Ssenari neçə yazılır?

Adətən, ssenari müsabiqələrində ən çox verilən suallardan biri ssenarinin texniki yazılış qaydaları haqqında olur. Məsələn, “neçə səhifə olmalıdır?”, “vərəqin ortasından başlamaq lazımdır, ya kənarından?”, “adi mətn kimi yazmaq olarmı?”, “1 dəqiqənin 1 səhifə kimi hesablanması vacibdirmi?” və s. Sovet ssenaristi, dramaturq Aleksandr Çervinski “Yaxşı ssenarini yaxşı qiymətə satmaq üçün nə etməli?” kitabında bu sualların hamısını cavablandırıb. “Doğru format” adlı həmin hissəni təqdim edirik.
DOĞRU FORMAT
Aşağıda təsvir olunan format tammetrajlı bədii filmlərə aiddir. Əgər siz televiziya serialları və ya həftəlik komediyalar (sitcom) üzərində işləyirsinizsə, nəzərə alın ki, onların yazılış forması bir qədər fərqlidir; odur ki, örnək tapmağa çalışın.
Biz ümumi qaydalardan başlayacağıq, sonra sözlərin necə yerləşdirildiyini anlamaq üçün səhifə örnəklərini nəzərdən keçirəcəyik.
1. Ssenarini kağıztikən qovluq üçün üç dəlik qoyulmuş, A4 formatlı standart ağ kağıza çıxarılmış ksero və ya kompüter surəti şəklində təqdim etməlisiniz.
Heç vaxt çap maşınında yazılmış ilk nüsxəni, ya da qara kağız vasitəsilə hazırlanmış nüsxəni, ya da rəngli kağızda, ya da ölçüsü fərqli olan vərəqdə yazılmış nüsxəni verməyin.
2. Üz qabığı, A4 formatında olan üç dəlikli birrəng kartondan olmalıdır.
Heç bir dizayner hiylələrindən və ya dəri cilddən istifadə etmək olmaz. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır.
Karton öndən və arxadan ağ olsa, yaxşıdır. Ancaq çox istəyirsinizsə, istənilən rəngdə ola bilər.
3. Üz qabığına heç nə həkk etməyin.
Heç bir illüstrasiya olmasın. (Həmçinin ssenarinin içində də). Heç bir yazı olmasın. Üz qabığına hətta ad da yazmayın.
4. Ssenarini ya bürünc qısqaclarla, ya Çikaqo-skryuzla, ya da Akko kağıztikənləri ilə cildləyin.
Başa düşdünüz? Əgər ssenarinizi Hollivuda göndərmək istəyirsinizsə, əvvəlcə həmin Çikaqo-skryuzu, ya da sirli Akkonu tapın, yoxsa sizin yazdıqlarınızı heç vaxt oxumayacaqlar. Ayrı-ayrı vərəqləri üzərinə “DELO” (“SƏNƏD” – red.) yazılmış yerli qovluğun və ya çəkmə qaytanı ilə bağlanan karton qovluğun[1] içinə üst-üstə yığaraq şansınızı sınamayın.
5. Üz qabığından sonra gələn ilk səhifə – titul vərəqidir və ondan dərhal sonra ssenari gəlir.
İştirakçıların siyahısı, çəkiliş qrupuna arzularınız, başlıq, müəlliflik hüququnun şərtləri, tərcümeyi-hal, ya da illüstrasiyalar olmaz.
6. Bədii film ssenarisi 129 səhifədən uzun olmamalıdır.
Prokatçılar günə beş seans sala bilsinlər deyə, studiyalar 90 dəqiqə – 2 saat uzunluğunda filmlər istehsal etmək istəyirlər. Bir səhifə filmin bir dəqiqəsinə bərabərdir. Həcmi 130 səhifədən çox olan ssenari iki saatdan çox gedir. (Düstur 120-dən bir-neçə səhifə çox yazmağa icazə verir. Ki, bu da filmin vaxtına deyil, təkcə yazıya aiddir).
Bu ölçü sadəcə iqtisadi səbəblərlə müəyyənləşdirilmir. Tamaşaçının emosional gərginliyini dəstəkləyən iki saatdan daha uzun filmlərə çox nadir hallarda rast gəlinir. Təcrübə 90-120 dəqiqəlik optimal davamlılığın üstünlüyünü göstərir.
Hamı bilir ki, əksər dahiyanə filmlər daha uzun olub. Amma siz, yeni başlayan müəllif olduğunuz və ssenarinizi satmaq istədiyiniz üçün onu 129 səhifədən uzun etməyin. Sizin ssenariniz üçün ideal uzunluq 110-115 səhifədir. Adətən, komediyalar 90 dəqiqəyə daha yaxındır, nəinki iki saata.
Bu qaydalar sadəcə bədii filmlərə aiddir. Televiziya seriyasının ssenarisi 105 səhifə ölçüsündə olur ki, bu da 97 dəqiqəyə uyğun gəlir.
7. Remarkalarda aktyorlar üçün izahlar yazmayın
Bir ssenarist kimi sizin işiniz – aktyorların fəaliyyətlərini təsvir etmək və dialoqlar qurmaqdır. Diaqloqlardakı cümlələri necə ifa edəcəklərini aktyorlara başa salmaq sizin işiniz deyil. Bu cür remarkalar oxucunun fikrini yayındırır, aktyorları isə qıcıqlandırır.
Tutaq ki, ssenarinizdə bir fraqment aşağıdakı kimi görünür (hələ də formatın bütün detallarını bilmədiyinizə görə utanmayın. Bir qədər sonra elə bu fəsildə hər şey izah olunacaq):
İNT. -ŞƏHƏRKƏNARI EV
CİM VƏ NENSİ (mübahisə edirlər)[2]
NENSİ
(hirsli)
Ay səni, donuz oğlu donuz!
“Hirsli” remarkasını yazmaq vacib deyil və yanlışdır. Nensi bu sözləri başqa necə deyə bilər ki?! Uydurduğunuz fəaliyyətləri və xarakterləri öz ixtiyarlarına buraxın və əmin olun ki, rejissor və aktyorlar onları tamaşaçıya çatdırmağın üsulunu tapacaqlar. Hərəkətləri remarkaya yerləşdirmək isə daha böyük səhvdir:
NENSİ
(boşqabı Cimə tolazlayaraq)
Ay səni, donuz oğlu donuz!
Sizin işiniz onların hərəkətlərini düşünməkdir, amma bu hərəkətlərin təsvir olunacağı yer dialoqun içindəki remarkalar yox, geniş abzasdır.
Bu qaydada bəzi istisnalar var. Birinci, əgər personaj başqa insanların arasındadırsa və onlardan birinə müraciət edirsə, bu, remarkada göstərilməlidir:
İNT. BİLLİN EVİ
Bill, Vendi, Çarlz və Darsi kart oynayırlar.
VENDİ
(Billə müraciətlə)
Hə, ya aç, ya da qəbul elə!
İkinci, əgər danışanın niyyətində fərqli yozumlar varsa, remarkada buna aydınlıq gətirmək olar. Məsələn, Meri məzələnmək üçün Conu “it oğlu” adlandırır. “məzələnərək” sözünü dialoqa remarka kimi yerləşdirmək olar.
Bunlar nadir istisnalardır. Əgər bütün ssenaridə on belə remarka varsa – bu, artıq çoxdur.
8. Operatora necə çəkməli olduğuna dair göstərişlər verməyin
Yəqin ki, bununla razılaşmaq çox çətindir; xüsusilə də nə vaxtsa rejissor olmağa hazırlaşan ssenaristlər üçün. Siz, ÜMUMİ PLAN, ƏKS NÖQTƏ, PANORAMA, UZAQLAŞMA, YAXINLAŞMA və s. kimi qeydlərdən istifadə etməməlisiniz. Əgər bu sözlərin mənasını bilmirsinizsə, narahat olmayın; bunlar sizə lazım olmayacaq.
Bir ssenarist kimi, siz ancaq əməlləri, təsviri və dialoqu müəyyənləşdirərək hekayəni danışmalısınız. Rejissora kameranı hara qoyacağını demək sizin işiniz deyil.
Bu, o demək deyil ki, bütün o kamera fəndləri və hərəkətlər filmin emosional baxımdan qavranılmasına təsir etmir. Sadəcə bu cür xüsusi terminləri oxumaq oxucunun duyğularını zəiflədir və sizin ssenarinizin əleyhinə işləyir.
Burda da istisnalar var – əgər ekranda baş verənlərin anlamı kameranın hərəkəti ilə əlaqəlidirsə, olar. Məsələn, əgər oxucu və tamaşaçıdan qatilin kimliyini gizlətmək istəyirsinizsə, belə yaza bilərsiniz:
İRİ PLAN – əlcək geyinmiş əl kağız kəsən bıçağı qaldırır və xalq deputatının kürəyinə sancır.
Kamera üçün nəzərdə tutulan bu tip göstərişlərdən çox nadir istifadə olunmalıdır. Oxucuya eyni şəkildə təsir etmək üçün başqa üsullar da var. Aktyorlar üçün nəzərdə tutulan izahlar kimi, kameranın yönləndirilməsi ilə bağlı göstərişlərə də ssenaridə altı dəfədən çox yer verilməməlidir.
Bu ümumi qaydalarla tanış olandan sonra ssenari səhifəsində mətnin düzülüşünə baxaq. Növbəti səhifədə xəyali “Bembi və ya diş həkiminin portreti” ssenarisi formata uyğun dərc olunub. Örnək, cəmi bir səhifə – ekran vaxtının bir dəqiqəsini tutur. Ssenari mətni səhifəsindəki kiçik rəqəmlər aşağıdakı qaydaların sıralamasına uyğundur.
Sətirlərarası boşluqlar və intervallar
1. Vaqiə və təsvir geniş abzasa yerləşdirilir. Çap maşınınızda və ya kompüterinizdə səhifənin solunda 3,75 sm (1,5 düym), sağında isə 2,5 sm (1 düym) boşluq qoyun.
2.Dialoqun sətirləri hər iki tərəfdən sıxılmalıdır. Buna görə də dialoqlar üçün səhifənin sol tərəfində 3 sm, sağ tərəfində 2.5 sm ayırın[3].
3. Sonuncu təlimat iştirakçıların adları üçündür. Adlar, uzunluğundan asılı olmayaraq səhifənin sol kənarından[4] 4 düym aralı başlayır. Adları simmetrik şəkildə mərkəzə düzməyin.
Mətnin bu şəkildə düzülməsində məqsəd onun səhifənin oxu istiqamətində yerləşdirilməsidir. Sol kənarlardakı sahə geniş olmalıdır, çünki orda cildləmək üçün nəzərdə tutulan üç dəlik olur.
Çap maşınında yazılan ssenarilər hələ normal hesab olunduğuna görə kompüterinizin mətnin sağ kənarını bərabərləşdirmək funksiyasını istifadə etməyin.
4. Səhifənin nömrəsi yuxarı kənardan 0,5 düym, sağ kənardan 1 düym məsafədə yerləşir[5]
5. Səhifə hansı mətnlə başlayır-başlasın, yuxarı kənardan 1 düym aralı yerləşməlidir. Bu, səhnənin adı, fəaliyyət, təsvir və ya dialoqun üstündə personajın adı ola bilər.
6. Mətn səhifənin axırından, təxminən, 1 düym aralı bitir. Bir sətirdən sonra dialoqu bölmək, ya da növbəti səhifədə başlayan yeni səhnəni göstərmək yerinə səhifənin aşağısında daha çox boş yer qoymaq yaxşıdır[6].
Əgər sizə personajın replikasını və ya təsviri tamamlamaq üçün əlavə bir sətir lazımdırsa, həmin sətiri alt sahələrin azaldılması hesabına əlavə edin.
7. Təsvir və ya replikaların arasında bir interval olmalıdır[7].
8. Təsvirlə replikanın üstündəki personajın adı arasında ikiqat interval olmalıdır.
9. Personajın adı və replikası arasında bir interval olmalıdır.
10. Personajın replikası və növbəti replikanın üstündəki ad arasında ikiqat interval olmalıdır.
11. Səhnənin başlığı və əməl/təsvir arasında ikiqat interval olmalıdır.
12. Əgər əməl/təsvir bir abzasdan çox davam edirsə, abzaslar arasında ikiqat interval olmalıdır.
13. Səhnənin sonu və CUT TO, həmçinin CUT TO və növbəti səhnə arasında ikiqat interval olmalıdır[8].
İndi ssenari örnəyi əsasında xüsusi terminlərin mənası və düzgün yazılış qaydaları ilə tanış olaq.
14.FADE IN (QEÇ – Qaranlıq Ekrandan Çıxış) – ssenarinin standart başlanğıcıdır, hərçənd çox vacib deyil. Birbaşa səhnənin adı ilə başlamaq olar (N15-ə bax). Əgər başda QEÇ yazsanız – ən sonda QE (FADE OUT)[9] yazana qədər bir daha ondan istifadə etməyin.
Pərdə, əvəzetmə (ingiliscə wipe – tərc.) и digər montaj keçid texnikalarını yazmayın. Bu, montajçının işidir. Bircə keçmişi və ya uzun zaman keçidiyini göstərmək istəyəndə ləng əvəzetmə istisna ola bilər. Amma bir qayda olaraq montaj keçidləri ssenaridə qeyd olunmur.
15. NAT – ŞƏHƏR PARKI – GECƏ[10]– bu, standart səhnə başlığıdır və onu səhnənin əvvəlində böyük hərflərlə yazmaq daha doğrudur. Format anlamında səhnə deyəndə hadisənin həmin yerdə (həmin çəkiliş meydançasında; hadisə digər meydançaya keçənə qədər) baş verən hissəsi nəzərdə tutulur. Hər dəfə hadisə başqa meydançaya keçəndə bunu yeni başlıqla və yeni səhnə kimi göstərməlisiniz.
QEÇ
Günəş şüaları jalyüzün dar yarıqlarından keçərək yumşaq qırmızı xalçanı işıqlandırır. Kadr arxasında vibratorun vızıltısı və kişi ilə qadının – FLOYDLA YEJİNİN səsləri eşidilir.
BEMBİ (KADRARXASI)
Geniş… Xahiş edirəm, daha geniş açın!
Ona kişinin cavabı anlaşılmaz və təhrif olunmuş səslənir.
FLOYD (KADRARXASI)
Oyxe he hohu.
Kamera xalçadan horizontal vəziyyətdə naqolay uzadılmış və əyilmiş insan ayağına doğru hərəkət edir. Ayaqlarda qara və əzik başmaqlar, qəhvəyi corab və ucuz sintetikadan hazırlanmış boz şalvar var. Ayağa ağ, uzun, burulmuş corab və ağ ayaqqabı geyinmiş böyük qadın ayağı sıxılıb.
Bir-birinə dolanmış bədənlər boyu irəlilədikcə kişinin üzərinə sərilib diş vibratorunun rezin ucu ilə onun damaqlarını massaj edən qadın görürük. Eyni anda kişi stomatoloq kreslosunda təşvişlə qımıldanır.
BEMBİ
Mister Terebi, dişlərinizi diş sapı ilə yaxşı-yaxşı təmizləməlisiniz.
Qadın əlini onun ağzına daha dərin soxur.
BEMBİ (ardı)
Biz, iyrənc mister Kariesin mister Kötük Dişi ələ keçirməsini istəmirik, düzdür?
FLOYD
(kədərli)
Aaa kı, yoo.
Kamera Floydun kreslonun dəstəyini sıxan əlinə doğru hərəkət edir.
NAT. – ŞƏHƏR MEYDANI – GECƏ
Floyd skamyada tək oturub, bədbəxt və çaşqın görünür. Onun əlində köhnə diş fırçası, ətrafında göyərçinlər var. O, qarşısındakı boşluğa baxır.
CUT TO
Tutaq ki, Con mətbəxdə Tereza ilə dalaşmağa başlayır, dava maşında davam edir və qolf meydançasında sona çatır. Dramatik baxımdan bu yalnız bir bədii məqsədi olan tək səhnədir, amma format nəzərindən onu ayrı-ayrı başlıqları olan üç epizoda bölmək lazımdır: MƏTBƏX, MAŞIN VƏ QOLF NEYDANÇASI
Başlıqda sadəcə hadisənin baş verdiyi məkanı göstərməklə də kifayətlənmək olar, amma rejissura təyinatlarından birini əlavə də edə bilərsiniz: NAT və ya İNT. Bu, naturada və ya pavilyonda çəkilişlər deməkdir.
Bizdəki ssenarilərdə pavilyon çəkilişlərini İNT və PAV-a bölürük, yəni dəqiqləşdiririk – səhnə hazır interyerdə, yoxsa studiyada qurulmuş kinopavilyonda çəkiləcək? Amerikalılar təkcə bunu göstərirlər: açıq səma altında, yoxsa qapalı məkanda (İNT və ya NAT, İNT və ya EXT). Bundan əlavə, hadisənin baş verdiyi zamanda – GECƏ və ya GÜNDÜZ – göstərə bilərsiniz[11].
Səhnənin başlığına personajların adlarını, ya da kamera üçün göstərişlər yazmayın. Əvvəllər KAMERA BONNİDƏ DAYANIR, İRİ PL, ÜMUMİ PL yazırdılar. İndi (1991-ci ilin dərsliyinə əsasən) ədəbi ssenarilərdə artıq belə yazmırlar. Ən yaxşısı, faəliyyət məkanının adı ilə kifayətlənməkdir. Əgər siz yenə də EXT., İNT, yaxud GÜNDÜZ, GECƏ yazmaq qərarına gəlmisinizsə, başlıqda bütün məlumatı tire qoyaraq yazın.
16. Ssenarilər yalnız indiki zamanda yazılır.
17. Personaj ilk dəfə peyda olanda onun adı böyük hərflərlə yazılır. Bu, Bembinin kim olduğunu unudan oxucuya geri qayıdıb onun ilk dəfə peyda olduğu səhnəni tapmaqda kömək edir.
Davamında əməl/təsvirdə iştirakçıların adları (göstərişlər) sadəcə böyük hərflərlə başlayır.
18. Dialoqda replikaların üstündəki adlar böyük hərflərlə yazılır.
19. Replikalar dırnaq içində, ya da defislə yazılmır. Yeganə doğru üsul hər iki tərəfdə geniş boşluqlar qoymaq və danışanın adını üstdə yazmaqdır.
20. K.A. (kadrarxası). Əgər başqa personaj danışanın səsini eşidib özünü görmürsə, replikanın üstündə, danışanın adının yanına bu hərflər yazılır. Həmçinin telefondan eşidilən, başqa otaqdan gələn səs, pəncərə arxasından gələn qışqırıq və s. belə göstərilir.
Personajı digər personajlar yox, sadəcə tamaşaçılar eşidirsə, VO, yəni voice over (səs qoymaq) yazılır. Personajın düşüncələri, yaxud nəqlçinin səsi VO ilə göstərilir. Rus dilində bu halda da KADRARXASI yazılır.
21. Əgər danışanın nitqi hərəkətlə kəsilib sonra yenə davam edirsə, replikanın ardının üstünə yenə personajın adını böyük hərflərlə yazın və yanında CONT. (ARDI), yəni “replikanın ardı” qoyun.
Əgər danışanın nitqi səhifənin sonu olduğu üçün yarımçıq qalırsa, səhifəni aşağı sağ küncdə “Continuation” (Ardı) sözü ilə bitirməlisiniz; daha sonra növbəti səhifədə replikanın ardının üstündə personajın adını və “Continuation” və ya “Cont.” sözünü təkrar yazmalısınız. Yeni səhifəni heç vaxt birbaşa replikanın sözləriylə başlamayın[12].
22. CUT TO: özünüz istədiyiniz halda səhnənin sonuna yazılır. Bu, o qədər vacib deyil, çünki növbəti səhnənin başlığı artıq oxucuya əvvəlki səhnənin bitdiyini xəbər verir. Amma FADE IN və FADE OUT kimi, bu da ənənədir və CUT TO istifadə etmək istəyirsinizsə, səhnə bitəndən sonra sağ tərəfdən aşağıda böyük hərflərlə yazın. Daha sonra ikiqat interval qoyun və növbəti səhnənin başlığını yazın.
Nəzərə alın ki, ssenariniz nəzərdə tutulandan uzun alınırsa, bütün CUT TO-ları çıxartmaq sizə əlavə bir-iki səhifə qazandırar.
23. Əgər amerikalıların məsləhətlərinə rəğmən remarkalara aktyorlar üçün tövsiyələr yazmaq istəsəniz, onları dırnaq arasında səhifənin oxu boyu, danışanın adı ilə replika arasına yerləşdirin[13].
24. Əgər risk edib kameraya YAXINLAŞMA və ya UZAQLAŞMA kimi göstərişlər vermək istəyirsinizsə, onları böyük hərflərlə yazın.
25. Səhnəni həmişə əməl-təsvirlə başlayın; heç vaxt dialoqla başlamayın. Və heç vaxt personaj əməl-təsvirdə təqdim olunmamış onun replikalarını verməyin.
26. Göstərilən fraqmentin nümunəsində ekranda baş verənləri kameranın hərəkəti ilə bağlı göstərişlər vermədən də yazmağın mümkünlüyünə əmin olun.
Fraqmentdəki birinci paraqraf – əməl/təsvir bunu ən yaxşı şəkildə göstərir və imkan daxilində həmişə məhz bu üsul tətbiq olunmalıdır: nə baş verdiyini danışın və bunun ekranda necə görünəcəyini təsəvvür etməyi tamaşaçının ixtiyarına buraxın.
İkinci və üçüncü abzaslarda yumor, əslində baş verəndən daha tərbiyəsiz bir şey olduğu ehtimalı üzərində qurulub. Buna görə də oxucu, tamaşaçıya məlumatın yalnız bir hissəsinin verilməsinin zəruri olduğunu anlasın deyə, başqa yazı üsulu tətbiq olunur.
Üçüncü paraqrafda “kamera” sözü var, lakin bu xüsusi terminlər vasitəsilə kameraya verilən göstərişlər deyil, ekranda gördüklərimizin sadə sözlərlə təsviridir.
Üçüncü abzasda “biz görürük” ifadəsinə rast gəlirik ki, bu da eyni mənaya malikdir. Amma yaxşı olar ki, bundan istifadə olunmasın.
Gördüyünüz kimi, adıçıxmış formatın qaydaları o qədər mürəkkəb deyil. Həm də formatda xırda səhvlər buraxmaqdan qorxmayın. Əgər əsas hədəfinizin – filmi tamaşaçının təxəyyülündə canlandırmaq olduğunu yadınızda saxlasanız, bunu aydın və effektiv şəkildə, öz dilinizi korlamadan etməyin yolunu tapacaqsınız.
Titul vərəqi
Titul vərəqi formatına görə ssenarinin digər səhifələrindən fərqlənən yeganə səhifədir.
1.Ssenarinin adı böyük hərflərlə yazılmalıdır. Altından xətt çəkə bilərsiniz, amma bu, vacib deyil.
2. Bir sətir buraxın və “By” sözünü (ingiliscəyə tərcümə üçün) yazın. Sonra yenə bir sətir buraxaraq öz adınızı, ya da bir neçə müəllif varsa, adlarını yazın.
3. Bir sətir buraxın və orijinal ssenari (bu, vacibdir və son dərəcə nadir hallarda yazılır), yaxud ekranlaşdırmanın mənbəyi haqqında məlumat yazın. Bunu yazmamaq qanunsuz və qeyri-etikdir.
4.Bütün bu məlumat blokunu vərəq boyunun, təxminən, üçdə ikinci hissəsindən başlayaraq oxdan bir qədər sağa yerləşdirin.
5. “Kopirayt” simvolunu və cari ili (beş il əvvəl yazılmış ssenari yeni kimi görünsün deyə) vərəqin aşağı sol küncünə sol kənardan 2 düym və aşagıdan 2 düym aralı yerləşdirin.
6.Vərəqin aşağı sağ küncünə ünvanınızı və telefon nömrənizi yerləşdirin. Bu məlumatı vərəqin sol kənarında 5 düym və aşağıdan 2 düym aralı çap etməyə başlayın. Əgər agentiniz varsa, onun adı, ünvanı və telefon nömrəsini həmin yerdə özünüz haqqındakı məlumatla birlikdə qoyun.
Tərcümə: Aygün Aslanlı Redaktor: Nadir Bədəlov
[1] Müasir təcrübədə ssenarilərin çap olunmuş nüsxələrindən sadəcə çəkilişlərdə istifadə olunur, çünki belə daha rahatdır. Sssenari üzərində digər bütün ilkin işlər kompüterdə həyata keçirilir. Ssenarilərinizi redaktorlara, rejissor və prodüserlərə elektron poçtla göndərməlisiniz. Onlardan düzəlişlər və qeydləri də elektron formada alacaqsınız. Bu prosesdə heç bir kağız, karton və heç bir qısqacdan istifadə olunmur.
[2] Səhnənin bu hissəsi “vaqiənin təsvir olunduğunu blok” adlanır; müəllif onu qısa şəkildə “təsvir” adlandırıb.
[3] Microsoft Word proqramında sahələr boşluqlardan ayrı qoyulur, buna görə də abzas yaradanda soldan və sağdan 1,5 düym, yəni 3,75 sm yer qoyun.
[4] Yəni sol tərəfdən 2,5 düym və ya 6,75 sm aralı.
[5] Müvafiq olaraq, yuxarı kənardan 1,25 sm və sağ kənardan 2,5 sm aralı. Soruşa bilərsiniz ki, ssenarini kompüterdə tərtib edəndə bütün bunlara nə ehtiyac var? İş ondadır ki, ssenarinin yazılış formatı kompüterlərin meydana çıxmasından xeyli əvvəl, hər şeyin çap maşınlarında yazıldığı dövrdə müəyyənləşdirilib. Odur ki, kompüterlərin meydana çıxması onilliklər boyu kinoindustriyaya sədaqətlə xidmət edən ssenari formatının dəyişdirilməsi üçün yetərli səbəb ola bilməzdi.
[6] Söhbət səhifənin aşağı sahəsindən gedir, onu da özünüz avtomatik olaraq təyin edirsiniz. Müasir tələblərə görə, həmin sahəni 05, düymə və ya 1,25 sm-ə bərabər etmək kifayətdir.
[7] Yəni əlavə boş sətir.
[8] Rusiya təcrübəsində CUT TO göstərişi vacıb sayılmır.
[9] Rusiya təcrübəsində QEÇ/QE (FADE IN/FADE OUT) göstərişləri vacib sayılmır.
[10] Müasir qaydalara əsasən zaman və hadisənin baş verdiyi məkan blokunda (müəllif onu səhnənin başlığı adlandırır) aşagıdakı göstərişlər olur: interyer və ya natura (İNT. və ya NAT,) – yəni açıq səma altında və ya qapalı məkanda” (çəkiliş pavilyonundan istifadə barədə qərar vermək ssenaristin səlahiyyətlərinə daxil deyil); hadisənin yeri, zamanı (SƏHƏR, GÜNDÜZ, AXŞAM və ya GECƏ); burda işıqlandırma yox, günün saatı nəzərdə tutulur (çəkiliş rejimlərindən istifadə barədə qərar vermək ssenaristin səlahiyyətlərinə daxil deyil).
[11] Səhifələrin kompüterdə avtomatik formatlaşdırılması ilə əlaqədar olaraq bu tələblər mənasını itirib.
[12] Daha doğrusu, səhifənin sol sahəsindən 5,5 sm, sağ sahəsindən 4,5 sm boşluq – amma bütün hallarda sol tərəfə doğru bərabərləşdiririk.
[13] Daha ətraflı təlimatı http://www.screenwriter.ru/info/format.rar ünvanında Olqa Smirnovanın müəllifliyi ilə hazırlanmış “Səhifə ölçüləri ilə bağlı format” məqaləsində tapa bilərsiniz. Müəllif mənbələrdən biri qismində “Yaxşı ssenarini necə yaxşı satmaq olar?” kitabına istinad edir.