İNDİ OXUYUR
Spinoza niyə ölməli idi?

Spinoza niyə ölməli idi?

“Spinozanın tanrısı” filmi (rejissor Cavid Təvəkkül, ssenari müəllifi Rəsul Allahverdiyev; istehsalçı şirkət “Netmedia” və “Pelican Film” prodakşn) hələ ekranlara çıxmamış bu fikrə gəlmişdim ki, müəlliflərin seçdikləri ad çox iddialı səslənir. Düşünürdüm ki, görəsən, film Spinozanın fəlsəfəsini necə ifadə edəcək, onun tanrıya, insana, ümumiyyətlə, həyata münasibətinə necə yozum gətirəcək?

“Spinozanın tanrısı” filminin fraqmental girişi hadisələrin başlanğıc, ortası və sonu haqqında tamaşaçıya ipucu verir. Növbəti səhnədə tamaşaçı, Bərqlə (Türkay Cəfərli) rastlaşır. Elə ilk səhnədə Bərq pillələrdən düşən qızı gördüyünü, binaya suvaq çəkən usta isə heç kimi görmədiyini deyəndə onunla bağlı fikrimiz müəyyənləşir. Bərqin hallüsinasiyaları get-gedə artır, qız Bərqin gözünə təkcə həyatda görünmür, yuxularına da girir. Bu isə obraz haqqındakı ilkin qənaətimizin doğru olduğunu göstərir.

Həyatla  yuxu arasında qalan Bərq fotoqrafdır. Fotoqraf – reallığı yenidən yaradandır. Mikelancelo Antonioninin “Fotoböyütmə” filminin qəhrəmanı Tomas, fotoqraf kimi fəaliyyət göstərir. Bərq kimi onun da fotostudiyası var. Antonioni əvvəlcə hadisəyə Tomasın baxışını göstərir, biz Tomasın gözü ilə parkda gəzişən cütlüyü görürük. Sonra isə rejissor bizə Tomasın fotoaparatının hadisəyə (fotonu iki dəfə böyüdərək) baxışını təqdim edir. Tomas əvvəlcə çəmənliyin arxasında gizlənən silahlı şəxsin fərqinə varır. Şəkli iki dəfə böyüdəndə isə silahlı şəxsin yanında cəsəd olduğunu görür. Tomasa niyə məhz fotoqraf peşəsinin seçildiyi bizə tamamilə aydın olur.


“Spinozanın tanrısı” filmində isə Bərqin peşəsinin fotoqraf olması obrazın tamaşaçı üçün açılmasında, onun başına gələn hadisələrdə və Fəza ilə bağlı gördüyü hallüsinasiyalarda heç bir rol oynamır. Spinoza Haaqada mikroskop və eynəklər üçün linzaları cilalamaqla məşğul olurdu. Çox güman, bunu əsas götürərək müəlliflər, Bərqə fotoqraf peşəsi veriblər. Əgər belədirsə, hadisələr tamaşaçıya daha incəliklə çatdırılmalı idi.

Həmçinin Bərqin Fəza ilə meşədə gəzdiyi, dağa çıxdığı səhnələr əsaslandırılmır. Anlayırıq ki, bu səhnələr real deyil, yuxuda baş verir, amma müəlliflər, Fəzanın “Təbiət-Tanrı” olduğunu yaxşı formada təqdim edə bilmədiyinə görə sözügedən epizodlar tamaşaçıya anlaşılmaz qalır.

Bərq sözü şimşək mənasına gəlir. Bu sözün parıldamaq, işıldamaq anlamları da var. Bununla tamaşaçı Bərq obrazını daha yaxşı başa düşə bilir, filmdə Bərqin məşhurluğuna buna görə vurğu edilir. Bərqin tanınması təkcə adı ilə ifadə yox, vizual təsvir edilsəydi, daha tutarlı olardı. Çünki məşhurluğu vurğulansa da, filmboyu tamaşaçı bunu hiss edə bilmir.


Fəza (Fidan Bayramova) fotostudiyaya gələndə Bərqin bütün diqqətinin ona yönəldiyini görürük. Qız fotolar çəkdirir, amma onları gəlib götürmür. Bərq ilə Fəzanın bu qısa görüşündən dörd il vaxt keçir. Filmin bu nöqtəsində böyük bir boşluq var. Beynimizdə suallar yaranır. Fəza Bərqin gözünə nə vaxtdan görünür? Onların görüşü dörd il əvvəl baş tutubsa, nəyə görə məhz son aylarda Bərq Fəza ilə bağlı hallüsinasiyalar görməyə başlayır?

Fəza adı – kainatda sonsuz boşluq mənasına gəlir. Fəzanın hallüsinasiyaları Bərqi boşluğa salır. Amma biz Bərqin keçirdiyi boşluq hissini yetəri qədər hiss edə bilmirik. Bəlkə də bunun səbəbi, Türkay Cəfərlinin rolunu istədiyi kimi özününküləşdirə bilməməsidir.

Fəza ilə Bərqin arasında Günay (Lalə Süleymova) adlı qız durur. Günay, Bərqin dediyinə görə, onun ən yaxın dostudur. Filmin sonlarına yaxın tamaşaçıya məlum olur ki, Günay Fəzanın xalası qızıdır  və Fəzanın vəfatından sonra Bərqlə dostlaşıb. Ortaya yenə suallar çıxır. Günay ilə Bərq harada rastlaşıblar? Necə dostlaşıblar? Onlar dörd il əvvəl dost olublarsa, nəyə görə Bərq məhz indi Fəza haqqında ona danışmaq ehtiyacı duyur? Günay psixoloq olsa da, niyə Bərqin gördüyü hallüsinasiyalara ötəri yanaşır və ona heç bir psixoloji dəstək göstərməyə cəhd etmir?


Əksinə, biz görürük ki, Bərqin psixoloji vəziyyətinin pozulmasında Günayın əli var. Günay Fəzanın adından ona elektron məktub yazır, mesaj göndərir. Hətta Fəzanın səsini təqlid edərək Bərqlə danışır. Günayın filmdə nəyə nail olmaq istədiyi anlaşılmaz qalır. Əgər Bərqin sevgisini qazanmaq istəyirdisə, ona Fəzanı unutdurmalı deyildirmi? Bərqin Fəza ilə bağlı hallüsinasiyaları Günayın Fəzanı təqlid etməsindən doğur, yoxsa Günay Fəzanı təqlid etdiyi üçün Bərq Fəzanın hallüsinasiyalarını görməyə başlayır? Filmin mahiyyətinin açılmasında bu sualın əhəmiyyəti böyükdür. Amma suallar cavabsız qalır.

Filmin arxa planında tamaşaçı Bərqin ailəsini görür; atası və anası oğlunu evləndirmək istəyirlər. Onlar arasında keçən söhbətin məişət zəminli olması filmin mahiyyətini həddindən artıq zəiflədir. Bərqin atasının futbol məşqçisi olması və xanımına “dərhal müdaxilə” (futbol termini) prinsipini alma vasitəsilə izah etməsi filmin davamında heç bir əhəmiyyət kəsb etmir, hadisələrin açılmasında rol oynamır. Qadın ərinin yuvarladığı almaya bıçağı batıra bilmir. Əri də bu oyun vasitəsilə ona oğlunun həyatına niyə təsir edə bilmədiyini izah edir. Amma onun özü oğlunun həyatına “dərhal müdaxilə” edə bilirmi?

Həmçinin filmin bir səhnəsində Fəza Bərqin atasının yuxusuna girir. Ata, bu yuxusunu oğlunun həyatı ilə bağlı xəbərdarlıq kimi yozur. Bu xəbərdarlıq da filmin davamında hadisələrin gedişatında heç bir açar rolu oynamır, elə oradaca unudulur.


Ümumiyyətlə, əlavə xətt kimi futbol mövzusunun işlənməsi filmə heç nə qazandıra bilməyib. Sual yaranır: nəyə görə futbol mövzusuna toxunulub? Axı Spinoza ilə futbolun heç bir əlaqəsi (əlaqə qurmağa cəhdi də görmürük) yoxdur. Filmə “Spinozanın tanrısı” yox, “Kamyunun tanrısı” daha uyğun gəlir.

Filmin niyə “Spinozanın tanrısı” adlandığı, heç olmazsa, Bərqin atasının təşkil etdiyi məclisdə aydın olmalı idi. Davamında isə hadisələrin gedişatı yavaş-yavaş öz kino həllini tapıb finalda kulminasiya nöqtəsinə çatacaqdı. Həmin məclis quruldu. Hətta süfrə başında Albert Eynşteynin “mən Spinozanın Tanrısına inanıram” ibarəsi da qismən səsləndi. Amma Eynşteynin işlətdiyi fikrin, onun filmdəki hadisələrlə, obrazlarla əlaqəsinin izahı verilmədi, ya da daha doğrusu, verilə bilmədi. Bu fikrin qarşısına “qorxaq ateist” kimi bayağı, əsaslandırılmamış bir ifadə qoyuldu, bu ifadənin sonradan Spinoza üçün deyildiyi məlum oldu. Bu səhnə və süfrə arxasında deyilən sözlər aşkara çıxarır ki, heç müəlliflər özləri də Spinozanın fəlsəfəsini kifayət qədər başa düşməyiblər və başa düşmədiyin bir şeyi də filmdə ifadə etmək olduqca müşküldür.

Bu kiçik məclisdən sonra Bərqin ailəsinə məlum olur ki, onların oğlu bir qızı sevir. O, qızın adının əvvəlcə Fəza, ardınca isə Günay olduğunu söyləyir. Bərqin atası şeir oxuyur, oğlu şeirin müəllifinin Şəms Təbrizi olduğu deyir. Bu səhnə ilə rejissor, Bərqin düşdüyü vəziyyəti izah etməyə çalışıb, amma buna müvəffəq ola bilməyib. Çünki yaratdığı obrazı həm Spinozaya, həm Şəms Təbriziyə oxşatmaq cəhdi vəziyyəti daha çətinləşdirib. Ona görə çətinləşdirib ki, rejissor Spinoza məsələsinə aydınlıq gətirmədən Şəms Təbrizi məsələsinə keçid edir. Və ya Spinozanın “Kainat-Tanrı” fəlsəfəsini Şəms Təbrizinin bir şeiri vasitəsilə açmağa çalışır.


