İNDİ OXUYUR
Səpələnmiş ölümlər zamanı

Səpələnmiş ölümlər zamanı

2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya Film Festivalında “Qızıl Şir” mükafatına namizəd olan ilk Azərbaycan filmidir. Filmləri üçün heç vaxt ssenari yazmadığını, yalnız bir neçə misra yazdığını qeyd edən Baydarov, bu filmdə də çəkilişdən dərhal əvvəl şeir yazdığını və bunu baş rol ifaçısı Orxan İskəndərliyə verdiyini qeyd etmişdi. “Mən heç vaxt nə çəkdiyimi bilmək istəmirəm. Nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur”.


Hilal Baydarov film haqqında “Variety” jurnalına verdiyi müsahibəsində Buddanın hekayəsindən təsirləndiyini bildirmişdi. Buddanın hekayəsindən də bizə məlumdur ki, 29 yaşına qədər dünyadan təcrid şəkildə yaşamış şahzadə Sidhartha Gautama, krallığın, zənginliyin xoşbəxtlik gətirmədiyini anlayır. Eyni zamanda sarayda heç vaxt kasıb, xəstə, dərdli insan görməyən Budda real həyatın əsl üzü ilə qarşılaşdıqdan sonra Hind tanrısı Brahmaya ömrünün sonuna qədər insanlığı əzabdan qurtarmağa çalışacağına söz verir. “Səpələnmiş ölümlər arasında” filminin qəhrəmanı Davud da öz mühitindən kənara çıxanda həyatın reallığı ilə qarşılaşır və bu vəziyyət onu dəyişdiyi kimi, onunla rastlaşan insanların da həyata baxışını dəyişir.

“Səpələnmiş ölümlər arasında”, rejissor Hilal Baydarov


Sevgiyə möhtac olan qəhrəmanımızın qarşılaşdığı qadınlar da sevgidən məhrumdur və sevgisizlikdən əziyyət çəkən hər insanın sığınacaq yeri isə tənhalıqdır. Ziqmund Freydin də qeyd etdiyi kimi “insan münasibətlərində yarana biləcək əzablara qarşı ən yaxşı müdafiə, könüllü təcrid, özünü başqa insanlardan uzaq tutmaqdır. Qorxunc xarici aləmə qarşı insan ancaq bir növ ondan üz döndərməklə özünü müdafiə edə bilər” ki, filmin qəhrəmanı bunu əksini edir və davamlı əzablara məruz qalır. 


Rejissorun bu mövzuya müraciət etməsi təsadüfi deyil. Ailədaxili münasibətləri Hilal Baydarovun digər filmlərində də görürük. Yaradıcılığında, “Ana və oğul”, “Ad günü”, “Xurmalar yetişən vaxt” sənədli filmləri ilə “ana-oğul” mövzusuna daim toxunan rejissor bu filmdə də qəhrəmanın psixoloji vəziyyətini ailəsi ilə əlaqələndirir. Davud atasını uşaqlıqdan itirmiş, anası ilə sağlam münasibət qura bilməmişdir.  Filmi şərti olaraq proloq, 5 hekayə və epiloqa ayırmaq olar. Film qəhrəmanın daxili monoloqu ilə başlayır. Kişi qəhrəman ailəsini tapmaq üçün yola çıxır, qadın qəhrəman ailəsini tapmaq üçün evdə gözləyir. Buna görə biri yola çıxır, digəri yol gözləyir. Davud yola çıxdığı ilk dəqiqələrdən bir konfliktə qarışır və qatil olur. Artıq sadəcə sevgilisini axtarmır, eyni zamanda onu təqib edən mafiya üzvlərindən də qaçmağa çalışır. Davud yolboyu müxtəlif qadınlarla qarşılaşır və onların hekayəsinin bir parçasına çevrilir.

“Səpələnmiş ölümlər arasında”, rejissor Hilal Baydarov


Hekayələrarası keçid isə daim təkrarlanan, “Tarkovskisayağı” həll olunur: baş qəhrəmanımız, çarşablı, əli uşaqlı qadın və ağ at olan bu səhnə, kadrarxası mətnlə – şeirlə müşayiət olunur. “Hollywod reporter” jurnalında filmə resenziya yazan Debora Yanq bu səhnə haqqında belə deyir: “Bu, onun axtarışının xəyali obrazlarıdır, yoxsa özü haqqında lazımsız düşüncələrdir?”. Bizə görə də bu səhnə rejissorun axtarışlarıdır. Rejissor isə öz növbəsində uzun çəkiliş və poetik obrazların nə Tarkovski, nə də Nuri Bilge Ceylanla əlaqəsi olmadığını qeyd edir.  Beş qadının hekayəsindən öncə göstərilən bu kadr, izləyicini bu hekayələrə hazırlamaq funksiyası daşıyır. Qəhrəman öz ailəsini və oğlunu axtarır. Çadralı qadın da hər axtarışdan öncə fərqli obraz olduğunun mesajını verir. Qadınların kişilər tərəfindən əzilməsi, təhqir olunması filmin əsas süjet xətlərindən birini təşkil edir və qəhrəman xilasedici rolunda bizə təqdim olunur. “In Review Online” saytında yazıçı Deniel Qordon, filmdən çıxış edərək haqlı olaraq “Burada bir alleqoriya hissi var, Azərbaycan cəmiyyətinin zorakı cərəyanlarının bir növ tədqiqi var, Davud isə rastlaşdığı insanlara həm ölüm, həm də azadlıq gətirən bir xəyala çevrilir” deyə qeyd edir.  Biz də bu fikrlə razılaşırıq.

İlk hekayədə “bundan sonra quduzam” deyən, Davudu xilas etmək üçün atasını öldürən və nəhayət sevginin nə olduğunu anladığını deyən qızın, atası tərəfindən beş ildir tövləyə bağlı şəkildə yaşadığını öyrənirik.  Davudu təqib edən 3 nəfərdən (İsa, Musa, Qusi) ibarət dəstə isə baş verən hadisələrdən ilk öncə təəccüblənsə də sonradan bunu təbii şəkildə qəbul edir. Filmin əsas çatışmayan cəhəti isə rejissorun hər epizoddan sonra filmi izah etməyə ehtiyac duymasıdır. Doğru təqdim edilmiş, əsaslandırılmış təsvirin əlavə izaha ehtiyacı olmamalıdır. Ekranda kitabı göstərib, sonra “bu kitabdır” demək nə qədər absurd səslənirsə, filmdə də tamaşaçının gördüyü səhnələri dialoqda yenidən səsləndirmək o qədər absurd təsir bağışlayır.


Filmdə hadisələrin mürəkkəbləşməsi isə Davudun, əri tərəfindən döyülən, özünü xəyal səhnəsində “bundan sonra yola baxanam” adlandırdığı qadına verdiyi sevgisi ilə onun cəsarətlənməsi və dolayısıyla yenə qadının əli ilə qatilə çevrilməsi ilə davam edir. Burada qəhrəman “qadın ərini sevginin çoxluğundan öldürdü, mən isə özümə görə öldürürəm, bu eqoistlikdir” fikirlərindən çıxış edərək Freydin sevgi və şiddət haqqındakı fikirlərinə toxunmaq olar. Freydə qədərki fəlsəfə və psixologiyada  həzz verənlərin sevildiyi, ağrı verənlərin isə nifrət edildiyi qəbul edilirdi. Freyd isə vurğulayırdı ki, “sevgi və nifrət, başqa sözlə, həyat və ölüm instinkti birlikdə gedir; sivilizasiyanı yaradan günahın əsas mənbəyi sevgi və nifrətin birləşməsidir. Həyatı yaradan və sevən Erosla, öldürüb məhv edən Tanatın qarşıdurmasında insan sevdiyinə nifrət edir, eyni zamanda, sevdiyini öldürəndə sevgisinə görə özünü günahkar hiss edir”. Freydə görə, vicdan və əxlaq anlayışının əsasını bu iki instinktin toqquşmasından doğan təqsir və peşmanlıq hissləri təşkil edir. Bu məqamda isə filmin əvvəlində Davudun anası ilə münasibətlərinə baxdıqda, anasının və üç nəfərin dilindən də əslində onun qəddar olmadığını, anasına da sevgisindən ötrü əzab verdiyi öyrənirik.

“Səpələnmiş ölümlər arasında”, rejissor Hilal Baydarov


“Bundan sonra gəlinəm” deyən, ögey qardaşı tərəfindən zorla ərə verilən və toy günü gəlinliklə qaçan qız da Davuda pənah gətirir. Filmlərinin bir çoxunda peyzaj sənətindən çıxış edərək, ümumi planlara üstünlük verən rejissor, qəhrəmanların hiss və həyəcanını çatdırmağı unudur. Tom Tıkverin “Ətriyyatçı” filminin qəhrəmanı kimi ətrafına öldürücü sevgi yayan qəhrəmandan öz sevgi payını alan və yenə də qəddar ata obrazı tərəfindən incidildiyini bildirən qız, öz kor bacısı və problemli anasını ona əmanət edərək intihar edir.

Növbəti hekayədən öncə Davudun, onun axtarışını əmr edən Doktor tərəfindən bağışlanması baş verir və onun törətdiklərinə haqq qazandırılaraq “Böyük qardaş” adı verilir. Əmanətə sadiq qalaraq “Bundan sonra koram” deyən qızın və öz qəbrinə uzanaraq olmayan oğlunun onu yumasını gözləyən ananı ziyarət edən Davud, son missiyasını yerinə yetirərək geriyə dönməyə qərar verir ki, bu filmin 2-ci dönüş nöqtəsini təşkil edir. Qızla birgə motosiklet qəzasına düşən qəhrəman, nəhayət xəyallarında danışdığı, axtardığı, Rəna Əsgərovanın 3-cü obraz kimi canlandırdığı qara geyimli qadının qapısına çıxır. Qadın, müharibəyə getmiş və heç vaxt dönməyəcək olan ərinin yasını tutarkən, “qadının gözləməkdən başqa nə çarəsi var” kimi fikirləri səsləndirərək bir daha Azərbaycanda qadınların vəziyyətinin sanki yalnız ümidsizlik, yazıqlıq və çarəsizlikdən ibarət olduğunu sübut etməyə çalışır. Filmin kulminasiya səhnəsində qəhrəman qadının ayaqlarına düşür və axtardığı insanın məhz o olduğunu anlaya bilmir.  Çünki əzab, ən ali insan hissini – sevgini belə öldürə, unutdura bilir. Qadın isə insana verilmiş ən böyük cəza olan unudulmağa dözməyərək “bundan sonra ölüyəm” deyir. Filmin açılışını isə geriyə – anasının yanına qayıdan Davudun ölüm zəncirinin son halqasını anası ilə tamamlamağı təşkil edir. Peşmanlığı altında əzilən, hamıya sevgi və rahatlıq ötürən qəhrəman, anasının xilasına yetişə bilmir. Hilal Baydarovun Buddası sağaldaraq deyil, öldürərək xilas edir.

“Səpələnmiş ölümlər arasında”, rejissor Hilal Baydarov


Filmdə ümumi planların və uzun kadrların üstünlük təşkil etməsi bəzən insanı yormaqla bərabər, qəhrəmanların emosiyalarını oxumaqda problem yaradır. Bir çox filmlərində təkcə ssenarist və rejissor olaraq yox, eyni zamanda operator kimi çıxış edən Baydarov, bu dəfə filmin vizual həllini Elşən Abbasova həvalə etmişdir.
Baydarovun canlı, aydın görüntüsünə əks tərzdə olan filmin rəng həlli monoxrom rejimdədir ki, burada əsasən analoji rəng sxemindən istifadə olunmuşdur. Həmçinin gərginlik yaradan komplementar rəng sxemi də filmdə bəzi səhnələrdə görünür; bu, təhlükə və sevgi mənalarını daşıyan, soyuq rənglərə əks olan qırmızı rəngdir ki, məhz Davudun motoskletinin işığında görünür.

“Səpələnmiş ölümlər arasında”, rejissor Hilal Baydarov


Eyni zamanda filmdə bədii mətn, dialoqlar ön plana keçərək filmin kadrarxası səslə müşayiət olunan təbiət peyzajına və hadisələr ardıcıllığına çevirir. Film, izləyiciləri vizual olaraq yox, daha çox danışaraq inandırmağa çalışır. Bu isə Baydarovun sənədlilik estetikasına xas olan nüansdır. Filmdə səsin hadisələrə, hərəkətliliyə uyğun olmayaraq təmiz, bəzən emosiyasız səsləndirilməsi studiya effekti yaradaraq filmin tamaşaçı tərəfindən qəbul edilməsini çətinləşdirir. Filmin bəstəkarı Kənan Rüstəmlinin meditativ musiqisi isə filmin yuxu səhnələri ilə vəhdət təşkil edir. Tanımadığı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyini və utancaq olduğunu qeyd edən rejissor bu səbəbdən öz yaxın ətrafı – dostları və ailəsi ilə çalışmağa üstünlük verdiyini qeyd edir.  Bu isə əslində yaradıcılığın və əsərin lazım olan peşəkarlıq səviyyəsinə qalxmasına mane olan bir cəhətdir. Ümumilikdə film, bir çox məqamlarda pritça janrının xarakteristikası ilə səsləşməkdədir.

Ədilə Ağayeva

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya