İNDİ OXUYUR
“Təcavüzkar”qurbandır

“Təcavüzkar”qurbandır

“Ov” filmi, çağdaş Danimarka cəmiyyətinə güzgü tutan, “universal” rejissor Tomas Vinterberq tərəfindən 2012-ci ildə ekranlaşdırıb.
 
Xatırladım ki, rejissor, Danimarkanın 85-ci Akademiya Mükafatına layiq olan ilk beşlikdə yer alıb. Filmdə baş rolda çəkilmiş Mads Mikkelsen isə 2012-ci ildə Kann festivalının “Ən yaxşı aktyor” mükafatını, tənhalıqda yıxılmamaq üçün mübarizə aparan bir adamı canlandırdığına görə qazanır.

Filmdə rejissor, cəmiyyətin mühüm sosial probleminə işıq salır. Eyni zamanda film boyu cəmiyyətin problemlərə skandinav soyuqluğu ilə yanaşması da təəccübləndirir. Kütlə psixologiyasının təsirlərini film boyunca görə bilərik. Haqqında danışacağımız hadisə bizim cəmiyyətdə baş versəydi, tamam fərqli münasibətlə qarşılaşardıq. İnsanlar, bəzən, yaşadığı bölgəyə uyğunlaşaraq regional xarakterlər ortaya çıxarır.

“Ov”, rejissor Tomas Vinterberq

İstedadlı aktyor Mads Mikkelsen Lukas obrazını canlandırır. Qəhrəman, Danimarkanın kiçik qəsəbəsindəki uşaq bağçasında müəllim işləyir və şəhər camaatı Lukasa hörmət edir. O, həyat yoldaşından boşanıb, qəsəbədə tək yaşayır. Yeniyetmə oğlu isə anası ilə bərabər qalır. Oğluna həsrət qalan Lukas ona qovuşmaq üçün əlindən gələni edir. Boş vaxtlarında dostları ilə birlikdə meşəyə ova gedir. Qəsəbənin ən yaxşı ovçularındandır. Bağçada işləyən qadınla münasibətdədir. Sakit təbiətli Lukas həyatını yoluna qoymağa çalışır. Bağçaya Lukasın ən yaxın dostunun 5 yaşlı qızı Klara da gəlir. Lukasa çox bağlanıb, onu çox istəyir. Valideyn sevgisindən və arzuladığı diqqətdən məhrum olan qızcığaz Lukasa sığınır. Hətta bir dəfə Lukasa sevgi məktubu yazır, müəllimini dodağından öpür. Bu vəziyyətdən narahat olan Lukas, qızcığaza, etdiyi hərəkətin yanlış olduğunu izah edir. Klara isə müəllimindən inciyir. 

“Ov”, rejissor Tomas Vinterberq

Klaranın yeniyetmə qardaşı pornoqrafik video izləyərkən, təsadüfən, görüntüləri balaca Klara da görür. Bu görüntülər Klaranın təhtəlşüurunda qalır və müəlliminə duyduğu sevgi ilə birlikdə beynində bir hekayə qurur. Klara bağça müdirinə müəllimi tərəfindən təcavüzə uğradığını uydurub danışır.  Daha sonra, bütün qəsəbəyə yayılan bu qorxunc şayiə Lukasın həyatını məhv edir. “Uşaqlar yalan danışmaz” ifadəsini əllərində bayraq edən cəmiyyət Lukası incitməyə başlayır. 

Film kiçik bir hadisənin insanın həyatını necə məhv etdiyini təsvir edir. Ancaq rejissor tamaşaçı üçün Lukasın günahsız olduğunu aydın göstərir. Əgər bizim kimi cəmiyyətdə belə bir film daha üstüörtülü formada çəkilsəydi, izləyici Lukasın günahkar olduğundan şübhələnəcəkdi. Lukas həm sosial, həm də iqtisadi cəhətdən çökmüş vəziyyətdədir.

“Ov”, rejissor Tomas Vinterberq

Kütlə psixologiyası
Şəhər əhalisinin Lukasa münasibətinə baxdıqda görürük ki, insanların bir-birinə təsir gücü çox böyükdür.“Kütlədə şüurdan məhrum fərdlər öz unikal düşüncə sistemini və şəxsiyyətini, ideyalarını sorğulamaqdan uzaq düşür”. Kütlə daxilində hər kəs eyni məqsəd və baxışı qəbul edir. Filmdə də bu aydın şəkildə öz əksini tapır. Klaranın səhv və gerçək olmayan təəssüratı nəticəsində əvvəlcə uşaq bağçasının müdirinə və psixoloqa təsir görürük. Daha sonra bu təsir artır və bütün şəhəri zəbt edir. İnsanların sayı artdıqca onların imana bağlılığı da artır. Lukas, hətta yaxınlıqdakı marketə gedə bilmir, şiddətə məruz qalır. Lukasın tənha və çarəsiz, tələyə düşmüş anlarını rejissor geniş bucaqlı obyektivlə tamaşaçıya çatdırır. 

“Hər kəs tərəfindən qəbul edilmiş fikirlər insanı sadəcə kütlə içində olduğu zaman göstərdiyi şəxsiyyətə çevirir”.

Bəli, insan taleyini həll edən bir məqamda kütlə psixologiyasına sosial xurafat, cahillik demək olar.
Filmin adının “Ov” olması da əbəs yerə seçilməyib. “Ov”un nəsildən-nəsilə keçdiyi, ənənəvi bir fəaliyyətə çevrildiyi bu kiçik qəsəbədə ovlanan insan taleyidir. 

“Ov”, rejissor Tomas Vinterberq

Əslində 5 yaşlı uşağın yox, yetkin bir insanın, taleyin cəmiyyət tərəfindən təcavüzə uğradığını görürük. 
Bizim coğrafiyamızda da, elə Avropada da izdihamın çoxaldığı hər mühitdə ziyalılar azalır. Məhəllə təzyiqi, namus qavrayışı, linç mədəniyyəti, təqib, zülm, zorakılıq və bu kimi yüzlərlə anlayışın olduğu bir ölkədə heç nə “ov” olmaqdan asan olmamalıdır.

Lukas uzun müddətdən sonra oğlu ilə birgə qəsəbəyə qayıdır. Məhkəmə onun günahsız olduğunu isbat etsə də cəmiyyət Lukasa təcavüzkar damğasını artıq vurub. Qəsəbənin şikara çevrilmiş ən yaxşı “ovçu”su, dostları ilə birlikdə meşəyə ova yollanır. Qəsəbə əhli Lukası “sevgi” və “ehtiramla” qarşılayır. Ancaq bu münasibətin dırnağarası olduğu aydın görünür. Ov zamanı kimsə, bilərəkdən Lukası nişan alır. Ancaq güllə Lukasdan yan keçərək ağaca dəyir. Çünki, bu atəş Lukasa bir xəbərdarlıqdır. Nişan alan adamın kimliyi isə günəşin şəfəqlərində qeyb olur. Yəni, aradan keçən zamana baxmayaraq, cəmiyyətin xofu hələ də səngiməyib. Lukası həmişə hədəf alan yaşayan bir “ölü” mövcud olacaq. Lukas isə, titrəyən ceyran balasıtək daim nişangahda qalacaq.

Dəniz Pənahova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya