Tağıyevin səssizliyi

“Bakı Media Mərkəzi” tərəfindən 2024-cü ildə istehsal olunmuş “Tağıyev: Neft” filmi məşhur milyonçu, xeyriyyəçi Zeynalabdin Tağıyevin həyatından bəhs edən tetralogiyanın birinci hissəsidir. Süjet, Tağıyevin Bibiheybətdə icarəyə götürülmüş sahədə əvvəlcə erməni sənayeçilərlə şərikli, daha sonra, təkbaşına neft tapmaq cəhdi üzərində qurulub. Filmin quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
Film, qəhrəmanın neft tapmaq istəyinin onun həyatındakı hər şeyi arxa plana atması, ətrafı ilə mübarizəsi haqqında olsa da, rejissor və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı inkişaf edən hadisələr fonunda dinamika yarada bilməyib. Bunun səbəbi konfliktlərin zəif işlənməsində və ya ümumiyyətlə, obrazlar arasında konflikt yaradıla bilməməsində yatır. Həmçinin tamaşaçı filmdə Tağıyevi sözün əsl mənasında görə bilmir.

Hacı Zeynalabdin Tağıyev (Pərviz Məmmədrzayev) Bibiheybətdə torpaq sahəsi icarəyə götürüb işə başlayır. İllər keçdikcə neftin çıxacağına ümidlər get-gedə azalır. Buna baxmayaraq, Tağıyevə güvənən və hörmət edən fəhlələr işlərinə davam edirlər. Amma Zərbəli digərləri kimi davranmaq istəmir.
Tamaşaçı filmboyu Tağıyevin hadisələrə münasibətini ya görə bilmir, ya da onun baş verən hadisələrə səthi yanaşmasını müşahidə edir. Bununla da o, hadisələrin mərkəzində deyil, kənarında qalır, hadisələrin aparıcı gücü deyil, gedişatı izləyən (müdaxilə etməyən) obraza çevrilir. Bunun əksinə olaraq, Zərbəli (Nofəl Şahlaroğlu) obrazı ön plana çəkilir. Onun xarakteri filmin əvvəlindən sonuna qədər dialoqlar vasitəsilə hissə-hissə açılır. Tamaşaçı anlayır ki, Zərbəlini burada tutan məqam Tağıyevə inamı və sədaqəti deyil. Qazanacağı pul və nahar fasiləsində ala biləcəyi iri ət tikələridir. Neft axtarışı ilə bağlı ümidlər azalmağa başladığı anlarda ilk etiraz edən də Zərbəli olur. O, əvvəlcə özünə görə etiraz etsə də, tədricən digər işçilər də onun dilə gətirdiyi, səsləndirdiyi sözlərin təsirinə düşürlər. Başda elə yeniyetmə Rəcəbəli… Rəcəbəli (Yusif Qasımlı) Tağıyevə inanırdı, ona hörmət edirdi. Tağıyevin oğlu İsmayıl onu öz dostu sayırdı. Amma Zərbəlinin söylədiklərindən sonra sanki Rəcəbəlinin daxilində nələrsə qaynayır. Filmin sonrakı gedişatında tamaşaçı Rəcəbəlinin də düşdüyü şəraitlə barışmadığını anlayır. Amma Rəcəbəli Zərbəlidən fərqlənirdi. Zərbəli qorxaq və yaltaq idi, altdan-altdan iş görürdü, başqalarını qabağa verib onların arxasında dayanmağı seçirdi. Rəcəbəli isə cəsarətli və hünərlidir, sözü üzə deyir, etirazı varsa, başqalarının arxasında gizlənmir, qabağa çıxır. Rəcəbəli Tağıyevin qarşısına keçib daha onun yanında işləmək istəmədiyini deyir və gedir. Zərbəli isə filmboyu deyinsə də, işdən çıxmağa cəsarəti çatmır.
Zərbəli obrazı filmdə, bir növ, ümidsizliyi təmsil edir. Filmin bununla bağlı olan hissələri gözəl işlənib. Amma biz digər tərəfi – ümidin, inancın (Tağıyevin) olduğu tərəfi görə bilmirik və bizdə sual yaranır. Tağıyevin neftin tapılacağına ümidi yox idi? Sual yaranır, çünki biz filmdə Tağıyevin inamını, ümidini sadəcə sözlə ifadə etdiyini görə bilirik. Bunu Tağıyev obrazının açılmasında kifayət qədər uğurlu saymaq olmaz.
“Tağıyev: Neft” filmində iki gücün bir-birilə mübarizəsi var: Tağıyev ilə axundun (Manaf Dadaşov) qarşıdurması. Onlar film ərzində üç dəfə qarşılaşırlar. Filmin əvvəlində Tağıyevlə axund arasında gedən söhbətdən gücün və idarənin artıq Tağıyevin lehinə işlədiyini anlayırıq. Filmin davamında isə onlar arasında baş verən konfliktlərin kifayət qədər uğurlu işlənmədiyi görünür. Bu qarşıdurma filmin gedişatına gözlənilən təsiri göstərə bilmir.

Bir çoxları bu filmdə neft quyusunda başlayan qəzanın və bunun nəticəsində İsmayılın şok yaşaması səhnələrinin Pol Tomas Andersonun “Qan Töküləcək” ( digər adı”Neft”) filmindən bəhrələndiyi haqqında yazıblar. Mən buna deyil, bununla bağlı başqa bir nüansa diqqət çəkmək istərdim. “Neft” filmində əsas hadisələr partlayışda uşağın kar olmasından sonra başlayır. Daniel ərazidə neft tapır, amma (ögey) oğlunu “itirir”. Bununla, bir növ, o öz gücünü də itirmiş olur.
“Tağıyev: Neft” filmində isə tamaşaçı İsmayılın şok yaşadığına şahid olur. Amma İsmayılın bu şoku üzərindən tez atması, heç nə olmamış kimi həyatına davam etməsi kifayət qədər inandırıcı görünmür. Pol Tomas Anderson qəza səhnəsi ilə həm Danielin obrazını aça bilir, həm də ata ilə oğul arasındakı münasibətlərin nəyə görə pozulacağına gözəl şəkildə işarə edir. Bizim filmimizdə isə qəza səhnəsi sanki öz təyinatını istənilən kimi yerinə yetirə bilməyib, hətta səthi alınıb. Bu səhnə ilə biz nə Tağıyevin xarakterinin açılmasına şahid oluruq, nə də ki, onunla oğlu arasındakı münasibətlərin sonrakı gedişatında nəyinsə dəyişdiyini görə bilirik. Amma bu hadisənin başlanğıcında İsmayıl qarğaya daş atır. Sonra isə məlum hadisə baş verir. Qarğa yaxşı düşünülmüş detal idi. Qarğa bir çox mədəniyyətlərdə dəyişikliyi, kəhanəti, müjdəçiliyi təmsil edir. Biz qarğanı daha sonra son səhnələrin birində görürük. İsmayıl ölmüş qarğanın yanında dayanır. Atası isə onu yanına çağırır. Qarğanın nəyin müjdəçisi olduğu bu məqamda üzə çıxır.
Filmi diqqətlə izləyəndə bizə bir məsələ aydın olur. Baş verən qəza ilə Tağıyevin həyatında nələrsə dəyişməyə başlayır. Amma bu hadisələrin təsirli vizual həllinin tapılmaması boşluqlar yaradır. Qəzadan sonra Tağıyevin xanımı xəstələnir və xəstəliyini türkəçarə üsulları ilə sağaltmağa çalışır. Tağıyev bundan xəbər tutanda isə iş-işdən keçmiş olur. O, həkimi müayinə üçün xanımının yanına aparır. Ona vərəm diaqnozu qoyulur. Burada maraqlı bir məqam var. Tağıyev xanımının xəstələnib yatağa düşdüyünü öyrənəndən sonra həkim çağırmaqda tərəddüd edir. Deyir ki, xanımı rus həkimi evinə qəbul etmək istəməyəcək. Tağıyevin bu fikri ilə Zeynəb (Natavan Hacıyeva) xanımın xəstəliyi üzərindən o dövrün insanının (camaatının) öz dinindən olmayan həkim(lər)ə münasibətini rejissor gözəl açıqlaya bilib.
Burada çatışmayan cəhət Tağıyevin, xanımını itirəndən sonrakı emosional vəziyyətinin bizə tam şəkildə aydın olmamasıdır. Elə təəssürat yaranır ki, Tağıyev həm qəzanı, həm də xanımının ölümünü laqeyd qarşılayır. Amma tamaşaçı həmin laqeydliyi, süstlüyü neft axtarışları müddətində də görür. Bizə təqdim edilən Tağıyev obrazı, ətrafında baş verən hər şeyə eyni münasibəti göstərir. Buna görə, biz Tağıyev üçün nəyin önəmli olduğunu tamamilə müəyyənləşdirə bilmirik. Yuxarıda qeyd etdiyim kimi, Tağıyevin neftin tapılacağına inamının sadəcə sözlə ifadə edilib və onun mimikalarında, üzündə bu inancın izlərini tapmaq olduqca çətindir. Pol Tomas Anderson “Neft” filmində Danielin xarakterini sözlərlə deyil, daha çox obrazın mimikaları, jestləri, hərəkətləri ilə açıqlayır. Düşünürəm ki, Tağıyev obrazının açılmasında da bu kimi nüanslardan istifadə oluna bilərdi. Tağıyev obrazını oynayan Pərviz Məmmədrzayev Pantomim Teatrının aktyorudur. O, bu işin öhdəsindən gəlməyi bacarardı. Burada iş, əslində, aktyordan daha çox rejissorun öhdəsinə düşür. Aktyor bir çox hallarda rejissorun təlimatı ilə öz obrazının üstündə işləyərək onu yaradır.

