Siyasi kinoroman
Arif Babayevin lentə aldığı “Ömrün ilk saatı” filmi haqda yazdığım məqalədə neft mövzusunda çəkilmiş filmlərə xas ümumi bir tendensiyanı qeyd etmişdim. Söhbət, bu mövzuda çəkilmiş filmlərdəki insan dramlarının arxa plana keçməsindən, hakim siyasi rejimin ideoloji prioritetlərinin təbliğat-təşviqatından gedir. “Ömrün ilk saatı” filmində fərdin hekayəsinə, qəhrəmanların hadisələr zamanı dəyişməsinə, mühitlə qarşılıqlı təsirinə müəyyən vurğular edilsə də, bütün hallarda yenə də istehsalat, ideoloji pafos onları kölgədə qoyur.
Bu dəfəki yazım neft mövzusunda çəklimiş digər film, “Böyük oktyabr”ın 60 illiyinə həsr olunmuş, Eldar Quliyevin 1977-ci ildə lentə aldığı “Sevinc buxtası” haqdadır. Eldar Quliyevin filmoqrafiyası kəmiyyət etibarilə zəngindir və yaradıcılığında rejissor həllinin, ssenari, operator və rəssam işinin bir-birini tamamladığı keyfiyyətli filmlər var: “Bir cənub şəhərində”, “Babək”, “Burulğan”, müəyyən mənada “Gümüş gölün əfsanəsi” və s.
Digər filmlərinə gəlincə, bu ekran işlərindəki zəif nöqtələri ümumiləşdirərək belə xarakterizə (“Var olun qızlar”, “Dərvişin qeydləri”, “Girov”, “İstanbul reysi”, “Nə gözəldir bu dünya”) etmək olar: sönük və teatral epizodlar, mətnin və musiqinin təsviri üstələməsi, bədii ifadə vasitələrinin tapılmaması, zəruri süjet xətlərinin unudulması, strukturda xaos, obrazların emosional-psixoloji tərəflərinin səthi işlənməsi…
Yuxarıda sadaladığım cəhətlər “Sevinc buxtası” ekran işindən də yan ötməyib. Hadisələr 1920-ci illərdə, Sovet hakimiyyətinin qurulmasının ilk mərhələsində baş verir. Bakı nefti uğrunda mübarizədə bolşeviklərlə yerli və xarici neft şirkətləri arasındakı mübarizə hekayənin mərkəzi xəttidir. Azərbaycandakı Sovet hökuməti xarici qüvvələrin təsirini zərərsizləşdirmək, iqtisadi dayaqlarını möhkəmlətmək məqsədilə mühəndis Potyomkinin (Panteleymon Krımov) dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq layihəsini reallaşdırmağa qərar verir…
Ölkə həyatında dönüş noqtəsi yaradan hansısa vacib ictimai-siyasi hadisələrin, sosial islahatların mərkəzə gətirildiyi onlarla film çəkilib. Bütün hallarda həmin kinohekayələrdə genişmiqyaslı dəyişikliklər, qəhrəmanın öhdəsinə qoyulan və bütün hekayəboyu yerinə yetirməli olduğu tapşırıqları necə reallaşdırması həm də onun şəxsi sarsıntısı, daxili aləminin açılması, ziddiyyəti və mənəvi vəziyyətlərinin hesabına göstərilir. Eldar Quliyevin gürcü ssenarist Georqi Mdivani (Mdivani, Vittorio de Sikanın çəkdiyi “Günəbaxanlar” filminin Tonino Querra, Çezare Dzavattini ilə birlikdə ssenari müəlliflərindən biridir) ilə birgə yazdığı ssenaridə iki əsas mübariz-protaqonist seçilib: partiya funksioneri Əlizadə (Həsənağa Turabov) və neft sahəsində fəhləlikdən nisbətən yüksək vəzifəyə çatmış Nazim (Əliabbas Qədirov). Onların hər ikisi eyni ideyanın, siyasi əqidənin daşıyıcısıdır. Əgər bir ideya uğrunda mübarizə aparan, qarşısına eyni tapşırıq qoyulan iki müsbət personaj əsərin əsas qəhrəmanları kimi seçilirsə, bu zaman prosesboyu haradasa, hansısa vəziyyətlərdə onların yolu əhəmiyyətli şəraitdə kəsişməli, ən azı xarakter, temperament fərqlilikləri səbəbindən münasibətlərində baş verəcək konflikt, fikir ayrılığı hadisələrin inkişafına təkan verməli idi. Əlizadə ilə Nazimin xarakteri, daxili dünyası, problemə münasibəti oxşardır, missiyası eynidir və qəhrəmanlardan biri əhvalatdan çıxarılsa, digərinin hesabına (müəyyən redaktələrlə) onun yerini doldurması mümkün olacaq. Düzdür, süjetdə konfliktli məqamlar var: yerli və xarici sahibkarlarla, casus şəbəkəsinə qarşı mübarizə, yaxud dənizin müəyyən hissəsinin qurudulması, neft mədənlərinin salınması ilə bağlı hökumət daxilində fikir ayrılığının baş verməsi… Lakin süjetin tələb etdiyi dramatik, ekspressiv atmosfer alınmasından ötrü bunlar azlıq təşkil edir. Üstəlik, hadisələrə Əlizadənin təsir imkanları çoxdur, o daha ön plandadır, nəinki Nazim. Onların yolu az əhəmiyyətli vəziyyətlərdə kəsişir, aralarında hadisəlilik baş vermir, emosional bağlantı qurulmur, çətinliklərə, çıxılmazlıqlara qarşı olan reaksiyalarında psixoloji kontekst dəyişmələri vizual planda görünmür, obrazlar formal qatda işlənərək ideoloji məqsədə qurban verilir…
Nazim süjetə, filmin 20-ci dəqiqəsində birbaşa şəxsi hekayəsi ilə qəfildən peyda olur, buna qədər onun ictimai-siyasi şəraitin və ya hadisənin vacib hissəsi olmasına dair zəmin, əsas yaradılmır. Uyğunsuz şərtlər səbəbindən Nazim sevdiyi qadından – Leyladan (Tanilə Əhmərova) ayrılıb. Başqa bir adama ərə gedən qadın sonradan ondan boşanıb. Nazimin sevgi hekayəsinin məqsədi onun qətlinə motiv yaratmaq üçün (qətl şəxsi zəmində baş versə də, dolayısı ilə ictimi-siyasi hadisələrə bağlıdır), bolşeviklərin mübarizəsinin necə bir qurbanvermə hesabına başa gəldiyini göstərmək üçündür.
Müəlliflərin hadisəni müxtəlif tərəflərdən göstərmək (ictimai-siyasi məzmuna bağlanan Bakı milyonçularının, neft mühəndisi Potyomkinin, Nazimin hekayəsi, ingilis neft şirkətlərinin Bakı nefti uğrunda çarpışması və s.) cəhdi zamanı doğru emosional ton, montaj əlaqəsinin tapılmaması nəticəsində orqanika itir. Ssenaridə nəzərə çarpan boşluqları qeyd etməklə yanaşı, müəlliflərin, xarici mühacirətin mübarizəsi, daxildəki siyasi mübarizəni, onun rəhbərlik səviyyəsindəki xəttlərini və sevgi xəttlərini uğurla apardıqlarını qeyd etmək lazımdır. Bununla da siyasi və melodramatik film janrlarını uğurla sintez ediblər. Rejissor sırf siyasi təbliğat xarakterli ssenarini bolşevik mübarizəsi haqqında filmə yox, məhz sevgi hekayəsinə çevirə bilib. Film həmin dövrdəki tarixi hadisələr haqqında hazırkı biliklərimizin nəzərindən də obyektiv maraqla baxılır. Çünki hadisələr, hər iki tərəfin maraq və həqiqətlərini əks etdirir. Buradakı neft mülkədarları, mühacirlər, kəndlilər və s. siniflərin mübarizəsi real əskini tapıb.
Nazim və Leyla münasibətlərinin inkişaf xətti dramaturji materialla (yaxınlaşma prosesindəki çətinliyi, tərəddüdü ifadə eləyən vəziyyətlərin yoxluğu) yox, uzun statik planlarda musiqi ilə göstərilir. Daha çox musiqi və aktyorların ifası hesabına poetikləşdirilmiş bu mətnsiz səhnələr musiqi klipi formasında çəkilib. Detektiv janrına xas olan uzun sənhələr – casus fotoqrafın bolşeviklər tərəfindən təqibi, həbsi, istintaqı müstəqil film təsiri bağışlayır və bu müddətdə əsas qəhrəmanlar unudulur. Yaxud, digər paralel xətt – Bakı neftini ələ keçirmək məqsədilə xarici ölkələrdə Sovet hakimiyyətinin əleyhdarı olan yerli qüvvələrin, xarici iş adamları ilə işgüzar görüş və müzakirəsi (əsas məsələ Sovet hakimiyyətini sarsıtmaq, iqtisadiyyatını xaricdən asılı vəziyyətə salmaq, mədən tikintisinə əngəl törətmək, neftin aksiyalarını ələ keçirmək və s.) kadrlarının müntəzəm təsviri strukturda səliqəsiz yerləşdirilib. Ümumiyyətlə, hadisələr dinamik montaj fəndləri tələb edirdi.
Bu film Eldar Quliyev və Polad Bülbüloğlu tandeminin ikinci uğurlu layihəsidir, cütlük bundan öncə “Babək” filmində ortaq iş ərsəyə gətirmişdilər. Bu filmdə də müasir fakturalı dinamik musiqi, tarixi hadisələri müşayiət edir. Xüsusilə, finalda tikinti prosesi fonunda gedən dinamik musiqini qeyd etmək istəyirəm. Rejissor, P.Bülbüloğlunun musiqisinə həddən artıq aludə olub. İstər-istəməz məzmundan yayınıb musiqinin gözəlliyinə fokuslanırsan, cazibəsinə aludə olursan. Amma musiqi filmin bədii məziyyətini gücləndirmir. Misalçün, fəhlələrin dənizi qurutması prosesində musiqi təsvirdən önə keçir və nəticədə təsvir bədiiliyini, kinematoqrafikliyini itirərək, sosrealizmi təbliğ edən sənədli kadrlardarkı kimi illüstrasiya xarakteri alır.
Bununla belə ayrı-ayrılıqda maraqlı səhnələr var və rəssam işinin (Rafiz İsmayılov) monumentallığı dənizin qurudulması, mədənlərin salınması kimi mürəkkəb səhnələrdə özünü göstərir. Yaxud Parisdə depressiyaya düşmüş Bakı milyonçusu Mantaşevin (F.Valetski) ingilis neft şirkətinin nümayəndəsi ilə görüşü zamanı onun Bakıya xiffəti, mənəvi çöküşü pozulmuş plastinkada təhrif olunan musiqi səsiylə daha təsirli həll olunur. Mental dünyamızı əks etdirən səhnələr (operator Rasim İsmayılov), Nazim Leylanın evinə gələndə, qonşu qadınların onlara aşağıdan yuxarı baxması, meyxanada Leylanın keçmiş ərinin dostları tərəfindən Nazimi öldürməsi üçün qızışdırılması zamanı uyğun xalq mahnılarından istifadəsi qarışıq əhvalla təqdim olunur.
Final səhnəsi plakat pafosunda simvolik bitir: Nazim arvadının keçmiş əri tərəfindən qisasçılıq zəminində öldürülür, dostları onun cansız bədənini çiyinlərinə alaraq üzünü neft fontanına tərəf çevirirlər və son kadrlarda 1970-ci illər Bakısı, modernləşmiş neft buruqlarını görünür…
Eldar Quliyev film haqda deyir:
“Sevinc buxtası” siyasi kinoromandır və mənim yaradıcılığımda materialına və janrına görə bir qədər qeyri-adidir. “Sevinc buxtası” əsas problemi ilə mənə yaxındır. Bu film şəxsiyyətin formalaşmasından bəhs edir. Mənəvi borcun başa düşülməsi, heç nəyə baxmadan ideyaya sədaqət haqqındadır. Axı filmdə danışılan əhvalat təkcə siyasətlə yox, həm də qəhrəmanların mənəvi qələbəsi ilə bağlıdır. Bu film üzərində işləyərkən mən böyük zövq aldım. “Sevinc buxtası” insanlara, müxtəlif təbəqələrdən olan insan talelərinə böyük hörmət və məhəbbət nümunəsidir”.
Eldar Quliyevin fikirlərinə şərh vermədən başqa bir məqamı vurğulamaq istəyirəm.
“Sevinc buxtası”nın dəyəri kinematoqrafik keyfiyyətindən çox, bu gün də aktuallığını itirməyən Bakı neftinə qlobal siyasi güclərin marağıdır. Üstündən 70 ildən çox vaxt ötəndən sonra, ciddi redaktələrlə tarixi şərait təkrarlandı və 1994-cü ilin sentyabrın 20-də nüfuzlu neft şirkətləri ilə tarixi, siyasi, beynəlxalq əhəmiyyət daşıyan, ölkəmizdə yeni bir mərhələ başladan “Əsrin müqaviləsi” imzalandı. Müqavilənin imzalanmasından 30 ilə yaxın vaxt keçsə də, təəssüf ki, bu mövzuda, müqavilənin ölkəmizə təsiri əhəmiyyəti barədə bir film belə çəkilmədi.
Sevda Sultanova
Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.