Şərif Ağayar, Lars fon Triyer və Xızırın Musa peyğəmbərə verdiyi ibrətlər

Humanizm və faşizm bəzən çox yaxın olur. Əvvəl Şərifdən başlayaq, müəllifin “Humanizm” adlı şeirindəndir:
O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə
adamları mehriban
qızları gözəl
gəlinləri həyalı
itləri qonağa hürməz heç zaman
azan səsiylə oyanır o kənd
şəhadət kəlməsiylə yuxuya gedir
Kəndin idillik təsvirindən sonra, müəllif qəflətən tonallığı dəyişir:
hücum etməli o kəndə!
kişilərini yerindəcə güllələməli
ağzı dualı qocalarını
ağaclara sarıyıb yandırmalı
uşaqlarını dəmir borulara doldurub
qaynaq etməli
hücum etməli o kəndə
qızlarını zorlamalı
saçından yapışıb sürüməli
hamilə gəlinlərin
şişman qarınlarını
nallı çəkmələrlə təpikləməli
süngüylə yırtıb çıxarmalı
canına yenicə qan hopmuş rüşeymləri
hücum etməli o kəndə
bağdakı itlərə belə aman verməməli
evlərin hamısına od vurmalı
dünyanın gözündən yayınıb
sakit bir guşədə
şad-xürrəm yaşamağın
nə demək olduğunu anlatmalı onlara
Sonra müəllif qətliamın səbəbini anladır:
darmadağın etməli o kəndi!
bir nəfər belə sağ buraxmamalı
…sağ buraxmamalı bir kimsəni
o kəndin acılarıyla yaşamağına
qıymamalı
İndi Lars fon Triyerin “Doqvil” filminin baş qəhrəmanı Qreysin filmin finalındakı əmrlərini dinləyin: Viran olması ilə Dünyanı yaxşılaşdıracaq şəhər varsa – o, Doqvildir. Hamını güllələməli, şəhəri yandırmalı. Bu ailədə əvvəl uşaqları öldürün, anasının gözü qarşısında. Anasına deyin göz yaşlarını saxlaya bilsə, atmayacaqlar.

Qreys dağların ətəyində yerləşən və tərcümədə mənası ”İt-kənd” olan Doqvilə qanqster olan atasının təqiblərindən qaçaraq gəlib çıxıb. Atası ilə konfliktə gətirib çıxaran səbəbləri filmin finalında biləcəyik. Şəhər sakini gənc yazar, daha doğrusu, yazarlığa iddialı Tom onu təqib edən qanqsterlərdən gizlədir. Tom periodik olaraq yığışan şəhər sakinlərinin yığıncağında Qreysi təqdim edir. Şəhərin tam hüquqlu sakini olmaq üçün Qreysə 2 həftəlik sınaq müddəti ayırırlar. Bu müddət ərzində Qreys şəhər sakinlərinin işlərinə kömək etməlidir. İki həftəlik müddətdən sonra şəhər sakinlərinin iclası Qreysi dəstəkləyir və onun əməyi nəticəsində şəhər həyatınn yaxşılaşdığını söyləyirlər. Qreysin Doqvildə həyatı dağların arasında itib batmış şəhərə polislərin gəlişindən sonra zülmə çevrildi. Şəhər sakinlərinin iclası Tomun təklifi ilə qərara alır ki, əgər biz Qreysi polisdən gizlədərək özümüzü təhlükəyə atırıqsa Qreys daha çox işləməlidir. Və Qreys qultək işləyir, işin çoxluğu xətalara gətirir. Şəhər sakinləri narazılıqlarını bildirir, Qreyslə aqressiv davranır, hətta polislərin şəhərə növbəti gəlişində işlədiyi bağın sahibi Çak, Qreysi zorlayır. Sonra bu sistemli hal alır və təkcə Çak ilə yox. Qreys şəhərdən qaçmağa cəhd edəndə yük maşınının sürücüsü Ben ətrafda çoxlu polislər olduğuunu bəhanə edib əlavə haqq əvəzi Qreysi zorlayır və maşını yenidən Doqvilə sürür. Benu şəhər sakinlərinə Qreysin maşının furqonunda gizləndiyini deyir. Şəhər sakinləri Qreysin qaçmaq cəhdlərinin qarşısını almaq üçün ayağını zəncirləyir, başına kiçik zınqırovlu dəmir bağlayırlar. Başı zəncirli, ayağı qandallı, şəhər sakinləri tərəfindən hərfi və məcazi mənada zorlanan Qreyslə ona şəhərdə sığınacaq vermiş, qaçmaq cəhdində dəstək olmuş, aralarında sevgi əmələ gəlmiş Tomla münasibətləri öz kulminasiyasına çatır. Şəhər sakinləri Tomu pul oğurluğunda ittiham edəndə, o, günahı Qreysin boynuna atır. Səni ancaq özümdən şübhələri rədd etməklə qoruya bilərəm. Sonradan Tomun seks təklifini Qreys rədd edir. “Bütün şəhər bədənini dadıb, məndən başqa” söyləyən Toma Qreys “səndə onlar kimi zorla, həbslə qorxudub zorla” deyir. Tom vaxt istəyib otaqdan çıxır. Vaxtilə Qreysi təqib edən qanqsterlərə zəng edib onları çağırır. Qanqsterlər və başlarında Qreysin atası Doqvilə gəlirlər. Atası ilə Qreysin yarımçıq qalmış dialoqu davam edir. Mərhəmət haqda mükalimə. İnsan qərar verməli, hökm çıxarmalı, cəzalandırmalı, yoxsa rəhm etməli. Atası hökm çıxarıb cəza verənlərdən idi.

– Sən özünü Allah bilirsən, ata, sən təkəbbürlüsən.
– Sən insanlara hökm çıxarmırsan, çünki onlara simpatiyan var, atılmış uşağa da, qatilə də rəhmin var. Çünki həmişə şərait səbəbkardır. Sənə görə qatillər özü də qurban ola bilər. Mənə görə isə onlar köpəkdirlər. Əgər onlar qaytardıqlarını yeməyə hazırdırlarsa onların qarşısını ancaq qamçı ilə almaq olar.
– Axı köpəklər öz təbiətlərinə qarşı gedə bilməzlər. Niyə də onlara rəhmimiz gəlməsin.
– Köpəkləri çoxlu xeyirli işlərə öyrəşdirmək olar. Amma bir şərtlə: Köpək naturaları güc gələndə rəhm edilməməli.
– Deməli, mən rəhmli olduğuma görə təkəbbürlüyəm.
– Heç kim sənin mənəvi səviyyənə çata bilməz. Ona görə sən hamıya bəraət verirsən. Sən onlara o səbəblərlə bəraət verib bağışlayırsan ki, özünə heç zaman o səbəblərlə bəraət verməzsən. Bundan böyük yekəxanalıq, təkəbbür olmaz.
– Niyə mən mərhəmətli olmamalıyam?
– Sən mərhəmətli olmalısan, əgər mərhəmətli olmağa zaman varsa. Bununla yanaşı köpəklərə görə sən mənəvi prinsiplərindən əl çəkməməlisən. Necə ki sən də öz əməllərinə görə cəzalanardın, onlar öz əməllərinə görə layiq olduqları cəzanı çəkməlidirlər.
– Onlar insandır axı.
– Yox. Hər insan layiq olduğu cəzanı çəkməməlidirmi? Çəkməlidir.
Atasının dəlilləri Qreysi inandırmasa da, maşından düşüb Doqvil sakinlərinin üzünə baxmağı kifayət idi ki, maşına qayıdıb desin: Viran olması ilə dünyanı yaxşılaşdıracaq şəhər varsa – o, Doqvildir. Hamını güllələməli, şəhəri yandırmalı.
Vaxtilə Xızır da Musa peyğəmbəri, Şərif Ağayar və Lars fon Triyer sayağı öz amansızlığı ilə şoka salmışdı. Qurani-Kərimin “Kəhf” surəsində onların münasibətlərindən ətraflı danışılır. Gizli elmlərə yiyələnmək üçün Musa Xızırdan rica edir: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” (Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan). Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən? (Quran,66-68, Vasif Məmmədəliyev, Ziya Bünyadovun tərcüməsi) Xızır “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” şərtilə Xızırı şagirdliyə götürür. Yolboyu Xızır 3 dəfə Musanı şoka salır. 3-cü dəfə Xızır “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır” deyir və Musanın nəzərincə məntiqsiz və amansız əməllərinin səbəbini izah edir. O cümlədən gənc bir oğlana rast gələn kimi qətlə yetirməsini: ”Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik”. (Quran,80-81, Vasif Məmmədəliyev, Ziya Bünyadovun tərcüməsi) Xızırın izahında amansızlığının səbəbi mərhəmətidir. Oğlanın valideynlərinə mərhəməti. Şərif Ağayarın poetik məntiqində də. Lars fon Triyerdə isə amansızlıq mərhəmətin gətirdiyi dəhşətdən qurtulmaq yoludur. Triyer mərhəmətin terapiyasına inamsızlığını bəyan edir. Filmin final titrlərini 20-ci əsrin 30-cu illərinin ABŞ-də Böyük Depressiyanı bütün çılpaqlığı ilə təsvir edən fotolar müşayiət edir: aclıq, səfalət, insan iztirabı, gözlərdə ölən ümid. Eynilə Doqvil sakinləri. Triyerin gözlənilməz montaj gedişinin məntiqi, onun məntiqini Qreysin və atasının məntiqi ilə eyniləşdirir: iztirab içində çabalayan gördükləriniz durumlarına layiqdirlər. Mərhəmətiniz onların içindəki vəhşidən başqa heç nəyi oyatmayacaq. Kann festivalında “ Mən Hitleri anlayıram” söyləyən Triyerin məntiqidir bu.
Əli İsa Cabbarov