Tamaşaçıların eşitdiyi səssiz haray
Son illər festivallarda uğur qazanan filmlərimiz medalın sadəcə bir üzüdür. Medalın digər tərəfi isə, əsasən “YouTube” platforması vasitəsilə məşhurlaşan seriallar və filmlərdir. Bu sıraya daxil olan ekran işlərini “görməmək”, kinomuzun reallıqlarına göz yummağa bərabərdir. Üstəlik, əsas diqqətçəkən məqam, həmin işlərin komediyadan fərqli janrlarda olması, özündə bəzən sosial çalarlar, bəzən isə dram elementləri ehtiva etməsidir.
Tamaşaçı sanki öz mənəvi ehtiyaclarını təkcə gülməklə qarşılamaq istəmir. Ona güldürməklə yanaşı, ağladacaq, düşündürəcək, kədərləndirəcək filmlər də lazımdır. Bu tip filmlərin bəlkə də ən uğurlusu indiyə qədər 7 milyondan çox izlənən “Soyuq günəş” (rej. Elşən Zeynallı, ssenari müəllifi Sədaqət Kərimova) bədii filmidir.
Sədaqət Kərimova sözügedən filmdə rejissorluğu özü etməsə də, onun yaradıcılığının məhsuludur deyə bilərik. Bu yaxınlarda isə yeni film tamaşaçılara təqdim olundu. “Səssiz haray” adlı film bu dəfə rejissorluğunu da Sədaqət Kərimova özü edir və bu yazı da məhz bu film haqqındadır.
Film barəsində fikirlərə keçməmişdən öncə, kinoteatrlarda nümayişinə toxunmaq istəyirəm. “Səssiz haray” kinoteatrlarda çox qala bilmədi, hətta insanlar arasında əks-səda yaratmadı.
Bu, “YouTube” platforması vasitəsilə populyar olan filmlər arasında yaranmış qəribə bir fenomendir. Emil Quliyevin “Pərdə” filmi də xeyli rəğbətlə qarşılanmış, lakin sonradan çəkilən heç bir film kassada uğur qazana bilməmişdi. Hətta “Əqrəb mövsümü”nün uğuru da rejissorun son filmində tamaşaçıları zala gətirə bilməmişdi. Ən azından, Emil Quliyevin sözləri belədir. Eyni hadisə “Səssiz haray”da da baş verdi. Film kinoteatrlarda heç bir həftə də qala bilmədi, lakin iki həftə ərzində artıq 150 mindən çox baxış toplamağı bacarıb. Bu bizə göstərir ki, kinoteatra gedən tamaşaçı ilə ödənişsiz film izləyən tamaşaçılar arasında uçurum var. Kinoteatrların əlçatan olmaması, bahalılığı və filmlərin təbliğatının düzgün qurulmaması yekunda belə mənzərəyə gətirib çıxarır.
Haşiyəyə çıxaraq qeyd edim ki, Taleh Yüzbəyovun “Zəhər tuluğu” obrazı kinoteatrlarda da uğur qazandı. Həm obraz insanlar arasında sevilmişdi və davamını maraqla gözləyənlər var idi, həm də filmin təbliğatı, öz keyfiyyəti tamaşaçı toplamağı bacarmışdı. Kinoteatrlarda satılan biletlərin sayının əlçatan olmaması da bu mövzu barədə sadəcə spekulyasiya etməyə kifayət edir, dəqiq araşdırma və tamaşaçı davranışını qavramaq ayrı bir yazının mövzusudur.
“Səssiz haray” üç müxtəlif yaş qrupuna aid insanın həyatlarının və talelərinin kəsişməsi barədədir. Sariyat artıq, həyat yoldaşının vəfatından sonra ömrünün son dəmlərini tək yaşayan, oğullarından uzaq olan bir qadındır. Sənubər uşaq yaşlarından tərk edilən, internatda böyüyən, indi isə qocalar evində işləyən gənc qızdır. Teymur isə internatda anasının bir gün gələcəyini gözləyən, müxtəlif rəsmlərlə özünü ifadə etməyə çalışan, rəhmdil cılız uşaqdır.
Bu üç nəsil vasitəsilə rejissor cəmiyyətə və cəmiyyətdə baş verənlərə öz reaksiyasını göstərir. Bu obrazların hər birinin təmsil etdiyi müəyyən problemlər var. Sariyat yaşlı və gənc nəsil arasındakı qopuqluğun və rabitəsizliyin ekran həllidir. O, oğulları üçün öz həyatını fəda etsə də, qarşılığını görmür. Hətta oğullarının evinə gedib nəvələri ilə vaxt keçirməyə də nail ola bilmir. Aradakı uçurum böyükdür və onu aradan qaldırmaq üçün sadəcə sözlər kifayət etmir.
Sənubər başqalarına qarşı mərhəmət və diqqətlə davranan, yaşadığı çətinliklərdən nəticələr çıxarıb yaxşı insan olmağı bacaran obrazdır. Onun hər davranışında nümunəvilik var və müəllif bu obrazı sanki başqalarına da ibrət olsun deyə yaradıb. Obrazın birtərəfli olması, ancaq müsbət tərəflərinin göstərilməsi hekayədə dərinləşməyin qarşısını alır.
Teymurun hekayəsində ən maraqlı məqam isə yaşıdları tərəfindən qısnamaya məruz qalmasıdır. Onun qısnanması, haqqında böhtanlar deyilməsi, hətta fiziki zorakılığa, ölümə gətirib çıxaracaq rəftara məruz qalması, cəmiyyətdə uşaqlar arasındakı rəftar probleminə diqqət çəkməyə hesablanıb. Bu üç obrazı birləşdirən məqam isə arzularının və ehtiyaclarının eyni olmasıdır – onlar başqa adamlarla ailə olmaq istəyirlər, lakin tale onları ailə kimi bir araya gətirir.
Filmdə qaldırılan mövzular və problemlər dövrümüzün güzgüsü rolunu oynayır. Obrazlar və onların qarşılaşdığı çətinliklər vasitəsilə haray kimi insanlara çatdırılmağa cəhd olunan fərdi problemlərdən əlavə, cəmiyyətin içində olduğu müxtəlif çıxılmaz vəziyyətlərdir. Sosial mövzulu kinolar cəmiyyətin özünü tanıması və diaqnoz qoyması üçün çox vacibdir. Bu cür filmlər vasitəsilə müəlliflər gələcəkdən xəbər verirlər.
Hazırda Fransada yaşanan iğtişaşların müjdəsini məşhur rejissor Kosta Qavrasın oğlu Romen Qavras ötən il Venesiya Film Festivalına seçilən “Afina” filmi ilə vermişdi. Yaradıcı insanlar cəmiyyətin həssas nöqtələrini əksər insanlardan öncə duyurlar və bu səbəbdən onlara qulaq vermək mütləqdir. “Səssiz haray” kimi filmlər də müəyyən mənada ətrafımızda baş verənlər haqqında təəssürat yaratmağa kömək edir.
Filmə, cəmiyyətlə qurduğu əlaqə prizmasından yox, sırf sənət nöqteyi-nəzərdən baxdıqda qüsurlarla da qarşılaşırıq. Ən çox diqqətçəkən məqam, dialoqların bəzən didaktikləşməsi, ancaq tamaşaçıya mesaj ötürmək məqsədinə köklənməsidir. Bu dialoqların zəifliyi qəhrəmanlarla emosional əlaqənin yaranmamasına gətirib çıxarır və obrazlar sadəcə müəllifin fikirlərini çatdırmaq üçün ifadə vasitəsi kimi bir hal alır. Filmin əvvəlində sürətli montaj keçidləri heç bir xüsusi ifadəyə hesablanmadığından diqqət yayındırır və qeyri-peşəkar təəssürat yaradır. Vizual həllərdə, kinematoqrafik dilin qurulmasında “Səssiz haray” axsayır və tamaşaçıya serial estetikasına yaxın təcrübə yaşadır. Bu estetika sadəcə filmin hadisələrinin nəql edilməsinə xidmət edir və film vizual olaraq tamaşaçı təxəyyülünü genişləndirəcək heç bir tapıntı ortaya qoya bilmir.
Buna baxmayaraq, bu kimi filmlərin çəkilməsi və diqqət mərkəzində olması vacibdir. Çünki bu filmlər vasitəsilə fərqli hekayələr danışmaq, başqa mövzulara toxunmaq tamaşaçı toplamağın mümkünlüyünü göstərir. Hərçənd bu tamaşaçı hələlik kinoteatr tamaşaçısı deyil, lakin bir gün çevriləcəyinə, ödəniş edərək Azərbaycan kino sənayesinin böyüməsinə töhfə verəcəyinə ümid edirik. Kino sənayemizin formalaşmasına gedən yol məhz fərqli janrlardan, fərqli hekayələrdən və fərqli müəlliflərdən keçir. Sədaqət Kərimovaya isə öyrəşdiyimiz sərhədlərdən kənara çıxmağa cəhd etdiyinə və bütün bu cəhdləri öz maddi gücü hesabına həyata keçirməyə çalışdığına görə xüsusi təşəkkür düşür.
Hacı Səfərov