Tağıyevi kənara qoyub, diqqətimizi yenidən İsmayıl obrazına cəmləmək istəyirəm. İsmayılın anası vəfat edəndən sonra o hər şeyə həvəsini itirir, atası ilə münasibətləri pozulmağa başlayır. İsmayıl məscidə gedir, axundla söhbət edir. Axund İsmayılı inandırmaq istəyir ki, bütün baş verən hadisələr, əsasən də, onun anasını itirməsi Tağıyevin bu ərazidə neft axtarması ilə bağlıdır. Bir növ, tanrı buna görə Tağıyevi cəzalandırır. Əslində belə başa düşülür ki, (yuxarıda yazdığım hadisələrə əsaslanaraq) filmdə bu mühitin yaradılmasına cəhd göstərilib. Molla filmboyu bəzi məqamlarda üzə çıxır. Həmin məqamlarda tamaşaçı onun dolayı yolla Tağıyevə nələrisə eşitdirdiyini başa düşür. O, itirə biləcəyi (itirdiyi) gücü və idarəni öz əlinə almağa çalışır. Tağıyevin ən zəif məqamında İsmayılı ondan qoparmaq istəyir. Amma buna nail ola bilmir. Sadəcə strukturunda verilən boşluqlar bu effekti kifayət qədər güclü edə bilmir.

İsmayıl öz əllərilə düzəltdiyi, neft buruğunun kiçik prototipini hissə-hissə qoparıb dağıtmağa başlayır. Bu detal Tağıyevin addım-addım sona yaxınlaşdığını simvolik şəkildə göstərir. Çünki Tağıyev, demək olar, bütün var-dövlətini neft axtarışına sərf edir və müflis olmaq həddinə çatır. Borc istəmək üçün Ağamusa Nağıyevin (Rasim Cəfər) yanına gedən Tağıyev oradan əliboş qayıdır. Son çarə isə bankın ona verəcəyi kreditə qalır… Bank buna getsə də, Tağıyevə vaxt qoyur. Amma bu vaxt neftin çıxması üçün kifayət edəcəkmi?

Filmin son səhnələrində Tağıyev ərazidə işləyən işçilərin qabağına çıxıb son nitqini söyləyir. Bu nitq işçiləri ruhlandırır və onlar Tağıyevi tərk etmək istəmirlər. Amma Tağıyevin nitqi çox quru və soyuq olduğuna görə, heç bir təsir gücünə malik deyil. Filmdə dinamikanın əskikliyi kuliminasiyanın da yoxluğuna gətirib çıxarır. “Tağıyev: Neft” filmi texniki və rəssamlıq cəhətdən yaxşı işlənib. Filmin rəssamı Səbuhi Atababayev dövrün təsvirini verməyi bacarıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən film dörd hissədən ibarətdir. “Tağıyev: Neft” filmində bəzi çatışmazlıqlar olsa da, filmin ikinci – “Tağıyev: Çar” hissəsində bu çatışmazlıqların yavaş-yavaş aradan qalxdığını görürük. Belə görünür ki, üçüncü və dördüncü hissələrdə bizi daha maraqlı hadisələr gözləyir.
Nəcəf Əsgərzadə