Bərqin başına gələn hadisələr, onun etdiyi hərəkətlər, Fəzadan həm uzaqlaşıb canını qurtarmaq cəhdi, həm də ona yaxınlaşmaq, dərdini anlamaq istəməsi obrazın Spinoza ilə deyil, daha çox Şəms Təbrizi ilə bağlantı qurduğuna işarə edir sanki. Bu da “Kainat-Tanrı” məsələsinin kino həllini yox, “Tanrı – eşqdir” fəlsəfəsinin görüntüsünü bizə əks etdirir.

Əslində, məsələ belədir. Bərq Spinozanı təmsil edir, Fəza – Tanrıdır. Bunu rejissor tamaşaçıya Fəzanın əlində Spinozanın kitabını tutması ilə göstərir. Fəza ölür, yəni Tanrı ölür. O ölənə yaxın Günaya Bərq ilə bağlı vəsiyyət edir. Günay Fəzanın yerinə keçir. Onun adının gün (günəş) ilə ayın birləşməsindən əmələ gəlməsinə diqqət etmək lazımdır. Günay adının gün(əş)+ay sözlərindən yaranması onun Fəzaya çevrilə bilmədiyini göstərir. Amma o, Fəzaya çevrilməyə cəhd edir. Günayın əynindəki qırmızı paltar ilə Fəzanın qırmızı saçı, qırmızı paltarı, hətta gözlərinin qırmızıya dönməsi paralelliyi buna işarə ola bilər. Ona görə, Günay Bərqin Tanrısı ola bilmir və ya sonda olmaq istəmir. Amma filmdə Fəzanın şeytan (Fəzanın şeytana bənzədilməsi o dövrlərdə Spinozanın Tanrı düşüncəsinin ateizmlə, kafirliklə, hətta şeytanlıqla əlaqələndirməsindən gəlir) olmasına vurğu edilməsi digər məsələlər kimi yerinə oturmur. Buna səbəb, Spinoza ilə bağlı bir çox detalların səthi işlənməsi, bu məsələlərin dramaturji həllinin ötəri şəkildə verilməsidir. Ən əsası isə, Spinozanın filmin daxilində deyil, xaricində qalmasıdır. Yəni, filmdə içi boş bir Spinoza yozumu görürük. Bir az irəli gedib deyə bilərik ki, rejissor, Spinozanı filmə daxil etməmiş artıq öldürüb.


Filmin sonlarına yaxın Bərq Fəzanın komada olduğunu söyləyir. Fəzanın “komada” olduğu müddətdə Bərq həyatdan tamamilə qopmuş vəziyyətdə yaşayır. Bir gün oyanır, süfrə başına keçir, valideynlərinə “artıq Fəza yoxdur” deyir. Yəni, Bərq Tanrını özü üçün öldürmüşdü. Spinozanın Tanrısı “ölmüşdü”. O, Fəzanın yerinə Günayı qoymuşdu. Amma Günayın Bərqə rədd cavabı verməsi, onu otağından qovması, Bərqin Fəzanı “öldürə bilmədiyini” göstərir. Bizim bu fikrə gəlməyimizin əsas səbəblərindən biri də filmin sonlarında Bərqin atasının Fəzanın izinə düşməsidir. O, gəlib Fəzanın vaxtilə yaşadığı binanın qarşısına çıxır. Bu səhnə ilə paralel, Bərq məzarlıqda Fəzanın başdaşını görür, ürəyi tutur, məzarın üzərinə yıxılır. Sanki atası “qadağan” olunmuş bir zonaya girmişdi və bunun cəzasını oğlunu itirməklə ödəyir. Rejissor Bərqin atasını hadisələrin çox arxa planına qoyub. Yuxarıda toxunulan yuxu motivi, əslində, ata və oğlun ortaq şüurunu göstərirdi. Bu məsələnin yaxşı işlənməməsi filmin ardıcıl davam edən bir-birinə bağlı səhnələrinin tamlığına zərər vurmuş olur.


Film burada Bərqin öz taleyindən qaça bilmədiyini göstərir. Spinozada bu məsələ insan taleyinin əvvəlcədən müəyyən edilməsi, insanın azad iradəsinin olmaması şəklində üzə çıxır. Filmin sadaladığım bu səhnələri (qeyd etdiyim nüansları çıxmaq şərtilə) bütöv filmdən daha yaxşı alınıb, mesajını çox gözəl şəkildə verə bilib.

Son söz kimi demək istəyirəm ki, Cavid Təvəkkül istedadlı rejissordur. Bunu “Əzizim Fellini” filmi ilə sübut edib və əminəm ki, Cavid bəy gələcəkdə daha yaxşı filmlər ortaya qoyacaq.

Nəcəf Əsgərzadə

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya