İNDİ OXUYUR
Sonsuzluğun sonu haradadır?

Sonsuzluğun sonu haradadır?

Bir neçə il əvvəl Birinci Qarabağ müharibəsinin təzə-təzə alovlandığı vaxtlarda Füzuli rayonunun Yuxarı Veysəlli kəndi uğrunda gedən mübarizədən bəhs edən, real hadisələr əsasında çəkilmiş “Son nəfəsədək” filminin premyerasına getmişdim. Tədbirə dəvət olunanlar arasında həmin hadisələrin iştirakçıları, döyüşlərdə əzizlərini itirmiş insanlar da vardı. Finaldakı qızğın döyüş səhnəsində onlardan biri, yaşlı nənə yerində çırpınmağa, bərkdən ağlamağa başladı. Sən demə, ekranda çoxsaylı düşmənə qarşı təkbətək döyüşən gənc onun oğlunun prototipi imiş. Yanındakılar nənəni sakitləşdirmək üçün “Niyə ağlayırsan? Bax, oğlun oradadır, sağdır” dedilər. Nənə ekrandakının aktyor olduğunu unutdu, uzun illərdən sonra oğlunu canlı-qanlı gördüyünə inandı və yavaş-yavaş sakitləşdi. Bu, kinonun gücü idi.
Tarantino “Hər şey cəhənnəm olsun, yaşasın kino!”, Alfred Hiçkok “Kino həyatın yox, piroqun bir parçasıdır” deyəndə məhz bu gücü nəzərdə tuturdu. Çünki kinematoqrafiya (incəsənət) sadəcə sövet dövrü ədəbiyyat nəzəriyyəsinin ilk səhifəsində deyildiyi kimi, həyatı obrazlı şəkildə əks etdirmir, yeni reallıqlar, fərqli, rəngarəng dünyalar, həyatlar yaratmağı, arzuları gerçəkləşdirməyi, ümidin kəsildiyi yerdə ümid cücərtməyi, tunelin sonunda işıq yandırmağı da bacarır, o işığı söndürməyi də…


Ərdəbilli rejissor Rza Camalinin “Sonsuz” filmi bir az da kinonun gücü haqqındadır. Daha doğrusu, “Sonsuz”, “Kino, həqiqətən, həyatdan güclü ola bilərmi? Sənət reallığı dəyişə, ya da heç olmazsa, ona təsir edə bilərmi?” suallarına cavab axtarır.

Filmdə hadisələr dağ kəndində cərəyan edir. İnsanların təbiətlə həmahəng yaşadığı bu kənddə təbii nizam pozulub: uşaq doğulmur, əhalinin böyük hissəsi sonsuzluqdan əziyyət çəkir. Heç vaxt heç bir şeydə özlərini günahlandırmağı xoşlamayan kişilər buna görə də qadınları “günah keçisi” elan ediblər. Boşanıb-evlənmək kənd kişiləri üçün vərdişə çevrilib; o qədər ki, hətta altı dəfə evlənəni də var. Kino aşiqi Kazım da (Bəhruz Allahverdizadə) onlardan biridir. Üçüncü arvadından da uşağı olmayanda o, qadınları ittiham edən film çəkib. Ədalətsiz ittihamla razılaşmayan qadınlar filmi yandırıb Kazımı da, ona kömək edənləri də döyüblər, yoldaşı da onu atıb gedib. Uzun illərdən sonra axırıncı arvadı ilə barışmaq istəyən Kazım onun könlünü almaq üçün yenidən eyni mövzuda, amma bu dəfə əsl səbəbi axtaran film çəkmək istəyir (barışdırıcı sənət) və kamera qarşı tərəfə fokuslanır.


Rza Camalinin hekayələri ilk baxışda həddindən artıq sadə təsir bağışlayır. Məsələn, “Saranın səsi” adlı qısametrajlı filmin hadisəsi də kənddə baş verir: kəndin yaxınlığında saqqız zavodu tikilib və o vaxtdan bütün kənd saqqız çeynəyir, nəticədə bəzi qadınların səsi dəyişərək kişi səsinə çevrilib. Filmin qəhrəmanı Sara da onlardan biridir.

Ya da “Ölümsüzlər kəndi” filmində: Peşəkar cəllad Aslan təqaüdə çıxandan sonra kəndə köçür və odu-budu – Əzrayılın ayağı kənddən kəsilir, mürdəşir işsiz qalır. Qocalıqdan əziyyət çəkən sakinlər (əsasən, kişilər) ölmək üçün hər gün bir plan qururlar.


Bu hekayələr o qədər sadədir ki, onları dərhal qavramırsan, onlara inanırsan və elə həmin anda müəllifin tələsinə düşürsən. Tərifini verə bilmədiyin bir şey – hekayənin absurdluğumu desək, (hərçənd biz inanılması çətin, ağlasığmaz şeyləri absurd adlandırırıq, burada isə baş verənlərə inanırıq), ironikliyi, problemin qara yumorla təqdimi və ya nə isə səni yavaş-yavaş aşağı, alt qatlara çəkir. Burqda savadsızlıq, yoxsulluq, problem həlsiz qaldığına görə filmi də finalsız qoyan sosial qat, kənd sərbazının vaxtaşırı “yasaq film çəkirsinizsə, sizi tutacağam” xəbərdarlığı ilə senzuraya eyham vuran ictimai-siyasi qat, kor kişinin səssiz filmə üsyanı, səs-söz və görüntü-təsvir çatışması, səsin-sözün görüntüdən-təsvirdən daha əlçatan olması və s. bu tip səhnələrlə düşündürən fəlsəfi qat da var. Beləcə, film davam etdikcə ilk baxışda sadə görünənin, əslində, aysberqin üstü olduğunu anlayırsan.


“Sonsuz” – film içində film, meta kinodur. Ləng, meditativ ritmi, dərin mizanları, kadrdaxili çərçivələrdən istifadəsi, sadə və sərrast dialoqları, mənbəyi bəlli musiqisi, qeyri-peşəkar aktyorları ilə ənənəvi, poetik İran kinosu üslubuna sadiq qalan birinci filmdə (Camalinin filmi) operator Abdullah Şükrünün kamerası və personajlar, hadisələr arasında məsafə var, iri planlardan çox az istifadə olunur, kamera, adətən, müşahidəçi mövqeyindədir. Camalidən fərqli olaraq, filmin qəhrəmanı Kazım sənədli film çəkir; onun “durbini” – kadr tutan əlləri aktivdir, öz müsahiblərini daim iri planda saxlayır, onları addım-addım izləyir, heç nəyi nəzərdən qaçırmamağa çalışır. Kazımın kamerası nəyin bahasına olur-olsun, həqiqəti üzə çıxarmaq istəyir, o, müstəqildir (qadınlar Kazımla danışmaq istəməyəndə onları kamera ilə tək qoyub çıxır) və yasaqları, maneələri qəbul etmir, məsələn, müsahiblərdən biri üzünün görünməyini istəməyəndə Kazımın assistenti Müslüm naxışlı şüşə ilə onun üzünü gizlədir (blurlayır), çəkiliş başlayanda isə şüşəni yavaş-yavaş kənara çəkir.


Sonsuzluq mövzusu və qadınlar… Əcnəbi tənqidçilər tərəfindən yazılmış bəzi revyularda qadınların lehinə olsa da, filmdə parlaq qadın obrazlarının olmadığı barədə iradlar var. Bu iradların haqsız olduğunu düşünürəm. Birincisi, süjetə görə, filmin əsas subyektləri kişilər, onların daşlaşmış, sui-zənn düşüncələridir. İkincisi, patriarxal cəmiyyətdə qadınlar qədər kişilər də qurbandır və vurğunun onlara edilməyi qadınları heç də arxa plana atmır. Ən əsası isə, filmdə həm süjetin inkişafında, həm də Kazımın çəkdiyi filmdə vacib rol oynayan mərkəzi personajlardan biri məhz qadındır – cəhalətin içindən sıyrılıb, tibbi oxuyub həmkəndlilərinə kömək etmək üçün geri qayıtmış, stereotip, qərəzli düşüncələrlə elm vasitəsilə mübarizə aparan həkim xanım. Kənd əhli də onun səylərini dəyərləndirir, kişili-qadınlı sözündən çıxmırlar. Hərçənd onun mübarizəsi şərtlərin imkan verdiyi həddə, passiv mübarizədir və məğlubiyyətə məhkumdur.


“Sonsuz” filminin müsbət tərəflərindən biri də müəllifin personajlarının heç birini alçatmamağı, lağ, istehza hədəfinə çevirməməyi, qadınlı-kişili hamısına eyni məsafədən və sevgilə yanaşmağıdır. Burada qara yumor vəziyyətin özündən doğur (“ağlamalı halımıza gülürük” misalı).

Kazım filmi necə bitirəcəyini bilmir, çünki gün işığına çıxardığı problemin – kütləvi sonsuzluğun əsl səbəbkarları tapılsa da, yaxın perspektivdə həlli mümkün görünmür, bunun üçün əvvəlcə insanların düşüncə tərzi dəyişməlidir. Odur ki, Kazım vaxtilə qadınların onu döyüb filmini yandırdığı yolda köməkçiləri ilə birlikdə irəli addımladığını çəkməklə işini bitirmək qərarına gəlir, hələ gediləcək çox uzun bir yol var çünki.


Camalinin filmi də finalsız qalır. O da çarəni Kazımın durbinini qaçırıb onun filmi ilə məşhuri-cahan olmaqda tapır (kameo; Rza Camali filmboyu bir neçə dəfə kadra girib kəndlilərin arasında oturur, çəkilişlə bağlı iradlarını bildirir). Onun filmi ilə 26-cı Tallin Qara Gecələr Film Festivalında, İkinci Qırmızı Dəniz Beynəlxalq Film Festivalında və s. festivallarda iştirak edir, hətta “Ən yaxşı ssenari” nominasiyasında mükafat da alır. (Kinotənqidçilərin də yumor hissi var). 

Aygün Aslanlı

“Varlıq” jurnalının sifarişilə ( وارلیق‎ Tehran)

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya