İNDİ OXUYUR
Tamaşaçı bətnində böyüyən narahatlıq

Tamaşaçı bətnində böyüyən narahatlıq

Ötən il Venesiya Film Festivalının əsas mükafatı fransız rejissor Odri Divanın (Audrey Diwan) “Hadisə” (L’evenement) filmi qazandı. Filmin mövzusu və keçdiyi tarix insanlarda müəyyən suallar yaratdı. Çünki, filmdə hadisə 1960-cı illərin Fransasında, abortun qadağan olunduğu dövrdə keçirdi və mövzusu da gənc bir qızın karyerası ilə dünyaya uşaq gətirməsi barədə olan seçimindən, mübarizəsindən bəhs edirdi. Əsas sual yaradan məqam isə bu idi ki, 2021-ci ildə, qadınların bu hüququnun tamamilə əllərində olduğu bir vaxtda bu hadisə nə qədər aktual və gərəklidir?

Əslində, rejissor özü də bu sualı filmin ərzində yavaş-yavaş tamaşaçıya ünvanlayır və tamaşaçını da mövzu ətrafında düşünməyə məcbur edir. Film fransız yazıçısı Anni Ernonun (Annie Ernaux) eyniadlı əsərinin ekran adaptasiyasıdır. Anni Erno əsərinə bu adı verməsini dövrün digər hadisələri ilə əlaqələndirilir. Belə ki, fransızlar 1960-larda Əlcəzairlə olan müharibəni “événements en Algérie”, yəni “Əlcəzairdə olan hadisələr” adlandırmış, Fransa höküməti başverənləri “hadisə” adlandıraraq üzərindən keçməyi seçmişdi. Filmdə də abort sözü bir dəfə də olsun keçmir, əvəzində “hadisə” kimi dəyərləndirir. Filmin adından başlayaraq dövrün ruhunu və qadınlara qarşı olan münasibəti qurmağı bacarırlar. Anni Ernonun əsərində hadisələr iki müxtəlif zamanda keçir: 1960-lar və 1990-lar. Müəllif 1990-lardan geriyə qayıdaraq 1960-larda baş verən hadisələri şərh edir, dövrü izah etməyə çalışır. Odri Divan isə 1990-cı illər narrativindən imtina edərək sadəcə 1963-cü ilə fokuslanır və hadisə barədə şərh vermək istəmir.

Odri Divan özü də film barəsində verdiyi müsahibələrindən birində bildirir: “Əsəri abort etdirdikdən sonra təsadüfən oxumaq qismət oldu. Həmin dövrdə aborta aid nəsə oxumaq istəyirdim, Anni Ernonun başqa əsərlərini oxusam da, bu əsərini oxumamışdım. ”Rejissor əsərdən xəbərsizliyini kitabın mövzusu ilə əlaqələndirir, mediada buna görə yer tapmadığını deyir. Kinoda isə artıq bu mövzuya müraciətlər artır. Abort mövzusu deyəndə rumın Yeni Dalğasını bütün dünyaya tanıdan “4 ay, 3 həftə, 2 gün” filmi yada düşür, ya da 2020-ci ildə çəkilən “Heç vaxt, bəzən, arada, həmişə” filmini nümunə gətirmək olar. “Hadisə”ni digərlərindən fərqləndirən məqam isə ustalıqla işlənmiş tempi və insanı narahat edən gərginlikdə saxlamasıdır.

Bu gərginlik filmin ilk anlarından etibarən tamaşaçıya qurulan vəziyyət ilə ötürülür. 1963-cü il Fransasında abort qadağandır, qeyri-qanuni abort etdirənlər ələ keçəndə isə ya bəxtləri gətirsə həbsə gedir, ya da ölürlər. Anamariya Vartolemeyin canlandırdığı Ann obrazı da belə bir vəziyyətin ortasında tapır özünü. Ailəsindən ayrı, universitet yataqxanasında yaşayan Ann arzuolunmaz hamiləlik yaşayır. Rejissor bilərək uşağın kimdən olduğunu, bütün bu hadisələrin Annın başına necə gəldiyini göstərmir. Bu kimi məlumatlar əvəzinə biz Annın problem qarşısında tənhalığını, yalnızlığını görürük.

Onun bu yalnızlığı fransız cəmiyyətinin şüurlu şəkildə yaratdığı gender rolundan qaynaqlanır. Qadın reproduktiv orqanlarına nəzarət etməməli, mütləq dünyaya övlad gətirməli, əks halda isə cəzalanmalıdır. Annın bu cəzalanması isə elə ən yaxın dostlarından biri ilə başlayır. Oğlan dostu ona “Onsuz da hamiləsən, indi sevişə bilərik” deyir ki, bu da Annın bir əşya kimi, sadəcə bir zövq nəsnəsi kimi kişilər tərəfindən qəbulunu sərgiləyir. Onun müraciət etdiyi iki həkim isə dövlət nəzarət aparatlarının təcəssümüdür. Bir həkim qətiyyətlə abort ehtimalını rədd edir, digəri isə Anna yalan danışaraq onun bətnindəki dölün daha da güclənməsinə səbəb olacaq dərmanlar verir. Annın tənhalığı onu əhatələyən insanların və qurumların hördüyü divarlarla daha da artır. O, sadəcə karyerasını seçmək istəyən gənc bir qızdır, arzusu özünü reallaşdırmaq, uşağa görə evə həbs olmaqdan xilas olmaqdır. Dərslərdə iştirak etməmək səbəbini soruşan professora verdiyi cavab diqqətəlayiqdir: “Bəli, xəstə idim. Bu təkcə qadınların başına gələn, onları evlərinə həbs edən, ev xidmətçisinə çevirən bir xəstəlikdir”.

Bu mübarizədə rejissor estetik olaraq Annı yaxın planda göstərməyi, ya da onun çiyni üzərindən hadisələri nümayiş etdirməyi seçir. Bu seçimlə obrazın bütün hərəkətlərini, bədənini, davranışlarını yaxından izləyirik. Az qala onun hər nəfəsini duyur, onun gərginliyinə ortaq oluruq. Film ənənəvi geniş formatda çəkilməyib. Rejissor filmi 1:1.37 formatında çəkib ki, bu da kvadrata yaxın, dar bir çərçivədir. Hər nə qədər tarixi bir film çəksə də, dar çərçivə vasitəsilə təkcə obrazın özünə fokuslanır, ətrafdakı mizan isə Annın kölgəsində qalır.

Belə bir seçimdə əsas yük aktrisanın çiyinlərinə düşür. Bu çətinliyə baxmayaraq, Anamariya Vartolomey bu yükün öhdəsindən uğurlu gəlir, filmi çiyinlərində daşımağı bacarır. O, ötən ilin ən yaxşı perfomanslarından birinə imza atır. Elə buna görə Odri Divan mükafat nitqində Anamariya barədə “Filmin aktyoru deyildi, filmin özü idi” deyir. Anamariyanın mimikaları, jestləri, davranışları ağrını və əzabı çatdırmaq üçün misilsiz rol oynayır.

Rejissor qəsdən Ann obrazını kimliksizləşdirir, onu hamıdan biri kimi göstərir. Bu yolla onun başına gələnlərin təkcə bir nəfərin başına gələn tayı-bərabəri olmayan faciədən çıxararaq milyonlarla qadının ortaq faciəsinə çevirməyi bacarır. Annın döldən qurtulmaq üçün cəhdləri, gecikən period vaxtı, getdikcə yaxınlaşan həyati risk – bu təkcə Annın faciəsi yox, abort qadağan olan ölkələrdə qadınların ortaq problemidir.

Alfred Hiçkok sürpriz ilə saspensi (gərginlik) ayırd etmək üçün masanın altına qoyulan bomba misalını verir. O deyir ki, masanın altına bomba qoyub partlatsaq, bu gərginlik yaratmayacaq, sadəcə bir neçə anlıq şok təsiri olacaq və sürpriz kimi ötüşüb gedəcək. Lakin filmin əvvəlində saatlı bombanı göstərib, daha sonra başqa hadisələrə yönəlsək, tamaşaçı vaxt ötdükcə bombanın partlaması ehtimalı barədə narahatlıq yaşayacaq.

Odri Divan da eynisini edir, Annın bətnində olan döl böyüdükcə gərginlik artmağa başlayır. Hər ötən an, zaman onun əleyhinə işləyir. Odri Divan tamaşaçını ustalıqla sıxır, ondan bütün qadınların yaşadıqlarını izləməyi tələb edir. Üstəlik ən vacib anlarda da tərəddüd etmədən, kifayət qədər sərt sayıla biləcək səhnələri nümayiş etdirir. Filmin sadə hekayəsinin birdən-birə bu qədər qəddarlaşması kimliksizləşdirmə prosesinin bir hissəsinə çevrilir. Sadə gördüyünüz hər şey bu qədər qəddardır və onu “hadisə” adlandıraraq özünüzü bu yükdən xilas edə bilməzsiniz.

“Hadisə”yə “Qızıl Şir” mükafatını verən jüri heyətinin sədri koreyalı rejissor Ponq Çjun-Hodur və o özü filmlərində gərginlikdən ustalıqla istifadə etməyi bacarır. Həmçinin Ponq Hiçkoku özünə ustad sayır və təsirləndiyini deyir. Filmin gərginlik yaratmaq bacarığı əsərə “Qızıl Şir”i qazandıran əsas faktorlardan biri olduğu şübhəsizdir.

Hazırda dünyada mühafizəkar tendensiyalar artmaqda, aborta görə yenidən qadağaların qüvvəyə minməsi gündəmdədir. 24 iyunda ABŞ-ın bəzi ştatlarında abortun qadağan edilməsi dünyanın bir çox ölkələri üçün istinad nöqtəsinə çevrilə bilər. Bu şəraitdə və anti-abort tendensiyalarının artdığı dövrdə Odri Divanın “Hadisə”si təsadüfilikdən çıxaraq, zəruriliyə çevrilir. Artıq tamaşaçı üçün “Bu mövzu hələ də aktualdır ki?” sualı yerini “Bu mövzu hələ də aktualdır” təsdiq cümləsinə verir. Odri Divan isə qadınların yalnızlığını, həyəcan və gərginliyini ustalıqla nümayiş etdirərək mövzuya öz böyük töhfəsini vermiş olur.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya