilin, Farsların, Makedoniyalı İsgəndərin işğal etdiyi, 4-cü əsrdə Roma imperiyasının xristianlığı qəbul edəndən ərazinin dini mərkəzəçevrilməsi ilə 3 böyük dininin doğulduğu torpaq hesab edilən ərazinin adıdır məhz Fələstin. Qərbi Asiyanın coğrafi ərazisi olaraq bugün nəyinki müasir İsrail və Fələstin dövlətlərini hətta bəzi mənbələrdə İordaniyanın şimal-qərb hissəsini də əhatə edir. Rəşidi, Abbasi,Əməvi, Səlcuqların idarə etdiyi, Səlib yürüşləri zamanı – 1099-cu ildə Yerusəlim krallığını yaradıldığı, Monqol imperiyasının işğalından sonra Osmanlı İmperiyasının 1516-cı ildə bölgəni fəth etməzdən əvvəl Misir Məmlüklərinin nəzarəti altında olmuş və onu 20-ci əsrə qədər Osmanlı Suriyası olaraq idarə etməsi ilə region dünya tarixində çox böyük əhəmiyyətə malik olub və hələ də açıq müzey statusunu qoruyub saxlayır.
Əgər müsahibələrdəki üç nəfərdən biri qırğın olmadığını, onun xanımı isə “ amma orada əsgərlər vardı” deyirsə, tamaşaçı nə düşünər? Bəli, “Tantura” təmiz müşahidə ilə düşündürür. Rejissor Teddi haqqında qərar verən hakimə etiraf kasetini dinlədən də belə. Ziddiyəytli olsa da, etiraflar əsl həqiqəti üzə çıxarır.
Yuxarıda demişdim ki, hekayəni “dartıb-aparan” rejissordur. Bu dəfə o, ərazinin xəritəsini çıxarır, 1948-də şimaldan, cənubdan və dənizdən hücum olunan yerləri dəqiqləşdirir ( səs yazıları vasitəsilə) və o yeri axtarmağa başlayır. Ən əsası: Kütləvi qəbirstanlıq haradadır?
Öldürdüyü insanlardan, əsir düşənlərdən danışanda gülənlər… Bu gülüşlər onların özlərini qorumaq cəhdidir, xəcalətin histerik göstəricisidir ya vecsizlik? Əsgər varsa, təbii ki, onların da öz “qiybətləri” olacaq. Bir qadını zorlamağa cəhd edən “pis döyüş yoldaşı”nın tutulub döyülməsinindən danışan, amma “qranad əhvalatı”ndan xəbəri olmayan keçmiş əsgərin gülər çöhrəsi və sakit səsi, 16 yaşlı qızın zorlanmasını çirkin hadisə adlandıran yaşlı “sabiq şərəfli əsgər” bunu təbəssümlə söyləməsi tamaşaçının qanını dondurmaq iqtidarındadır. Doğurdan əsgər nə üçündür? Qorumaq, ya kişilik ehtiyaclarını bəhanə gətirərək zorlamaq üçün? Bəs işğal əsgər şərəfinin hansı nöqtəsində dayanır? Daha yüksək rütbəli hərbçilərin vəhşiliyinə göz yumub qadağan olduğu üçün bugünə qədər susmaq şərəfin hansı nöqtəsində özünə yuva qurur? Briqadaya “vəhşi olun!” əmri verilib, yoxsa qanında vəhşilik olan bir qisim əsgər bütün briqadanın adına qatil damğası vurub? Ədalət! İnsana, qadına, qıza, divar qarşısında kişi olduqları üçün gülləbəran edilənlərə, bir də qoruduğunu sanan bir əsgərin digərinin vəhşiliyi ucbatından aldığl qatil adına!
Professor Avnar Giladi: “Universitetin tərəf tutması və dissertasiya müəllifi ilə onun rəhbərini qətiyyətlə dəstəkləməməsi ən əsas akademik prinsiplərdən zidddir.” Filmdə universal cümlələr var. Universal mesajlar kimi. Həqiqəti və ədaləti tərəf tutmayan məkanlar, instituonallaşmış orqanlar, təhsil ocağı bərqərar bilər. Əgər bir briqadanın öz adını qoruması bütün həqiqətlərdən üstündürsə, bu, mütləq süqutu özü ilə birgə dartıb gətirəcək.
Filmin strukturu belədir.
- Əsas araşdırmaçıya suiqəsd edildiyini öyrəndik;
- Suiqəsdin səbəbini.
- Tanturanın hekayəsini.
Bunların hamısı açılandan sonra hekayə Teddiyə – onun başına nə və necə gəldyinə keçir. Əgər bütün film Teddiyə həsr olunsaydı, bu qədər tamaşaçını ekrana “yapışdırmağı” bacarmazdı. Təhkiyədə narın içindəki o nazik amma mütləq olmalı olan əlaqələndirici “pərdə”lər var.
Əsgərlərdən sonra gələn akademiklər “vəhşi”likləri elmi dillə analiz edirlər. Bir millətin inkişafı, sağlam vətəndaş olması,əslində, bundan çox asılıdır. Tərəflər danışdırılmasa, bir tərəf ən mütləq həqiqət olsa, bir gün o həqiqətin özü şübhə doğuracaq. Hətta bütün müsahibə boyu heç bir fakta inanmayan, deyilənləri vecinə almadığını açıq-aşkar deyən, çəkinmədən gülən və rişxənd edən Hayfa universitetinin professoru Yaov Gelber kimi bu mövzuda başdan sona qədər radikal mövqe tutub hər şeyi inkar edənlərin, düşünənlərin tək və ya çox olmasından asılı olmayaraq!
Gəldik digər əsas məsələyə, yəni, kütləvi qəbirstanlığın ( tarix və Fureidisin sakinlərinin dediklərinə görə bir yox hətta iki böyük kütləvi qəbirstanlıq olub ) tapılması prosesinə. Filmin bu yerində ciddi bir axtarış əməliyyatı təsvir olunur.
3 D ilə vizuallaşdırılmış model, məkanın xəritəsi, arxiv fotoları, həmin yeri qazmağa cəhd, ərazinin indiki vəziyyətinin görüntüləri, (indi maşın dayanacağıdır) əslində, 2022-ci ilə qədər açılıb təmizlənməsi ( təbii ki, sümüklər də məhv edilib, yoxa çıxarılıb), məzarlığın, sümüklərin necə daşındığını görən balıqçının rejissora onu təfərrüatlı şəkildə göstərməsi, həmin balıqçının şoka düşərək “bu nə sümüklərdir belə” soruşması lakin “təmizlik aktını” yerinə yetirən “gənc təmiz vətəndaşların”, “Napaloen Bonpart dönəmindən qalanlardır” deməsi, filmin əvvəlində dörd qocanın orada böyük bir qəbirstanlıq olduğunu bilmələri, lakin bunu məhz Aleksandrioni əsgərlərinin etmədiklərini söyləmələri, yaşlı şahid ərəb qadının ərazinin harda yerləşdiyin təsvir etməsi, dron çəkilişi, arxiv yazılar və bir əsgərin evində əlini gözünə tutan meymun heykəyliciyi! Burada rejissorun Teddi ilə münasibətinin necə dərinlikdə olduğu bilinməsə də, üzləşmə var. Rejissor iddiaçını qürub vaxtı, günəşin şon şəfəqləri üzlərinə vuranda qəbistanlığın yerləşdiyi ərazi gətirir.
İslam və Orta Şərq üzrə mütəxəssis professor Hillen Kohen filmdə belə deyir: “Məncə cəmiyyətlər tarixlərinin qaranlıq tərəfləri ilə üzləşməyi sevmirlər. Təsəvvür edə bilmirik ki, dördüncü sinif müəllimi sinfə girib “salam, uşaqlar, biz bir dövlət qurmaq üçün qətl törətmiş və ya əhali köçürtmüş bir millətik” desin Hər bir ictimaiyyət özünə bir hekayə danışır, özünü və davranışlarını əsaslandırır. Etdiyimiz bütün səhv, mənfi şeyləri biz öz istəyimizlə yox, məcbur qaldığımız üçün etmişik.” Məhz bu cümləni deyə bilən professor, bunu göstərən rejissor, buna pul ayıran dövlət üçün İsrailə böyük təşəkkür düşür. Həqiqətən ancaq inkişaf istəyən, vətəndaşını sevən bir komanda böyük kütlə üçün belə film çəkər. Afərin! Dünyada cəmi 27 inkişaf ölkə var. 18-i Qərbi Avropada, 4-ü (Yaponiya, Cənubi Koreya, Sinqapur, İsrail) isə ərazicə ondan çox-çox böyük olan Asiyada yerləşir. Onlardan biri də İsraildir. Təkcə bu film belə o cəmiyyətin niyə inkişaf etdiyini anlamağımıza kömək edir. İnkişaf etirafdan, qəbul etməkdən, analizdən, səhvləri bütün çılpaqlığı ilə görmək və göstərməkdən başlayır. “Tantura” inkişaf üçün böyük gölə bir damcı yox, gur axan su tökməyi bacarır.
Lakin bir məsələ də var. Analizlər deyir ki, şiddəti, müharibəni görənlərin əksəriyyəti susur. Hətta Zakir Sadatlının ya “İraq olsun” ya da “Əfqanıstan uçurumu” əsərlərindən birində buna bir göndərmə də mövcuddur. Müəllif deyir ki, “Əsl Əfqanıstanı (və ya İraqı) görənlər susurlar.” Psixologiya bu vəziyyəti “nəsildən-nəslə ötürülən travma” ( intergenerational və ya transgenerational trauma) adını verib. Yəni, birinci nəsil müharibə, dəhşət və ya böyük psixoloji zərbə yaşayıb bunu ifadə edə bilmədikdə yaranan travma və ağrı növbəti nəsillərə ötürülür. Sonrakı nəsil həmin travmanı anlayır, danışır, onun üzərində işləyir, çünki bilavasitə yaşamasalar da, amma ailə və cəmiyyət vasitəsilə bu təcrübə onların yaddaşında qalıb. Bu, həmçinin “kolektiv travma” (collective trauma) və “kollektiv yaddaş” ilə bağlı anlayışlarla da əlaqəlidir. Bəs nəsildən-nəslə ötürülən travmanın təsirindən necə qurtulmaq olar? Çıxış yollarına təhsil və məlumatlandırma – ailədə və cəmiyyətdə travma səbəbindən açıq danışmaq, hadisələri və onların təsirlərini anlamaq; psixoloji dəstək – travma ilə bağlı terapiya (məsələn, travma yönümlü terapiya, ailə terapiyası) keçirmək; kollektiv sağalmanın təşviqi – cəmiyyət səviyyəsində xatirə mərasimləri, məlumatlandırıcı proqramlar və psixo-sosial dəstək tədbirləri aid edilə bilər.
Bu vəziyyəti özümüzə tətbiq etsək, I Qarabağ müharibəsindən sonrakı müddətdə böyük əksəriyyətimiz Başlıbel hadisəsi, Xocalı faciəsi, Daşaltı əməliyyatı, Ömər aşırımındakı və digər döyüş detallarını, zorlanmış qadınlar, travma yaşamış uşaqlar haqqında bilsə də, o qədər də etirafa meyilli olmaıblar. Ölkəmizdə çəkilən az qala hər film işğal edilmiş torpaqların qayıdacağına və bir milyon qaçqın və məcburi köçkün üçün ədalətin bərpa olunacağına ümidə köklənirdi.
Elə də oldu. Torpaqların azad edilərkən yaxınlarının qisasını almaq üçün döyüşə gedən könüllülər, hərbçi olan oğlanlar, Əliyar Əliyevin tələbələri və b. buna misaldır. Ürəklərə su sərpiləndən sonra kədərli, haqsız hadisələrdən danışmaq olar. Hətta bir dəfə kinotənqidçi Sevda Sultanova moderatorluq etdiyi bir tədbirdə bosniyalı rejissordan söz salmışdı. Həmin rejissor etiraf edibmiş ki, əvvəllər zorlanan, işgəncəyə məruz qalan qadınlardan danışa, onlar haqqında filmlər çəkə bilmirmişlər. Yalnız faciənin üstündən 30 il keçəndən sonra kimlərsə nəyəsə cəhd edib. “Tantura” filmi ilə bağlı da eyni şey baş verir, 1948-ci ildə yaşanan hadisə 2022-də böyük ekrana gətirilir. Həm yerli, həm beynəlxalq auditoriyanın müzakirəsinə verilir. Sadəcə bu hadisənin unikallığı ondadır ki, şahidlər sağdırlar. Lakin filmlə rejissor öz xalqına ən böyük yaxşılığı edir. Çünki material bir bütün olaraq bu travmadan qurtulmağı təklif edir.“Tantura” filmi həm məlumatlandırır, ( təbliğat aparmadan, tərəf tutmadan), açıq danışmağa, faciənin təsirlərini anlamağa və əsası, kollektiv formada etiraf edib sağalmağa təşviq edir.
Bu filmdə antaqonistlər də həqiqəti açırlar, protoqonistin haqlı olduğunu göstərirlər! Teddinin vəkili danışır. Öz millətindən olanların əməlini biabırçılıq adlandırır. İndi özünüz qərar verin: bu dünyada Tantura qətliamı baş verib ya yox? Reallıq da, cavablar da, həyatın ziddiyyətləri kimi ziddiyyətlər də, təsdiq də, inkar da, opponentlər də bu filmin içindədir. Lakin həqiqətin bir adı var – Tantura!
Rejissor bizə demək istəyir ki, bütün mürəkkəbliyinə baxmayaraq həqiqət işığı bir gün parlayacaq. Amma hüququ tapdanan, yurd-yuvasından zorla çıxarılan, zorlanan, dəhşətlər görən insanlara kim mənəvi kompensasiya ödəyəcək?
Teddi: “Kədərli və utancverici olsa da, bizim indiki nəslimiz gəzdikləri yerin Tantura ərazisi olduğunu başa düşmürlər. Çünki onlar əslində ərazini keçmiş sakinlərinin sümükləri üzərində gəzirlər. Bu hadisə elə bir şəkildə gizlədilmişdi ki, gələcək nəsillər oradan keçəndə nəyin üstündə gəzdiklərini bilməyəcəklər. Əlbəttə, hər şeyi görməzdən gəlmək daha asandır və bu zaman insan vicdanı rahat şəkildə yoluna davam edir. Vicdanını çirkləndirmədən. Görməmisən, bilmirsən, etiraf etmirsən. Beləliklə, hər şey qaydasındadır. Mən sadəcə belə olmağı bacarmıram.”
Niyə Tanturanın sütunu Teddidir? Susmadığı, özünü aldatmadığı, həqiətin içinə düz baxdığı, üzünə və vicdanına endiriləcək həm öz millətinin, həm də günhasız öldürülən Fələstinlilərin qəzəb şapalağına hazır olduğu, əsası “Təlqin edilən formada olmağı bacarmadığı üçün”. Digər sözlə Yəhudi və ya ərəb olmağı seçməməyi, həqiqəti deyən millət məfhumundan üstün insan olmağı bacardığı üçün. Bununla Tantura filminin unikallığını tapmış oluruq – bu onun qəhrəmanının unikallığıdır.
Balıqçı: “Düşünmə tərzində dəyişiklik lazımdır. Nə baş verməsindən asılı olmayaraq bu fakt; tanımaq ki, burada Nabka ( Fəlakət) baş verin. Nöqtə! Ərazinin yerləşdiyi yerdə abidə lazımdırsa, deməli olmalıdır. Bu həqiqətdir. Bəli müharibə olub. Amma axı biz o insanlara hörmətimizi bildirməliyik.
Professor Şay Hazkani:Ben Qurion hələ çox erkən dövrlərdə başa düşmüşdü: 1948-ci ildə 750–800 min fələstinlinin başına gələnlərlə bağlı məsələ, bəlkə də İsrail Dövlətini bütün mövcudluğu boyu narahat edəcək əsas məsələ olacaq. Amma 1950-ci illərin sonlarında o, bu məsələni dövlət layihəsinə çevirir və
elə bir araşdırma yazılmasını istəyir ki, sübut etsin: ərəblər öz iradələri ilə gediblər. İsrail Müdafiə Qüvvələri tərəfindən qovulmayıblar. Mən bu araşdırmanın hazırlanması ilə bağlı yazışmaları tapdım. Ben Qurionun bu araşdırmanı aparmaq üçün müraciət etdiyi tarixçilərdən biri yazır:
“Siz məndən belə bir araşdırma yazmağımı istədiniz ki, mən göstərim ki, fələstinlilər öz liderlərinin çağırışı ilə könüllü olaraq ölkəni tərk ediblər. Heç bir araşdırmaçı indiyə qədər cəhd etməyib desin ki, “mən bunu araşdırdım və bu,bu,bunlar ortaya çıxdı. Xeyr!” Ben Gurion tələb edir ki, məhz bu tarix yazılsın və o insanlara danışılsın.
Tarixçi Adam Raz: 1988-ci ildə Müstəqillik müharibəsinin 40 illiyi münasibətilə İsrail Müdafiə Qüvvələrinin arxivi yayımlandı. Amma onlar dedilər ki, yox, bunarın hamısını anidən paylaşa bilmərik. Qərara gəldilər ki, hansı sənədləri ki, paylaşmaq olar onları yayımlayırıq, qalanlarını yox. Məs, bu sözlər olanları qərar aldılar ki, paylaşmasınlar ictimaiyyətə. “Ərəblərin deportasiyası”, İcma və sakinlərin evakuasiyası” və məni dəli edəni – Məhbuslara qarşı Cenevrə konvensiyasını da pozan zorakı davranışlar” və ya “Ərəb əhaliyə qarşı zorakılıq və qəddarlıq”, “Döyüş şəraitinə uyğun gəlməyən qətl, cinayət, qarət, zorlama”, “İsrail Müdafiə Qüvvələrinin imicinə işğalçı bir ordu kimi zərər gətirə biləcək materiallar – Əxlaqi standartlardan məhrum”.
Professor Avnar Giladi: Tanıma. Tanıma və tanıma. Hər hansı bir iş etməmişdən öncə tanıma olmalıdır. Aşikardır ki, aborogenlər hələ də əziyyət çəkir, məhrum və rədd edilirlər. Amma dövlət hətta simvolik belə olsa da, saysız-hesabsız jestlər vasitəsilə haqsızlığı qəbul edir. Qəbul etmə artıq başlanğıc nöqtəsidir. Açıq şəkildə demək lazımdır ki, 1948-ci ildə fələstinlilərə qarşı dəhşətli haqsızlıqlar törədildi – qarət, talan, deportasiya və qətliam. Bu məsələ İsrailin ictimai həyatının üfüqündə belə görünmür.
4 ahıl yaşlı Kibbutz üzvü (Növbəti səhnədə):
Rejissor – Gəlin var sayaq ki, Freidusun əhalisi dedi ki, gəlin yaşanılanlara abidə qoyaq.
Qadın 1 – Nəyinki mən, heç bir kibbutz üzvü buna icazə verməz. Əgər bunu xatırlamaq istəyirlərsə sakit xatirlasınlar. O abidə mənə ziyan vura bilər.
Kişi – Tantura yoxdur. Burada Tantura yoxdur. O sadəcə tarixdir.
Qadın 1 – Əgər istəyirlərsə, qəbirləri götürüb Fureidisdə basdırsınlar.
Qadın 2 – Abidə qəbirlər üçün deyil. Bu yaşanılanı unutmamaq üçündür. Düşünürəm ki, onların bunu xatıramağa haqqı var. Necə ki, biz Avropada yaşadığımız günlərimizi bilirik. Onlar da istəyir xatırlasınlar ki, onlar burada olublar.
Qadın 1 – Onlar bunu istəyir. Amma mən yox.
Kişi – Dostlar, bu köməketməyəcək. Əgər abidə varsa, sahiblik də var.
Qadın 2 – Sənin düşüncənlə fərqli olsa da bunu deyəcəm. Keçən il Varşavada idim. Hər tərəfdə nə baş verməsi ilə bağlı məlumat verən abidə var. Əgər onlar bunu öz şəhərlərində ediblərsə, biz də bunu burada edə bilərik.
Yəni səni orada öldürüblər deyə, burada aldığın vəhşi qisasa qəhrəmanlıq deyə bilməzsən. 1939- 1945-ci illər ərzində amansızca qətlə yetirilən təqribən 6 milyon yəhudinin ədalətinin bərpası 1948-ci ildə Tanturada yaşayan kənd əhalisinin qırğını ilə ödənmir. Türk atalar sözü deyir ki, “Çivi çiviyi çıxarar.” Yəni mıxı mıx çıxarar. Dərdi dərd aparar. Amma Tantura sübut edir ki, ey insanlıq sən mıx deyilsən. Nə də başqasının əlindəki çəkicə alət olan istifadə edilən 2-ci mıx. Oyan! Sən insansan. Dünyanın əşrəfi insan. Dərdi dərdlə yumağa çalışan zavallı məxluq yox!
Bəli o çox qədim torpaqlarda yəhudilər də olub, ərəblər də. Lakin işğallar, hücumlara görə əl dəyişən, azlıq-çoxluq arasında gedib gələn çox əsrlik bir toplumda “ədaləti bərpa etmək üçün”, “haqqını qaytarmaq üçün” bəlkə də o tarixdən heç xəbəri də olmayan bir kəndin əhalisini güllə qabağına verib, illər sonra sümükləri üzərində mahnı qoşub yarı çılpaq üzə bilməzsən. Sən başqa birinin ədalətini bərpa edərkən bir kəndin haqqını qeyri-insani formada məhv edirsən. Minilliklər boyu gedən bütün sivilizasiyalar, qələbələr, inkişaflar sonu ədalətə, haqqa, hər 2 tərəfi dinləməyə köklənmirsə çökməyə, etiraf etməyə, üzr istəməyə və tamamilə məhv olmağa məhkumdur.
Müsahibələrə SON!
Lakin konsert var. Müstəqillik müharibəsində ( 23 May 1948) ölən yəhudi əsgərlərin şərəfinə qoyulan abidənin önündə. Bir dəqəqilik sükut, qucaqlaşma!
“Bunlar xatırlamaq istəmədiyimiz şeylərdir”, “Mən unutmağı seçmişəm” deyən əsgərlər. Haqqı tapdanan zavallı insanlar. “Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud Alman dahisi böyük Şiller özümü?”
Bu suallara cavab yoxdur. Çünki film boyu susanlar kimi əslində, susmaq razılıq əlamətidir. Ümumilikdə Tantura şahidlərin, tarixin, kəndin hekayəsi yox, ordu və s. məsələlərdə heç bir gücü olmayan sivil insanın günahsız ölümü və didərgin düşməsinin, ədalətin güc qarşısında diz çökməsinin, dünyanı güc idarə edən gündən çöküşün başlanmasının hekayəsidir.
Afaq Yusifli